Bronxial astma
Bronxial astma xroniki ağ ciyər xəstəlikləri içində ən geniş yayılmış xəstəliklərdən biridir. Bronx divarında mikrobik olmayan iltihab nəticəsində yaranır, bronxospazmla, döş qəfəsində sıxıntı ilə, təngənəfəslik, boğulma tutmaları ilə xarakterizə olunan xəstəlikdir. Xroniki xəstəlikdir – kəskinləşmə və sakitləşmə dövrləri var.
Xəstəlik tutmalar şəklindədir. Qadınlar və kişilər arasında yayılma ehtimalı eynidir. Kök adamlarda arıqlara nisbətən daha çox yayılıb. Genetikasında bronxial astma olan isnsanlar risk qrupuna daxildirlər.
Həssas, allergik insanlarda hər hansı bir allergenlə təmasdan sonra bronx divarının selikli qişası şişir. Allergenlər fərqlidir - immun sistemindən, bədən tipindən asılı olaraq fərqlənirlər.
Onlardan inqalyasion allergenləri misal göstərmək olar. Bu, nəfəs yolu ilə təmasda olduğumuz allergenlərdir. Buraya ev tozu, siqaret tüstüsü, bitki tozcuqları, müxtəlif kimyəvi maddələr, ətirlər və s. aid ola bilər. Bundan başqa, akarları misal göstərmək olar. Bu, ev gənələridir. Əsasən, yataqda – yorğan-döşəyin yununda olur. Onların həm özləri, həm də ifrazatları çox güclü allergendir. Ona görə də bunlarla təmasdan sonra bronx həssaslaşıb, bronxospazm vəziyyəti yarada bilər.
Bundan başqa, qida allergenləri də mövcuddur. Ev heyvanları və onların ifrazatları güclü allergenlərdir. Bu baxımdan, bronxial astmadan əziyyət çəkən insanların evlərində ev heyvanlarının saxlanması tövsiyə olunmur.
Bronxial astmanın əsas əlamətləri boğulma tutmaları, inadlı quru öskürək, xüsusən səhərə yaxın - yuxudan oyadan quru öskürəklər, təngənəfəslik, döş qəfəsində sıxıntı, hava çatışmazlığı hissi, oksigen çatışmazlığına bağlı olan əlamətlər – halsızlıq, zəiflik, baş ağrıları.
Boğulma tutmaları ilə bağlı pasiyentlər çox vaxt depressiv olurlar. Fobiya və ölüm qorxularından əziyyət çəkirlər. Tibbin müasir nailiyyətləri sayəsində, pasiyent düzgün kontrol edilərsə, bronxial astma ölümlə nəticələnmir.
Bronxial astmaya uşaqlarda da rast gəlinir. Bu həm də genetik xarakter daşıya bilər. 2 yaş ərəfəsində virus infeksiyalarına, soyuqdəymələrə çox məruz qalan uşaqlarda bronxial astma yaranma ehtimalı daha çoxdur.
Xəstəliyin diaqnostikası zamanı əvvəlcə pasiyent kliniki şikayətlərinə görə müayinə edilir, ağ ciyərlərinə qulaq asılır. Bəzən qulaq asmağa heç ehtiyac belə qalmır – fitverici səslər kənardan eşidilir. Xəstənin xırıltılarını, boğulmaları eşidilir.
Rentgen vasitəsilə əgər ağır fəsad varsa, onu görmək mümkündür.
Spirometriya vasitəsilə ağ ciyərlərin hava tutumunu yoxlayırıq. Bronxun spazm dərəcəsi müəyyənləşdirilir. Bu, həkimə düzgün diaqnoz qoymağa köməklik edir.
Dəri testləri vasitəsilə hansı qidaya və ya toza qarşı həssaslığın olduğu müəyyənləşdirilir.
Qan analizləri vasitəsilə inqalyasion qida allergenlərini təyin edilir. Müəyyən qan təhlilləri vasitəsilə xəstənin allergik olub-olmadığı müəyyənləşdirilir. Bütün bunlardan sonra xəstəyə pəhriz və həyat tərzi izah olunur.
Bronxial astmanın müalicəsində əsasən iki qrup dərmanlardan istifadə olunur. Bunlardan birincisi xəstəliyi kontrol altına alan dərmanlardır. İkinci qrup isə köməkçi dərmanlardır. Onlardan tutmalar zamanı vəziyyətdən çıxmaq üçün istifadə edilir.
Bronxial astmanın profilaktikası üçün ilk növbədə allergenlə təması minimuma endirmək lazımdır. Pasiyentin daha çox məskunlaşdığı yerlərdə yaş təmizsləmələr aparılmalıdır.
Akarlara görə yun yorğan-döşəkdən istifadə olunmamalıdır. Bunun əvəzinə sintetikadan istifadə məsləhətdir. Yataq dəstləri hər həftə 60 dərəcədən yuxarı temperaturda yuyulmalıdır ki, gənələr məhv olsun. Otaqların havası tez-tez dəyişdirilməlidir.
Kimyəvi maddələrdən istifadə olunmamalıdır. Həkim tərəfindən qida allergenləri müəyyən testlərlə təyin olunmalıdır. Allergenlər müəyyən olunduqdan sonra pasiyent bu qidalardan uzaq dayanmalıdır.
Bronxial astma xroniki xəstəlik olduğu üçün pasiyentlər tez-tez müalicədən bezir, onu yarımçıq saxlayır, bəzənsə özünümüalicə ilə məşğul olurlar, alternativ üsullara müraciət edirlər. Belə tədbirlər pasiyentə nəinki kömək etmir, əksinə, onun vəziyyətini daha da ağırlaşdırır. Bu xəstələr daim həkim nəzarəti altında olmalıdırlar.
Bronxial astmadan əziyyət çəkənlər çəkilərini nəzarətdə saxlamalıdırlar. Çünki piylənmə olduqda döş qəfəsinin genişlənməsi çətinləşir, ağ ciyərin hava tutumu azalır. Ona görə belə xəstələrə idmanla məşğul olmaq tövsiyə olunur. İdman ağ ciyərlərin hava tutumunu artırır, köməkçi əzələləri möhkəmləndirir.
İdman növlərindən ən çox üzgüçülük tövsiyə olunur. Bir şərtlə ki, hovuz açıq şəraitdə olsun. Qapalı hovuzlarda sudakı dezinfeksiyaedici maddələr pasiyentə spazm verə bilər.
Fitnes zallarında isə məsləhətdir ki, məşqlər xalı olmayan zallarda keçirilsin ki, tozla təmas az olsun. Nəmişliyə görə zirzəmidə yerləşən idman zalları tövsiyə olunmur, çünki nəmişlik və rütubət bronxial astmanı kəskinləşdirən amillərdir.
Unutmayın ki, bronxial astma müalicə olunmasa da, kontrol altına alılna bilən bir xəstəlikdir.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.