öd daşı xəstəliyi

Öd daşı xəstəliyi

8061
Müəllif: Dr.Ramil Nadirov

Paylaşıldı: 31.07.2017
Ramil Nadirov

Öd kisəsində daş olan xəstələrin orta hesabla 8-15%-də xoledox (ümumi öd axarı) daşları mövcuddur. Bu daşların çoxu öd kisəsindən sistik kanal yoluyla xoledoxa düşən daşlardır. Öd daşı xəstəliyinin bir cərrahi xəstəlik olduğunu unutmayaq! Öd daşlarına öd kisəsində və ya öd yollarının hər hansı bir hissəsində rast gəlinə bilər. Öd daşlarına əsasən öd kisəsində daha çox rast gəlinir.

Klinik olaraq öd daşı xəstəliyi xəstələrdə aşağıdakı əlamətlərlə özünü biruzə verir:
 - Ağızda səhər yuxudan durduqda acı dad hissi.
 - Qarının sağ yarısında olan ağrı hissi, ağrının kürəkarası nahiyyəyə vurması.
 - Yeməkdan sonra köp olması, həzm pozuntusu.
 - Bəzən pristupşəkilli ağrı, ürəkbulanma, qusma, halsızlıq....
 - Sarılıq.

Öd daşı bəzən öd axarının hansısa bir hissəsində tıxanma yaradaraq sarılığa səbəb olur. Bu halda gözdə, dəridə sarılıq qeyd edilir. Qanda bilrubinin miqdarı artdığı üçün qaşınma, intoksikasiya əlamətləri müşahidə edilir. Sarılıqla yanaşı bəzən pristup şəkilli ağrı müşahidə olunur. Bəzən isə öd daşı xəstəliyinin olmasına baxmayaraq heç-bir klinik əlamət müşahidə edilmir. Belə daşlar el arasında "Lal daş" lar adlandırılır. Ümumiyyətlə xəstədə öd daşı xəstəliyi aşkarlanıbsa demək ki, bu xəstə cərrahi konsultasiya almalıdır. Bəzən öd daşı xəstəliyi təsadüfi USM zamanı aşkarlanır. Daşın öd yollarının hansı şöbəsində yerləşməsi və daşın nə ölçüdə olması cərrahi taktikanın seçilməsində əsas meyyardır.
 - Əgər daş sadəcə öd kisəsindədirsə, (USM-də xoledox təmizdir, genişlənmə qeyd edilmir.) bu halda laparoskopik xolesistektomiya "Qızıl standart" dır.
 - Əgər daş öd kisəsi ilə yanaşı xoledoxdada qeyd edilirsə və xoledoxda olan daşın ölçüsü 1 sm-dən kiçikdirsə, daha öncə xəstə ümumi narkoz altında Endaskopla            

FEQDS+RPCP olunur. Sfinktrotomiya edilərək daş endoskopik allətlərin köməyilə on iki barmaq bağırsağa salınır. Bu proseduru həkim endoskopist icra edir. Bundan sonra xəstə bir neçə gün antibiotik terapiya alır və növbəti dəfə laparoskopik xolesistektomiya əməliyyatı icra edilir. Bu bir standartdır. Xəstəyə böyük travma vermədən (BÖYÜK KƏSİKLƏR APARMADAN) bu tip xəstələri xəstəlikdən xilas etmiş oluruq. Əgər Xoledoxda olan daşın ölçüsü 1.0 sm-dən böyük olarsa, belə hallarda açıq əməliyyat icra etmək məcburiyyətində qalırıq. Bu zaman da icra ediləcək əməliyyatda xəstənin yaşını, xoledoxun genişlənmə dərəcəsini və s. nəzərə almaqla müxtəlif taktikalar seçilə bilər. Bu sahədə çox diskussiyalar etmək olar, mən sadcə insanları məlumatlandırmaq üçün qısa məlumat vermiş oldum. Sual edə bilərsiz ki, bəs daşın və öd yollarının ölçüsünü necə bilirsiz? Əgər sadəcə daş öd kisəsindədirsə biz USM-lə kifayətlənə bilərik. Yox əgər daş xoledoxdadırsa xəstənin MRT olunması şərtdir. MRT vasitəsilə daşın ölçüsü, yerləşdiyi yer, xoledoxun genişlənmə dərəcəsi bizə məlum olur. Bu da bizə cərrahi taktikanı seçməyə imkan verir. Çalışdım bir az qısa olsun amma bu qeder bacardım. Diqqətinizə görə minnətdaram.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.