göz qapağlarının şəklinin dəyişdirilməsi əməliyyatı

Blefaroplastika. Göz qapağlarının şəklinin dəyişdirilməsi əməliyyatı

7309
Müəllif: Uzman Dr. İlyas Axundzadə, plastik, rekonstruktiv və estetik cərrah, FEBOPRAS

Paylaşıldı: 04.12.2017
İlyas Axundzadə

Göz ətrafı nahiyəsi üzün ümumi şəklinin mənimsəməsində böyük rol oynayır. Belə ki, məhz göz ətrafı nahiyyəsinin yaşlanma əlamətləri ilk növbədə ortaya çıxır. Göz nahiyyəsinin sağlam və şux görünməsi isə insanı nikbin, sağlam və enerjili göstərir. Bu barədə klassiklər “gözlər ruhun aynasıdır” deyiblər.

Göz ətrafı nahiyyə üst göz qapağından, alt göz qapağından, gözün iç və bayır kənarlarından ibarətdir. Üst göz qapağının quruluşu sayəsində hərəkətlidir, göz almasını toz və digər yad cisimlərin təsirindən qoruyur. Alt göz qapağı daha az hərəkət edir, göz yaşının kiçik kanallar ilə burun boşluğuna ötürülməsinə yardım edir.

Göz ətrafındaki qırışlar və dəri sallanması hər insanda fərdi olmaqla bərabər, özünü 30-50 yaşlarda biruzə verir. Bu prosesi tezləşdirən faktorlar arasında yuxusuzluq, yorğunluq, stress, yüksək təzyiq, qalxanabənzər vəz xəstəlikləri, şəkər xəstəliyi, siqaret çəkmə də yer alır.

Gözün bayır kənarındakı incə qırışlar, sallanmış üst göz qapağı, altda və üstdə dəridən qabaran piy yırtıqları insanın üzünə üzülmüş, kədərli və qəmgin bir ifadə verir. Gənclərdə daxili kənardan daha yüksəkdə olan xarici göz kənarı yaşla əlaqədar eyni səviyyəyə yaxud daha aşağıya düşür. Nəticədə göz boyları kiçilir və gözlər “daima ağlayan insan” şəklini alır.

Üst göz qapağındakı dəri sallanması sadəcə estetik narahatçılıq deyil, bəzi hallarda göz qapağının açılmasında çətinlik yaradır və beləliklə görmə sahəsini daraldır. Alt göz qapağındakı dəri sallanması göz yaşının yanağa axmasına yol aça bilər.

Yuxarıda sadalanan problemlər plastik cərrahiyyə metodları ilə effektiv şəkildə həll olunur. Belə ki, gözlərin sallanmasını aradan qaldırmaq, piy yırtıqlarını düzəltmək və üzə xoş bir görüntü qazandırmaq üçün blefaroplastika əməliyyatı aparılır.

Əməliyyatdan 2 həftə qabaq siqaret çəkmə, aspirin və oxşar qanı incəldən dərmanlar, vitamin E, bitki çayları və qida əlavələri kəsilməlidir.

Blefaroplastika (blepharon- göz qapağı, plastikos – şəkil vermək) həm üst göz qapaqlarına həm də alt göz qapaqlarına birgə ya da ayrı-ayrı tətbiq edilir. Əməliyyat əksər hallarda yerli keyləşdirmə altında aparılır. Sallanmış dəri çıxardılır, piy yırtıqlarını yaradan torbacıqlar azaldılır, gözün dairəvi əzələsi sıxlaşdırılır və gözün xarici kənarı daha yüksək səviyyəyə qaldırılır. Əməliyyat kəsikləri üst göz qapağında təbii qırışda, alt göz qapağında isə kipriklərin altında gizləndiyindən 1-2 ay sonra tamamilə görünməz halda olur. Gənc xəstələrdə bəzən sadəcə altdaki piy yırtığlarını daxili kəsiklər ilə götürmək kifayət olur. Bu halda heç bir iz qalmır.

Əməliyyat həm alt həm da üst göz qapaqlarına tətbiq edilirsə təxminən 2-2.5 saat davam edir. Bundan sonraki ilk 5 gün ərzində göz ətrafında orta – yüksək dərəcədə şişkinlik müşahidə olunur. Şişkinlik 2-3 həftə sonra azalmağa başlayır. İlk bir neçə gün quruluq hissini azaltmaq məqsədi ilə süni göz yaşı damcıları təyin olunur. Daha sonra gözləri bir-iki ay günəş işığından qorumaq (günəş eynəyi istifadə etmək) lazımdır.

Sizə xoş əhval-ruhiyyə və sağlamlıq arzulayıram! Əlavə suallarınız varsa bizə yazın, məmnuniyyətlə cavablayaram.

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.