beyin qan dövranı xəstəlikləri insult

Beyin qan dövranı xəstəlikləri: İnsult

11541
Müəllif: Nevroloq Ellada Qurbanova, (+994) 50 392-54-92

Paylaşıldı: 23.02.2018
Ellada Qurbanova

İnsult haqqında:

Nevroloji xəstəliklər arasında yaşlılarda insultun tezliyi və əhəmiyyəti  birinci yerdədir. İnsult geniş şəkildə hemorragik və işemik olaraq iki cür karakterizə olunur. İşemik insult beyin damarlarının okkuluziyası səbəbindən yaranır və beyin infarktı ilə nəticələnir.

İnsult kəskin beyin qan dövranı çatmamazlığı olub, 24 saatdan çox davam dən nevroloji defisit və ya ölüm ilə nəticələnən kəskin fokal beyin itkisi ilə xarakterizə olunur. Amerika İnsult Assosasiyası artıq insultu belə izah edir ki, nevroloji fokal defisitlər olduqda (hətta 24 saatdan az davam etdikdə belə)  MRT, KT müayinəsində beyin infarktı aşkar edilirsə bu insult sayılır, TİH (Keçici İşemik Həmlə) kimi qəbul edilməməlidir. Bütün dünya üzrə təxminən hər il 16 million insan həyatlarında ilk dəfə insultla xəstələnirlər. Bunların 9.6 millionu (60 %) az və orta gəlirli ölkələrin payına düşür.

1970 və 2008-ci illər arasında yüksək gəlirli inkişafetmiş ölkələrdə insultun rastgəlmə tezliyi 42 %-ə endi. İnkişaf etmiş ölkələrdə insultun insidansında böyük düşüş insulta aparılan düzgün müalicə və profilaktika tədbirləri hesabına görülür.

İnsultun ölüm riski

İnsultun fatal nəticəsi 10-15% hallarda insultun 30 günü ərzində müşahidə edilir, yaş artdıqca, individual olaraq 85 yaşdan yuxarı olduqda  fatallıq 30 %-ə yüksəlir. Dünya üzrə hər il təxminən 7.5 million insan insultdan ölür. İnsult ürək xəstəliklərindən sonra ikinci ölümcül xəstəlikdir.

İnsultun fəsadları: əlillik

Dünya üzrə təxminən 51 million insan insulta görə əlil qalır, bunların 44 millionu (87 %) aşağı və ya orta gəlirli ölkələrin payına düşür. İnsult xərci bütün dünya üzr səhiyyə sektorunda total xərclənən pulların 2-4 %-i təşkil edir. Məsələn Almaniyada insultun orta həyat dəyəri 40.000 evrodur.

İnsultun patofiziologiyası və etiologiyası

İnsultun patologiyasına serebral, retinal və spinal infarkt (80 % hallarda), beyindaxili qanamalar (təx. 15 %) və subaraxnoidal qanama (5 %) aiddir.

İnsult nədir?

İnsult “beyin həmləsidir”. İnsult hər hansı səbəbdən beyinə gedən damarların tutulması və ya cırılması nəticəsində həmin damarın qidalandırdığı beyin sahəsininin qansızlaşması ilə yaranan kəskin beyin-qan dövranı pozğunluğudur. İnsult zamanı hər dəqiqiədə 1 milyon beyin hüceyrəsi ölür. İnfarkt toxumasının ətrafında funksiyasını itirmiş, lakin hələ ölməmiş sahə “penumbra” (işemik yarımkölgə) olur. Penumbra 3-4,5 saat ərzində qan dövranı bərpa edilmədikdə infarkt toxumasına çevrilir. İnfarkt geridönməyən prosesdir. Penumbra isə tez zamanda xilas edilə bilən, geridönən prosesdir.

İnsultun əlamətləri

İnsultun əlamətləri beyinin hansı nahiyəsinin zədələnməsindən asılı olaraq müəyyən nevroloji defisitlə müşahidə edilir.

Ən çox nitq pozğunluğu insultlar zamanı rast gəlinir: dizartriya, afaziya. Dizartriya zamanı artikulyasiya apparatı zədələnir. Afaziyalar motor və sensor olur. Motor afaziya zamanı dominant yarımkürənin aşağı alın qırışında yerləşən Broka zonası zədələndikdə müşahidə edilir. Motor afaziya  zamanı xəstənin danışığı anlaşılmır. Sensor afaziya sağ yarımkürənin yuxarı gicgah payında Vernike zonası zədələndikdə yaranır. Xəstə danışığının pisləşdiyinin fərqində olmur, danışılanı anlamır. Qlobal afaziya motor və sensor afaziya eyni vaxtda yarandıqda deyilir. Xəstə danışa bilmir və danışılanları anlamır.

Üzün parezi də ən çox rast gəlinən əlamətlərdən biridir. Xəstə gülümsəyərkən zədə tərəfdən əks tərəfdə ağız bucağı enir, gözlərini yumduqda isə tam yumulmur.

Hemiparez/hemihipesteziya- ocaq tərəfdən əks tərəfdə yuxarı və aşağı ətraflarda gücsüzlük/ hissiyatın azalması deməkdir. Piramid olun zədələnməsi zamanı hemi şəklində simptomlar yaranır. Xəstə əllərini qaldırıb yuksəkdə saxladıqda ya bir qolu hərəkət etmir, ya da yez düşür. Əzələ gücü 5/5 bal sistemi ilə qiymətləndirilir. Ətraflar hərəkətsiz olduqda 0 balla qiymətləndirirlir. Hissiyat səthi və dərin hissiyata ayrılır. Səthi hissiyata ağrı, tempratur və toxunma hissi aiddir. Dərin hissiyata əzələ-oynaq, vibrasiya hissi aiddir. Ağrı hissi iti  iynə ilə simmetrik olaraq yoxlanılır. Səthi hissiyat azalan ətraflarda digər ətraflara nisbətən iynə küt hiss olunur.

Görmə pozğunluqları- homonim hemianopsiya, skatomalar, tunel görmə və.s şəklində rast gəlinir. Arteria ophtalmica stenozu zamanı xəstədə ani olaraq bir gözündə tamamən görmə itir, bir neçə saniyə və ya dəqiqə ərzində görmə bərpa olur. Bu tranzitor işemik həmlə, xəbərdaredici bir siqnaldır. Vaxtında tədbir görülmədikdə insult yaranma riski yüksəkdir.

Koordinasiyanın pisləşməsi halları ən çox arxa beyin arteriya hövzəsində infarkt yarandıqda rast gəlinir. Müvazinətimiz pozulduqda xəstədə aşma, piyan kimi gəzmə, dəqiq hərəkətləri yerinə yetirə bilməmə, nitqin pisləşməsi müşahidə edilir.

İnsultun əlamətlərini yadda saxlamaq asan olması məqsədi ilə Amerika İnsult Assosasiyası FAST (tez, cəld) anlayışını irəli sürmüşdür. FAST ingilis dilində Face-üz, Arm-qol, Speech-nitq, Time- zaman sözlərinin başlanğıc hərflərindən yaranmışdır. Face- üzdə assimetriya, Arm- qolda zəiflik, Speech- nitqin çətinləşməsi və Time- zəng etmə zamanıdır!

İnsultun diaqnostikası

Radioloji görüntüləmə metodları insultun diaqnostikasında böyük cığır açmışdır. MRT, MRT angioqrafiya, KT, KT angioqrafiya metodları beyin infarktını, beyindaxili qanamaları, beyin arteriyaların stenozları, ekstrakranial stenozları asanlıqla aşkar edə bilir. DWİ rejimində infarktın yaranma müddətini öyrənmək mümkündür.

Ultrasəs doppler müayinəsi damarlar mənfəzində daralmaları, qan axınının sürətini, plakları aşkar edir.

Laborator analizlər zamanı qanın ümümi analizi, qanın lipid fraksiyaları, laxtalanma faktorları və s. biokimyəvi müayinələr insultun yaranma səbəblərinin araşdırılmasında, müalicə prinsiplərində böyük əhəmiyyəti vardır.

İnsultun risk faktorları:

 – Arterial hipertoniya xəstəliyi, şəkərli diabet, ürək xəstəlikləri, hiperxolesterinemiya, hipodinamiya, artıq çəki, laxtalanma sistemində pozulmalar, siqaretçəkmə, spirtli içkilərin qəbulu və s. saymaq olar.
 – Arterial hipertoniya xəstələri arterial təzyiqə nəzarət etməlidirlər.Uzun zaman bu xəstəlikdən əziyyət çəkən insanlarda ateroskleroz xəstəliyi daha çox yaranır.
 – Siqaretçəkmə insult riskini 50% artırır.
 – Spirtli içki 60ml-dən yuxarı olduqda böyük risk daşıyır. Gündə 12ml-dək spirtli içkinin qan-damar sisteminə yararı olduğu göstərilir.

İnsultun müalicəsi

İnsultun müalicəsi onun hansı forması: işemik və ya hemorragik olmasından asılıdır. Hemorragik insultlar, beyin qansızmaları qansızmanın miqdarından asılı olaraq konservativ və ya neyrocərrahi müdaxilə tələb edə bilir.

Kəskin işemik insultun müalicəsi insultun əlamətləri yarandıqdan 3,4,5 saat ərzində mümkündür. Yuxarıda sadalanan insult əlamətlərini görən pasiyent (FAST) tez bir zamanda insult mərkəzinin təcili yardım xidmtinə zəng edir. Təcili yardım briqadası pasiyenti insult üzrə ixtisaslaşmış mərkəzə gətirir. 1 saat ərzində xəstə dəyərləndirilir, uyğundursa xəstəyə trombun əridilməsi, beyni xilas etmək üçün infuziya ilə RTPA yeridilir, tez bir zamanda beyin perfuziyası bərpa olunaraq xəstədə əlamətlər geri dönür. Beləliklə funksiyasını itirmiş penumbranı xilas etmiş oluruq. Əbəs yerə deyilmir ki, zaman=beyin! İnsult zamanı vaxt itirmək beyin itirməyə bərabərdir. İnsultun ölümcül və ya şikəst edən fəsadlarından qorunmaq üçün ilk öncə insultu tanımaq, onun ən azı 3 əlamətlərini öyrənmək və öyrətmək lazımdır. Lakin o zaman bizim də ölkədə inkişafetmiş ölkələrdə olduğu kimi insultdan həyatını itirən, fiziki asılı qalan insanların sayı azalacaqdır.

Hekimtap - İnsult

İnsultun əlamətlərinin yaranmasından 4-6 saat ərzində trombun invaziv yolla çıxarılmasından söz gedəcəkdir. Daha sonra görülən müalicə tədbirləri yalnız insultun ikincili profilaktikasından gedəcəkdir. Bir dəfə insult keçirtmiş insan ikinci dəfə insult keçirtmə riski daşıyır. Buna görə də insult keçirtmiş xəstələr, Miokard infarktı keçirtmiş insanları düzgün profilaktik müalicə alaraq bu riski minimuma endirməlidirlər.

Unutmayaq ki insultdan kimsə sığortalanmayıb. O hər yerdə, hər vaxt ani olaraq qarşımıza çıxa bilər. Gəlin bu xəstəliyə birlikdə qalib gələk!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az