artroskopik cərrahiyyə nədir

Artroskopik cərrahiyyə

3941
Müəllif: Travmatoloq-ortoped uzman dr. Şəhriyar Fətullayev

Paylaşıldı: 03.05.2018
Şəhriyar Fətullayev

Artroskopiya nədir?

Artroskopiya endoskopik cərrahiyyənin xüsusi bir növüdür. “Arthro” oynaq, “skopia” görmək mənasını verir. Oynaq içərisində meydana gələn problemləri tədqiq etməyə və eyni seansda bu problemləri aradan qaldırmaq üçün müdaxilə etməyə geniş imkanlar açır. Böyük və kiçik oynaq xəstəliklərinin müalicəsində seçilən minimal invaziv bir metoddur. Ağırlaşmaları çox az, faydalılığı isə çox yüksəkdir.    

Artroskopiyanın üstünlükləri

Artroskopik müdaxilənin ən mühüm üstünlüyü, ətraf yumşaq toxumaları zədələməyən çox kiçik kəsik açılmasıdır (təxminən 0.5 sm). Açıq cərrahiyyəyə görə daha az yumşaq toxuma travması olması və erkən hərəkətə imkan verməsi artroskopiyanın ən vacib üstünlüyüdür. Əməliyyat sonrasında  daha az ağrı, sürətli reablitasiya, qısa müddətdə işə dönmə və xəstəxana xərcinin az olması digər üstünlükləridir .

Artroskopiyada anesteziya növü 

Bu daha çox xəstənin tibbi vəziyyəti və aparılacaq əməliyyatın müddətinə görə ümumi , regional və ya lokal anesteziya olaraq seçilir. Daha qısa müddətli artroskopik prosedurlarda lokal və ya sedasiya deyilən anesteziya növü seçilir. İyirmi dəqiqədən daha uzun turniket istifadəsi  tələb olunan artroskopik əməliyyatlarda , sümük müdaxilələri zəruri olduğu hallarda lokal anesteziya və ya sedasiya uyğun deyil, ümumi anesteziya seçilməlidir. Artroskopiyada anestetik maddələrin yan təsirləri  ən çox  ürəkbulanma və qusma, regional anesteziyada  isə baş ağrısıdır.

Artroskopiyanın tətbiqi

Artoskopiyanın müddəti 30 dəqiqə ilə 2 saat arasında dəyişir. Bu müddətin artması və ya azalması oynaqdaxili problemin ciddiliyindən və həkimin təcrübəsindən asılıdır. Aşağıdakı oynaq artroskopiyaları icra edilir :

 – Çiyin oynağı artroskopiyası: Rotator Cuff yırtığı (vətər qopmaları), təkrari çiyin çıxıqları (Bankard lezyonu), impingement (sıxışma sindromları), bursit və s.
 – Diz oynağı artroskopiyası: Qığırdaq zədələnmələri (xondromalaziyalar) , menisk yırtıqları, ön çarpaz və arxa çarpaz bağ yırtıqları, plika formasionları, sinovit və s.
 – Əl-bilək oynağı artroskopiyası: Bağ yaralanmaları, qığırdaq problemləri, qanqlion kistləri, tfcc yırtıqları, sinovit və s.
 – Dirsək oynağı artroskopiyası: Oynaq siçanı (loose body), lateral epikondilit, osteochondritis dissecans (ayıran osteoxondrit)
 – Aşıq-baldır oynağı artroskopiyası: Ön və arxa sıxışma sindromları,  tendinitlər, haqlund deformasiyası, aşıq sümüyünün qığırdaq problemləri və s.

artroskopiyanın tətbiqi

Artroskopiyanın ağırlaşmaları:

Artroskopik ağırlaşmalar çox az rastlanır və daha yüngül formada özünü göstərir. Ən geniş yayılmış ağırlaşması oynaqdaxili  strukturların iatrogen zədələnmələri və əməliyyat sonrası rastlanan oynaq şişkinliyidir. Menisk və yağ yastıqcıqlarında, çarpaz bağlarda zədələnmə, hemartroz, tromboflebit, infeksiya, turniket paresteziyası, sinovit və fistula, oynaq içində yad cisim unudulması, damarların və sinirlərin zədələnməsi və s. göstərilə bilər. Ümumilikdə bu ağırlaşmalar 1%-dən azdır.

Artroskopiyada sağalma periodu

Artroskopik cərrahiyyədən sonra sağalma açıq əməliyyatla müqayisədə çox daha sürətli olur və adətən həmin gün xəstə evinə yazılır. Artroskopiyada yara izləri adətən çox kiçikdir və çətinliklə fərq edilir. Kiçik kəsiklər,  ümumiyyətlə, ağrısızdır ancaq cərrahiyyədən sonrakı bir neçə həftəlik müddətdə oynaqda bir miqdar şişmə və diskomfort hissi  meydana gələ bilər. Müalicə edilən problem artritdirsə bu müddət daha uzun olur. Bu problemin qarşısının alınması üçün xəstələrə müəyyən dərman preparatları yazılır. Asqılar, ortezlər və köməkçi yerimə vasitələri tövsiyyə edilir. Bir çox xəstə bir həftə içində işinə qayıtmaq imkanı əldə etmiş olur. İdmana geri dönmək isə nisbətən uzun çəkir. Reablitasiya proqramlarına ehtiyac yaranır. 

artroskopiyada sağalma periodu

 

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.