Boyun ağrıları: səbəbləri, simptomları və müalicə metodları
Boyun ağrısı nədir?
Boyun ağrıları son illərdə müasir cəmiyyətin əsas problemlərindən biri olmuşdur. Boynumuz beyni və 5 duyğu orqanlarımızı özündə saxlayan kəlləmizi daşıyan bir hissədir. Boyun nahiyəsi həm həyati mərkəzlərin birləşdiyi keçiş bölgəsi, həm də onurğanın uzantısı olaraq statik vəzifə daşıması ilə əlaqədar bir çox yan təsirlərdən təsirlənə bilər. Boyun ağrılarında xəstəliyin səbəblərini tapmaq üşün bir neçə mərtəbədə dəyərləndirilmə yöntəmləri tətbiq edilir.
Boyun ağrısı bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəbindən yarana bilir. Boyun ağrısına səbəb olan hallara degenerativ disk xəstəliyi, boyun dartınması, boyun travmaları - viplaş (wiplash), disk yırtığı və ya sinir sıxışmasını məsəl gətirmək olar. Boğazın virus infeksiyası kimi adi infeksion xəstəlik zamanı da limfa düyünlərinin (vəzilərin) şişməsi və boyun ağrısı yaranır. Boyun ağrısı eyni zamanda nadir rast gəlinən infeksion xəstəliklərdə, məsələn boyun vərəmi, boyun fəqərə sümüyünün infeksiyası (osteomielit və septik diskiit) və meningit (çox vaxt boyun əzələlərinin rigidliyi ilə müşayiət edilir). Boyun ağrısı birbaşa boyun əzələlərinin zədələnməsi hallarında, fibromialgiya, polimialgiya revmatika, eləcə də yuxu zamanı başın yastıq üzərində narahat pozası səbəbindən də yarana bilir. Boyun ağrısına həmçinin servikal ağrı da deyilir.
Boyun ağrılarının risk faktorlarına əlbəyaxa idman növləri, nəqliyyat qəzaları, at sürmək və.s aiddir.
Ən çox boyun ağrısı səbəbi boyunun gərilməsi və dartınmasıdır, bir neçə gün və ya həftəyə sağalır. Gərilmə həddindən artıq hərəkət və ya boyunun həddindən artıq ekstension vəziyyətə gətirmə zamanı əzələ, vətər və bağların qıcıqlanması səbəbindən yaranır.
Boyun ağrısına səbəb olacaq faktorlar çoxdur. Bunları 3 başlıq altında birləşdirmək olar:
1. Onurğadan kənar səbəblərdən yaranan boyun ağrıları: Onurğa səbəbi ilə olmayan, lakin boyunu əhatə edən bəzi ağrılar vardır. Döş qəfəsindən çıxan bəzi əzələ və sinirləri sıxışdıran ağrılara “torasik çıxış sindromları” adı verilir və 3 fərqli səbəbdən ola bilir.
- Boyun fəqərəsi ilə 1-ci qabırğanın birləşməsi
- Skalenus Antikus əzələsinin sıxışması
- Pektoralis minor əzələsinin sıxışması
2. Onurğa səbəbli boyun ağrıları: Bir neçə alt qrupları vardır.
- Travmadan sonra yaranan boyun ağrıları: Boyuna təsir edən bəzi travmalarda həyati təhlükələrlə qarşılaşa bilirik. Günlük həyatımızda qarşı-qarşıya qaldığımız kiçik zərbələrdən daha böyük qəzalara qədər boyunumuzun travmalardan çox asanlıqla zədələndiyini unutmamalıyıq.
A) Nəqliyyat qəzaları: Nəqliyyat içində avto qəzalarda öndən başqa yerlərə çırpıldığında, boyunda qamçı zərbəzi kimi adlandırılan bir təhlükə ortaya çıxır.
B) Hiperfleksion travması: Qəzaya uğrayan insanların başı öncə önə doğru sonra isə əksinə arxaya doğru sürətlə çırpılaraq sallanır.
C) Hiperekstension travması: Nəqliyyat vasitəsinə digər nəqliyyat vasitəsinin arxadan çırpılması tam əks vəziyyəti ortaya çıxaracaqdır.
D) İdman zədələmələri: boynun kəskin, qəflətən hərəkəti, yıxılmalar və.s
E) Degenerasiyaya bağlı boyun ağrıları: Boyunda ən hərəkətli olan 4-cü və 6-cı fəqərələr arasıdır. Bu səbəbdən də 40 yaşlardan etibarən degenerasiya ən çox bu nahiyələrdə başlayır. Disklərən tərkibindəki maye miqdarı azalaraq getdikcə qurumağa və elastikliyini itirməyə başlayır. Şübhəsiz ki, amartizator rolunu oynayan disklər bu vəzifəni görə bilmir və zamanla fəqərələrin arasındakı məsafə azalaraq bir-birinə yaxınlaşır. Təbii ki, bunun nəticəsində dar və həssas kanallardan keçən sinir kökləri strukturu pozulmuş disklər tərəfindən müxtəlif təzyiqlərə məruz qalır. Əlavə olaraq boyunda olan digər oynaqlar da bədənimizin digər bölgələrində olan oynaqlarımız kimi kirəcləşmələri xatırladan müxtəlif dərəcədə degenerasiyalara, struktur pozulmalarına məruz qala bilirlər.
F) Peşə ilə əlaqəli boyun ağrıları: Bəzi peşə faktorları və boynumuzun düzgün olmayan vəziyyəti disklərdə yaranan zədələnmə prosesini sürətləndirə bilir. Uzun yol sürücüləri, başı yuxarı vəziyyətdə çalışmaq məcburiyyətində olan boyacılar, oturaraq işləyən kafel ustaları bu risk qruplarına aiddirlər.
G) Protruziya və yırtıqlarla bağlı boyun ağrıları: Boyun yırtıqları adətən 5-ci və 6-cı fəqərəarası disklərdə yaranır. Bu zaman qol ağrıları qaçınılmazdır. Yırtıqlarda əlamət olaraq öskürmə və gücənmə zamanı ağrının artması (Valsava testi), başın təpəsindən aşağı doğru basmaqla boyunda ağrı əmələ gəlməsi ( Kompression test), bu ağrının başı yuxarı vəziyyətdə çənədən tutularaq qaldırıldıqda azalması ( distraksion testi) xarakterikdir.
Yırtığın ağırlığına görə reflekslər itə bilər, keyləşmələr, əzələ gücü azalması və ya qol əzələsi arıqlamış ola bilir. Erkən diaqnoz qoyulması ilə çox tez zamanda, əməliyyata ehtiyac qalmadan müvəffəqiyyətli nəticələr almaq mümkündür.
3. Boyuna yansıyan ağrılar: Səbəbləri boyunda olmadığı halda ağrının boyunda hiss edilməsi hallarıdır. Buna yansıyan ağrılar deyilir. Bunlara aiddir:
- Stressə bağlı ağrılar;
- Əzələyə bağlı ağrılar;
- Düzgün olmayan duruş;
- Göz xəstəlikləri ilə əlaqəli;
- Revmatizmlə əlaqəli;
- Daxili orqanlarla əlaqəli.
İlkin dövr dəyişiklikləri kompyuter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiyası (MRT) müayinələri daha yaxşı aşkarlayır. Çox zaman yaxşı toplanmış anamnez və xəstənın fizikal müayinəsi yetərli olur. Düz rentgen görüntüləri çox pasiyentdə diaqnoz üçün kifayətdir. Xəstəliyin gedişatına görə əlavə olaraq xəstədən KT və ya MRT müayinələri tələb edilə bilər. Sinir sıxışmalarını aşkar etmək üçün EMQ ( Elektromioqrafiya) müayinəsi, şiş və infeksion patologiyalar üçün sintiqrafiya müayinəsi daha informativdir.
Boyun xəstəliklərində xəstəliyin diaqnozu və kəskin, yarımkəskin və ya xronik olmasından asılı olaraq müxtəlif yanaşmalar olur.
Müalicə zamanı müxtəlif dərmanlar istifadə edilir. Hansı dərmanın nə qədər müddətdə qəbul edilməsi də həkimin ixtiyarındadır. Bəzi xəstələrin bir-birinə təklif etdikləri dərmanların yan təsirləri o qədər çox ola bilər ki, hətta həyati təhlükə daşıya bilər.
Boyun ağrıları zamanı dərman qədər təsirli digər bir yöntəm fizioterapiyadır. Məqsəd ağrını kəsmək, gərginləşmiş əzələləri boşaltmaq və məhdudlaşmış boyun hərəkətlərini bərpa etməkdir.
MRT və ya KT, loborator müayinələr, EMQ kimi müayinələr yırtıq olduğunu göstərsə belə ilk öncə konservativ çarələr axtarılmalıdır. Nevroloji simptomlar çox vacibdir. Çünki bunlar cərrahi müalicə qəararı alınmasında böyük rol oynayırlar. Əməliyyat boyunun ön və yanından girilərək aparılır. Əməliyyat edilən nahiyyə son dərəcə həyati təhlükə daşıyan bölgə olduğundan xüsusi mikroskop və müasir avadanlıqların olduğu bir yerdə edilməlidir. Əməliyyatdan sonra reabilitasiya proqramlarına başlanılmalıdır.
Proloterapiya qeyri-cərrahi müalicə metodu olub, degenerativ disk xəstəliklərinin müalicəsində effektiv istifadə edilir. Proloterapiya orqanizmin özü-özünü yeniləməsinə, bərpa etməsinə - proliferasiyaya əsaslanır. İynə ilə onurğanın zədələnmiş nahiyəsində oynaq, bağ və toxumalara hipertonik şəkərli məhlul yeridilərək həmin nahiyədə sağalma prosesini sürətləndirərək zədəli toxumaları bərpa edir. Nəticədə onurğanın oynaq, bağ apparatı sağalır, daha güclü olur. Proloterapiya əməliyyata alternativ müalicə növüdür. Əmliyyatsız onurğanın degenerativ xəstəliklərinin, eləcə də disk qabarma, protruziya, və yırtıqlarının müalicəsi deməkdir. Proloterapiya hətta onurğasında əməliyyat aparılmış, lakin əməliyyatdan sonra da ağrıları keçməyən xəstələr üçün də ideal bir müalicədir.
Müalicə müddəti xəstəliyin ağırlığından asılı olaraq 3-6 seans təşkil edir. Hər seans 25-40 dəqiqə zaman tələb edir. Prosedurdan sonra xəstə dərhal normal həyatına dönə bilir. Proloterapiya ölkəmizdə ilk dəfə mənim tərəfimdən 2014-cü ildən tətbiq edilməsinə baxmayaraq, Amerikada 1940-cı illərdən, Türkiyədə isə 2008-ci ildən bəri müvəffəqiyyətlə istifadə edilir.
Proloterapiyanın 3 növü var:
- Hipertonik məhlul ilə
- Trombositlərlə zəngin plazma (PRP) ilə
- Kök hüceyrələr ilə
Proloterapiya ilə nəinki onurğa xəstəlikləri, eləcə də diz, çanaq oynağı artrozu, burxulmaları, əzələ ağrıları, fibromialgiyaları, karpal tunel sindromu, Kubital sindrom, tenisçi dirsəyi, pubis simphysis ağrıları və. s kimi xəstəliklərin müalicəsində də müvəffəqiyyətlə istifadə edilir.
Proloterapiya etdirmədən əməliyyat qərarı almayın!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az