çiyin artroskopiyası nədir

Çiyin artroskopiyası

3554
Müəllif: Travmatoloq-ortoped uzman dr. Şəhriyar Fətullayev

Paylaşıldı: 13.06.2018
Şəhriyar Fətullayev

Çiyin artroskopiyası nədir?

Çiyin artroskopiyası 0,5 smlik dəliklərdən 4mm /30 dərəcə  kamera  ilə  oynaq içərisinə girilərək  diaqnoz və müalicə məqsədli edilən minimum cərrahi müdaxilədir. Çiyin artroskopiyası də diz artroskopiyası ilə birlikdə ən çox tətbiq olunan artroskopik cərrahiyyə metodlarından biridir. Çiyin artroskopiyası  adətən "rotator cuff" əzələ yırtıqları, təkrarlayan çiyin çıxıqları və bağ yaralanmaları, bursit, sıxışma sindromu və s. problemlərdə  tətbiq  edilir.  

Çiyin artroskopiyası əməliyyatı necə edilir?

Çiyin artroskopiyası ümumi anesteziya və ya lokal anesteziya altında aparılır. İki fərqli əməliyyat mövqeyi vardır. Cərrahi masada oturaq vəziyyətdə və ya yan yatıb qolun yuxarı uzadılması şəklindədir. Bu tamamilə həkimin vərdişinə bağlıdır. Birinin digərinə nəzərən üstünlüyü yoxdur. Əvvəlcə  çiyin  nahiyyəsinin xüsusi giriş nöqtələrinə uyğun  0,5 smlik dəlik açılır. Sonra kamera oynaq içərisinə daxil edilir.Cərrah kameraya bağlı olan monitor sayəsində oynaq içərisini ətraflı şəkildə tədqiq edir.  Diaqnoz müəyyənləşdirilir və eyni seansda cərrahi müalicə  aparılır. Əməliyyatın sonunda isə bu dəliklər  bir və ya iki ədəd tikişlər vasitəsilə qapadılır. Əməliyyatın müddəti, çiyində olan problemə görə dəyişməklə birlikdə ortalama 1-2 saat çəkir.

Çiyin artroskopiyasının üstünlükləri

 Artroskopiya bir qapalı əməliyyat üsuludur. Bu səbəbdən əməliyyat zamanı və xüsusən əməliyyatdan sonrakı  dövrdə bir çox üstünlüyə malikdir.

Çiyin artroskopiya üstünlükləri və ya faydaları bunlardır:
 – Problemin daha  dəqiq  görünməsi;
 – Daha az ağırlaşma riski;
 – Daha sürətli sağalma müddəti;
 – Daha ağrısız proses;
 – Estetik yara izi.

Çiyin artroskopiyası sonrası

 – Xəstə adətən ertəsi gün evinə yazılır;
 – Yüngül ağrılar sadə ağrı kəsicilərlə nəzarətdə saxlanılır;
 – Qol asqısı istifadə edilərək əməliyyat olunmuş çiyinə istirahət vəziyyəti verilir. Hər nə qədər artroskopik cərrahiyyədə sağalma prosesi açıq əməliyyata görə çox sürətli olsa da, 1 həftə istirahət  tövsiyə edilir.
 – Şişlik üçün hər saat başı 15 dəqiqəlik buz tətbiq  etmək lazımdır;
 – Yaranın 2 gündə bir sarğısı dəyişdirilir;
 – Təxminən 15 gün sonra kontrola gəlinir və tikişlər alınır;
 – Əməliyyatdan sonra  xəstəyə xüsusi hərəkətlər izah edilir. Bu hərəkətlər sağalma prosesini daha da sürətləndirir;
 – Sağalma müddəti xəstəliyə, xəstəliyin ciddiliyinə  görə fərqlilik göstərir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az