nevrozlar nədir əlamətləri

Nevrologiyanın boz sahəsi –  “Nevrozlar”

9557
Müəllif: Nevroloq Jalə Qarayeva, Əlaqə: 050 363-10-02

Paylaşıldı: 18.11.2017
Jalə Qarayeva

“Filankəs nevrozdur”. “Nevrozlar sağalmır”. “Nevrozlu xəstədə nə simptom və əlamət varsa hamısı nevroza görədir”. “Nevrotiklər nə özləri yaşayır, nə də başqalarını yaşamağa qoyur”…

Belə ifadələri çoxumuz eşitmişik. Gəlin baxaq-görək: axı nədir bu “nevroz”?  Elə bəri başdan deyək ki, “nevroz” anlayışı müasir tibbdə köhnəlmiş anlayışlar sırasına aiddir və hazırda istifadəsi daha çox ənənəyə görə Rusiyada qəbul olunur. Nə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Xəstəliklərin Beynəlxalq Təsnifatına 10-cu baxışında, nə də nüfuzlu Amerika Psixiatrik Assosiasiyasının Ruhi Xəstəliklərin Diaqnostikası və  Statistikasına Rəhbərliyin V nəşrində (DSM-V) sırf “nevroz” anlayışı yoxdur. Əslində amerikalı psixiatrlar “nevrozlar” anlayışını hələ DSM-III nəşrində – 1981-ci ildən çıxarıblar. Çünki amerikalılar hesab edirlər ki, ümumiyyətlə ruhi xəstəliklərin təsnifatında mücərrəd gizli psixoloji mexanizmlərdən daha vacibi xəstələrin davranışlarındakı pozulma fərqləridir.   Elə buradan da göründüyü kimi “nevrozları” və ya hazırda hansı adla qeyd olunmasından asılı olmayaraq müvafiq patologiyaları həm də psixiatrlar müalicə edirlər. Burada təəccüblü heç nə yoxdur. Psixiatriya nevrologiyadan ayrılmış böyük bir elm şaxəsidir. Elə birləşən yerlərindən biri də məhz bu məqaləmizin mövzusu olan xəstəliklər qrupudur. Müasir dövrdə elmi təbabətdə bu anlayış tam və hər yerdə qəbul olmasa da, xəstəliklər qrupu necə olubsa, eləcə də var.

“Nevroz” sözü və məhfumu nə deməkdir?

“Nevroz”- “neyron” (sinir hüceyrəsi) sözü və “-osis” – xəstələnmə mənasını verən suffiksin birləşməsindən yaranmışdır. Ənənəvi olaraq bu adla psixikanın keyifiyyət etibarilə daha səthi və funksional pozulmaları başa düşülür. Funksional – ona görə ki, patoloji təşrihlərdə və ya neyrovizualizasiya müayinələrində görünən hansısa bir spesifik dəyişiklik aşkar olunmur. Yəni siz məsələn, baş beynin MRT və ya likvorun müayinəsini edib orada “nevroz” əlamətləri tapa bilməzsiz. Lakin bu pozulmalar sırf psixi xəstəliklər də deyil. Çünki psixi xəstələrdən fərqli olaraq reallıqla təması itirməyiblər və bəzi xüsusi formalar istisna olunmaqla özlərinə tənqid əsasən saxlanılıb. Əgər xəyalən bütün xəstəlikləri somatik,  psixi və “nevrotik” xəstəliklərə bölsək onları şərti olaraq belə ifadə etmək olardı:
 - Somatik və ya orqanik xəstəliklər: onlar xəstədirlər və özləri də anlayırlar ki, xəstədirlər və niyə xəstədirlər.
 - Psixi xəstəliklər: onlar xəstədirlər, amma özləri anlamırlar ki, xəstədirlər.
 - “Nevrotik” xəstəliklər: onlar xəstədirlər və özləri də anlayırlar ki, xəstədirlər – amma niyə xəstə olduqlarını anlamırlar.

Beləliklə, “nevrozlar” hansı təsnifatda olub-olmamasından asılı olmayaraq sayıqlamalar və hallüsinasiyalar olmayan, xroniki distress vəziyyətlə xarakterizə olunan sinir-psixi pozulmalar qrupudur. Distress vəziyyəti elə bir haldır ki, şəxs ətraf kənar qıcıqlara uyğunlaşa bilmir və davranışında qıcığa müvafiq olmayan cavab reaksiyaları qeyd olunur. Rus ədəbiyyatında isə “nevrozlar” nevroloji və psixiatrik xəstəliklər arasında hüdudi xəstəliklər qrupu kimi göstərilərək psixotik təzahürlər (sayıqlama, hallüsinasiya) olmadan spesifik kliniki fenomenlərlə təzahür edən, fərd üçün xüsusi əhəmiyyət daşıyan həyat münasibətlərinin pozulması nəticəsində yaranan, geriyə dönə bilən psixogen (adətən, konfliktogen) sinir-psixiki pozulmadır.

Nevrotik pozulmalara səbəb nədir?

Əsas səbəb şəxs üçün əhəmiyyətli kəskin və ya xroniki psixogen təsir sayılır. Bu təsirlər nəticəsində şəxsin cəmiyyətdə və fərdi həyatında tələbatlarına və işlərinə neqativ dəyişiklik yetirən maladaptiv mənfi emosiyalar, somatik və vegetativ təzahürlər meydana çıxır. Bu cür təzahürlərin meydana çıxmasını aşağıdakı faktorlar asanlaşdırır:
 - anadangəlmə emosional dayanıqsızlığa, tez ruhdan düşməyə, şübhəli olmağa, hövsələsizliyə və s. olan meylliklər
 - sosial adaptasiyanın fərdi çətinlikləri və konstitutsional xüsusiyyətlər
 - xroniki yorğunluqa səbəb olan fəaliyyət
 - keçirilmiş somatik xəstəliklər
 - aclıq və yuxusuzluq
 - hipoksik, allergik vəziyyətlər və keçirilmiş travmalar
 - fizioloji endokrin vəziyyətlər (pubertat dövr, hamiləlik, klimaks)
 - ekzogen intoksikasiyalar

“Nevrozlar” hər nə qədər funksional pozulmalar sayılsa da, nəzərə almaq lazımdır ki, müasir eksperimental tədqiqatlar güclü stressogen faktor və onunla qarşılıqlı təsirin sinir sistemində subhüceyrə səviyyəsində geriyə dönəbilən orqanik dəyişikliklərin olmasını aşkar etmişdir.

“Nevrozlar” və ya nevrotik pozulmaların hansı əsas növləri var?

Bu tip pozulmalar barədə dünyada iki bir-birinə zidd baxışın -  rusların nozoloji 3 tip nevroz (Nevrasteniya, Obsessiv-kompulsiv nevroz və İsterk nevroz) və amerikalıların DSM-V üzrə  davranış-sindromoloji baxışının olmasını nəzərə alaraq XBT-10 üzrə qısa təsvirin araşdıraq. XBT-na  10-cu baxışda “Stresslə bağlı nevrotik və somatoform pozulmalar” adı ilə əsas kliniki təzahürlərin ifadə olunmasından asılı olaraq 7 əsas tipdə fenomenoloji  forma ayırd edilir.

1. Fobik-həyəcan pozulmaları
Bu pozulmalarda tək və yaxud əsas simptom  əslində cari  təhlükə yaratmayan müəyyən vəziyyətlərə düşməkdən qorxmaqdır. Pozulma nəticəsi olaraq xəstə həmin vəziyyətlərdən qaçmağa çalışır, bu mümkün olmadıqda isə onun üçün dəhşətə çevrilir. Xəstənin narahatlığı ifadə olunmuş surətdə bənizinin ağarması, qorxudan tir-tir əsməsi, bayılarmış kimi bir hisstəhər  simptom-əlamətlərlə özünü göstərə bilər. Çox vaxt bu pozulmanı xəstələr özlərinə nəzarəti, ağıllarını itirə bilmə, ölə bilmə qorxusu-hissləri ilə keçirirlər.  Həmin faktorla bağlı fobik vəziyyətə düşmə ehtimalını gözləmək vaxtından qabaq həyəcan və çox vaxt ruh düşkünlüyü-depressiya yaradır. Ona görə də bir çox hallarda bu iki halın birgə davam etməsindən və həkimin qərarından asılı olaraq şəxsə birgə “fobik-həyəcan pozulması və depressiv epizod” diaqnozu qoyulur. Fobik-həyəcan pozulmalarının vacib növləri aqorafobiya ( yaxın adamların müşayiəti olmadan evini hər hansı bir yerə tərk etməkdən və ya təklikdə səyahət etməkdən qorxmaq), sosial fobiya (cəmiyyət qarşısında görünməkdən, çıxış etməkdən, kütlənin mümkün ola biləcək diqqətindən qaçmaq)  və əlbəttə ki, çoxlu spesifik fobiyalardır.                                                

2. Digər fobik pozulmalar
Fobik-həyəcan pozulmalarından fərqi odur ki, qorxu konkret bir situasiyaya görə deyil. Qorxu var , amma bu ümumiyyətlədir, konkret faktora qarşı deyil. Belə ümumi qorxu kəskin və paroksizmal epizodlar ilə özünü göstərdikdə “Panik pozulma”, demək olar ki, daimi və artıb-azalan həyəcan ilə özünü göstərdikdə (“narahat adam”) – “Generalizə olunmuş həyəcan sindromu” adlanır.

3. Ağır stressə reaksiya və adaptasiyanın pozulması
Bu pozulmalarda  əsas xüsusiyyətlər təkcə simptomatika və onların gedişatı deyil, həm də bu simptomatikanın şəxs üçün güclü və ya davamlı, olduqca xoşagəlməz olan aşkar bir ya bir neçə stressogen faktorla bağlı olmasıdır. Belə faktorun olması həlledicidir. Lakin ona qarşı olan reaksiya adaptiv deyil və ifrat nəticələrə gətirib çıxarır. Qısa müddətli, maksimum 2-3 günə itən  kritik stress reaksiyası və uzunmüddət qorxu-xatırlamalar verən PTSP-posttravmatik stress pozulması kimi uzun çəkən əzabverici xüsusi formalar ayırd edilir. “Posttravmatik” dedikdə orqanik yox, “psixoemosional zədədən sonra” başa düşülür. Rus məktəbinin ardıcılları qeyd edirlər ki, müxtəlif stressogen faktorlara (məsələn, valideynin vəfatı) qarşı reaksiya 2 ay davam edə bilər. Nevrotik reaksiyanın bundan artıq müddətə davam etməsini onlar xroniki vəziyyət, yəni “nevroz” kimi qiymətləndirirlər.

4. Obsessiv-kompulsiv pozulmalar
Rus ədəbiyyatında ənənəvi “Obsessiv-kompulsiv nevroz” kimi qeyd olunur. Bu pozulmaların nəzərəçarpan xüsusiyyəti sayrışan, əl çəkməsi mümkün olmayan (“obsessiv”) fikirlərin və ya iradəsindən xəbərdar, amma könülsüz-məcburi (“kompulsiv”) mürəkkəb hərəkətlərin olmasıdır. Sayrışan fikirlər xəstə istəməsə də təkrar-təkrar stereotipik (elə bil ki, “replay” düyməsi basılmış) tərzdə onun beyninə gələn ideya, obraz və meyllərdir. Xəstə anlayır ki, bu fikirlərin əsası yoxdur, onlara müqavimət göstərməyə çalışır. Lakin hər dəfə uğursuzluğa düçar olduğu üçün məyus olur.  Buan baxmayaraq xəstələr nə qədər iradəsinə tabe olmasa və ya iyrənc olsa da bu fikirləri öz fikirləri hesab edirlər. ƏKS TƏQDİRDƏ – biz psixi xəstəlik haqqında düşünməliyik. Kompulsiv-sayrışan hərəkətlər və yaxud rituallar xəstələrin təkrar-təkrar etdikləri mürəkkəb hərəkətlər – maneralardır. Əlbəttə bütün rituallar kompulsiv-sayrışan hərəkətlər deyil. Məsələn, futbolçu öz qol sevincini hansısa ritual-manera ilə qeyd edə bilər. Lakin bu halda məqsəd var – şəxs öz şadlığını onu sevənlərlə xüsusi tərzdə bölüşmək istəyir. Kompulsiv hərəkətlərdə - rituallarda isə şəxs heç bir həzz almır və ya heç bir faydalı məsələ həll olunmur,  yaxud əldə edilmir. Bu hərəkətlər xəstə üçün nə isə çəkindiyi və ona ya digər şəxslərə xoşagəlməz olan hadisənin qarşısını almaq üçün iradi xəbərdar olduğu, amma könülsüz məcburi etdiyi aktlardır. Bu hadisənin gözləntisinə görə demək olar ki, həmişə həyəcan var. Lakin adətən, xəstə özü də bu hərəkətlərin mənasız və ya qeyri-effektiv olmasını  anlayır və  təkrar-təkrar bu hərəkətlərinin qarşısını almaq istəyir. Əgər xəstə kompulsiv hərəkətləri etməsə, zorla qarşısını alsa həyəcan xeyli çox ifadə olunmağa başlayır.

5. Dissosiativ - Konversion pozulmalar
Ruslar bunu “İsterik nevroz” kimi qeyd edirlər. Konversion və ya  dissosiativ  pozulmalar zamanı xəstələrdə keçmiş hadisələr barədə yaddaşın (amneziyalar- yaddaş pozulmaları), özünü  bir şəxs kimi tanıya bilmək qabiliyyəti, duyğularını hiss edə bilməsi və bədən hissələrini hərəkət edə bilmək qabiliyyəti arasında  inteqrasiyasını tam, ya qismən itməsi qeyd olunur. Daha sadə dildə desək, xəstədə sinir sisteminin orqanik dəyişikliyi (insult, şiş və s.) olmadığı halda belə üzvi nevroloji xəstəliklərə xarakter simptom və əlamətlər – ifliclər, hissi pozulmalar, qıcolmalar və s. meydana çıxır. Yaxud başqa sözlə, nevroloqun çətin iş gününü bir qədər də çətinləşdirir. Bütün dissosiativ pozulmalar, xüsusilə əgər onlar xəstənin həyatında baş vermiş aşkar psixo-emosional zədə ilə bağlıdırsa bir neçə həftə və ya aydan sonra itməyə meyllidir.   Müxtəlif ağrı sindromları ilə və vegetativ sinir sistemi ilə bağlı funksional pozulmalar rusların təlimindən  fərqli olaraq  XBT-da  xüsusi qrupda – “Somatoform pozulmalar” qrupunda qeyd olunur.

6. Somatoform pozulmalar
Somatoform pozulmaların əsas xüsusiyyəti odur ki, xəstə müxtəlif ağrılarla və daxili orqanların xəstəlikləri əlamətləri ilə müraciət edir və təkidlə müayinələrdən keçirlər. Lakin müayinə nəticələrinin neqativ və ya əhəmiyyətsiz dəyişikliklər olmasına baxmayaraq bununla razılaşmırlar və təkrar müxtəlif, o cümlədən invaziv müayinələr tələb edirlər və keçirlər. Əgər xəstə neqativ müayinələrə baxmayaraq özündə bir və ya hətta bir neçə ağır xəstəliyin olması (şiş, QİÇS və s.)  barədə davamlı olaraq narahatdırsa, bu “ipoxondrik pozulma” sayılır. Lakin 2 mühüm məsələni  qeyd etmək lazımdır:
 - şübhəli patologiya uyğun və keyfiyyətli müayinələrlə inkar edilməyibsə - “Somatoform pozulma” kimi qiymətləndirilməməlidir
 - hər halda, nəzərə almaq lazımdır ki, hər bir şəxs kimi “Somatoform pozulma” diaqnozu olan fərdin də yeni orqanik patologiyaya düçar olmaq ehtimalı var.

7. Digər nevrotik pozulmalar
Bu qrupa “Nevrasteniya” və nadir “Depersonalizasiya-derealizasiya sindromu” aid edilmişdir. Nevrasteniyanı rus müəllifləri “qıcıqlandırıcı zəiflik” də adlandırırlar. Burada nəzərdə tutulur ki, xəstələrdə emosional oyanıqlıq artıb və tez də yorulurlar. Rus müəllifləri bu pozulma zamanı bir-birnə çox vaxt qarışan iki əsas tip ayırd edirlər. Hiperstenik tip – səbrsizlik, qıcıqlanma, diqqətsizlik, tez özündən çıxma, əzələ gərginliyi, zehni əməyə başladıqdan az sonra iş qabiliyyətinin davaml və üzücü enməsi ilə xarakterizə olunur.   Astenik tip – apatiya, yüngül əqli və xüsusən fiziki gərginlikdən sonra davamlı və üzücü yorğunluqla xarakterizə olunur. Hər iki formada xəstənin əhvalı, iştahası və yuxusu pisdir, rahatlaşa bilmirlər və həm simpatikotoniya yönümlü, həm də parasimpatikotoniya yönümlü vegetativ distoniya əlamətləri qeyd oluna bilir. 

Nevrotik əlamətlər həmişə birincili-psixogendir?

Xeyr, bir çox daxili orqan xəstəlikləri bəzən özünü göstərməzdən öncə və ya yanaşı olaraq praktik olaraq bütün növ nevrotik pozulmalara tamamilə oxşar simptom və əlamətlər verə bilir. Xüsusilə, orta yaş və daha yuxarı şəxslərdə ilk dəfə qeyd olunursa ikincili səbəbləri inkar etmək lazımdır. Belə ikincili nevrotik əlamətlər əsas alt səbəb olan xəstəlik uğurla müalicə olunmadan yaxşılaşa  bilməz. Rus ədəbiyyatında belə hallar – “Nevrozabənzər vəziyyətlər” adlanır. Bir çox daxili xəstəliklərdə və orqanik nevroloji patologiyalar zamanı psevdonevrastenik sindrom, depressiya, həyəcan qeyd olunur. Bəzən panik pozulmalar kimi görünən halların da alt səbəbi orqanik patologiyalar ola bilir. Bütün bunlar həkim-nevroloqu vadar edir ki, diaqnostika zamanı mümkün daxili orqan xəstəliklərini də nəzərə alsın.

“Nevroz” xəstələrinin diaqnostikası necə aparılır?

Bütün xəstəliklərdə olduğu kimi burada da ilk növbədə müfəssəl anamnez toplanmalıdır. Ətraflı obyektiv-nevroloji müayinə aparılmalıdır. Laborator-instrumental müayinələri təyin etməzdən öncə aşağıdakı xüsusiyyətlər nəzərdən keçirilməlidir:
 - Problemə səbəb xəstənin qəbul etdiyi dərmanlar  ola bilər. Belə ki, bəzi antipsixotiklərin, tritsiklik antidepressantların antixolinergik xüsusiyyətləri, amfetaminlər, metilksantinlər həyəcan törədə bilir. Sedativ-hipnotiklər də bəzən paradoksal əsəbilik və həyəcan törədə bilir.
 - Hipertireoidizm davamlı əsəbilik və həyəcan, qorxu törədə bilir. Hipoqlisemiya da epizodik həyəcan verə bilir.
 - Bəzən ürək aritmiyaları əsəbilik və həyəcanla müşayiət olunur. Maraqlıdır ki, mitral qapaq prolapsı olanlarda panik pozulmalar çox olur.
 - Nadir hallarda rast gəlinən feoxromasitoma ifrat simpatikotoniya ilə xarakterizə olunan panik pozulma verə bilir.
 - Xüsusiə dəmir-defisitli anemiya psevdonevrastenik sindrom əlamətləri verə bilir.
 - Həyəcan və qorxu bəzən kəskin intermittent porfiriya, insulinoma, karsinoid sindrom, gicgah payı epilepsiyasına görə də olur.

Bunları nəzərə alaraq ilk həkim baxışı zamanı xəstəyə qanda formalı elementlərin tam müayinəsi, qlükoza və tireoid panel daxil olmaqla biokimyəvi müayinəsi, EKQ və s. təyin oluna bilər.

Müalicə necə olmalıdır?

Xəstələrin müalicəsi kompleks tədbirlərlə aparılmalıdır. İkincili və yanaşı xəstəliklərin olması nəzərə alınmalıdır. Əgər mümkündürsə psixo-travmatik faktor aşkar edilərək kənar olunmaldır. İdeal şəraitdə  davamlı medikamentoz müalicə və qeyri-medikamentoz tədbirlər – psixoterapiya növləri, balneoterapiya, hidroproseduralar kimi fizioterapiya növləri, hipnoterapiya, fitoterapiya, akupunktura kimi müalicə növləri kombinə olunmalıdır.     

Yekun

Nevrotik pozulmalar və onların növləri barədə yekunlaşdıraraq onu qeyd edək ki, bir şəxsdə çox vaxt bir yox, bir neçə növ nevrotik pozulma simptomu və  əlamətləri, həmçinin psixi sferanın digər pozulması əlamətləri, vegetativ sinir sisteminin bütün bunlara reaksiyaları qeyd oluna bilər. Eləcə də yanaşı aidiyyəti olan və ya olmayan somatik patologiyanın da qeyd olunması mümkündür. Uğurlu  müalicə məqsədilə bütün bu amillər nəzərə alınmalıdır. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.