Haymorit nədir?
Haymorit (üst çənə sinusiti) - üst çənə ciblərinin (haymor) selikli qişasının iltihabıdır. İltihabi proses birtərəfli və ya ikitərəfli, eləcə də burunun əlavə ciblərinin zədələnməsi ilə müşayiət oluna bilər. Bu xəstəlik zamanı haymor boşluqlarına çox miqdarda selik və irinin toplanması səbəbindən nəfəsalma çətinləşir. Bütün burunətrafı ciblərdə axarlar var və onlar haymor ciblərini burun boşluğu ilə birləşdirir. Bu axarların diametri kiçik olduğundan (1-3 mm) ödem yarandıqda əvvəlcə qismən, sonra isə tamamilə tutulur. Nəticədə selik ciblərdə yığılır və orada iltihabi proses başlayır.
İnfeksiyanın daxilolma yolundan asılı olaraq, haymorit rinogen (əsasən böyüklərdə), hematogen (daha çox uşaqlarda), travmatik və odontogen növlərə bölünür. Həmçinin birtərəfli və ikitərəfli haymorit qeyd olunur.
Haymoritin yaranma səbəbləri hansılardır?
Haymoritin kəskin və xroniki formaları mövcuddur.
Kəskin haymorit kəskin rinitin ağırlaşması, dişlərin iltihabı (odontogen haymorit), müxtəlif infeksiyaların nəticəsində də inkişaf edə bilər. Təkanverici faktor kimi orqanizmin immun reaktivliyinin soyuqdəymə fonunda aşağı düşməsini də göstərmək olar.
Haymoritin əlamətləri hansılardır?
Həm kəskin, həm də xroniki haymoritlərdə eyni əlamətlər üzə çıxa bilər. Buna misal olaraq, burunun və burunətrafı ciblərin selikli qişasının şişməsini, aşağı burun balıqqulaqlarının ödemləşməsini, avazıması və ya qızarmasını, irinli axıntını göstərmək olar. Eyni zamanda, yuxarı burun balıqqulağı və aşağı burun balıqqulağından keçən irinli zolaq qeyd olunur, təbii axarların mənfəzləri daralır.
Kəskin haymorit zamanı titrətmə, bədən hərarətinin qalxması, ümumi halsızlıq, müxtəlif intensivlikli, çox vaxt burunun kökünə, alın nahiyəsinə, dişlərə irradiasiya edən başağrıları müşahidə edilir. İltihablaşmış cibi üz tərəfdən sıxdıqda ağrı şiddətlənə bilər. Ağrı xarakterinə görə daimi və intensivdir, başı aşağı əyərkən, asqırarkən və ya öskürərkən güclənə bilər. Bəzi hallarda gözlərin yaşarması və işıqdan qorxu hissi müşahidə oluna bilər. Yanaqların, göz qapaqlarının şişməsi, zədələnən tərəfdə iybilmənin azalması da kəskin haymoritin əlamətlərindəndir.
Xroniki haymorit latent şəkildə davam edir. Halsızlıq, baş ağrıları (adətən axşam saatlarında), ümumi zəiflik, burunun tutulması, axması, tez yorulma qeyd olunur və bu hallar davamlı olur.
Haymorit necə müayinə olunur?
Haymoritin əlamətləri üzə çıxdıqda həkim-otolarinqoloqa müraciət etmək lazımdır. Xəstəliyi təsdiqləmək üçün ilk növbədə endoskopik müayinə, daha sonra ciblərin rentgenoqrafiyası və burunətrafı ciblərin kompüter tomoqramması (paranozal kompüter tomoqramma) təyin edilir. Zərurət yarandıqda, diaqnostik punksiya, ciblərə yığılan mayenin bakterioloji analizi və allerqotest tətbiq oluna bilər.
Haymorit necə müalicə olunur?
Haymorit bir qayda olaraq ambulator müalicə olunur. Ağırlaşmalar zamanı hospitalizasiya göstərişdir. Müalicə zamanı patoloji mayenin zədələnmiş cibdən çıxarılmasını təmin etmək vacibdir.
Haymoritin medikamentoz terapiyasına geniş təsir spektri olan antibiotiklərin, desensebilizasiyaedici terapiyanın, probiotik terapiyanın, burunun selikli qişası üçün yumşaldıcı damcıların, antiseptiklərin, eləcə də ciblərin selikli qişasını bərpa edən vasitələrin və s. təyini aiddir.
Haymoritin cərrahi müalicəsi - funksional endoskopik sinus cərrahiyyəsi (FESS) vasitəsilə həyata keçirilir. Bəzən ehtiyac yarandıqda, otondogen haymoritdə Kolduel-Lyuk əməliyyatından da istifadə oluna bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az