anus və düz bağırsaq atreziyası

Anus və düz bağırsaq atreziyası

7169
Müəllif: Tibb üzrə fəlsəfə doktoru , operator dr., uşaq cərrahı Toğrul Ömərov

Paylaşıldı: 10.05.2018
Toğrul Ömərov

Anus və düz bağırsaq atreziyası nədir?

Anus və düz bağırsaq atreziyası – düz bağırsaq və anal dəliyin təbii kanalının olmaması ilə səciyyələnən anorektal nahiyənin anadangəlmə inkişaf qüsurudur. Düz bağırsağın tam atreziyası kliniki olaraq, ilk nəcisin olmaması ilə doğuşun ilk sutkasında özünü göstərir. Bu zaman aşağı bağırsaq keçilməzliyi simptomu uşağı narahat edir. Atreziyanın sviş formalarında nəcis aralıqdakı fistuladan, uretranın xarici dəliyindən, cinsiyyət yarığından  ifraz oluna bilər.

Düz bağırsağın atreziyası dizqnozu müayinə zamanı, aralığın USM göstəriciləri, fistuloqrafiya və sistouretroqrafiya əsasında qoyulur.     

Anus dəliyi və düz bağırsağın atreziyasını yalnız cərrahi yolla aradan qaldırmaq mümkündür. Bu, adətən mərhələli şəkildə həyata keçirilir (kolostomiya, proktoplastika).

Düz bağırsağın atreziyası ilə doğulan uşaqların faiz nisbət 1:5000 kimidir, oğlanlarda iki dəfə çox rast gəlinir.  

Təqribən 30% hallarda düz bağırsağın atreziyası ürək, böyrək, sidik yolları, cinsiyyət orqanlarının anadalgəlmə qüsuru ilə müşayiət olunur. Düz bağırsağın atreziyası doğuşun ilk günlərindən təxirəsalınmaz cərrahi müdaxilə tələb edir.  

Anus və düz bağırsaq atreziyasının səbəbləri

Düz bağırsaq atreziyasının yaranması embrional inkişaf pozuntusu, daha dəqiq desək, kloakanın urogenital sinus və düz bağırsaqda bölünməməsi, proktodeumun perforasiyasının olmamasıdır. Normalda kloakanın sidik-cinsiyyət və anorektal səthlərə bölünməsi embriogenezin 7-ci həftəsində baş verir. Məhz həmin dövrdə kloaka membranında urogenital kanal və anus dəliyinə müvafiq iki dəlik yaranır. Embriogenezin göstərilən müddətdə normal gedişatının pozuntusu zamanı anus və düz bağırsağın anomaliyaları yaranır.          

Anus və düz bağırsaq atreziyasının əlmatləri

Əgər düz bağırsağın atreziyası diaqnozu hər-hansı səbəbdən uşaq doğulduqdan dərhal sonra qoyulmayıbsa, kliniki alamətlər adətən özünü 10-12 saat sonra göstərir. Körpə narahat olur, yatmır, ana südü əmmir, gücənir. Sutkanın sonunadək aşağı bağırsaq keçilməzliyinin əlamətləri yaranır: ilkin nəcis və qaz ayrılmır, qarında köpmə, qusma (əvvəlcə mədədəki maddələrlə, daha sonra öd və nəcis kütlələri ilə), ifadə olunmuş toksikoz və eksikoz müşahidə edilir.

Yardım göstərilmədiyi halda uşaq aspirasiya pnevmoniyası, bağırsağın perforasiyası və peritonitdən ölə bilər.    

Anus və düz bağırsaq atreziyasının diaqnostikası

Əksər hallarda anus və düz bağırsaq atreziyası yeni doğulmuşun ilkin müayinəsində aşkara çıxır. Bundan daha az hallarda həyatın ilk sutkalarında qüsur uşaqda ilkin nəcisin xaric olmaması və kəskin bağırsaq keçilməzliyinin klinikası ilə müəyyən olunur.     

Düz bağırsaq atreziyasına şübhə yaranarsa, uşağın müayinəsi qısa müddət ərzində aparılmalıdır, əks halda cərrahi müdaxilə olmazsa, xəstə 4-6 sutka ərzində ölür.

Atreziyanın səviyyəsini müəyyənləşdirmək üçün ilkin müayinə kimi Vanqenstin üsulu ilə invertoqrafiya, aralığın USM-i, aralığın nazik iynəli punksasiyası aparılmalıdır.    

Xarici sfinkterin yerləşdiyi nahiyəni və tamlığını müəyyənləşdirmək üçün elektromioqrafiya aparılır.

Sidik sisteminə açılan svişlərin lokalizasiyası uretrosistoqarafiyanın köməkliyi, aralığın svişləri isə fistuloqrafiya ilə dəqiqləşdirilir.

Anus dəliyinin normal formalaşması zamanı düz bağırsağın atreziyası  diaqnozu düz bağırsağın zondlanması, barmaq müayinəsi, rektoskopiya və proktoqrafiya vasitəsilə qoyulur. Dəqiqləşdirici diaqnostika məqsədilə MRT-dən, diaqnostik laparoskopiyadan istifadə oluna bilər. 

Düz bağırsağın atreziyası əksər hallarda digər qüsurlarla yanaşı əmələ gəldiyindən böyrəklərin və yrəyin USM-i, ezofaqoskopiya aparmaq zəruridir.      

Anus və düz bağırsaq atreziyasının müalicəsi

Atreziyanın bütün formaları cərrahi müdaxilə vasitəsilə aradan qaldırılır. Nəcis kütlələrinin xaric olmasının qarşısını alan tam atreziya, rektouretal və rektovezikal svişlər, daralmış rektovaginal və rektoaralıq svişlər zamanı təcili cərrahi müdaxilə tələb olunur.

Atreziyanın aşağı formalarında aralığın birmərhələli proktoplastikası yerinə yetirilir. Atreziyanın yüksək formalarında qüsurun mərhələli korreksiyası tələb olunur. Uşağın həyatının ilk sutkalarında bağırsaq keçilməzliyini aradan qaldırmaq üçün siqmastoma qoyulur. Daha sonra uşağın bir yaşında siqmastomaın bağlanması və qarın-aralıq proktoplastikası həyata keçirilir. Bu cür yanaşma uşaqların ölüm halları faizini aşağı salır və daha yaxşı fünksional nəticələr əldə etməyə şərait yaradır.    

Əməliyyatdan sonrakı dövrdə stenozun profilaktikası üçün 2-3 ay ərzində anal kanalın bujlanması, rektal gimnastika, imalələr edilir.

Aralıq və ya uşaqlıq yolu svişləri zamanı cərrahi müdaxilə adətən 6 ay – 2 yaş aralığında həyata keçirilir. Əməliyyat öncəsi dövrdə yumşaldıcı pəhriz göstərişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.