Hestasion diabet
Hestasion diabet – hamiləlik vaxtı qadının qanında ilk dəfə şəkərin səviyyəsinin qalxmasıdır. Bir qayda olaraq, bu problem hamiləliyin ikinci dövründə yaranır. Bu zaman qanda şəkər göstəricisinin artması təbii fizioloji faktorlarla və qadında risk faktorunun olması ilə əlaqədardır.
“Hestasion diabet” diaqnozu o deməkdir ki, hamiləliyə qədər pasiyentin qanındakı qlükozanın səviyyəsi normal olub.
Hestasion diabet – 2-3.5 % hallarda rast gəlinən hamiləlik ağırlaşmasıdır. Onun yaranması faktorları bunlardır: bədən kütləsinin artıq olması, piylənmə, yaşın 30-dan yuxarı olması, genetik faktor, yumurtacıqların polikistozu, əkizlər və ya üçəmlərə hamiləlik, əvvəlki hamiləlikdə iri uşağın doğulması.
Maddələr mübadiləsinin bu cür pozulması heç bir zahiri faktorlarla özünü göstərmir, o vaxta kimi ki, USM müayinəsində dölün həddindən artıq böyük olması aşkarlanır. Həmin mərhələdə müalicəyə başlamaq olar, lakin bu, bir qədər gecikmiş müalicə sayılır.
Yaxşı olar ki, müalicə daha erkən mərhələdə başlansın. Elə bu səbəbdən də bütün qadınları hamiləliyin 24-28-ci həftələrində qanda qlükozanın səviyyəsini təyin etmək üçün analizlərə yönəldirlər.
Qanda şəkərin yüksək olmasından qadın həddindən artıq çəki aldıqda da şübhələnmək olar. Bəzən pasiyentlərdə artıq susama və tez-tez sidiyə getmə müşahidə edilir. Lakin bu nadir hallarda baş verir, yəni bu simptomlara güvənmək olmaz. Qlükozaya tolerantlıq testini istənilən halda keçmək lazımdır.
Yuxarıda qeyd olunan risk faktorları mövcuddursa, qadınlar qlükozaya tolerantlıq testini hələ hamiləliyi planlaşdırarkən keçməlidirlər. Bu müayinə zamanı acqarına qan analizi götürülür, daha sonra pasiyentə qlükoza məhlulu içizdirilir və 1-2 saatdan sonra qan analizi təkarar alınır. Karbohidrat mübadiləsi pozulmuş adamlarda qlükoza qəbulundan sonra şəkərin səviyyəsi yüksək olur.
Ola bilsin ki, əvvəllər diaqnozu qoyulmamış 1-ci və ya 2-ci tip şəkərli diabet aşkar olunsun. Risk faktorları olmadığı təqdirdə, qlükozaya tolerantlıq testi hamiləliyin planlanması dövründə deyil, artıq hamiləlik dövründə verilir (üçüncü trimestrin əvvəlində).
Hestasion diabetin ana üçün təhlükəsi
Hestasion diabet zamanı erkən doğuş və ölü uşağın doğulması halları qeydə alına bilər. Hestoz, hidromnion, fetoplasentar çatışmazlıq və dölün hipotrofiyası müşahidə olunması istisna deyil. Bundan başqa, diabetik ketoasidoz, cinsiyyət yollarının infeksiyaları da qeydə alına bilər ki, bu da dölün infeksiyalaşması və erkən doğuş baxımından təhlükəlidir.
Həmçinin, hestasion diabet görmənin, böyrəklərin funksiyalarının, dölün qan dövranının pozulmasına səbəb olan mikroangiopatiya yarada və bir sıra başqa fəsadlara yol aça bilər.
Hestasion diabetin uşaq üçün təhlükəsi
Ana və körpə arasında karbohidrat mübadiləsinin xüsusiyyətləri belədir – uşaq anadan qlükoza alır, lakin insulini isə yox. Beləliklə, yaranan hiperqlikemiya (qlükozanın səviyyəsinin yuxarı olması), xüsusən də üçüncü trimestrdə, yəni körpənin hələ özünü insulini olmadığı dövrdə, döldə müxtəlif patologiyalara səbəb ola bilir. 12-ci həftədən sonra (uşağın orqanizmində insulin yaranan dövrdə) hiperinsulinemiya yaranır ki, bu da asfiksiyanın əmələ gəlməsi və doğuş zamanı travmalar baxımında təhlükəlidir. Bununla yanaşı, tənəffüs pozuntuları və yenidoğulmuşun hipoqlikemik vəziyyəti də mümkündür.
Bu problemlərin qarşısını almaq olarmı? Bəli. Əsas odur ki, problem haqda maariflənmiş olasınız və vaxtında mütəxəssisə müraciət edəsiniz.
Hestasion diabetin müalicəsi əsasən dietadan ibarətdir. Zərurət yaranarsa, mütəxəssis tərəfindən fərdi qaydada, dəqiq hesablanmış insulin iynəsi əlavə oluna bilər. Bundan bşaqa, çox da ağır olmayan fiziki yüklənmələr tövsiyə edilir. Lakin bu zaman ehtiyatlı olmaq lazımdır ki, ümumi vəziyyət pisləşməsin və düşük halları yaranmasın. İstənilən halda, bu məsləni həkimlə müzakirə etmək vacibdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.