ÜRƏK QAPAQLARI

ÜRƏK QAPAQLARI

5060
Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97

Paylaşıldı: 28.04.2020
Günay Novruzova

Ürəkdə qan axını və hemodinamik stabillik qapaqlarla tənzim olunur. Qapaqlar ürək boşluqları arasında və ürək boşluqları ilə damarlar arasında yerləşir. Ürəyin həm sol, həm də sağ mədəciyində birtərəfli «gətirici» və birtərəfli «çıxarıcı» qapaqlar vardır. Sağ qulaqcıqla sağ mədəcik arasında üçtaylı qapaq, sağ mədəciklə ağciyər arteriyası arasında pulmonar qapaq yerləşir. Sol qulaqcıqla sol mədəcik arasında mitral qapaq, sol mədəciklə aorta arasında aortal qapaq yerləşir. 

Qapaqlar ürəyin daxili qişasından (endokarddan) əmələ gələn büküşlərdir. Hər bir qapaq aparatı fibroz həlqədən və ona birləşmiş qapaq taylarından ibarətdir. Mitral və pulmonar qapaqlar iki taydan, trikuspid və aortal qapaqlar üç taydan ibarətdir. Qapaqların mürəkkəb makro- və mikrostrukturu onların möhkəmliyini, elastikliyini təmin edir. Qapaq strukturları müxtəlif gərginliyə məruz qalır; məsələn, sol mədəciyin sistolası zamanı mitral qapaq taylarının səthindəki gərginlik, xordaların taylara birləşdiyi nöqtələrdəki gərginlikdən 500-800 dəfə azdır. 

Ürək qapaqları insan ürəyinin normal fizioloji fəaliyyətinin vacib və ayrılmaz hissəsidir. Qapaqların zədələnməsi zamanı ürəyin işi ciddi şəkildə pozula bilər. Qapaq zədələnmələri anadangəlmə və ya qazanılmış, stenoz (daralma) və ya çatmamazlıq şəklində olur. 

Anadangəlmə qapaq qüsurları yalnız cərrahi yolla müalicə olunur. Qazanılmış qapaq qüsurları ağır hallarda cərrahi, başlanğıc mərhələlərdə medikamentoz yolla müalicə olunur, bu zaman qüsurun törətdiyi xəstəliyin dərman müalicəsi aparılır (məsələn, ürək çatmamazlığı, tromboemboliyaların profilaktikası, səyrici aritmiyanın profilaktikası və müalicəsi və s.). Cərrahi müalicədə bioloji və süni qapaq protezlərindən istifadə olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az