Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyi

Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyi

540
Müəllif: Revmatoloq-Osteopat Əli Əlizadə, Əlaqə: 050 367-41-47

Paylaşıldı: 12.10.2020
Əli Əlizadə

Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyi – boyun və qol ağrılarının ən geniş yayılmış səbəbidir. Bu patologiya fəqərələr arasında yerləşən və amortizasiya funksiyasını yerinə yetirən qığırdaq diskin zədələnməsi nəticəsində yaranır.

Disklər necə degenerasiyaya uğrayır? 

Normal halda 6 fəqərəarası disk mövcuddur. Bu disklər boyunda hərəkət zamanı fəqərə sümüklərinin bir-birinə sürtünməsinə mane olur və onurğaya düşən təzsyiqi paylaşdırır. Hər bir disk möhkəm fibroz həlqədən və daxilində mukoprotein gel olan pulpoz nüvədən ibarətdir. Pulpoz nüvə diskə amortizasiya xüsusiyyəti verir. Disklər insan yaşlaşdıqca və bəzi fiziki təsirlərdən hidratasiyasını (nəmliyini) itirir. Disk hidratasiyasını itirdikdən sonra onun amortizasiya funksiyası zəifləyir, diskin üzərində çatlar və yırtıq əmələ gəlir. Disk tam bərpa oluna bilmir, çünki onun birbaşa qan təchizatı yoxdur (disk qidalı maddələri qapayıcı qığırdaq lövhələrdən diffuziya yolu ilə alır).

Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin səbəbləri

  • Yaş faktoru
  • Travma


Risk faktorları: 

  • Genetik meyllik
  • Onurğa sütununa düşən yükün idman ilə artması
  • Uzun müddətli oturaq iş rejimi və qamət pozğunluğu 
  • Tütün

 

Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin əlamətləri

Əlamətlər yüngül diskomfort vəziyyətindən tutmuş güclü ağrılara, qollarda keyimə və zəiflik hissinə qədər ola bilər. 

  • Boyunda ağrı. Boyun rigidliyi saxlanılmaqla zəif ağrı – boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin əsas simptomlarındandır. Amma, bəzi hallarda ağrı kəskinləşərək saatlarla və ya günlərlə davam edə bilər. 
  • Nevralgiya (sinir ağrısı). Bu tip ağrı adətən kəskin olur və elektrik cərəyanı kimi çiyinlərdən əllərə və barmaqlara qədər yayılır. Adətən sinir ağrısı bir tərəfli xarakter daşıyır. 
  • Əldə, biləkdə və ya barmaqlarda nevroloji əlamətlər. İynə batma hissi, keyimə və ya zəiflik hissi çiyinlərdən əllərə və ya barmaqlara qədər yayıla bilər. 
  • Ağrı hərəkət zamanı güclənir. Adətən degenerativ disklə əlaqəli olan ağrı hərəkət zamanı artır, sakit vəziyyətdə isə azalır. 

Degenerativ disklə əlaqəli olan ağrı adətən bir neçə həftədən aya qədər davam edir, özbaşına keçir. Ancaq digər simptomlar faset oynaqlar da degenerasiyaya uğradığından xroniki xarakter alır və müalicə tələb edir. 

Fəqərəarası disk nə qədər güclü degenerasiyaya uğrayırsa onurğa kanalının daralma ehtimalı da bir o qədər çox olur. Əgər onurğa beyni sıxılmaqda davam edirsə, mielopatiya yaranır və aşağıdakı əlamətlər ortaya çıxır:

  • Əllərdə və ya ayaqlarda hərəkət məhdudluğu
  • Koordinasiya və müvazinət pozğunluğu
  • Nəcis və sidik ifrazının pozulması
  • Qollarda zəiflik və keyimə

Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin diaqnostikası

  • Xəstəlik tarixinin aydınlaşdırılması. 
  • Ümumi müayinə. Boyun fəqərələrinin palpasiyası və boyun hərəkətlərinin diapazonu müəyyənləşdirilir. Nevroloji simptomlar, məsələn: qolda, əllərdə və ya biləkdə zəiflik aşkar olunduqda əlavə müayinələrə ehtiyac ola bilər.
  • Maqnit rezonans tomoqrafiya (MRT) dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsuludur.

Disklər degenerasiyaya uğradıqca onurğada fəqərələr arasında sahə daraldıqca, faset oynaqların normal hərəkəti pozulur və ya yarımçıxıq vəziyyət alınır. Nəticədə qığırdağın dağılması daha da artır və sümük çıxıntıları əmələ gəlir (düyünlər).  

 

Boyun radikulopatiyası – çiyindən əllərə qədər yayılan ağrı, iynə batma hissi, keyimə və ya zəiflik hissi ilə müşayiət olunan haldır. Bir və ya bir neçə sinir kökcüyünün sıxılması nəticəsində yaranır. Mielopatiya getdikcə proqressivləşə bilər və müalicə olunmadıqda ətrafların iflici və orqanizmin funksiyalarının itməsi yarana bilər. 

 

Boyun fəqərəarası disklərinin degenerativ xəstəliyinin müalicəsi

Müalicə ağrının azaldılmasına və degenerasiyanın (yəni dağılma prosesinin) dayandırılmasına, onurğanın hərəkətinin bərpasına yönəldilir. 

Müalicədə aşağıdakı prosedurlar tətbiq olunur: 

  • Proloterapiya
  • Nevral terapiya
  • Homeosiniatriya
  • Akupunktura
  • Osteopatiya
  • Fizioterapiya
  • Reabilitasiya