üz siniri neyropatiyası

Üz siniri neyropatiyası

19870
Müəllif: Sevinc Salamova

Paylaşıldı: 04.11.2017
Sevinc Salamova

Üz siniri neyropatiyası

“Təsəvvür edin ki, bir səhər yuxudan oyanırsız və aşkar edirsiz ki, üzünüzün bir tərəfində nəsə qaydasında deyil. Hansısa xoşagəlməz bir hiss, nəsə “keyləşmə” var. Yadınıza düşür ki, ötən gün üzünüzün bu tərəfi nədənsə yüngül ağrıyantəhər idi. Güzgüyə baxdıqda bir tərəfin sadəcə işləməməsini görürsüz. Gülümsəyə bilmirsiz. Gözünüz qapanmır. Danışdıqda tələffüzünüz də bir az dəyişib. İlahi, bu nədir? Mən insult olmuşam??? Ya bu hər nədirsə, üzüm bir daha düzələcəkmi?” Bu xəyali fikirlər belə əlamətlər meydana çıxan bütün xəstələri və onların qohumlarını düşündürür və hətta bəzən panik vəziyyətə sala da bilir.

Tanış olun: üz sinirinin neyropatiyası

Lakin, elə ilk öncədən yuxarıdakı “təcili” suallara dərhal, necə deyərlər: isti-isti cavab verməyə çalışaq.

1. İnsult ehtimalı barədə suala cavab: əgər xəstədə üz iflici ilə  yanaşı olaraq öz fikrini söyləməkdə və ya digərinin danışığını anlamaqda çətinliklə göstərən kəskin nitq pozulması (afaziya) və ya ətrafların birtərəfli zəifliyi (hemiparez, ya monoparez) yoxdursa və xəstə alnını qırışdıraraq hər iki qaşını bərabər yuxarı qaldıra bilirsə çox gümün ki, bu insult deyil.

 2. Yaxşılaşma proqnozu barədə suala cavab: əslində çox böyük ehtimalla xəstələrin əksəriyyətində 6 aydan sonra bu xəstəlikdən sonra heç bir əlamət qalmır, ya da çox cüzi qalıq əlamətləri və bir  də pis xatirə qalır.

1. Üz sinirinə aid neyroanatomiya

Üz siniri periferik xəstəlikləri Ümumdünya Səhiyyə Təşkilatının Xəstəliklərin Beynəlxalq Təsnifatına (XBT) 10-cu baxışda G51 maddəsi üzrə “Üz siniri zədələnmələri” rubrikası altında qeyd olunmuşdur. Bunlar G51.0 – Bell iflici (üz iflici), G51.1-dizcik qanqlionu iltihabi (ədəbiyyatda çox vaxt herpes mənşəli olduqda Ramzay-Hant sindromu kimi qeyd olunur),  G51.2 -  Rossolimo-Melkersson  sindromu (rus ədəbiyyatında Rossolimo-Melkersson-Rozental sindromu), G51.3 – Kloniki hemifassial spazm, G51.4 – Üz miokimiyası, G51.8 -  Üz sinirinin digər zədələnmələri, G51,9 – Üz sinirinin qeyri-müəyyən (dəqiqləşdirilməmiş) zədələnmələridir.

Üz siniri neyropatiyasının əlamətləri haqqında danışdıqda onun mürəkkəb anatomiyası barədə qısa  məlumat olmadan davam etmək mümkün deyil. Üz sinirinə dəxli olan hər bir mənşəli zədə- həm yuxarı motoneyrona, həm də aşağı motoneyrona olduqda özünü üz ifadəsinin – mimiki əzələlərin zəifliyi ilə göstərir. 7-ci cüt Kəllə-Beyin Siniri olan üz siniri əsas hissəsi hərəki olmaqla qarışıq tip sinirdir. Beyin kötüyünün körpü adlanan hissəsində yerləşən əsas nüvəsindən çıxan sinir lifləri əvvəlcə körpüdə yerləşən VI (uzaqlaşdırıcı) sinirin nüvəsinin ətrafına dolanaraq beyincik-körpü bucağından çıxır.  VIII (dəhliz-ilbiz) sinir ilə birgə daxili eşitmə dəliyinə daxil olur. Bu xüsusiyyətlər üz sinirinin beyin kötüyü və beyin kötüyündən kənar zədələnmələrindəki yanaşı əlamətləri izah edir.  Üz siniri gicgah sümüyünün daşlıq hissəsindən mürəkkəb trayektoriya ilə keçərək və yolda özündən şaxələr buraxaraq biz-məməyəbənzər dəlikdən çıxır və dərhal da qulaqaltı vəzinin stromasına daxil olur. Buradan çıxarkən beş əsas şaxəyə ayrılır. Üz sinirinin hərəki hissəsi yuxarı göz qapağını qaldıran əzələ istisna olmaqla bütün üz mimiki əzələlərini, həmçinin orta qulaqda yerləşən və  yüksək səsləri səngidən üzəngi əzələsini innervasiya edir. Hissi sinir lifləri xarici qulaq keçəcəyindən, xüsusi hiss olan dad hissi isə dilin ön 2/3-dən  qıcıqları qəbul edir. Bundan əlavə parasimpatik liflərlə gözyaşı və tüpürcək vəzilərinin ifrazını tənzimləyir. Bu anatomik xüsusiyyətlər üz sinirinin hər hansı bir mənşəli periferik motoneyron ifliclərində əlavə əlamətləri – qulaq ətrafında ağrılar, səsi ifrat eşitmə-hiperakuziya, dad hissinin pozulması, ağızda və gözdə qurumanı da izah edir. Sual meydana çıxa bilər: bəs belə xəstələrdə ağızdan birtərəfli ağızsuyu axmasının və gözyaşı axmanın səbəbi nədir? Buna səbəb həm gözün, həm də ağızın dairəvi əzlələrinin birtərəfli tonusunun itməsinə görə aşağı enməsi və nəticədə bu mayelərin mexaniki səbəblərə görə axmasıdır.  Qeyd olunduğu kimi, üz sinirinin əsas hərəki nüvəsi beyin kötüyündə yerləşir və  bu nüvənin üzün aşağı yarısının əzələlərinə aid olan aşağı hissəsi əks baş beyin yarımkürəsi alın payı qabığındakı mərkəzönü qırışıqdan impuls alır. Bu nüvənin üzün yuxarı yarısına aid olan yuxarı hissəsi isə təxminən 90% hallarda hər iki yarımkürənin alın qabığından impuls alır. Məhz bu anatomik xüsusiyyət həkimlər arasında məşhurdur. Əksər hallarda üz əzələlərinin mərkəzi mənşəli iflici (məsələn, birtərəfli baş beyin yarımkürəsi insultu) zamanı yalnız əks tərəfdəki aşağı yarı əzələləri zəifləyir, alın əzələsi isə dəyişmir. Əksər hallarda üz əzələlərinin periferik mənşəli iflici (məsələn, birtərəfli Bell iflici) zamanı isə zədə tərəfindəki həm aşağı yarı əzələləri, həm də alın əzələsi zəifləyir. Lakin bu differensasiya nisbidir. Çünki həm adamlar arasında anatomik fərqlər var. Həm də üz sinirinin periferik mənşəli  nisbətən yüngül ifliclərində aşağı hissə yuxarı hissəyə nisbətən daha çox zəifləyir. Bu hallar aldadıcı ola bilər.

2. Üz siniri neyropatiyasının etiologiyası  hansılardır?

A) Aşağı Moto-Neyron üzrə

1. İdiopatik üz sinir neyropatiyası - ən çox rast gəlir.
 -  3 dəfə çox hamilələrdə, xüsusən 3-cü trimestrdə qeyd olunur.
 -  2-3 dəfə çox şəkərli diabetli xəstələrdə qeyd olunur.

2. Serebrovaskulyar xəstəlik (məsələn, beyin kötüyü insultları)

3. Yatrogen
 - Müasir, amma az işlənən və bahalı anti-MRSA antibiotikinin yan  effekti
 - Stomatoloji praktikada lokal anesteziyadan sonra mürəkkəb immuno-allergik mexanizm üzrə

4. İnfeksion
 - Təsdiqolunmuş HSV-1
 - HZV (Ramzay-Hant sindromu)
 - Orta otit və xolesteatoma
 - HİV (human immunodeficiency virus - insan immunçatışmazlığı virusu)
 - Epşteyn Barr virusu
 - Sitameqalovirus
 - Laym xəstəliyi (daha çox ABŞ və digər endemik zonalar üşün, xüsusilə bilateral hallarda)

5. Travma
 - Kəllə əsası sınığı
 - Maşa tətbiqi ilə doğuşlar
 - Nadir hallarda akupunkturadan sonra hematoma

6. Nevroloji xəstəliklər
 - Giyen Barr xəstəliyi: xüsusilə ikirəfli üz iflicləri
 - Təsdiq olunmuş xəstəliklərdə (məsələn, şəkərli diabet, sarkoidoz, hipotireoz, amiloidoz) kompleks mononevritlər

7. Şişlər
 - Arxa kəllə çüxurunun birincili və ikincili şişləri
 - Qulaqaltı vəzin şişləri
 - Limfoma

8. Hamilə qadınlarda xüsusilə arterial hipertenziya və pre-eklampsiya ilə bağlı

9. Digər xəstəliklərdə və nadir hallarda qeyd olunan hallar
 - Sarkoidoz
 - Şöqren sindromu və revmatoid artritdə
 - Melkerson-Rozental sindromu (nadir rast gələn və naməlum səbəbdən təkralananan birtərəfli üz iflici, üzün və dodağın xroniki ödemi və hiperemiyası, dilin hipertrofiyası və çatları ilə özünü göstərir)

b) Yuxarı Moto-Neyron üzrə

 - Serebrovaskulyar xəstəlik (yarımkürələrdə insultlar)
 - Kəllədaxili birincili və ikincili (metastaz) şişlər
 - Dağınıq skleroz
 - Neyrosifilis
 - QİÇS
 - Vaskulitlər
Qeyd edək ki, yuxarıda  göstərilənlər səbəblərin tam siyahısı deyil.

3. Üzün iflici: bu mərkəzidir, ya periferik?

Bu sual həmişə həm həkimi, həm də birinci növbədə xəstəni (insult!) dşündürür. Əslində burada söhbət mərkəzi və periferik mənşəli iflicdən yox, mərkəzi və periferik moto-neyrondan gedir. Bu barədə qəti rəy söyləmək üçün kompleks faktorları nəzərə almaq, şübhəli halda neyrovizualizasiyaya müraciət etmək lazımdır:
 - Əgər xəstə alnını sərbəst qırışdıra bilirsə, lakin gülümsəyərkən ağız bucağı qalxmır, və ya üzü sağlam tərəfə çəkilirsə, və yaxud istənilən formada üz iflici ilə birgə afaziya, apraksiya, hemiparez, hemianopsiya varsa -  bu mərkəzi motoneyron mənşəli iflicdir. Ən çox səbəb insultlardır. Ağır insultlarda xəstənin vəziyyətinə görə şübhə yeri qalmır. Lakin nisbətən kiçik ocaqlı insultlarda diqqətli olub az ifadə olunmuş yanaşı nevroloji əlamətləri sezmək lazımdır.
 - Əgər xəstədə ağız bucağı sallanmaqla yanaşı həm də alın əzələsi zəifləyibsə və afaziya, apraksiya, hemiparez, hemianopsiya kimi nevroloji əlamətlər yoxdursa, bu aşağı motoneyron mənşəli iflicdir. Lakin aşağı motoneyron mənşəli iflic zamanı ocaq beyin kötüyündə, arxa kəllə çüxurunda, üz siniri kanalında, orta qulaqda və kəllədən kənarda ola bilər. Bunların hər birində yanaşı əlamətlər diaqnoz qoymaqda kömək edə bilər. Ona görə məhz həkim-nevroloq tərəfindən yaxşı anamnez və obyektiv-nevroloji müayinə üz siniri ifliclərinin “diaqnostik cəngəlliyi”-ni keçməyə imkan verir.

4. Üz siniri kəskin aşağı motoneyron iflici özünü necə göstərir?

Əgər fikir verdinizsə, bu məqalədə üz sinirinin zədəsini ifadə edən bir neçə termin istfadə olunur. Ona görə ki, bütün bu terminlər dövrü tibbi ədəbiyyatda da sinonim kimi işlənir.

Beləliklə,  üz sinirinin kəskin aşağı motoneyron iflicinin xüsusiyyətləri:
 - Hər yaşda çıxa bilər, amma ən çox 15-60 yaşlarda qeydə alınır.
 - İflic adətən 48 saat ərzində sürətlə meydan çıxıb tamamlanır.
 - Qulaqaltı və gicgah sümüyünün məməyəbənzər hissəsi üzrəində ağrı tez-tez rast gəlinir – herpes və orta qulaq xəstəliyinə işarə də ola bilər.
 - Hiperakuziya  ola bilər.
 - Bəzən kserooftalmiya və dad hissinin pozulması da qeyd olunur.
 - Obyektiv müayinə zamanı: gülümsəyərkən ağız bucağı qalxmır, o tərəfdə burun-dodaq büküşü hamarlaşıb, həmin tərəfədə gözünü tam qapaya bilmir və qaşını yuxarı qaldıra bilmir, yanaqlarını hava ilə birtərəfli doldura bilmir. 
 - Bəzən digər əlavə əlamətlər mümkündür.
Bu cür ifliclərin ən şox səbəbi şotland həkimi Ser Çarlz Bellin şərəfinə adlandırılan Bell iflicidir.

5. Bell iflici nədir?

Bell iflici çox güman ki, latent virus infeksiyasının immun sistemin qısa müddətli zəifləməsinə görə aktivləşməsi və üz sinirində aseptik iltihab yaradaraq sinirin sümük kanalında işemik kompressiyası nəticəsində üzə çıxan kəskin simptomo-kompleksdir. Xəstəlik tezliyi hər 100000 nəfərə  11-40, həyatboyu risk isə 1-in 60-dır. Hər iki cins eyni tezlikdə xəstələnir.
 - 7 % hallarda rekurrent Bell iflici qeyd olunur.
 - Genetik faktorlar haqda məlumat yoxdur, amma bəzi familial hallarda rekurrent Bell iflicləri üz sinirinin sümük kanalının anadangəlmə çox darlığı ilə izah olunur.
 - Şəkər diabetli xəstələr, hamilələr rsik qrupudur.
 - Soyuq, keçirilmiş KRVİ provokativ faktor rolunu oynaya bilər
 - Xəstələrin çoxu üz iflicindən başqa həmin nahiyədə subyektiv keyləşmədən şikayətlənir, amma adətən obyektiv müayinə mənfidir. Obyektiv aşkar hissi pozulmalar xüsusi müayinələrə göstərişdir.
 - Çox zaman iflicdən bir-iki gün öncə qulaqətrafı nahiyədə yüngül ağrılar qeyd oluna bilər
 - Bəzi xəstələrdə “m”, “p“ kimi dodaqlanan samitlərin deyilişində çətinliyə görə yüngül dizartriya da qeyd olunur
 - Ağır hallarda ağız suyunun, göz yaşının spontan axması, qida qəbulunun çətinləşməsi qeyd oluna bilər
 - Üzündə ağrıdan şikayətlənənlər və xırda qovuqcuqlu olanlar Ramzay-Hant sindromuna görə qiymətləndirilməli və müvafiq müalicə olunmalıdırlar
 - Ramzay-Hant sindromu və ya üz siniri dizcik qanqlioniti özünü üzün bir tərəfində periferik iflic,  ağrı və herpetik səpgilər, bəzən isə üstəgəl ağıreşitmə, vertiqo və digər əlamətlər  ilə  göstərən qurşaqlayıcı dəmrov virusu (Herpes Zoster) mənşəli simptomokompleksdir. Müalicəsində antiviral maddələr və kortikosteroidlər, ağrıkəsicilər vacib şərtdir.

6. Üz siniri neyropatiyasının hansı halları xüsusi diqqət tələb edir?

 - Uşaqlarda çox vaxt idiopatik olsa da orta qulaq xəstəliklərini  və bəzən gizli arterial hipertenziyanı nəzərə almaq lazımdır.
 - Təkrar Bell iflcində limfoma, sarkoidoz, HİV ehtimalını araşdırmalı
 - Bilateral üz zəifliyi halları: bu nadirdir və HİV, Giyen-Barr sindromunu nəzərə almalı.
 - Nadir bir hal kimi Qərb yarımkürəsindən, xüsusilə şimal-şərqi ABŞ-dan səfərdən qayıdan şəxslərdə, xüsusən uşaqlarda, rekurrent və bilateral üz iflici hallarında Laym xəstəliyini nəzərdən keşirmək olar.

7. Nə laborator-instrumental müyinələri aparmaq lazımdır?

Yuxarıda göstərildiyi kimi, üz siniri neyropatiyasının külli miqdarda səbəbləri var. Əgər hər bir səbəbə görə xəstə müayinə olunsa, bu həm lazımsızdır, həm də izafi xərc və vaxt itkisidr.Əvəzində yaxşı anamnez toplayib, obyektiv və nevroloji müayinələr aparmaqla qorxulu və ikincili xəstəliklərin olmadığına, bu iflicin məhz idiopatik üz siniri neyropatiyası – yəni Bell iflici olmasına əmin qalmaq lazımdır. Bell iflici əleyhinə olub laborator-instrumental müayinələr tələb edən və ya proqnostik pis əlamətlər aşağıdakılardır:

1. Anamnestik əlamətlər
 - Üz iflicinin 48 saatdan çox müddət ərzində yavaş-yavaş yaranması
 - Anamnezdə üz iflici və ya regional dəri xərçənginin olması

2. Nevroloji əlamətlər 
 - Qulaqətrafı nahiyədən başqa üzdə yayılmış və şiddətli ağrı, üzdə obyektiv hipesteziya
 - Ətraf parezi, ətraf hipesteziyası
 - Beyincik əlamətləri, digər Kəllə-Beyin Sinirlərinin qoşulması, ikitərəfli üz iflici

3. Xəstəliyin gedişatı
 - Üç həftədən artıq müddətdə heç bir yaxşılaşma olmaması
 - 6 aydan atrıq davam edən iflic  

Beləliklə, aşağıdakı müayinələr aparılır:
 - Əgər infeksiyalardan şübhə varsa qanın formalı elementlərinin tam müayinəsi. Böyük Britaniyalı müəlliflər  əlavə olaraq  HSV-1 və HZV seroloji müayinəsini də təklif edirlər.
 - Şəkərli diabetə şübhəsinə görə qanda HbA1C  skrininq
 - Hipotireoz şübhəsi olduqda -  TSH

Neyrovizualizasiya – rutin olaraq ehtiyac yoxdur. Yalnız seçmə hallarda – yanaşı ocaqlı və ümumbeyin nevroloji əlamətlər təyin olunanda, travmalardan sonra, ləng (72 saatdan çox müddətdə) inkişaf edən edən üz ifliclərində, ikitərəfli üz ifliclərində, təkrar üz ifliclərində, 3 aydan artıq keşməsinə  baxmayaraq parezdə cüzi də olsa yaxşılaşma qeyd olunmayanlara KT və MRT müayinələrinin müxtəlif növləri tətbiq oluna bilər. 

Lümbal punksiya – bilateral və rekurrent üz iflici göstərişdir.

Elektrofiziolji müayinə – təcrübədə diaqnoz qoymaq üçün tətbiq olunmur, çünki ilk üç gündə nəticə adətən, mənfidir. Sonrakı günlərdə isə bu müayinə diaqnoz yox, sadəcə proqnoz barədə mülahizə yürütmək üçün tətbiq oluna bilər.

8. Üz siniri neyropatiyasının medikamentoz müalicəsi

Hər xəstəlikdə olduğu kimi burada da əsas səbəbi aradan qaldırmağa çalışmaq lazımdır. Bu mümkün olmadığı təqdirdə isə patogenetik və simptomatik müalicə tətbiq olunur. Mərkəzi motoneyron mənşəli üz ifliclərində müalicə əsas xəstəliyə aid olan tədbirləri görməkdən ibarətdir. Periferik üz ifliclərinin ən yayılmış növü olan Bell iflicinin müalicəsi isə aşağıdakı tədbirlərdən ibarətdir:

1. Ümumi tədbirlər
Əsas və ən vacib məsələ daim açıq qalan gözü qurumaqdan mühafizə etməkdir. Əks təqdirdə keratopatiya korluğa gətirib çıxara bilər. Bunun üçün süni göz damcıları, axşamlar isə  neytral məlhəmlər istfadə etmək və gözü qapamaq tətbiq olunur. Əgər bu bəs etmirsə, tarzorafiya edilir, və ya aşağı dozada bio-botulinotoksin preparatı növü istifadə edilərək müvəqqəti süni ptoza nail olunur.

2. Dərman müalicəsi
Bell iflicində ən effektiv dərman müalicəsi 7-10 gün ərzində oral steroid preparatlarınının qəbulundan, ağır ifliclərdə isə hormon müalicəsinə yüngül-mötədil effektli antiviral preparatların əlavə olunmasından ibarətdir. Amerikalılardan fərqli olaraq Avropalı mütəxəssislər əlavə olaraq beyin qan dövranı yaxşılaşdıran preparatlarla birgə aşağı molekullu dekstranların 1 həftə - 10 gün ərzində venadaxili infuziyalarını da tətbiq edirlər. Bununla yanaşı, bir daha qeyd edək ki, dünyanın bütün aparıcı mütəxəssisləri Bell iflici müalicəsində həlledici rolun oral steroidlərin oynadığını qəbul edir. Lakin steroid hormonları ilə problemlər də mövcuddur:
 - Hamilələrdə və diabetli xəstələrdə istifadəsi təhlükəsiz deyil.
 - 16 yaşdan aşağı şəxslərdə effektiv olması barədə dəyərli məlumat yoxdur.
 - 72 saatdan sonra istfadəsinin xeyirli olacağını dəstəkləyən sübut yoxdur.

9. Digər nə müalicə var?

 - Bərpa dövründə fizioterapiyanın , massajın effektiv olması haqqında bəzi müsbət mülahizələr olsa da, bunun əleyhinə çıxan məlumatlar da var. Hər halda kliniki protokollar fizioterapiyanı və massajı birmənalı dəstəkləmir və ya inkar etmir.
 - Akupunktura haqqında tədqiqatlar onun bir qədər effektiv olduğunu göstərir. Lakin yenə də bu tədqiqatların yüksək səviyyəli olmaması və  təəssübdən xali olmamamasına görə kliniki protokollarda birmənalı olaraq tam dəstəklənmir.

10. Üz  iflici ilə bağlı nə cərrahi müalicə var?

Bəzən dərman müalicəsinə cavab verməyən şəxslərdə ziddiyyətli effektli üz siniri kanalının dekompressiv əməliyyatı aparılır. 6-9 aydan sonra qalıq əlamətləri olan şəxslərə üz siniri üzrə yüksək ixtisaslaşmış plastik cərrahlar (məsələn, ABŞ-da Təbriz əsilli professor Babək Əzizzadə)  tərəfindən rekonstruktiv əməliyyatlar aparılır. Lakin əzələlərdəki geriyədönməz dəyişikliklərə görə bu əməliyyatları 12-18 aydan sonraya gecikdirmək olmaz. Üz siniri regenerasiya etmədikdə ağız bucağını qaldıran kosmetik əməliyyat və ya dilaltı sinirlə anostomoz əməliyyatı da tətbiq oluna bilər.

11. Xəstə hansı həkim tərəfindən müalicə edilməlidir və nə zaman digər mütəxəssislərin müayinəsinə göndərilməlidir? 

Differensial diaqnoz incəlikləini nəzərə alaraq xəstəni nevroloq müayinə və müalicə etməlidir. Xüsusilə rekurrent və bilateral üz ifliclərinə diqqət yetirilməli və əlavə müayinələr olunmalıdır. Əgər xəstədə ciddi uyğun yanaşı xəstəliklər – bədxassəli xarici otit,  xolesteatoma, parotid şişlər və s. varsa LOR-həkim  və digər mütəxəssislərin müayinəsinə göndərilməlidir. Əgər görülən tədbirlərə baxmayaraq gözün açıq qalmasının qarşısını almaq mümkün deyilsə,  xəstə tarzorafiya və digər tədbirlər üçün oftalmoloqa göndərilməlidir.

12. Uşaqlarda üz iflici haqqında qısa nə demək olar?

Beş yaşından aşağı uşaqlarda nadir rast gəlinir. Çox vaxt səbəbi naməlum qalır. Bir sıra hallarda orta qulaq infeksiyası ilə izah olunur. Proqnoz fərdidir, amma ümumilikdə yaxşıdır. Oral steroid müalicəsinin uşaqlarda effektli olub-olmaması haqqında etibarlı sübutlar yoxdur. Müalicə - əsasən dəstəkləyici tip üzrə aparılır.

13. Üz siniri neyropatiyasının ağırlıq dərəcələri necə təyin olunur?

Üz siniri funksiyasının pozulma dərəcəsi Amerika Otorinolarinqologiya, Baş və Boyun cərrahiyyəsi Akademiyası tərəfindən də qəbul olunmuş  Haus-Brakmann şkalası ilə təyin olunur. Bu şkalada  ən təhlükəli ağırlaşma – korluğa gətirib çıxara biləcək keratopatiya riski nəzərə alınır. Gözü qoruyan 5 mexanizm -  göz qapaqlarının bağlanması, gözqırpma refleksi, korneal normal hissiyyat, Bell fenomeni və gözyaşı ifrazıdır. Pasiyentlər xüsusən Bell fenomeni olmadıqda keratopatiya və nəticədə korluq riski qarşısındadır.

14. Proqnoz necədir?

Üz siniri neyropatiyalarını ən çox yayılmış növü Bell iflici olduğu üçün bu xəstəliyə görə proqnozu yaxşıdır. Belə ki, xəstələrin 85%-i ilk artıq 3 həftə ərzində yaxşılaşır.Ümumiyyətlə,  xəstələrin 71%-i tam sağalır. 8 %-də yüngül, 16 %-də orta dərəcəli qalıq əlamətləri ilə yaxşılaşma qeyd olunur.  Yalnız 5%-də fasial asimmetriya, dad hissi və gözyaşı pozulması, gözün tam bağlanmaması, qaşın ptozu, ağızsuyu axması, hemifasial spazm kimi ciddi qalıq əlamətləri davam edir. 

15. Hansı xüsusiyyətlər qalıq əlamətlər nöqteyi-nəzərindən pis proqnoza işarə edir?

 - Kliniki birtərəfli tam iflic və ya elektrofizioloji müayinələrdə kəskin degenerasiya
 - 3 həftədən sonra heç bir yaxşılaşma əlamətinin olmaması
 - 60 yaşdan yuxarı şəxslər- kəskin ağrı (bu Ramzay-Hant sindromuna görə ola bilər). Ümumiyyətlə, Bell iflici ilə müqayisədə Ramzay-Hant sindromunda qalıq  əlamətlərsiz sağalma ehtimalı azdır.
- Pis kontrollu arterial hipertenziyalı və şəkərli diabetli şəxslərdə
 - Hamilələrdə üz sinir iflici

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.