helicobacter pylori infeksiyası

Helicobacter Pylori infeksiyası

20354
Müəllif: Dr. Səbirə Səfərova

Paylaşıldı: 14.08.2017
Səbirə Səfərova

Helicobacter Pylori infeksiyası - Helicobacter Pylori adlandırılan bakteriya tərəfindən törədilmiş mədə və onikibarmaq bağırsaq zədələnməsidir.

Dünya əhalisinin 50%-dən çoxunda rast gəlinir.

Bəzi hallarda heç bir əlamət olmadan gediş ala bilsə də, əksərən aşağıdakı əlamətlər müşahidə edilir:
 - Qarnın yuxarı hissəsində (mədə nahiyəsi) kəskin və ya küt ağrılar və yandırma hissi;
 - Ac olduqda mədədə ağrıların yaranması;
 - Ürəkbulanma;
 - İştahanın itməsi;
 - Qıcqırma;
 - Tez-tez gəyirmələr;
 - Köpmə;
 - Bədən çəkisinin səbəbsiz itkisi;
 - Qanlı qusma (xora zamanı);
 - Nəcisin rənginin qara olması (xora zamanı).

Yoluxma yolları tam dəqiqləşdirilməmişdir, lakin hesab edilir ki, Helicobacter Pylori insandan insana ağız suyu, qusuntu kütlələri, nəcis (tualet sonrası gigiyenik qaydalara riayət edilməməsi zamanı), eləcə də bakteriyaya yoluxmuş qida və su vasitəsilə ötürülə bilər.

Helicobacter Pylori infeksiyası:
 - Mədə və onikibarmaq bağırsağın selikli qişa zədələnmələrinə;
 - Mədə və onikibarmaq bağırsağın xoralarına;
 - Mədə xərçənginə gətirib çıxara bilər.

Buna baxmayaraq, bir çox hallarda HP infeksiyası müalicə edilmir. Müalicə üçün əsas səbəb – mədə-onikibarmaq bağırsaq selikli qişasında hər hansı dəyişikliklərin olması və nəsildə mədə xərçəngi riskinin olmasıdır (bakteriyanın testlə təsdiqlənməsi olmadıqda kor-koranə antibiotik təyini qadağandır!). Həkim tərəfindən təyin edilən antibiotiklər sxemi (sxemlərə 2 fərqli antibiotik daxildir) düzgün və vaxtında qəbul edilməlidir, əks halda davamlı bakteriya ştammlarının yaranması baş verir. Bu halda antibiotik qrupları dəyişilməlidir, yəni, eyni antibiotiklərlə ikinci dəfə müalicə aparmaq olmaz.

Bakteriyanın diaqnostika üsulları son illərdə ən mübahisəli məqamlardandır, aşağıda üsullar və onların çatışmazlıqları və üstünlükləri barədə qısa qeydləri nəzərinizə çatdırıram:
1.Ureaz test və ya “nəfəs testi”. Bu müayinənin aparılması üçün pasiyentə xüsusi tablet və ya məhlul (maddə) içirilir. Əgər mədədə Helicobacter Pylori varsa, pasiyentin tənəffüs zamanı xaric etdiyi havada xüsusi maddə qeydə alınacaq. Lakin son illər aparılan araşdırmalar göstərmişdir ki, ağız boşluğu və boğazda olan bir çox bakteriyalar da həmin maddəni dəyişdirmək xüsusiyyətinə malikdir, beləliklə də, H.Pylori olmayan şəxslərdə də nəticə “yalan müsbət” ola bilər.

2. Qan testi və ya qanda bakteriyaya qarşı M və G qrupuna aid anticisimlərin təyini. Bu testlə hazırki (M) və ya keçmişdə keçirilmiş (G) infeksiya yoxlanılır.Bu üsulun çatışmayan cəhətlərindən birincisi – M qrup anticisimlərin qanda altı aya qədər dövr edə bilməsidir, bu isə o deməkdir ki, 1-2 həftəlik müalicədən sonrakı altı ay müddətində belə qanda M qrup anticisimlər aşkarlanmaqda davam edəcək və bakteriyanın xaric olunub-olunmadığı barədə məlumatı qısa zaman ərzində təyin etmək mümkün olmayacaq.

İkinci çatışmayan cəhət (diqqət!!!) – G qrup anticisimlərin təyini və onların əsasında müalicə aparılmasıdır. Bakteriya 20% hallarda orqanizmdən “özbaşına” xaric olur. Əgər pasiyent nə vaxtsa HP ilə yoluxub və tam sağalıbsa (və ya uğurla müalicə edilibsə) - G qrup anticisimlər “yaddaş” xarakteri daşıyaraq bütün ömür boyu qanda təyin ediləcək, odur ki, təkcə onların aşkarlanmasına görə müalicə təyin edilə bilməz!

3.Endoskopik müayinə zamanı mədə selikli qişasından götürülən bioptatda HP təyini. Bioptat (selikli qişadan götürülən “kiçik tikə”) mədənin antral hissəsindən götürülməlidir. Bəzi hallarda aparılması məsləhət görülmür, lakin son illər ən çox istifadə edilən üsullardan biri kimi qalmaqdadır. Üsul, bakteriyanın çipə (hazır test) hopdurulmuş maddəni fermentativ dəyişikliyə uğradaraq, rəngini dəyişdirməsinə əsaslanır (sarı rəng bənövşəyi rəng çalarına keçərsə, bakteriya “müsbət” hesab edilir).

4.Nəcisdə Helicobacter Pylori antigeninin təyini testi. Bu zaman birbaşa olaraq bakteriyanın zülallarının aşkarlandığı, həmçinin heç bir qan və mədə bioptatı götürülmədiyi üçün skrininq test kimi daha çox tövsiyə edilir.

Sonda qeyd edim ki, əgər müayinənin aparılmasından əvvəlki 1-2 həftədə “mədə dərmanları” (omeprazol və digər PPİ, bismut preparatları, maye şəklində olan antasidlər və s.) qəbul etmisinizsə, bu, yuxarıda sadalanan istənilən testin nəticəsinə təsir edərək “yalan mənfi” nəticənin alınmasına səbəb ola və çaşqınlıq yarada bilər. Odur ki, qəbul etdiyiniz preparatlar barədə həkiminizi məlumatlandırın.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.