bronxial astma

Bronxial astma

6139
Müəllif: Allerqoloq Aysel Mehdiyeva

Paylaşıldı: 19.07.2019
Aysel Mehdiyeva

Bronxial astma nədir?

Bronxial astma  - tənəffüs yollarının obstruksiya və hiperaktivliyi ilə səciyyələnən xroniki iltihabi prosesdir.Bu zaman bronxların saya əzələləri spazma uğrayır, selikli qişalar ödemleşir və bu ödemdən bronx mənfəzinə sızan maye qatı bəlğəm şəklində tənəffüsün daha da çətinləşməsinə səbəb olur. Allergenlə təmas zamanı həssas insanlarda təngənəfəslik, fitverici tənəffüs, döş qəfəsində sıxılma və öskürək epizodları olur ki, heç bir dərman müdaxiləsi olmadan və müəyyən hallarda dərman müalicəsindən sonra aradan qalxır.Bu xəstəlik son illərdə sürətlə vüsət alır. Statistikaya görə, Avropada 30 mln, ABŞ-da isə 25 mln insan bu xəstəlikdən əziyyət çəkir. Hesablamalara görə, 2025-ci ildə xəstələrin 400 mln nəfərədək artacağı gözlənilir.

Bronxial astmanın yaranma səbəbləri?

Ətraf mühitin çirklənməsi, genetik meyillilik insanlarda etialoji amillərə qarşı hiperaktivlik  formalaşır.Təkanverici amillərə virus infeksiyaları (rioviris, respirator sintisial virus, insan metaonevmovirusu və qrip virusu), bakterial viruslar(Chlamydia pneumonie və ya Mycoplasma pneumoniae), peşə allergenləri (heyvan və ya kimyəvi maddələr), qida əlavələri və kimyəvi əlavələr, allergenlər(ağaclar, ot tozcuqları və məişət allergenləri),kif göbələkləri (aspergillus fumigatus, alternaria alternata),güclü emosional və fiziki gərginliklər, hava dəyişkənliyi, güclü külək də təkanverici amil ola biler.Xəstələrə ən çox allergiya verən ev tozu gənələridir ki, bu, D.Farinae və D.Pteroniyssinus adlanır. Əsasən,  məişətdə istifadə etdiyimiz yunda, tükdə ev tozunun tərkibində və heyvanların tükündə çoxluq təşkil edir və bunlarla qidalanır. Xəstələrin ən çox allergiya verdiyi allergenlərdən pişik və it tükünü göstərmək olar ki, bu hevanlarla təmas zamanı şikayətlər ortaya çıxır.Kif göbələklərinə allergiya da xəstələrdə tez-tez rast gəlinir və əsasən, nəmli mühitlərdə, çürümüş qidalarda daha çox olur.

Bronxial astmanın simptomları

Təkrarlanan ekspirator (nəfəsvermə) tipli təngənəfəslik , boğulma hissi, fitverici tənəffüs, döş qəfəsində sıxılma, çox zaman qeyri-produktiv öskürəklə müşayiət olunur.Öskürək produktiv olarsa, şəffaf lifli yapışqan bəlğəmli olur.Şikayətlər bəzən mövsimi xarakter daşıyır. Belə ki, fəsli tozlanan bitkilərin tozlarına allergiyası olanlarda yaz-payız aylarında kəskinləşmə müşayiət olunur. Şikayətlər, əsasən, gecələr - səhərə yaxın artır. Gecə öskürəkləri, əsasən, yatdıqdan bir-iki saat sonra olanlar bronxial astmanın əlamətləri kimi qiymətləndirilə bilər.

Bronxial astmanın diaqnostikası

Bronxial astmanın diaqnozu, əsasən, uşaqlarda xəstə ilə anamnez vasitəsi ile qoyulur. Çünki 6 yaşına qədər uşaqlarda spirometriya müayinəsini həyata keçirə bilmirlər. Lakin böyüklərdə spirometriya vasitəsi ilə diaqnozun təsdiqlənməsində böyük rolu vardır. Bronxların yüklənməsi spirometriyada dəyişiklik  aşkar edilmədikdə istifadə olunur. Belə ki, bronxların saya əzələlərinin yığılmasına birbaşa səbəb olan maddələrlə və tosqun hüceyrələri aktivləşdirən vasitə olmaqla, iki qrupa bölünür. Belə birbaşa və dolayı müayinələr tənəffüs yollarının hiperaktivliyinin yoxlanılmasında istifadə olunur.Qanda total igE, spesifik igE və dəri testləri allergik astmalarda allergenin təyini və imunoterapiya aparmaq üçün faydalıdır.Döş qəfəsinin rentgen müayinəsi digər ağırlaşmalarının diaqnostikası üçün vacibdir.

Bronxial astmanın klinik təsnifatı

  • Yüngül fasiləli;
  • Yüngül davamlı;
  • Orta davamlı;
  • Ağır davamlı.

 Bronxial astmanın müalicəsi

Bronxial astmanın müalicəsi dərman dozası və sayı xəstəliyin mərhələlərinə görə verilir. Və bu zaman pilləli müalicə sxemindən istifadə olunur. Bronxial astmanın müalicə prinsipi iki yerə bölünür -  tutma zamanı aparılan müalicə və xəstəliyi nəzarətdə saxlayan müalicə. Xəstələr bəzən tutma zamanı olunan müalicədən sonra yaxşılaşma müşahidə edilən kimi dərman preparatlarının qəbulunu dayandırır, təkrar tutma baş verdikdə  yenidən müalicəyə başlayırlar. Lakin bilmək lazımdır ki, bronxial astmada saxlayıcı dərmanlar tutma olmadığı dövrdə də  həkim nəzarətində istifadə olunmalıdır ki, tutmalar yenidən baş verməsin. Çünkü  tez-tez təkrarlanan bronxoabstruksiyalar bronxların hipertrofiyasına və selik qişasının atrofiyasına səbəb olur. Buna görə də astmaya nəzarət, dərmanların xəstələr həkim təyinatı üzrə mütəmadi qəbul etməli və həkim kəsməyənədək dərman qəbulunu davam etməlidirlər. Əgər təyin olunan müalicə nəticəsi ən azı 3 ay ərzində müsbət qiymətləndirilirsə, növbəti pilləyə keçmək tövsiyə olunur.

Bronxial astmanın profilaktikası

Xəstələrin məlum allergeni təyin edilibsə, həmin allergenlə təmasdan uzaq durmaq lazımdır. Siqaret və digər zərərli vərdişlərdən çəkinmək lazımdır.Artıq çəki azaldılmalıdır, kimyəvi məhsullarla, toz, tüstü ilə əlaqəli peşələrdə işləmək məsləhət deyil.Xəstələr pikflometr vasitəsi ile ev şəraitində  PNVS (pik nəfəsvermə sürətini ) yoxlamalı və qeyd etməli, daha sonra həkim bunları dəyərləndirməlidir. Xəstə ildə iki dəfə həkim qəbulunda olmalı və mualicə müvafiq təyinatla davam etdirilməlidir.