Əli Əlizadə hekimtap.az

Əli Əlizadə

Osteopat, Revmatoloq

26 il iş təcrübəsi

Bakı
Psoriatik artrit

Psoriatik artrit

Müəllif: Revmatoloq-Osteopat Əli Əlizadə, Əlaqə: 050 367 41 47
1001

Paylaşıldı: 15.08.2020
Əli Əlizadə

Psoriaz – dərinin uzun müddətli xroniki residivləşən xəstəliyidir. Bu xəstəliyin əlilliyə gətirib çıxardan əsas əlamətlərindən biri oynaqların zədələnməsidir – buna psoriatik artrit deyilir. Psoriatik artrit - dərinin psoriatik zədələnməsi ilə birgə, əsasən əllərin distal falanqalararası, ayaqlarda daraq falanqalararası oynaqların və onurğa sütununun zədələnməsi ilə müşayət olunan xroniki iltihabi seroneqativ
spondiloartropatiyadır. Psoriatik artrit hər bir yaşda, hətta uşaqlarda da təsadüf edə bilər. Amma adətən 30—50 yaş arası dövrdə
qadınlarda və kişilərdə eyni tezlikdə rast gəlinir.

Psoriatik artritin simptomları:

Xəstədə halsızlıq, ağrı, bədən hərarətinin yüksəlməsi, oynaqlarda şişkinlik müşahidə olunur. Psoriatik artrit oynaqların asimmetrik, proqressiv zədələnməsi ilə müşahidə olunan oliqo- və ya poliartrit formasında ola bilər. Hər bir oynaq, o cümlədən də periferik oynaqlar (distal falanqalararası) və aksial oynaqlar (onurğa sütunu, oma-qalça oynaqları) zədələnə bilir. Ən çox zədələnən oynaqlar əl oynaqları və biləklərdir. Bundan sonra ayaqlar, aşıq-baldır, diz, bazu oynaqlarının zədələnməsi rast gəlinir. Oynaqların asimmetrik zədələnməsi xarakterikdir. Psoriatik artrit zamanı oynaq ətrafı strukturlar da zədələnə bilir. Nəticədə tendovaginit (vətər yatağının iltihabı), daktilit (barmağın iltihabı) və ya əllərin sosiska tipli qalınlaşması və entezit (vətərin sümüyə birləşmə yerinin iltihabı) yaranır. Oynaqların iltihabi dəyişikliyi müxtəlif formada büruzə verə bilər: sinovial qişanın və ətraf toxumaların iltihabı, entezit, osteit, ağır osteoliz. Psoriatik artrit
zamanı, digər seroneqativ spondiloartritlər kimi, oynaqdan kənar zədələnmələr: gözlərin iltihabı, sidik ifrazat və ürək-damar sisteminin zədələnməsi (irit, konyuktivit, aortal anevrizma, uretrit) müşahidə oluna bilər.

Psoriatik artritin klinikası:

Psoriatik artritin gedişi dəyişkəndir: yüngül zədələnmədən tutmuş əlilliyə səbəb olan ağır artropatiyalara qədər dəyişir. 40—60% xəstələrdə eroziv deformasiyaedici artrit müşahidə oluna bilər və birinci ildən də proqressivləşə bilər. Psoriatik artrit daimi kəskinləşmə və remissiya ilə növbələşir. Müalicə almadıqda psoriatik artrit xəstələrində persistəedici iltihab müşahidə olunur, nəticədə oynaqların proqressivləşən
zədələnməsi, fiziki aktivliyin ciddi dərəcədə məhdudlaşması, əlillik yaranır. Psoriatik lövhəciklər və ya dırnaqların psoriatik zədələnməsi olduqda diaqnozu qoymaq asanlaşır.

Psoriatik artriti digər revmatoloji xəstəliklərdən fərqləndirmək lazımdır. Psoriatik artrit zamanı zədələnmiş oynaqlar az ağrılı və az şişkin olur, revmatoid artritdən fərqli olaraq qeyri simmetrik oynaqlar zədələnir. Daktilit, entezit, distal falanqalararası oynaqların zədələnməsi revmatoid artrit üçün deyil, psoriatik artrit üçün xarakterdir. Psoriatik artriti osteoartroz ilə də diferensasiya etmək lazımdır. Psoriatik artritdə olduğu kimi osteoartrozda da distal falanqalararası oynaqların zədələnməsi olur. Amma osteoartroz üçün xarakter olan klassik Geberden düyünləri distal falanqalararası oynaqların zədələnməsi və sümük çıxıntılarının (ekzostoz) yaranması ilə müşayiət olunur. Psoriatik artrit zamanı distal falanqalararası oynaqların zədələnməsi iltihabi dəyişikliklərlə xarakterizə olunur. Psoriatik artrit üçün səhərlər və ya uzun müddət hərəkətsiz qaldıqdan sonra yaranan hərəkət məhdudluğu xarakterdir. Osteoartroz zamanı hərəkət məhdudluğu əsasən aktiv hərəkət zamanı yaranır. Psoriatik artirt qadınlarda və kişilərdə eyni tezlikdə rast gəlinirsə, osteoartroz əsasən qadınlarda təsadüf edir. Osteoartrozlu xəstələr üçün entezit (vətərlərin sümüyə birləşmə yerində iltihab), daktilit (əl və ya ayaq barmağının iltihabı) və sakroileit (oma-qalça oynağının iltihabı) adətən xarakterik deyil. Psoriatik artrit zamanı rast gəlinən onurğa sütununun aksial zədələnməsi (psoriatik spondilit) ankilozlaşan spondilit ilə (hansı ki əsasən onurğa sütununu və oma-qalça oynaqlarını zədələyir) oxşarlıq təşkil edir. Ankilozlaşan spondilitdən fərqli olaraq psoriatik artrit zamanı simptomatika nisbətən zəif, zədələnmə asimmetrik, az ağır gedişatlı olur. Psoriatik lövhələr və dırnaqların zədələnməsi ankilozlaşan spondiloartritdə olmur. Aksial psoriatic artrit sakroileit (adətən asimmetrik və simptomsuz olur) və ya spondilit şəklində keçir. Ankilozlaşan spondiloartritdən fərqli olaraq psoriatik artrit zamanı oynağın hərəkətliliyi az dərəcədə pozulur və ankiloz (oynağın tam hərəkətsizliyi) yaranmır. Digər revmatoloji xəstəliklər, məsələn: osteoartrit, yumşaq toxumaların revmatik zədələnməsi, septik artrit, revmatoid artrit psoriazla müşayiət oluna bilər, bu zaman diaqnostika çətinləşir. Həm də psoriaz adətən
bağırsağın iltihabi xəstəlikləri və ankilozlaşan spondiliti olan xəstələrdə tez-tez rast gəlinir.

Psoriatik artritin diaqnostikası:

Diaqnostikada əsasən, anamnez və xəstənin obyektiv müayinəsi, seroloji, rentgenoloji, ehtiyac yaranarsa genetik müayinələr aparılır. Əsas aşağıdakılara diqqət yetirilməlidir:

1. Anamnezdə və ya irsiyyətdə psoriaz xəstəliyinin olması. Psoriaz dərinin və başın tüklü hissəsinin zədələnməsi ilə müşayiət olunur.
2. Dırnaqların psoriatik zədələnməsi: onixolizis, nöqtəvari çökəkliklər, hiperkeratoz şəklində ola bilər.
3. Anamnezdə daktilitin olması.
4. Oynaqlarda iltihabi dəyişikliklər, oynaqlarda ağrı və zəiflik, səhərlər hərəkət məhdudluğu, əmək qabiliyyətinin azalması müşahidə olunur.

Əsas laborator analizlərdən qanın ümumi analizi, eritrositlərin çökmə sürəti, C-reaktiv zülal, qaraciyər və böyrəklərin standart funksional müayinələri aparılır. Rentgenoloji müayinə zamanı oynaqlarda struktur zədələnmələri müşahidə olunur. Xəstəliyin ilkin mərhələlərində rentgenoloji müayinə normal ola bilər, amma paravertebral ossifikasiya, periartikulyar osteopeniya, oynaqların eroziv zədələnməsi ola bilər.

Psoriatik artritin rentgenoloji əlamətləri destruktiv və proliferativ dəyişikliklər formasında ola bilər. Eroziya -tipik destruktiv dəyişiklikdir, adətən oynağın kənar hissələrindən başlayır və mərkəzə doğru yayılır. Yayılmış eroziv dəyişikliklər nəticəsində xarakterik rentgenoloji mənzərə - “stəkanda karandaş ” (bir oynaq səthinin digər oynaq səthinin əsasına doğru protruziyası) mənzərəsidir. Ağır hallarda falanqaların dağılmasına səbəb olan osteoliz və oynaq ankilozu baş verir.

Psoriatik artritin müalicəsi:
Müalicədə əsas istiqamət xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq, remissiya (sakitləşmə dövrü) əldə etməkdir. Erkən başlanmış müalicə tez bir zamanda xəstəliyin proqressivləşməsinin və ağırlaşmalarının qarşısını almağa imkan verir. Müalicədə qeyri steroid iltihab əleyhinə preparatlar, metotreksat, sulfosalazin, leflunomid istifadə olunur. Son vaxtlar psoriatik artritin müalicəsində yeni bioloji preparatlar (antisitokin müalicə) - şiş toxuması nekroz faktorunun ingibitoru (TNF- α ingibitorları) istifadə olunur: adalimumab, etanersept, infliksimab.


Əli Əlizadə

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz