bud-çanaq oynağının protezləşdirilməsi

Bud-çanaq oynağının protezləşdirilməsi (Artroplastika)

13921
Müəllif: Fərhad Verdiyev

Paylaşıldı: 03.10.2017
Fərhad Verdiyev

Bud-çanaq oynağının quruluşu
Orqanizmin böyük oynaqlarından biri olan  bud-çanaq oynağı (lat; articulate coxae) bud sümüyü başı ilə çanaq sümüyünün sirkə kasasının aypara oynaq səthi ilə  əmələ gəlmiş möhkəm  bağlar və qüvvətli əzələlərlə fiksasiya olunmuş oynaqdı. Bu oynaqda bükmə-açma, yaxınlaşdırma-uzaqlaşdırma və fırlanma hərəkətləri mövcuddur. Oynaq səthləri hialin qığırdaqla örtülüdür. Müxtəlif  amillərin  təsirindən oynağın üzərini təşkil edən qığırdağın   yeyilməsi və dağılması zamanı  bud-çanaq oynağın  artrozu-koksartroz meydana gəlir. 

Total bud-çanaq oynağı protezi nədir?

Bud-çanaq oynağının total protezləşdirilməsi (artroplastikası), bud-çanaq oynağı ağır  dərəcədə zədələnmiş  xəstələrdə oynağın süni bir oynaqla dəyişdirilməsi əməliyyatıdır. Protez kobalt, xrom və ya titaniumumdan istehsal edilən əsas hissələr ilə yanaşı onları birləşdirən  plastik, metal və ya keramik əlavə hissələrindən  ibarətdir.

Total bud-çanaq oynağı protezinin quruluşu

Bud-çanaq oynağı protezi sümüyə iki şəkildə yerləşdirilir. Sümük keyfiyyəti yaxşı olmayan  yaşlı  xəstələrdə  protez sümük sementi ilə  sümüyə təsbit edilir. Bu tip protezlərə sementli bud-çanaq oynağı protezi deyilir. Sümük keyfiyyəti  yaxşı olan nisbətən cavan xəstələrdə isə, üzəri məsaməli bir maddə ilə örtülmüş  olan protezlər, sümüyün içinə çox möhkəm bir şəkildə yerləşdirilir və müəyyən vaxtdan sonra sümük protezin üzərindəki məsamələrin içinə sümük toxuması daxil olaraq təsbit olunur. Bu tip protezlərə sementsiz protez deyilir.

Oynaqların protezlə dəyişdirilməsi hansı hallarda icra edilir?

 - Bud-çanaq oynağının osteoartriti (artrozu);
 - Revmatoid artrit;
 - Travmadan sonrakı  artrit;
 - Bud sümüyünün başının avaskulyar nekrozu;
 - Bud-çanaq oynağının çıxıq və sınıqları (sirkə kasasının, bud sümüyünün boynunun, burmalararası sınıqları).

Cərrahi əməliyyat nə zaman məsləhət görülür?

Həkiminiz bir neçə səbəbdən sizə əməliyyat təklif edə bilər:
 - Oynaqdakı ağrı gün ərzində hərəkətlərinizi məhdudlaşdırır və yerimək, əyilmək çətinləşir.
 - Oynaqdakı  ağrı istirahətdə keçmir, axşam və gecə sizi narahat edir.
 - Oynaqdakı hərəkət məhdudiyyəti aşağı ətrafı qaldırmağa və hərəkət etdirməyə imkan vermir.
 - Digər müalicə metodları (dərmanlar, fizioterapiya, oynaq içi inyeksiyalar və s.) ilə nəticə alınmırsa oynaq süni protezlə əvəz edilir.

Total bud-çanaq oynağının protezləşdirmə  əməliyyatları hansı yaşlardakı xəstələrdə aparılır?

Total bud-çanaq oynağının protezləşdirməsi əsasən 60 yaşdan yuxarı olan xəstələrdə icra olunması məsləhət görülən əməliyyatdır. Ancaq bəzi xəstəliklərdə (revmatoid artritli, onkoloji xəstələrdə və s.) daha gənc yaşlarda da icra olunur.

Total bud-çanaq oynağı  protezinin ömrü nə qədərdir?

Total bud-çanaq oynağı  protezini təşkil edən hissələr hərəkət zamanı meydana çıxan sürtünmə hesabına müəyyən müddətdən sonra yeyilir. Sürtünmə və yeyilmə ilə meydana çıxan  və gözlə görülməyəcək qədər kiçik metal və plastik parçalara qarşı orqanizmin  cavabı ilə protez  təsbit olunduğu sümükdən  ayrılır. Bu da ağrılı protez laxlamasına  yol açır. Müvafiq cərrahi taktika və müasir protez dizaynlarından istifadə olunaraq icra olunan bud-çanaq oynağı  protezlərinin ömrü  günümüzdə 10-20 ilə qədər uzanmışdır.

Protezin ömrünü qısaldan  səbəblər:
 - 
Bud-çanaq oynağı nahiyyəsində olan ağır travmalar;
 - Xəstənin bədən çəkisinin həddən artıq çox olması;
 - Protezin  infeksiyalaşması (irinləməsi);
 - Protez ətrafında sümük strukturunda osteoporozun olması;
 - Bədəndə olan xronik bir xəstəliyin protez ətrafına sıçraması;
 - Əməliyyatdan sonrakı reabilitasiya proqramına riayət etməyən  xəstələrdə;
 - Aktiv və ağır fiziki işlə məşğul olan xəstələrdə.

Protez dəyişdirmə əməliyatı (reviziya)   

Protez sıradan çıxdığında və ya protezdə əmələ gələn yeyilmə, laxlama, protezin qırılması, yer dəyişdirməsi kimi hallarda  ikinci bir əməliyyat (reviziya) ilə çıxardılıb  yenidən bud-çanaq  oynağı  protezi qoymaq mümkündür, ancaq ikinci əməliyyat daha çətindir, daha böyük protezlərin istifadəsi lazımdır və ikinci protezin ömrü, birinci qədər deyildir.

Qoyulduqdan 11 il sonra laxlayan birincili protezin (a ) və revizyon protezlə (b) əvəz edildiqdən sonra rentgentgenoloji görüntüləri.

Bud-çanaq oynağının  protezləşdirilməsi əməliyatından sonra nə gözlənilir?

Bud-çanaq oynağının protezləşdirməsi əməliyyatından sonra  xəstələrin çox böyük bir qismində oynaq ağrıları keçər, gəzmə, pilləkənlə düşüb qalxma kimi gündəlik həyat fəaliyyətində diqqətə çarpan yaxşılaşma təmin edilir. 2-3 sm arasındaki ayaq qısalığı aradan qaldırılır.Protezləşdirilmədən  sonra qaçma, atılıb düşmək kimi hərəkətləri və ağır işləri görməyiniz məsləhət deyildir. Bunlar protezin tez  yeyilməsinə yol açacaqdır.  Protez əməliyyatından sonra  xüsusilə ilk 6 ayda alçaq oturacaqlarda və ayağı-ayaq üstünə aşırıb oturmaq olmaz. Ömür boyu yerə sərilən süfrə ətrafında  və çöməlmə tələb edən  tualetdə oturmamaq lazımdır. Bunun kimi  artıq hərəkətlər bud çanaq oynağı protezinin yerindən çıxmasına və təkrari əməliyyatlara səbəb olur. Namaz qılırsınızsa, bunu stulda (kürsüdə)  oturarak etməyiniz  lazımdır.
Əməliyyatdan 8-10 həftə sonra avtomobil idarə edə bilərsiniz, ancaq sürücü oturacağının hündür olması və bud-çanaq oynağının həddən artıq bükülməməsi lazımdır. Bu barədə həkiminiz  sizə məlumat verəcəkdir. Altı həftə müddətində yatarkən ayaqlarınızın arasında  bir yastıq  olmalıdır.Protez əməliyyatından 3 ay sonra üzmə, qolf, kimi idmanlar etmək olar. Tenis, futbol, basketbol kimi idmanlar məsləhət deyil.

Əməliyyat necə olacaq?

Əməliyyatın məqsədi zədələnmiş oynağı, süni oynaqla (protezlə) dəyişdirməkdir. Bud-çanaq oynağının protezləşdirməsi ümumi və ya spinal (beldən keyləşdirmə) anesteziyası ile icra oluna bilər. Əməliyyat  2 saat qədər çəkir. Əməliyyat vaxtı və sonra itirilən qan üçün damar daxili yolla qan verilir. İlk bir neçə gün  ayaqlarınızın arasına V şəklində bir yastıq  yerləşdirilir. Ayıldıqdan sonra tənəffüz hərəkətlərinə  başlanılır. Əməliyyatdan 1-2 gün sonra  ayağa qaldırılırsınız. Bir yeridici (WALKER) və ya qoltuq ağacı  istifadə edərək  qısa məsafələri yeriyə bilirsiniz . Alçaq yerlərə oturmağınız uyğun olmadığı üçün, xəstəxanada və evdə tualet yüksəldici vasitələrdən  istifadə etməyiniz lazımdır.Həkiminizin məsləhətlərinə uyğun olaraq müəyyən bir müddətədək əməliyyat olunmuş ayağınıza tam yük verməkdən qaçmaq lazımdır.   Xəstəxanada qalma müddəti 4-8 gün arasındadır. Xəstəxanadan evə yazıldıqdan sonra, sizə tövsiyə olunan hərəkətləri evdə etməyiniz  çox önəmlidir. Ayaqlarınızda qan laxtalanmasınının qarşısını almaq üçün  qan durulducu dərmanlar xəstəxanadan çıxdıqdan sonrada müəyyən vaxtadək istifadə etməyiniz lazımdır. 

Əməliyyatdan sonra nə etmək olmaz?
 
- Ən az 8 həftə müddətində ayağı-ayaq üstünə aşırmayın;
 - Oturarkən önə əyilib  yerdən bir şey götürməyin;
 - Dizlərinizi qalça xəttindən  yuxarıya qaldırmayın;
 - Çöməlmə tələb edən tualetdə oturmayın;
 - Oturub qalxarkən önə həddən artıq  əyilməyin.

Bud-çanaq oynağının  protezləşdirilməsindən sonra hansı fəsadlar ola bilər?

Dərin venaların trombozu,trombemboliya:
   Bud-çanaq oynağının protezləşdirməsi əməliyyatından sonra görülən ciddi ağırlaşmalar çox aşağı  nisbətdə meydana çıxır. Ən sıx görülən problem  ayağınızdakı qan axınının zəifləməsindən  asılı olaraq damarlarınızda trombun yaranmasıdır (dərin venaların  trombozu).  Bunun qarşısını almaq üçün əməliyyatdan sonra qanı  durulaşdıran dərmanlar profilaktik müalicə üçün  təyin olunur. Əməliyyatdan  sonra erkən müddətdə yeriməyə başlamaq və  hərəkətsiz qalmaqdan qaçmaq  bu riski azaldacaqdır.  Varikoz corabların istifadəsi faydalıdır.

İrinləmə:
Total bud-çanaq oynağı protezindən  sonra  infeksiya, yəni protezin iltihablaşması 0.1%  ilə 1.5 % arasında görülür. Bədənin  başqa bir yerində (sidik cinsiyyət yolunda, dişlərdə və s.) infeksiyanın olması, şəkərli diabet  xəstəliyi və başqa xronik xəstəliklərin varlığı bu riski artıra bilər.  Əməliyyatdan əvvəl bədənin başqa bir yerində olan infeksiyaların müalicəsi lazımdır. Əməliyyat  vaxtı profilaktik antibiotik  müalicəsi icra olunur və əməliyyat vaxtı xüsusi tədbirlər  alınaraq infeksiya təhlükəsi azaldılır. Total bud-çanaq oynağı protezi infeksiyalaşarsa, təkrar cərrahi əməliyyat - protezin çıxardılıb müəyyən müddətdən sonra  təkrar yerləşdirilməsi kimi əməliyyatlar icra olunur.

Çıxıq:
Total  bud-çanaq oynağı  protezləşdirilməsi  əməliyyatından sonra,  protezin yerindən çıxması 5-8% arasında görülür. Əməliyyatdan sonra xüsusilə ilk 6 həftə boyunca  müəyyən hərəkətlərdən uzaq durmaq çox önəmlidir. Cərrahi taktika  və protez dizaynlarının inkişaf  ilə birlikdə  çıxıqlar  əvvəlki  illərə nisbətən azalmışdır.

Aşağı ətraflarda uzunluq fərqi:
Əməliyyat vaxtı ətraflar arasındakı uzunluq fərqini aradan qaldırmaq üçün xüsusi tədbirlər görülür. Ancaq bəzi hallarda, qalçadakı yumşaq toxuma balansını təmin etmək üçün ayağın uzadılması lazım gələ  bilər. 2 sm’ə qədər olan uzunluq fərqi bədən tərəfindən tənzimlənəcəyi üçün  problem yaratmır. Lazım gələrsə ayaqqabı içinə yüksəldici yerləşdirilir və problem aradan qaldırılır.

Digər fəsadlar:
Yuxarıda sayılanlardan əlavə  yaranın sağalmasında yaranan problemlər, damar və ya sinir yaralanmaları, protezin bəzi  parçalarının yerindən çıxması, protez ətrafı sınıqlar, protezin özündəki  sınıqlar kimi ağırlaşmalar görülə bilər, ancaq bunlara çox az rast gəlinir.

Xəstəxana şəraitində  reabilitasiya

Əməliyyatdan sonra bəzi fəsadların profilaktikası üçün aşağdakı məsləhətlərə riayət edin.
1. Protezin çıxığının qarşısını almaq  üçün  ilk günlər yataqda ayaqlarınızın arasına V şəkilli yastığı qoyulur və derotasyon qutusu istifadə olunmalıdır. Derotasyon qutusu sizin ayagınızın sağa sola dönməsinə imkan verməyərək çıxıq riskini minimuma endirəcək. 

2. Trombemoboliyanın qarşısını almaq üçün ətraflara elastik bandajlar sarılır, yeriməyə başlandığı zaman varikoz corabları taxın.

3. Anesteziyanın təsiri keçəndən sonra baldır əzələlərini hərəkət etdirmək üçün pəncənizi önə və geriyə hərəkət etdirin.

4. Ağciyər problemləri ilə üzləşməmək  üçün dərindən nəfəs alın və spirometr istifadə edin (bir saatda en azı 10 dəfə).

5. Oturanda yüksək kreslo/stul və ya altına qoyulan 2 yastıq üzərində oturun. Oturanda bədənizi arxaya doğru söykəyin və bədənlə budunuzun arasındaki bucaq 900-ni keçməməlidir.

6. Tualet yüksəldicilərdən istifadə edin.

7. Həkiminizin təyin elədiyi fizioterapevtik hərəkətləri icra edin.

Müalicəvi-idman hərəkətlər  proqramı

Aşağıda göstərilən hərəkətləri siz xəstaxana şəraitində başlamalısız və  evdə davam etməlisiniz:
1) Baldır nasosu (Ankle Pumps)
Məqsəd: aşağı ətrafların qan dövranını gücləndirmək.
 - Arxanız üstə uzanın və aşağı ətrafları düz qoyun
 - Pəncənizi önə və geriyə hərəkət etdirin(“pedala” basmaq kimi)

2) Sağrı hərəkətləri
Məqsəd: sağrı (yan) əzələlərini gücləndirmək
 - Arxanız üstə uzanın və aşağı ətrafları düz qoyun
 - Sağrı (yan) əzələlərini yığın, çanağınız yuxarı qalxsın
 - 5 saniyə tutun və yavaş boşaldın

3) Dördbaşlı əzələnin hərəkətləri
Məqsəd: budun ön əzələlərini (quadricepsi) gücləndirmək.
 - Arxası üstə uzanın və dizinizin altına yastıq qoyun
 - Budun ön əzələlərini yığın və dizin arxası ilə yastığı sıxın
 - Dabanınız yataqdan ayrılmamalıdır
 - 5 saniyə tutun və yavaş boşaldın

4) Daban sürüşdürmə
Məqsəd: bud / bud-çanaq əzələlərini gücləndirmək və bütün aşağı ətrafın hərəkətini fəallaşdırmaq.
 - Arxası üstə uzanın və aşağı ətrafları düz qoyun
 - Dabanınızı özünüzə doğru sürüşdürün
 - Diz və bud-çanaq oynağınızı 450-yə qədər bükün.
 - Bud-çanaq oynağınızı 450-dən çox bükməməyə çalışın
Qeyd: Başlanğıc üçün bu hərəkət ən çətin hərəkətlərdən biridir.İlk əvvəl dizinizi bükə bilməsənizdə,sonradan bu hərəkət asanlaşacaq.

Ev şəraitində müalicəvi-idman hərəkətlər  proqramı

5) Oturaraq dizi açma
Məqsəd: budun ön əzələlərini (quadriceps) gücləndirmək 
 - Yüksək stul (kreslo) və ya standart stula oturun və altınıza  2 möhkəm yastıq qoyun. Oynağınızın təhlükəsizliyini təmin etmək üçün kresloda oturarkən arxaya söykənin.
 - Yavaş-yavaş ön bud əzələrinizi yığın diziniz düzələnə qədər.
 - Yavaş-yavaş dizinizi bükün başlanğıç vəziyyətə gələnə qədər.

6) Oturaraq bud çanaq oynağını bükmə
Məqsəd: budun ön əzələlərini (quadriceps) gücləndirmək 
 - Yüksək stul (kreslo) və ya standart stula oturun və altınıza 2 möhkəm yastıq qoyun. Oynağınızı təhlükəsizlini təmin etmək  üçün kresloda oturarkən arxaya söykənin.
 - Yavaş-yavaş bud-çanaq oynağını bükün, pəncənizi yerdən qaldırın
 - Yavaş-yavaş pəncənizi aşağı endirin, başlanğıc vəziyyətə gələnə qədər

7) Ayaq üstə duran vaxtı bud-çanaq oynağını açma hərəkəti
Məqsəd: budun arxa əzələrini (bicepsi) gücləndirmək
 - Ayaq üstə  durun və əllərinizlə tərpənməyən bir obyektə söykənin
 - Əməliyyat olan ətrafı arxaya doğru hərəkət etdirin,diziniz bükülməməsinə fikir verin.
 - Bədəninizi düz tutun,önə doğru əyilməyin

8) Ayaq üstə duran vaxtı bud-çanaq oynağını uzaqlaşdırma hərəkəti
Məqsəd: budun yan (uzaqlaşdırıcı)əzələrini gücləndirmək
 - Ayaq üstə durun və əllərinizlə tərpənməyən  bir obyektə söykənin.
 - Yavaş-yavaş pəncənizi yana doğru qaldırın və digər ətrafdan uzaqlaşdırın
 - Bədəninizi düz tutun, yana doğru əyilməyin

9) Ayaq üstə dizi bükmə hərəkəti
Məqsəd: budun arxa əzələrini gücləndirmək
 - Ayaqda durun və əllərinizlə tərpənməyən bir obyektə söykəyin.
 - Yavaş-yavaş əməliyyat olunmuş ətrafın dizini bükün
 - Bədəninizi düz tutun və dizinizi önə doğru hərəkət etdirməyin

Pilləkan
Sizin həkiminiz pilləkani necə düzgün qalxmağı və düşməyi öyrədəcək.Sizin təhlükəsizliyiniz üçün aşağıda göstərilən qaydalara riayət edin.
    
Bir tərəfli protezləşdirmədən sonra: 
Qalxmaq: 
                                                         
1. Sağlam ətraf birinci  gedir.                             
2. Əməliyyat olmuş ətraf ikinci gedir.               
3. Qoltuqaltı və ya dirsəkaltı əsa son gedir.       

Düşmək:
1. Qoltuqaltı və ya dirsəkaltı əsa birinci gedir.   
2. Əməliyyat olmuş ətraf ikinci gedir.
3. Sağlam ətraf son gedir.

İki tərəfli protezləşdirmədən sonra
Qalxmaq:
                                                             
1. Qüclü ətraf birinci gedir.                                
2. Nisbətən zəyif ətraf ikinci gedir.                   
3. Qoltuqaltı və ya dirsəkaltı əsa son gedir. 

Düşmək:
1. Qoltuqaltı və ya dirsəkaltı əsa birinci gedir.
2. Nisbətən zəif ətraf ikinci gedir.    
3. Güclü ətraf son gedir.

Əməliyyatdan sonra kontrol müayinələr:
Həkimin istəyi və xəstənin vəziyətinə görə bu qrafik dəyişə bilər və hər hansı bir  halda həkiminizlə əlaqə saxlayın. Ancaq qəbul edilmiş müayinə vaxtları aşağıda göstərilmişdir:
 - Əməliyyatdan 6 həftə sonra
 - Əməliyyatdan 3 ay sonra
 - Əməliyyatdan 1 il sonra
 - Əməliyyatdan 3 il sonra
 - Əməliyyatdan 5-6 il sonra
 - Əməliyyatdan 8-10 il sonra

Yekun
Yekun olaraq, total bud çanaq  oynaq  protezi əməliyyatı radikal, geri dönüşü olmayan, ağır bir əməliyyat olmaqla yanaşı, diqqətli bir iş  və yaxşı  bir xəstə-həkim ünsiyyəti nəticəsində üz güldürücü nəticələr verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.