Zədələnmiş və itirilmiş dişlərin bərpası
İnsanlar zədəli və itirilmiş diş problemi ilə üzləşərkən bu problemin məhz hansı yolla həll edilə bilməsi sualı qarşısında qalırlar. Konkret halda hansı variantın daha optimal olması onlar üçün qaranlıq qalır. Bu məqalə belə məsələlərdə insanlara bələdçi ola bilər.
Dişlərlə bağlı bir sıra problemləri nəzərdən keçirək. Tez-tez rast gəlinən hal kimi dişin səthində yaranan kariyes və ya qeyri-kariyes mənşəli boşluğu misal göstərmək olar.
Əgər dişdə yaranmış boşluq böyük deyilsə, bu boşluğa plomb qoyulur.
Diş plombu – dişin səthində yaranan boşluğu doldurmaq üçün işlədilən materialdır. Tərkibindən asılı olaraq metal, sement, kompozit və s. plomblar ayırd edilir. Bərkimə xüsusiyyətinə görə kimyəvi bərkiyən, işıq şüasının təsirindən bərkiyən, ağız temperaturunda öz-özünə bərkiyən plomblar mövcuddur. Xidmət müddətinə görə müvəqqəti və daimi plomblar vardır.
Plombdan təkcə dişin səthindəki boşluğu doldurmaq üçün istifadə edilmir. Həmçinin, dişlərin rəngi və forması insanı qane etməyən zaman plomb vasitəsilə dişlərin estetik restavrasiyası həyata keçirilir.
Əgər dişdə yaranmış boşluq böyükdürsə, bu problemi həm plomb, həm taxma, həm də qapaq vasitəsilə aradan qaldırmaq olar. Hər üç variantı nəzərdən keçirək:
1. Dişdə yaranmış böyük boşluq plomblandığı təqdirdə bərk qidalar çeynəyən zaman plomb dişdə qalsa belə, təzyiq nəticəsində dişin divarı sına bilər.
Dişin divarı plomb materialının həcmcə kiçilməsi səbəbindən də sına bilir. Hər bir material maye və ya plastik haldan bərk hala keçən zaman həcmcə kiçilir. Plomb materialı bərkiyən zaman da belə bir proses baş verir. Dişdəki boşluğun divarlarına yapışan və həcmcə kiçilən plomb materialı nəticədə boşluğun divarlarını özünə doğru çəkir. Əgər divar nazikdirsə, bu zaman onun səthində çatlar yaranır və bir müddətdən sonra divarın sınmasına gətirib çıxarır. Məhz bu səbəbdən dişin səthində yaranan böyük boşluqları plombla bərpa etmək məsləhət görülmür.
2. Belə halda taxmanın nə olduğunu araşdıraq.
Taxma – dişin səthində yaranan kariyes və ya qeyri-kariyes mənşəli boşluğu dolduraraq dişin anatomik formasını bərpa edən mikroprotezdir. Başqa sözlə desək, plombun dişdən kənarda daha möhkəm materiallardan yaradılan variantıdır.
Tərkibinə görə metal, plastik kütlə, zirkon və keramik taxmalar ayırd edilir. Hal-hazırda müasir texnologiyalar son dərəcə estetik və möhkəm taxmaların düzəldilməsinə imkan verir.
Taxmanı hazırlamaq üçün boşluğun divarları xüsusi tələblərə uyğun yonulub hazırlanır və bu boşluqdan ölçü götürülərək laboratoriyaya göndərilir. Taxma laboratoriya şəraitində xüsusi üsullarla hazırlanır. Hazırlanmış taxma dişin üzərində yoxlanılaraq xüsusi sement vasitəsilə fiksasiya edilir.
3. Əgər hər hansı səbəbdən taxmanın hazırlanması münasib deyilsə, dişlər müvafiq müalicədən sonra qapaqla örtülür.
Qapaq – dişin tac hissəsini örtən ortopedik konstruksiyadır. Dişin səthindəki boşluğu taxma ilə bərpa etmək münasib olmadıqda, dişin formasını, yerləşməsini, rəngini dəyişmək lazım gəldikdə, habelə olmayan dişi körpü ilə bərpa etdikdə qapaq hazırlana bilər.
Qapaq – diş protezlənməsinin daha etibarlı variantı olub, hətta üzərinə böyük təzyiq düşdükdə belə dişi qoruya bilir. Tərkibinə görə metal, plastik kütlə, metal əsaslı plastik kütlə, metal əsaslı keramik, zirkon və tam keramik qapaqlar ayırd edilir.
Qapağı hazırlamaq üçün diş müvafiq qaydada yonulur, yuxarı və aşağı diş cərgələrindən ölçü alınaraq laboratoriyaya göndərilir. Laboratoriyada hazırlanmış qapaq klinikada dişin üzərində yoxlanılır və sonda xüsusi sementlə dişin üzərinə fiksasiya edilir.
Üzərinə qapaq düzəldilən diş hər tərəfdən müəyyən qədər yonulduğu üçün bəzən insanlar, xüsusilə, ön dişlərin yonularaq qapaqla örtülməsini istəmir, amma eyni zamanda estetik cəhətdən gözəl dişlərə sahib olmağı arzulayırlar. Belə hallarda ön dişlərin yalnız görünən tərəfini çox az yonmaqla vinir hazırlamaq olar.
Vinir – dişləri yalnız görünən tərəfdən örtən mikroprotezdir. Hal-hazırda müasir texnoloji üsullarla hazırlanan keramik vinirlər yüksək estetikliyi ilə fərqlənərək insana gözəl təbəssüm bəxş edir. Ön dişlərin rəngi arzu olunmayan səviyyədə olduqda və bu zaman bəyazlatma istənilən nəticəni vermədiyi halda da dişlərin üzərinə vinir hazırlana bilər.
Vinir hazırlanarkən əvvəlcə onun rəngi təyin edilir. Sonra isə diş yalnız görünən tərəfdən azacıq yonulur. Dişlərin formasından və yerləşməsindən asılı olaraq bir sıra hallarda onlar yonulmayaraq cüzi cilalanırlar.
Yonulma prosesindən sonra yuxarı və aşağı diş cərgələrindən ölçü alınaraq laboratoriyaya göndərilir. Laboratoriyada hazırlanan vinir klinikada yoxlanaraq xüsusi sement vasitəsilə dişə fiksasiya edilir.
Bəzən bir sıra səbəblərdən ağız boşluğunda bir və ya bir neçə dişin laxlaması baş verir. Lakin heç kim laxlayan dişini itirmək istəmir. Bəs bu zaman nə etməli? Belə hallarda dişlər şinalanırlar.
Dişlərin şinalanması – diş cərgəsində laxlayan bir və ya bir neçə dişin bir-birinə və laxalamayan qonşu dişlərə bərkidilməsi üsuludur. Dişlər şinalanarkən laxlayan və onlarla qonşu laxlamayan dişlərin ağız boşluğuna baxan səthində dərin olmayan şırımlar açılır, oraya xüsusi məftil yerləşdirilərək üzəri işıqla bərkiyən plomb materialı ilə örtülür. Nəticədə, laxlayan dişlər qonşuluqda yerləşən laxlamayan dişlərlə vahid blok halında birləşir və onların laxalaması dayanır.
Bəs əgər dişi qorumaq mümkün olmayıbsa və diş çəkilibsə, diş cərgəsində yaranan boşluğu necə bərpa etməli? Bu zaman yaranmış problemi bir neçə yolla həll etmək olar:
- çıxmayan körpüvari protezlərin hazırlanması
- implantasiya
- çıxan protezlərin hazırlanması.
Körpüvari protez – iki qapaqdan və onların arasında olan süni dişdən ibarət konstruksiyadır. Kliniki şəraitdən asılı olaraq qapaqların və süni dişlərin sayı daha çox ola bilər. Tərkibinə görə metal, metal əsaslı plastik kütlə, metal əsaslı keramik, zirkon körpüvari protezlər mövcuddur.
Hazırlanarkən körpüyə dayaq olacaq dişlər müvafiq qaydada yonulur, yuxarı və aşağı diş cərgələrindən ölçü alınır. Laboratoriyada bu ölçülərə müvafiq körpüvari protez hazırlanaraq klinikada yoxlanılır və dayaq dişlərinin üzərinə xüsusi sementlə fiksasiya edilir.
Dişlər yonulduqdan sonra insanlar yonulmuş dişlərlə cəmiyyət arasına çıxmağa utanırlar. İnsanlarda belə kompleks yaranmasın deyə, habelə yonulmuş dişləri qorumaq məqsədilə müvəqqəti qapaqlar hazırlanır.
Müvəqqəti qapaq – daimi qapaq hazırlanan müddətdə yonulmuş dişi qorumaq məqsədilə plastik kütlədən hazırlanmış qapaqdır. Bu qapaq qısa müddətdə hazırlanır və müvəqqəti sementlə yonulmuş dişin üzərinə fiksasiya edilir.
Bir sıra hallarda insanlar diş cərgəsindəki boşluğun süni dişlərlə bərpa olunmasını istəyirlər, lakin boşluğun ətrafındakı sağlam dişlərin yonularaq qapaq altına salınmasını istəmirlər. Belə hallarda diş olmayan nahiyyədə implantat yerləşdirilərək bu implantatın üzərində süni diş düzəldilir.
İmplantat – çənə sümüyünün içərisinə yerləşdirilmiş süni diş köküdür. İmplantat çənə sümüyünə yerləşdiriləndən bir müddət sonra sümüyə bitişir. İmplantat sümüyə bitişəndən sonra onun üzərində süni diş düzəldilir.
Lakin çənəyə implantat yerləşdirilməsi cərrahi əməliyyat olduğundan belə əməliyyat hər bir insan üçün münasib olmur. Bu məsələdə sağlamlıq vəziyyəti, ağız boşluğuna gigiyenik qulluğun səviyyəsi, zaman və maddi vəziyyət amilləri də öz sözünü deyir. Bəs implantasiya hər hansı bir səbəbdən insan üçün münasib olmasa nə etməli?
Belə halda çənədə çatmayan dişlər çıxan protez ilə bərpa olunur.
Çıxan diş protezi – çənədə çatmayan dişlərin yerini bərpa edərək lazım olduğu halda çıxarıla bilən diş konstruksiyasıdır. Belə konstruksiyalara çıxan lövhəli protezlər, bügel protezləri, implantat vasitəsilə fiksasiya olunan çıxan protezlər aiddir. Bu protezlərdən məhz hansının hazırlanması kliniki şəraitdən, pasientin istəyindən, yaşından və bir sıra başqa amillərdən asılıdır.
Beləliklə, dişlərin istər kariyes və qeyri-kariyes mənşəli zədələnmələri, istərsə də onların itirilməsi zamanı ruhdan düşmək lazım deyil. Hər bir problemin özünəməxsus həlli yolu vardır. Bu problemlərin həlli yolları haqqında qısa da olsa məlumatınızın olması həkim-stomatoloqun müvafiq təkliflərini daha aydın başa düşərək seçim etməyinizdə sizə yardımçı olacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az