bas beyin sisleri nedir bas beyin sisleri Baş beyin şişlərinin müalicəsi başağrısı beyin şişi şişlərinin növləri Metastatik beyin şişləri  Xoşxassəli baş beyin şişləri  bas beyin sisleri

Baş beyin şişləri - müasir yanaşma

8886
Müəllif: Uzman neyrocərrah Ruslan Yunusov

Paylaşıldı: 30.04.2018
Ruslan Yunusov

Baş beyin şişi nədir?

Baş beyin şişləri, kəllə daxilində bəzi qrup  hüceyrələrin kontrolsuz və anormal şəkildə böyüməsi və çoxalması nəticəsində əmələ gələn yenitörəmələrdir. İnsan orqanizmində rast gəlinən şişlərin təxminən 2%-ni baş beyin şişləri təşkil edir.

Baş beyin şişlərinin növləri:

Baş beyin şişlərinin 150-dən artıq növü mövcud olub 2 əsas qrupa ayrılırlar:

1. Birincili baş beyin şişləri
2. İkincili baş beyin şişləri

Bilavasitə beyin və ya beyini əhatə edən toxumalardan əmələ gələn şişlər birincili baş beyin şişləri adlanır. Birincili şişlər öz növbəsində qliyal (beyin hüceyrələrindən əmələ gələn) və qliyal olmayan (beyin ətrafı toxuma hüceyrələrindən əmələ gələn) şişlər olaraq 2 yerə bölünür. Bundan başqa, beyin şişləri inkişaf xüsusiyyətlərinə görə xoş xassəli və bəd xassəli olur.

İkinicili (Metastatik) beyin şişləri – başqa orqanlarda (süd vəzi, ağciyər, mədə və s.)  mövcud olan şişlərin qan vasitəsilə beyinə yayılmasından əmələ gəlir. Metastatik şişlər xərçəng hesab olunur və bəd xassəlidirlər.

Xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrin təxminən 25%-də beyində metastaz aşkarlanır. Ağciyər xərçəngi olan xəstələrdə isə bu rəqəm daha yüksəkdir və bu xəstələrin təxminən 40%-də beyinə metastaz olur. Əvvəllər beyin metastazı olan xəstələrin həyat göstəriciləri çox aşağı idi və bu insanlar cəmi bir neçə həftə yaşayırdılar. Son zamanlar inkişaf etmiş diaqnostik vasitələrin və innovativ cərrahiyyə metodlarının tədbiqi ilə bu xəstələrin həm yaşam müddəti illərlə uzadılmış, həm də həyat keyfiyyətləri yaxşılaşdırılmışdır.

Xoşxassəli baş beyin şişlərinin növləri:

Meningioma – ən sıx rast gəlinən xoşxassəli şişdir. Bütün beyin şişlərinin 10-15%-ni təşkil edirlər. Meningiomaların nadir də olsa çox az bir qismi  bədxassəlidir.  Bu şişlər beyin və onurğa beyini əhatə edən zardan (qişadan) əmələ gəlirlər.

Hipofiz adenoması – beyin şişləri arasında rastgəlmə tezliyinə görə 4-cü yerdədir. Xoşxassəli şişlərdir və adətən çox yavaş böyüyürlər. Nadirən  bədxassəli formaları olsa da, onlar da özünü xoşxassəli şişlər kimi aparır. Adenomalar hipofiz vəzindən əmələ gəlirlər və adətən 30-40 yaş arası insanlarda görülurlər.

Şvannoma – insanlarda sıx görülən xoşxassəli şişlərdəndir. Sinirlərin ətrafında olan Şvann hüceyrələrindən əmələ gəlirlər. Sinirlərə sirayət etmədən onları sıxışdıraraq klinik əlamət verir. Daha çox eşitmə sinirindən əmələ gəldiyinə görə qulaqlarda küy və eşitmə azlığı kimi şikayətlərə səbəb olur. Xoşxassəli olsalar da, həddindən artıq böyüdüklərində beyin sapını sıxışdıraraq ölümə səbəb ola bilər. Beyin və onurğa beyin sinirləndən əmələ gəldiyi kimi, nadir də olsa  əl və ayaq sinirlərindən də əmələ gələ bilər.

Xordoma – xoşxassəli, yavaş böyüyən şiş olub, daha çox 50-60 yaşlı insanlarda görülür. Ən sıx görüldüyü  yerlər, kəllə əsasındakı sümüklər və onurğa sütunun oma hissəsidir. Xoşxassəli şiş olmasına baxmayaraq, xordomalar ətraf toxumalara sirayət edərək sinir toxumasını zədələyə bilir. Bu şişlər nadir olub, birincili beyin şişlərinin 0,2%-ni təşkil edirlər.

Kraniofaringioma – xoşxassəli beyin şişi olsa da, yerləşdiyi yer beyinin dərinində və görmə siniri ilə yuxu arteriyası arasında olduğu üçün mürəkkəb şiş hesab olunur. Adətən hipofiz vəzisinin (bədənimizdə hormonal tarazlığı kontrol edən vəz) ətrafından əmələ gəldiyinə görə, xəstələrdə hormonal yetməzliyə səbəb olur.

Qanqliositoma, qanqlioma və  anaplastik qanqlioma – sinir hüceyrələrindən əmələ gələn nadir törəmələrdir və daha çox gənc yaşlarda görülür.

Bədxassəli baş-beyin şişlərinin növləri:

Qliomalar insanda ən çox rast gəlinən beyin şişi növü olub, bədxassəli şişlərin 78%-ni təşkil edirlər. Bu şişlər, beyində dəstək hüceyrələr hesab olunan qlia hüceyrələrindən əmələ gəlirlər. 3 cür qlial hüceyrə tipi mövcuddur: astrositlər, ependim hüceyrələri və oliqodendrositlər. Qlial şişlər (qliomalar)  aşağıdakılardır:

Astrositomalar – ən geniş yayılmış qlioma növü olub, birincili beyin və onurğa beyin şişlərinin təxminən yarısını təşkil edirlər. Astrositomalar beyinin dəstək hüceyrələrindən olan, ulduz şəkilli astrositlərdən əmələ gəlir. Astrositomalar hər yaşda və beyinin hər yerində görülə bilər. Uşaqlarda daha çox aşağı dərəcəli olduqları halda yaşlı insanlarda daha çox yüksək dərəcəli olur.

Ependimomalar – beyin daxili mədəciklərin divarında yerləşən ependim hüceyrələrindən əmələ gəlirlər. Bütün beyin şişlərinin 2-3%-ni təşkil edirlər, həm baş beyin, həm də onurğa beyində rast gəlinirlər.

Multiform qlioblastoma – ən bədxassəli şişlərdən biridir. Çox sürətlə böyüyərək, ətraf beyin toxumasına yayılır və  proqnozu pisdir. Daha çox 50-70 yaşlı insanlarda və daha çox kişilərdə görülür.

Medulloblastoma – daha çox uşaqlarda rast gəlinən və beyincikdən inkişaf edən şişdir. Yüksək dərəcəli (yəni, bədxassəli) şişlər olub adətən şüa və kimyəvi terapiyaya yaxşı cavab verirlər.

Oliqodendroqliomalar – oliqondendrosit adlanan hüceyrələrdən əmələ gəlirlər. Daha çox orta yaşlı insanlarda görülür.

Baş beyin şişlərinin digər növləri:

Hemangioblastomalar – yavaş böyüyən şişlərdir və adətən beyincikdə yerləşirlər. Hemangioblastomalar qan damarlarından əmələ gəlirlər. Adətən tərkiblərində kista olub,  çox böyük ölçülərdə ola bilirlər. Daha çox 40-60 yaşlı insanlarda və ən çox da kişilərdə görülür.

Rabdoid şiş – nadir, olduqca aqressiv və bütün sinir sisteminə yayılmağa meyilli şişdir. Bədənin hər yerində əmələ gələ bilir. Daha çox uşaq və gənclərdə görülür.

Baş beyin şişlərinin səbəbləri:

Beyin şişlərinin əmələ gəlməsində əsas səbəb kimi, hüceyrə xromosomlarında yerləşən  genlərin zədələnməsi göstərilir. Gen zədələnmələri ya anadangəlmə olur, ya da doğulduqdan sonra qazanılır.

Anadangəlmə gen zədələnmələrinin səbəbi hamiləlik zamanı ananın keçirdiyi müxtalif növ xəstəliklər və ya döldə əmələ gələn genetik xəstəliklər əsas rol oynayır. Bu xəstəliklərə misal olaraq Neyrofibromatoz, Von Hippel-Lindau xəstəliyi, Tuberoskleroz və s. xəstəliklərdir.

Ətraf mühitin zərərli təsirləri də genlərin zədələnməsinə səbəb olmaqla yanaşı, zədəli genlərdən yenitörəmələri əmələ gəlməsinə şərait yaradır. Zədələnmiş genlər hüceyrələrdə normal bölünmə prosesini pozaraq, hüceyrələrin anormal çoxalmasına səbəb olur. Anormal çoxalan bu hüceyrələr şişləri əmələ gətirir. Ətraf mühitin zərərli təsirlərinə misal olaraq karsinogen qidalar, atmosfer çirklənməsi, radiyasiyanı göstərmək olar.

Baş beyin şişlərinin simptomları:

Baş beyin şişlərinin simptomları şişin yerləşmə yerindən  və ölçüsündən asılı olaraq çox müxtəlifdir. Buna baxmayaraq bəzi ümumi simptomlar əksər beyin şişlərində görülə bilər. Ümumi əlamətlər aşağıdakılardır:

 – Baş ağrısı (adətən səhər yuxudan duranda ən şiddətli olur);
 – Qıcolma tutması və ya ürəkgetmə;
 – Ürək bulanma və ya qusma;
 – Huşun pozulması və s.

Sadalanan şikayətlər qeyri-spesifik xarakterli (yəni, sadəcə şişlərə xas deyil) olub, adətən bir neçəsi eyni anda görülür. Bundan başqa şişlərin yerləşdiyi yerdən asılı olaraq spesifik (şişə xas olan) əlamətlər də mövcuddur. Bu əlamətlər:

 – Görmə pozğunluğu- əgər şiş görmə siniri sıxır və ya ənsə payında yerləşirsə;
 – Eşitmə pozğunluğu- əgər şiş eşitmə sinirini sıxır və ya gicgah payında yerləşirsə;
 – Əldə və ayaqda iflic və ya parezlər- əgər şiş hərəkət mərkəzinə (alın payında) təsir edirsə;
 – Əldə, ayaqda və ya bədənin bir hissəsində hissiyyatın pozulması (uyuşma, keyimə)- şiş hissiyyat mərkəzində (təpə payında) yerləşərsə;
 – Davranış və xarakter dəyişikliyi- şiş alın payında yerləşərsə və s.

Baş beyin şişlərinin diaqnostikası:

Beyin şişlərinin diaqnostikasında ən çox istifadə olunan müayinə üsulları komputer tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiyadır (MRT). Buna baxmayaraq beyin şişlərinin diaqnostikasında “qızıl standart” Kontrastı MRT hesab olunur. MRT çəkilən zaman damardan yeridilən kontrast maddə birbaşa şiş toxumasında  toplanaraq onun boyanmasına səbəb olur. Bununla da nəinki,  şişin yeri, xarakteri, damarlanması, tərkibi, beyin toxumasının vəziyyəti haqqında dolğun məlumat  əldə edilir, həmçinin  şişin çıxarılması üçün cərrahi əməliyyatın növü və taktikası  da müəyyənləşdirilir. Bundan başqa, təkrarlayan şişlərin və metastatik şişlərin diaqnostikasında pozitron-emissiyon tomoqrafiya (PET) müstəsna yerə sahibdir.

Baş beyin şişlərinin müalicəsi:

Baş beyin şişlərinin müalicəsi şişin ölçüsündən, yeləşdiyi yerdən, sayından, növündən asılı olaraq dəyişir. Baş beyin şişlərinə müasir yanaşma prinsipləri aşağıdakı kimidir:

 – Müşahidə;
 – Dərman müalicəsi;
 – Cərrahi müalicə;
 – Kimyəvi terapiya;
 – Şüa terapiyası.

Sadalanan müalicə növlərinin seçilməsində şişin xüsusiyyətləri ilə yanaşı, xəstənin yaşı, ümumi vəziyyəti, yanaşı xəstəliklərinin olub-olmaması daha önəmli rol oynayır. Buna görə də, hər bir xəstəyə fərdi yanaşaraq mövcud halda xəstəyə hansı müalicə növünün daha uyğun  olduğu təyin edilərək ona görə müalicə tədbiq olunur. Təbii ki, hər müalicə növünün özünəməxsus riskləri və əlavə təsirləri mövcuddur.

Ölçüsü kiçik olan və əlamət verməyən şişlər adətən müşahidəyə alınır və xəstələr 3-6 aylıq fasilələrlə kontrola çağırılırlar.

Əksər şişlərin ilkin simptomlarını aradan qaldırmaq üçün dərman müalicəsi başlanılsa da, şişlərin ən effektli müalicəsi cərrahi müalicədir. Cərrahi yolla şişin çıxarılması həm xəstələrin simptomlarını daha tez keçirir, həm də  xəstələrin sağalmasını tezləşdirir.

Cərrahi yolla müalicəsi mümkün olmayan və yaxud əməliyyatla şişin hamısı çıxarılmayan xəstələrə şüa terapiyası və ya kimyəvi terapiya tədbiq olunur. Adətən şişin təbitəindən asılı olaraq xəstələr ya şüa, ya da kimyəvi terapiya alırlar. Əksər hallarda isə xəstələr öncə şüa terapiyası, ardından isə kimyəvi terapiya alırlar.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.