Abdominoplastika haqqında bilmək istədikləriniz
Qarın dartılması ya da yığılması kimi də adlanan bir əməliyyatdır.
Qarnın ön divarının sallanması və eybəcər hala gəlməsi çoxlu hamiləlik və doğuşlar, əzələlərin zəyifləməsi, piylənmə, arıqlamaq üçün aparılan əməliyyatlar nəticəsi kimi səbəblərdən ortaya çıxır. Qadınlarda qarın sallanması daha çox hamiləlik və doğuşdan sonra müşahidə edilir, kişilərdə isə əsas səbəb çox vaxt piylənmə (həddindən artıq kökəlmə) olur.
Sallanmış qarın pis görünüşdən başqa bəzi problemlərə də yol açır. Belə ki, insanın gündəlik təmizlik alışqınlıqlarının yerinə yetirilməsi çətinləşir, sallanmış dəri ( “önlük” ya da rus dilində “fartuk”) ilə ön qarın divarı altında piy və tər vəzilərinin ifrazatı toplanır. Bu isə öz növbəsində pis qoxu, dəri qıcıqlanması, qaşıntı və hətta kiçik yaraların əmələ gəlməsinə səbəb olur. Bədən xətlərinin təhrifi insanda üzünə qarşı mənfi hisslər və psixoloji gərginlik yaradır. Kişilərdə öz cinsiyyət orqanını sallanmış dəri səbəbiylə daha qısa olduğuna dair yalançı fikirlər yarana bilər.
Qarın dərisinin sallanması ilə birlikdə xəstələrdə yırtıqlar (rus dilində “qrıja”) və qarnın düz əzələlərinin ayrılması da müşahidə oluna bilər.
Yuxarıda sadalanan problemlərin həlli plastik cərrahiyyədə ümumi şəkildə abdominoplastika olaraq adlanan əməliyyat ilə mümkündür. Əməliyyat həddi buluğa çatmış bütün xəstələrdə aparıla bilər. Lakin, daha cavan xəstələrdə, az sallanma olduqda tək başına liposaksiya (piy çıxartma) əməliyyatı da effektiv ola bilər. Dəriləri çox sallanmış və tonusunu itirmiş yaşlı xəstələrdə isə abdominoplatika növlərindən biri aparılır.
Mini abdominoplstika əməliyyatında qarın dərisinin sadəcə göbəkdən aşağı hissəsi çıxardılır və əzələ qatı sıxlaşdırılır.
Klassik abdominoplastikada qarın dərisi geniş şəkildə sərbəstləndirildikdən sonra artıq hissəsi çıxardılır. Göbək kiçildilir və daha üstə yerləşdirilir. Qarnın düz əzələləri orta xətdə birləşdirilir. Lazım olduqda qarnın müxtəlif hissələrinə liposaksiya aparılaraq daha gənc və cazibəli bədən şəkli əldə edilir.
Yaşlı və ya yanaşı gedən xəstəlikləri olanlara sadəcə sallanan dəri qatı çıxardılır (əməliyyat pannikuloektomiya adlanır). Bəzən sallanma daha çox qarnın alt hissələrində və qasıq nahiyəsində olur. Belə pasientlərə qasıq dartılması, qasıq-bud dartılması, ya da dairəvi bədən dartılması aparılır.
Abdominoplastika əksər hallarda ümumi narkoz altında icra olunur, amma mini əməliyyat ya da pannikuloektomiya spinal anesteziya ilə (beldən keyləşdirmə ilə) aparıla bilər. Əgər xəstədə qarın yırtığı varsa, abdominoplastika vaxtı o da bərpa edilir.
Əməliyyat izi alt qeyimin altında qalacaq şəkildə planlanır və beləliklə gizli olur. Əməliyyatdan 10 gün əvvəl xəstə qanı incəldən dərmanların (məs. aspirin kimi), vitaminlərin, bitki çaylarının və bioloji aktiv əlavələrin qəbulunu kəsməlidir. Siqaret çəkən xəstələrə isə əməliyyatdan ən az 2 həftə əvvəl bunun tərgitmək məsləhət edilir. Əməliyyatdan sonra xəstəxanada 1-2 gün qalmaq kifayətdir. Evdə 5-7 gün yarı yataq rejimi tətbiq edilir. Tikişlər 14-20 gün sonra çıxardılır, 1 ay qarın toxumalarını dəstəkləyən korset geyilir. İdman növlərinə 6 həftə sonra başlamaq olar.
Qeyd etmək istəyirəm ki, abdominoplastika qətiyyən arıqlama əməliyyatı deyil! Piylənmə pəhriz və dərman qəbulu yolu ilə, ya da bəzi xəstələrdə piylənmə əleyhinə aparılan əməliyyatlar (məsələn mədə kiçildilməsi) ilə müalicə olunur. Xəstə müəyyən dərəcədə artıq çəkidən azad olduqdan sonra salanmış toxumalar, o cümlədən qarın plastik əməliyyatlar ilə dartılaraq daha ahəngli şəklə gətirilir.
Hamınıza bərəkətli və sağlıq dolu günlər arzulayıram!
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.