siqaretin zərərli təsirləri

Siqaret çəkmənin ağız boşluğu toxumalarına zərərli təsiri

6401
Müəllif: Stomatoloq Əsəd Rəhmanov, Əlaqə:055 410-84-94

Paylaşıldı: 04.01.2018
Əsəd Rəhmanov

Stomatoloqa müraciət edən pasientlərin bir qismində diş ətində iltihab, diş ətinin çəkilməsi və dişlərin laxlaması əlamətləri müşahidə edilir. Bu pasientlərin böyük bir hissəsi siqaret çəkən insanlardır. Amma bu insanların əksəriyyəti siqaretin tərkibindəki tütünün yanma məhsullarının dişlərə və bütövlükdə ağız boşluğu toxumalarına ziyanlı olmasından xəbərsizdirlər. Siqaret tüstüsü ilə ağız boşluğuna 100-dən çox zəhərli maddə daxil olur. Bunlardan ammonyak, aseton, metanol, nikotin, metan, fenol birləşmələri, karbon oksid, arsen, kadmium, sinil turşusu kimi maddələri göstərmək olar. Siqaret tüstüsü ağız boşluğu toxumalarına bir neçə istiqamətdə zərərli təsir edir. Bu təsirləri nəzərdən keçirək.

1. İmmunitetə təsiri

Siqaret tüstüsünün tərkibində ağız boşluğundan bədənə daxil olan zəhərli maddələr orqanizmin immunitetini aşağı salır. Nəticədə, orqanizm həm dişlərin üzərində, həm də bütövlükdə ağız boşluğunda toplanmış zərərverici bakteriyalara lazımi səviyyədə cavab verə bilmir.

2. Dişin sərt toxumalarina təsiri

Siqaretin yanma məhsulları dişlərin üzərinə çökərək orada bakteriyaların toplanması üçün əlverişli şərait yaradır. Siqaret çəkilən zaman isti tüstü ilə nəfəs alınan soyuq havanın növbələşməsi dişin mina qatında mikroçatlar əmələ gətirir. Əmələ gələn mikroçatlar sonradan daha da böyüməyə başlayaraq mina qatının altında yerləşən və möhkəmliyi nisbətən az olan dentin qatının bakteriyaların ifraz etdiyi turşunun təsirindən zədələnməsinə və bununla da kariyesin əmələ gəlməsinə səbəb olur.

3. Diş ətinə təsiri

Siqaret tüstüsünün tərkibindəki nikotin qan damarlarını daraldaraq diş ətinə qanın gəlişini azaldır. Qan təchizatı pozulduğundan diş ətində atrofiya başlayır. Diş əti nazikləşir, həddən çox yumşaq və boş olur ki, bu da bakteriyaların diş əti cibindən daha dərin toxumalara nüfuz etməsinə və orada artıb çoxalmasına səbəb olur. Artıb çoxalan bakteriyalar diş ətinin iltihabını yaradır.

4. C vitamini defisiti

Nikotinin zərərverici təsirini dəf etmək üçün orqanizm C vitaminini sərf etməyə başlayır. Nəticədə C vitamini defisiti yaranır. Bu da diş əti qanamalarına və dişlərin laxlamasına gətirib çıxarır.

5. Ağız suyuna təsiri

Siqaret tüstüsü ağız suyunu qatılaşdırır və nəticədə qatılaşmış ağız suyu dişlərin səthini yaxşı yuya bilmir. Digər tərəfdən, siqaret tüstüsü ağız suyunun qələviliyini azaltdığından, ağız suyu, mikroorqanizmlərin ifraz etdiyi turşuları lazımi səviyyədə neytrallaşdıra bilmir. Nəticədə turşular dişlərin mina qatını zədələyir.

6. Ağız boşluğunun selikli qişasına təsiri

İsti tüstü selikli qişanı qurudur və bu tüstüdən ayrılan kimyəvi maddələr ağız boşluğunu zərərverici mikroorqanizmlərdən qoruyan lizosim fermentinin ifrazının qarşısını alır. Tüstünün təsirindən qurumuş selikli qişanın yenilənməsi baş vermədiyindən selikli qişada xərçəng xəstəliyinin inkişaf etməsi ehtimalı artır. Statistika göstərir ki, siqaret çəkən insanlarda ağız boşluğu selikli qişasının xərçəng xəstəliyinə tutulma ehtimalı siqaret çəkməyənlərə nisbətən 6 dəfə çoxdur.

7. Maddələr mübadiləsinə təsiri

Siqaret tüstüsünün təsirindən ağız boşluğu toxumalarında oksigen defisiti yaranır. Oksigen, toxumalarda gedən maddələr mübadiləsində fəal iştirak etdiyindən, yaranmış oksigen defisiti ağız boşluğu toxumalarında maddələr mübadiləsini pozur.

8. Regenerasiyaya təsiri

Siqaret tüstüsü toxumaların regenerasiyasını ləngidir. Əgər ağız boşluğunda hər hansı bir yara və ya zədə olursa, regenerasiya, yəni yara və zədələrin sağalma prosesi ləngidiyindən həmin nahiyəyə əlavə infeksiya düşməsi baş verir.

9. Dad hissiyatının zəifləməsi

Tütünün tərkibindəki qətran və nikotin dad reseptorlarının həssaslığını azaldır. Siqaret çəkən insanlarda dadbilmə hissiyatı zəiflədiyindən onlar yeməklərinə çoxlu duz, ədviyyat və şəkər əlavə edirlər ki, bu da bütövlükdə orqanizmə daha çox ziyan gətirir.

Beləliklə, diş və diş ətinin, eləcə də bütövlükdə ağız boşluğu toxumalarının sağlamlığını istəyən insanlar siqaret tüstüsünün zərərli təsirlərini nəzərə almalıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
   https://hekimtap.az