ürəyin sağlamlığını necə qorumalı

Ürəyin sağlamlığını necə qorumalı?

1647
Müəllif: Kardioloq İslam Əzizov

Paylaşıldı: 16.08.2018
HekimTap Pro

Kardioloqlar ürək-damar xəstəliklərini inkişaf etdirən bir neçə risk faktorunu qeyd edirlər. Buraya emosional gərginlik, azhərəkətlilik, piylənmə, siqaret çəkmək, həddindən artıq duz istifadəsi, alkohol, qeyri-düzgün qidalanma aiddir.

Bütün bunlar ürək və damarlara düşən yükün artmasına səbəb olur, nəticədə isə təzyiqin yüksəlməsi, ürəyin işemik xəstəliyi, damarların aterosklerozu yaranır.

Ürək və damarlarınızın sağlamlığını qorumaq üçün bəzi tövsiyələri diqqətinizə çatdırmaq istərdim:

  1. Arterial təzyiqi nəzarətdə saxlayın. Sağlam insan bunu ildə bir dəfə etməlidir. Əgər təzyiq artıq yüksəlmişsə, onu ayda bir dəfə ölçmək lazımdır. Normal arterial təzyiq – 120/80 mm.c.s hesab olunur.
  2. Siqareti tərgidin. Dünya Səhiyyə Təşkilatının ekspertləri müəyyənləşdiriblər ki, miokard infarktının yaranma riski çəkilən siqaretlərin sayından birbaşa asılıdır.
  3. Düzgün qidalanın. Qida qəbulu müntəzəm, yağın və duzun miqdarı normal olmalıdır. Yağlı qida – “ziyanlı” xolesterin mənbəyidir, bu isə damarlarınızı tıxayır və normal qan dövranını əngəlləyir.
  4. Daha çox hərəkət edin. Hamıya məlumdur ki, hərəkət – həyatdır. Təmiz havada çox vaxt keçirin, gəzin (3-5 km-dən az olmayaraq), velosiped sürün, rəqs edin, idmanla məşğul olun. Normadan artıq olmayan fiziki yüklənmə ürək əzələsini möhkəmləndirir.
  5. Çəkinizi nəzarətdə saxlayın. Piylənmə zahiri görkəmi korlamaqla yanaşı, həm də təhlükəlidir. Kök insanların ürəyi əlavə yüklənmə ilə işləməyə məcburdur və bu, nəticə etibarilə sadəcə, “mühərrikin” gücünün tükənməsinə səbəb ola bilər.
  6. Qanda xolesterinin səviyyəsini müntəzəm olaraq yoxlayın. “Ziyanlı” xolesterin orqanizmdə həll olunmur, toplanır və damarları daraldır. Bu isə infarkt və ya işemik insulta səbəb ola bilər.
  7. Əsəblərinizi qoruyun. Stres nəyinki sinir hüceyrələrini, həmçinin ürəyi də öldürür. Emosional gərginlik ürəyi daha aktiv işləməyə və 3-5 dəfə artıq qan qovmağa vadar edir. Daha çox şənlənin – gülmək ürək xəstəlikləri riskini azaldır.
  8. 40 yaşdan sonra qanda şəkərin miqdarını müntəzəm olaraq yoxlayın. Şəkərli diabet ürək-damar xəstəliklərinin yaranması ilə nəticələnə bilər.
  9. Stimullaşdırıcı içkiləri məhdudlaşdırın. Buraya kofe (günə 4 fincandan artıq olması məsləhət deyil), energetik kokteyllər və kofein tərkibli digər içkilər aiddir. Bütün bu içkilər normadan artıq qəbul edildikdə, ürəyin çox böyük sürətlə işləməsinə, nəticədə onun resurslarının vaxtından əvvəl sərf olunmasına gətirib çıxarır.
  10. Dişlərinizə nəzarət edin. Sübut olunub ki, diş ağrısının ürəyə də mənfi təsiri var. Ağız boşluğundakı bakteriyalar isə ürək xəstəliklərinin yaranma riskini artırır.

Unutmayın ki, ürək nahiyəsində xoşagəlməz hisslər yaranarsa, yubanmadan həkim-kardioloqa müraciət etmək lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az