baş beyin qan dövranı pozulmaları

Baş beyin qan dövranı pozulmalarının ağırlaşmalarının bərpa müalicəsi

24573
Müəllif: Sevinc Salamova

Paylaşıldı: 24.10.2017
Sevinc Salamova

Baş beyin qan dövranı pozulması nə deməkdir?

Baş beynin qan dövranı pozulması qan təchizatının beyin damarlarında tutulma, azalma, digər anomaliya və qanaxma nəticəsində neyronların zədələnməsinə və ya məhvinə səbəb olan bir prosesdir. Beyin qan dövranı pozulması kəskin və xroniki ola bilər. Bu xəstəliklər ümumi serebrovaskulyar xəstəliklər adı ilə birləşir.

Kəskin beyin qan dövranı pozğunluğuna insultlar (işemik və hemorragik), TİA- tranzitor işemik ataklar) və SAQ (subaraxnoidal qansızmalar) aiddir. Bu baxımdan, baş beynin qan dövranında ən mühüm ağırlaşmalar əlbəttə ki, insultlardır.


Niyə əhali arasında son vaxtlar insultların sayı artır? 

1. Yüksək arterial təzyiq
Yaş faktorundan sonra ən mühüm səbəb arterial hipertenziyadır. Çox vaxt buna  məhəl qoyulmur və  arterial təzyiqin dərmanlarla effektiv kontrol altına alınmasına barmaqarası baxılır. Xüsusilə, arterial təzyiqin ötüb-keçən artmaları az diqqət alır. Beləliklə, effektiv dərman nəzarəti altında olmayan artetial hipertenziya vaxt getdikcə damarlarda dəyişikliklər yaradır və bu da insultlara səbəb ola bilir. Təəssüf ki, bəzi şəxslər “harada qırıldı-qırıldı” prinsipi ilə yaşayır. Qırılan isə tək kiçik bir kapilyar deyil, həmin şəxsin həyatı da ola bilir.

2. Yüksək xolesterin
Eyni sözləri bu barədə də demək olar. Sağlam qidalanmamaq, az hərəkətlilik, xroniki depressiya bu ehtimalı daha da gücləndirir.

3. Siqaret çəkmək
Burada məsələ kifayət qədər bəsitdir. Gün ərzində nə qədər çox siqaret çəkəcəksizsə, bir o qədər ürək-damar sistemi xəstəlikləri riskini və insult ehtimalını artıracaqsınız!

4. Piylənmə
Piylənmə ürək-damar sistemi xəstəlikləri üçün açıq və hazır bir baza rolunu oynayır. Nəticə isə insult riskinin artmasıdır.

5. Şəkərli diabet
Bu faktorla bağlı xoşagəlməz tendensiya odur ki, müasir dövrdə bu xəstəlik daha çox şəxslərdə və daha gənc adamlarda qeyd olunur. Bununla yanaşı, təəssüf ki, burada da xəstələrin prediabet və yüngül diabet hallarında xəstəliklərinə ciddi yanaşmamaları halları çoxdur.

6. Narkotiklər və alkoqol
Narkotiklərlə bağlı məsələ aydındır. Bu qadağan olunmuş vasitələr şəxsi-şəxsiyyəti tarmar etməklə, ailəsini əzablara düçar etməklə yanaşı insult riskini də artırır. Alkoholla bağlı məsələ isə bir qədər fərqlidir. Yalnız gündəlik çox az dozada alkohol qəbul edən şəxslərdə insult riskinin yüksək olmadığı haqda məlumatlar var. Lakin real həyatda, adi gündəlik məişətdə alkohol qəbul edən şəxslərdə insult riski yüksəkdir. Çünki belə halda alkohol yenə də ürək-damar sistemi xəstəliklərinin riski artırır.

7. Ürək xəstəlikləri
Bura ürəyin ritm pozulmaları-xüsusən qulaqcıq fibrilyasiyası, koronar arteriya xəstəliyi, qapaq xəstəlikləri, ürək çatışmazlıqları aiddir. Bunların hər biri tromb yaranmağına şərait yarada və insulta səbəb ola bilər.

8. Az hərəkətlilik
Kliniki tədqiqatlara əsasən müntəzəm fiziki aktivlik ürək-damar sisteminin fəaliyyətini yaxşlaşdıraraq insult riskini  minimum 25%  azalda bilir.

9. Xroniki yuxu defisiti
Həyatımızda tələsərək hər yerdə hər şeyi çatdırmaq istəyirik. Çoxlu əyləncələr, gecə həyatı, internet, smartfonlar, vatsap və digər sosial şəbəkələr də bizim sərbəst vaxtımızı zəbt edir. Hələ çoxumuz bunlara görə yuxumuzdan da “borc” alırıq. O borcu isə uzun illərdən sonra biz ürək-damar xəstəliklərinin artmış riski ilə “ödəmək” məcburiyyətində qalırıq. 

Yekun olaraq qeyd edək ki, bütün bu faktorların hamısı bir-birini qarşılıqlı olaraq artıran və pisləşdirən “qüsurlu həlqə” kimi işləyir. Son ağır nəticələrdən biri də insultdur. Göründüyü kimi, məsələ birinci növbədə ürək-damar sistemi xəstəliklərinin artması və nisbətən “gəncləşməsi” ilə əlaqədardır. Ona görə də ayrıca insultdan qorunmaq üsulu yoxdur. Yalnız ürək-damar sistemi kifayət qədər sağlam olduğu təqdirdə insultu önləmək ümidlərini artıra bilərik.

İnsultdan sonra hansı funksional pozulmalar qeyd oluna bilər?

İnsult nəticəsində məhv olmuş sinir hüceyrələrinə aid olan aşağıdakı pozulmalar qeyd oluna bilər:
 - Hərəkət sistemi, əzələlərlə və müvazinətlə bağlı problemlər: ifliclər, udmanın pisləşməsi, müvazinətsizlik
 - Hissiyyat sistemi ilə əlaqədar problemlər: keyləşmələr, ağrılar
 - Çanaq funksiyalarının pozulması: bəzi ağır xəstələrdə qeyri-iradi sidik və ya nəcis ifrazı da qeyd olunur. Bu adətən qarışıq hissi-hərəki sistem zədələnməsi problemidir.
 - Nitq problemləri: danışmaqda, anlamaqda və anlatmaqda çətinlik
 - Düşüncə və yaddaş çətinlikləri
 - Emosional problemlər: hövsələsizlik, əsəbilik, depressiya

İnsultdan sonrakı bərpa müalicəsi nədir?

İnsultdansonrakı  bərpa müalicəsi – reabilitasiya müalicəsi bir qayda olaraq uzunmüddətli medikamentoz və qeyri-medikamentoz kompleks tədbirlərin məcmusudur. Reabilitasiya insultu “sağaltmır”. O mənada ki, kəskin qan dövranı pozulması nəticəsində məhv olmuş sinir hüceyrələrini həyata qaytarmır. Lakin xəstələrə insultdan sonra mümkün ən yaxşı yekun nəticə almağa imkan verərək  ömrü uzadır və bu ağırlaşmadan sonra itirilmiş-pisləşmiş funksiyaları yaxşılaşdıraraq  gündəlik həyata uyğunlaşmağına kömək edir. Bu nöqteyi-nəzərdən reabilitasiya tədbirləri həm xəstə, həm də onun ailə üzvləri üçün çox mühümdür. Çünki, insult tək həmin şəxs üçün deyil, ona baxmağa məcbur olan ailə üzvləri üçün də çox ağırdır.

Bərpa müalicəsindən nə gözləmək olar?

İlk 48 saatı sağ qalmış və reabilitasiya tədbirləri aparılan insult xəstələrinin aqibəti ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyanın insult və rehabilitisaya mərkəzlərinin ümumiləşdirilmiş protokollarına əsasən təxminən aşağıdakı kimidir:
 - 10% - demək olar ki, tamamilə bərpa olur.
 - 25% - funksiyalarda cüzi qalıq əlamətlərlə yaxşılaşır.
 - 40% - də mötədil və ya ağır funksiya pozulması qeyd olunur və onlara xüsusi qayğı tələb olunur.
 - 10% - də xüsusi müalicə müəssisəsində uzunmüddətli ixtisaslı baxıma ehtiyac var.
 - 15% - insultdan qısa müddət keçəndən sonra vəfat edirlər.

İnsultun ağırlığından asılı olaraq reabilitasiya tədbirləri müalicə müəssisəsi və ya evdə aparıla bilər. Amma hər iki halda, bərpa müalicəsinin komanda şəklində adiyyəti olan mütəxəssislərin – nevroloq, reabilotoloq, psixonevroloq, fizioterapevt, nitq mütəxəssisi və s. nəzarəti altında aparılması daha arzu olunandır.

İnsult ehtimalını azaltmaq üçün qidanın hansısa rolu var?

Heyvani piylə kasad,  meyvə və tərəvəzlə, Omeqa-3 yağ turşuları ilə isə zəngin olan və az duzlu pəhriz arterial təzyiqi, xolesterini azaldaraq ürək-damar sistemi xəstəliklərini azaldır. Buna görə də insult və təkrat insult riskini aşağı salır.

İnsultdan sonra əsas medikamentoz və cərrahi tədbirlərə nə aiddir?

Düzdür, yenə də burada sırf  dərmanlarla insultu “sağaltmaq”-dan söhbət getmir. Möcüzə yaradan dərman preparatı yoxdur. Burada dərman vasitələri ilə növbəti insultun qarşısını almaq, ürək-damar sistemininin funksional vəziyyətini yaxşılaşdırmaq əsas məqsəddir. Bu dərman vasitələrinə aşağıdakl qrup preparatlar aiddir:

Antiaqreqantlar:
Bu preparatlar qanın laxtalanma lövhəcikləri-trombositlərin bir-birinə “yapışaraq” (aqreqasiya olunaraq) sonradan bunun üzərində tromb yaranmasına imkan vermir. Burada əsas dərmanlar – aspirin və klopidoqreldir. Randomizə olunmuş yüksək səviyyəli kliniki tədqiqatların nəticələrinə əsasən 1A - “qüvvətli” kateqoriyalı rekomendasiyalara görə “aspirin” preparatı insultun kəskin mərhələsində (ilk 3 gündən bir həftəyə kimi)  təkrar işemik  insultu və ölümü 13%, uzunmüddətli müalicədə isə təkrar işemik insultu 22% azaldır. Ən az kənar təsirli və ən effektiv doza 75-150 mq/gün hesab olunur. Tədqiqatlara görə “klopidoqrel” preparatı işemik insult baxımından preventiv effektivliyinə görə “aspirin”-dən güclü olsa da, uzun müddətli qəbul zamanı kənar effektləri daha çoxdur. Buna görə də “klopidoqrel” hər hansı bir səbəbə görə “aspirin” qəbul edə bilməyən və ya “aspirin” qəbulu fonunda işemik insult olmuş şəxslərə təyin olunmalıdır. Lakin bu iki preparatın birgə istifadəsi həm mədə-bağırsaq qanaxmaları riskini, həm də hemorragik insult riskini artırır. Buna görə də kliniki tövsiyyələrə əsasən bu preparatların birgə istifadəsi yalnız qeyri-stabil stenokardiya və ya qeyri-Q dalğalı miokard infarktlı xəstələrdə qısa müddətə (1 aydan artıq olmayaraq) məqsədəuyğun sayılır.

Antikoaqulyantlar:
Qulaqcıq fibrilyasiyası və digər ürək xəstəliklərində qeyd olunan lokal qan durğunluğu tromb yaranmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün laxtalanma əleyhinə preparatlar – varfarin və digər yeni nəsil antikoaqulyantlar (məsələn, dabiqatran) istifadə olunur. Kliniki rekomendasiyalara görə belə ürək xəstəliklərində laxtalanmanı azaltmaq və işemik insultun qarşısını almaq baxımından “varfarin” preparatının istifadəsi effektivliyinə görə “aspirin”-dən xeyli üstündür. Amma “Varfarin” preparatı ilə çətinlik odur ki, qanaxma riskinə görə dərman dozası həkim tərəfindən nəzarətdə saxlanılmalı və xəstə vaxtaşırı laxtalanmın laborator müayinəsi olunmalıdır. Kliniki rekomendasiyalara görə qulaqcıq səyriməsində “aspirin” 320-325 mq/gün dozada istifadəsi “varfarin”-dən geri qalsa da heç bir dərman qəbul etməyənlərə nisbətən işemik insultun bir qədər qarşısını alır.

Hiperxolesterinemiya əleyhinə preparatlar:
Burada ən vacib dərmanlar statinlərdir. Kliniki tövsiyyələrə əsasən, statin qrupu preparatları (məslən, atorvastatin) xüsusən yüksək dozada istfadə olunduqda təkrar işemik insultun qaşısını ala bilir. Tədqiqatlar göstərir ki, statinlər insultdan sonrakı reabilitasiyada funksional nəticələri də yaxşılaşdırır.

Arterial təzyiqin korreksiyası:
Kliniki rekomendasiyalara görə arterial təzyiqin dərmanlara tabe olmasından asılı olaraq, lakin kaptoprildən savayı bütün digər Angiotenzin Konvertəedən Fermentin İnhibitorları-AKFİ (məsələn, lizinopril, ramipril) insult riskini azaldır. Həmçinin, AKFİ və diuretik (məsələn, Lizoton-N) preparatları ilə müalicə alan şəxslər kalsium kanalı inhibitoru (məsələn, verapamil) da qəbul etdikdə təkrar insult riski azalır. Tədqiqatlar göstərir ki, monoterapiya zamanı Angiotenzin Reseptoru Blokatorları - ARB (məsələn, telmisartan) AKFİ preparatı (məsələn, perindiopril) kimi insult riskini eynilə azaldır. Lakin ARB preparatı AKFİ preparatı ilə birgə qəbul olunduqda böyrək çatışmazlığı riski artır.

Şəkərli diabetin korreksiyası:
Kliniki rekomendasiyalara əsasən ifrat intensiv hipoqlikemik müalicə iri kardiovaskulyar ağırlaşmaları (miokard infarktı, insultlar)  adi standart hipoqlikemik müalicədən daha effektiv önləyə bilmir. Bununla yanaşı, kliniki tövsiyyələrə əsasən, əvvəllər insult keçirmiş şəkərli diabetli xəstələrin hipoqlikemik dərmanlarına “pioqlitazon” preparatı əlavə olunduqda təkrar insult riski  azalır.

Vazoaktiv preparatlar, nootrop və digər psixoaktiv dərmanlar:
Bu preparatların insultun reabilitasiya dövründə ümumi effekti çox yüksək deyil. Bununla yanaşı qeyd etmək lazımdır ki, xüsusi hallar üçün fərqli dərmanlar barədə fərqli məlumatlar mövcuddur. Müalicə həkimi adətən mövcud sübutlara və kliniki mənzərəyə əsaslanaraq ən yaxşı preparatı seçməyə çalışır. Belə ki, asetilxolinesteraza fermenti inhibitorları qrupundan yalnız “donepezil” preparatının 6 ay ərzində qəbulu ehtimal olunan vaskulyar demensiya zamanı koqnitiv (zehni) funksiyaları əhəmiyyətli dərəcədə yaxşılaşdırır. “Nimodipin” preparatı ilə bağlı kliniki sübutlara əsasən bu preparat yaddaşı yaxşılaşdıraraq subkortikal vaskulyar demensiyalı şəxslərdə koqnitiv pisləşməni ləngidə bilir və nitq çətinliklərinə müsbət təsir edir. “Memantin” preparatı ilə bağlı 1A - “qüvvətli” kateqoriyalı sübutlar bu dərmanın koqnitiv funksiyanı stabilləşdirdiyini və yaxşlaşdırdığını göstərir. Multi-infarkt demensiya zamanı “trental” preparatıının istifadəsi də  1A - “qüvvətli” kateqoriyalı sübutlara əsasən koqnitiv müsbət təsir göstərir. “Pirasetam” preparatının istifadəsinin insultdansonrakı dövrdə koqnitiv müsbət effekti olması barədə sübutlar mövcuddur. Amma tədqiqatlara əsasən, məsələn “sitikolin” preparatının uzun müddətli müalicəsinin plasebodan fərqlənmədiyi qeyd olunur.

Antidepressantlar:
Kliniki sübutlara əsasən insultsonrası depressiyalarda antidepressantların qəbulu depressiyanı azaltmaqla yanaşı müsbət koqnitiv təsir də göstərir. Maraqlıdır ki, yalnız “essitalopram” preparatı insultdansonra heç bir depressiya olmayan şəxslərdə də koqnitiv funksiyaları yaxşılaşdırır. Həmçinin, SSRİ və SNRİ qrupuna aid olan preparatlar insultdan sonra motor aktivliyə bir qədər müsbət təsir edir.

Antispastik müalicə:
Ən çox istifadə olunan dərmanlar “tolperizon”, “tizanidin” və “baklofen” preparatıdır. Bunların effektlilik dərəcəsi bir-biri ilə təxminən yaxındır.

Yuxu arteriyasının okkluziyasına görə cərrahiyyə:
Qısa olaraq qeyd edək ki, dünyanın aparıcı ölkələrində aparılmış tədqiqatlara əsasən yuxu arteyasının  simptomatik (yəni o hövzədə TİA və ya insult qeyd olunub) 70-99%-lik okkluziyasında endarterektomiya əməliyyatı ciddi profilaktik əhəmiyyətlidir. Son illər yaşı 50-dən az olan şəxslərdə yuxu arteriyalarının stentləşmə əməliyyatı da tətbiq olunur. Qeyd edək ki, asimptomatik 60-99%-lik okkluziyada əməliyyat tövsiyyə olunmur. Əvəzində “aspirin” preparatının gündəlik 75-150 mq dozada daxilə qəbulu məqsədə uyğun sayılır.

Digər simptomatik və patogenetik  müalicə:
Burada tələb üzrə-vitamin B12, vitamin D qəbulu, homosisteini azaldan digər dərmanlar və s. tətbiq olunur.

Qeyri-medikamentoz bərpa müalicəsinə nə aiddir?

Qeyri-medikamentoz bərpa müalicəsi reabiltasiya üçün dərmanlar qədər və bəlkə də dərmanlardan da artıq əhəmiyyətlidir. Burada müxtəlif kompleks metodlar -  fiziki çalışmalar, instrumental və yüksək texnologiyalı üsullar tətbiq olunaraq müalicəvi bədən tərbiyəsi, fizioterapiya, kurort-sanator, psixoterapiya, kompüter və robot texnikasına əsaslanmış müalicələr tətbiq olunur. İdeal şəraitdə reabilitasiya o deməkdir ki, tək müalicə həkimi-nevroloq yox, digər mütəxəssislər (reabilotoloq və ya ya fizioterapevt və müalicəvi bədən tərbiyəsi həkimi, psixonevroloq, nitq mütəxəssisi, massajçı, qulluq edən tibb bacıları və s.) də müalicə prosesinə qoşulur. Çünki insultdan sonra və ümumiyyətlə, nevroloji xəstələrdə uğurlu reabilitasiya komanda işini tələb edir. Ağır funksiya pozulmaları bir qayda olaraq xəstəxana şəraitində, ən yaxşısı isə  ixtisaslaşmış müəssədə daha uğurlu müalicə olunur.

Fiziki-motor aktivliyi yaxşılaşdırmaq üçün müxtəlif metodikalar üzrə aşağıdakı üsullar  tətbiq olunur:
 - Motor-bacarıq çalışmaları. Həkim-reabilotoloqun nəzarəti ilə əzələ gücünü və koordinasiyanı yaxşılaşdıran, bacarıq artıran çalışmalar
 - Hərəkətlilik məşqi. Hərəkət üçün köməkçi vasitələrin (çəliklər, təkərli kreslo,topuq bağlaması və s.) istfadəsinin öyrədilməsi və bunlarla məşqlər
 - Məhdudlaşdırma-induksiya müalicəsi: bu zaman xəstə ətraf hərəkət edərkən sağlam ətrafın hərəkətinə imkan verilmir.
 - Hərəkət həcmi müalicəsi: bu zaman bəzi çalışmalar və dərman vasitələri tətbiq olunaraq artmış əzələ tonusu azaldılır (spastik) və hərəkətin həcminin artmasına nail olunur. Belə çalışmalar aktiv və passiv olaraq icra oluna bilər.
 - Texnologiya vasitəsilə aparılan müalicə – robotic cihazlar, kompüter-əsaslı, virtual reallıq, audio/vizual cavab və s. aparılan metodlar da mövcuddur.

Belə ki, motor aktivliyi yaxşılaşdırmaq üçün Bobat yanaşması və ya Motor-öyrənmə yanaşması üzrə xüsusi fiziki çalışmalar tətbiq olunur. Yerişi yaxşılaşdırmaq üçün müvazinət treyninqi, spesifik çalışma treyninqi məşqləri, qaçış cığırı (“tredban”) qurğusunda və ya hissəvi dayaqla çalışmalar icra olunur. Kompyuter texnologiyalarına əsaslanmış “virtual reallıq müalicəsi”, eləcə də“audio-vizual cavab reaksiyası” üsulu  kliniki tədqiqatlarda yerişi yaxşılaşdıraraq özünü yaxşı göstərmişdir. Hemiplegik insultda topuq protezinin yerişə müsbət təsir etməsi də məlum faktdır. İnsultun xroniki mərhələsində transkutaneal elektrik stimulyasiyası iflic olmuş əzələlərin spastikasını azalda bilir. Spastika ilə bağlı qeyd edək ki, “botoks” preparatı həm yuxarı, həm də aşağı ətrafların ifliclərində spastikanı yaxşı azaltsa da, funksional nöqteyi-nəzərdən yerişi yaxşılaşdırmır. Yuxarı ətrafların zəifləməsi ilə bağlı kliniki tədqiqatlara əsasən  xüsusi güc məşqləri müsbət təsir göstərir. Robotik qurğular vasitəsilə bazu-çiyin  və dirsək oynaqlarına aid olan əzələ zəifliyinin müalicəsində müsbət  nəticələr əldə olunur. Funksional Elektrik Stimulyasiyası metodu xüsusilə yuxarı ətraf əzələlərinin zəifliyində əla nəticələr göstərrmişdir.

Zehni və emosional pozulmaları yaxşılaşdırmaq üçün:
 - Zehni-psixoloji qiymətləndirmə və nevroloq, psixonevroloq tərəfindən medikamentoz və psixoterapiya ilə müalicə
 - Yaddaş, nitq pozulmalarını qiymətləndirilməsi və  nitq mütəxəssisi, reabilotoloq,  nevroloq tərəfindən müalicə
 - Koqnitiv və nitq pozulmalarında kompüter əsaslı nitq bacarıqları öyrədən xüsusi metodlar

Daha hansı əlavə metodlar var?

Beynin qeyri-invaziv stimulyasiyası
Transkranial Maqnit Stimulyasiyası, Transkranial Elektrik Sinir Stimulyasiyası  bəzi məlumatlara görə hərəkət sistemi pozulmalarında, ağrı sindromlarında və koqnitiv pozulmalarda bir qədər müsbət təsir edir.

Alternativ təbabət
Akupunktura, herbal müalicə, bəzi xiropraktik metodlar, oksigen müalicəsi kimi üsulların effekti barədə ziddiyyətli məlumatlar olduğu üçün onlar  hələ ki, qiymətləndirilərək nəzərdən keçirilir və kliniki tövsiyyələrdə öz əksini tapmayıb. Bununla yanaşı, aromaterapiya, elektroakupunktura, musiqi ilə müalicənin insultdan sonrakı zehni pozulmalarda müsbət effekt verməsi barədə sübutlar mövcuddur. Ənənəvi tətbiq olunan massaj müalicəsi motor aktivliyin bərpasına plasebodan daha artıq təsir etməsə də insultdan sonrakı dövrdə ağrı və həyəcanı azaldaraq xəstənin ümumi vəziyyətinə müsbət təsir edə bilir.

Bioloji müalicə
ABŞ-da Harvard Universitetinin alimləri neyroqliyadan alınmış kötük hüceyrələrinin autotransplantasiyası ilə insult, Parkinson xəstəliyi, Alsheymer xəstəliyinin mülaicəsi ilə bağlı olan yeni metodika üzərində işlərini davam etdirirlər. Ehtimal olunur ki, gələcəkdə məhz bu üsul insultun əsl sağaltma metodu olcaq. Lakin hazırda bu hələ ki, eksperimental müalicə üsuludur.

Beyin qan dövranı pozulmaları - Hekim Tap

İnsultdan sonra reabilitasiya nə vaxt başlanmalıdır və nə qədər davam etməlidir?

Əslində bu tədbirlər nə qədər tez başlanılsa bir o qədər çox yaxşı effektə ümid etmək olar. Amma reallıq budur ki, insultdan sonra mühüm vəzifələr xəstəni tibbi cəhətdən stabilləşdirmək, həyati vacib funksiyaları nəzarət altına almaq, təkrar insulta imkan verməmək, insult nəticəsində həyata təhlükə yaradan ağırlaşmaları məhdudlaşdırmaqdır. Ümumiyyətlə isə, ilk 24-48 saatdan sonra artıq rehablitasiya tədbirlərinə başlanıla bilər. Elementar olaraq xəstənin vəziyyətinin dəyişdirilməsi, vəziyyəti imkan verirsə ətraflarının aktiv və ya ehmalca passiv hərəkət olunmasına başlanılması arzuolunandır. Reabilitasiya tədbirlərinin konkret davam müddəti yoxdur. Bu xəstədə yaxşılaşmanın hansı sürətlə getməsindən asılıdır. Bəzi xəstələr sürətlə yaxşılaşır. Bəzilərinə isə  illər tələb olunur.

İnsultdan sonra reabilitasiyanın uğurlu olmasına nə təsir edir?

Reabilitasiyanın uğurlu nəticəsi və bu nəticənin dərəcəsi fərdidir. Xəstənin nə qədər tez və nə dərəcədə hansı qabiliyyətini əldə edəcəyini proqnozlaşdırmaq çətindir. Ümumilikdə aşağıdakı faktorlar rol oynayır:
 - Sırf xəstəlik faktoru: keçirilmiş insultun ağırlığı- koqnitiv və fiziki  aktivliyin pisləşmə dərəcəsi. Nə qədər ağrıdırsa, nə qədər uzun müddət keçibsə, bərpa bir o qədər də çətinləşir.
 - Emosional faktorlar: xəstənin motivasiyası, əhvalı, rebilitasiya tədbirlərinə müsbət yanaşması, həvəs və səy göstərməsi. Xəstə nə qədər pozitiv olsa, bərpa da o qədər uğurlu olar.
 - Sosial faktorlar: ailə və dostların dəstəyi. Adi dəstək xəstə üçün, xəstəliyin reabilitasiyası üçün böyük köməkdir.
 - Tibbi faktorlar: komanda şəklində mütəxəssislər tərəfindən  effektiv bərpa müalicəsinin aparılması.

 Müalicənin effekti insultdan ən çox  həftələr və ya bir neçə ay keçdikdən sonra qeyd olunur. Amma bu o demək deyil ki, çox müddət keçdikdən  sonra daha yaxşılaşma qeyd olunmayacaq. Əvvəllər hesab olunurdu ki, 6 aydan sonra bərpa demək olar ki, mümkün deyil. Lakin son illər ABŞ-da reabilitasion mərkəzlərdə aparılmış geniş tədqiqatlar göstərdi ki, bir il və ya ilyarım müddətdən sonra da çoxsaylı kifayət qədər uğurlu nəticələır alınır. Buna görə də səbrlə və səylə çalışaraq heyrətamiz nəticələr əldə etmək mümkündür. Sadəcə həm xəstə, həm də  onun ailə üzvləri nəzərə almalıdırlar ki, insultdan sonra bərpa uzun və məşəqqətli bir prosesdir. Ruhdan düşməyərək davam etmək yeganə çıxış yoludur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.