Neyrocərrah Ruslan Yunusov

Ruslan Yunusov,Uzm.

Neyrocərrah

Uzman

10 il iş təcrübəsi

Bakı
beyin şişlərinin müasir müalicə prinsipləri

Beyin şişlərinin müasir müalicə prinsipləri

Müəllif: Uzman neyrocərrah Ruslan Yunusov
4989

Paylaşıldı: 03.05.2018
Ruslan Yunusov

Baş beyin şişlərinin müasir müalicə prinsipləri

Baş beyin şişlərinin müalicəsi həm şişin ölçüsündən, yerləşmə yerindən, sayından, həm də xəstənin yaşından, ümumi vəziyyətindən və yanaşı xəstəliklərinin olub-olmamasından asılı olaraq dəyişir. Bəzi şişlər sadəcə müşahidəyə alındığı halda, əksər şişlər radikal əməliyyatla müalicə olunur. Aşağıda baş beyin şişlərinə müasir yanaşma prinsipləri sadalanmışdır.

Baş beyin şişlərində müşahidə

Əgər baş beyin şişi tək, kiçik ölçülü, xoş xassəlidirsə və xəstədə klinik əlamət yoxdursa, o zaman  xəstələr müşahidəyə alınır. Xəstələrə hər hansı müalicə tədbiq etmədən, 3-6 aylıq fasilələrlə kontrol müayinələrə çağırlırlar. Əgər zamanla şişin ölçüsü böyüyərsə və ya xəstədə ələmətlər üzə çıxarsa, o zaman xəstəyə lazımi məlumatlar verilərək uyğun müalicə tədbiq edilir.

Baş beyin şişlərinin dərman müalicəsi

Dərman müalicəsi adətən beyin şişlərinə bağlı əlamətləri azaltmaq və ya aradan qaldırmaq üçün istifadə olunur. Buna baxmayaraq,  prolaktinoma kimi bəzi şişlərin müalicəsi sadəcə dərmanla aparıla bilər.

Beyin şişlərində ən çox aşağıdakı dərman qrupları istifadə olunur:
 – Qıcolma əleyhi (anti-epileptik) dərmanlar – baş beyin şişlərinə bağlı qıcolma tutmalarının müalicə və profilaktikasında geniş istifadə olunur.
 – Ödem əleyhi dərmanlar – baş beyin şişlərinə bağlı əmələ gələn beyin ödemini (şişməsini) aradan qaldırmaq məqsədi ilə təyin edilir.
 – Ağrı kəsici dərmanlar – şişə bağlı baş ağrıları zamanı təyin edilir.
 – Hormonla müalicə – bəzi beyin şişlərində (hipofiz adenoması, kraniofarengioma) orqanizmdə ifraz olunan hormonların miqdarı azaldığına görə dəstək hormon müalicəsinə ehtiyac olur.
 – Digər dərmanlar – prolaktinoma kimi bəzi hipofiz adenomaları  sadəcə dərmanlarla tamamən müalicə edilə bilər. Buna görə də bu şişlər aşkarlandıqda ilk növbədə dərmanla müalicəyə başlanmalıdır.

Baş beyin şişlərinin cərrahi müalicəsi:

Cərrahi müalicə ən effektli müalicə olmaqla yanaşı, əksər baş beyin şişlərinin də əsas müalicə üsuludur. Cərrahi əməliyyatın üstünlüyü, şişlərin tam və ya tama yaxın çıxarılması və bununla da beyin sıxılmasının aradan qaldırılması, həmçinin çıxarılan şiş nümunələrinin patohistoloji dəyərləndiriməsi ilə şişlərin növünü və dərəcəsini təyin etməkdir. Baş beyin şişlərinin müalicəsində tədbiq olunan əsas cərrahi əməliyyat növləri aşağıdakılardır:

Biopsiya – adətən beyinə geniş yayılmış və ya beynin çox önəmli yerlərinə sirayət eləmiş şişlər tam çıxarıla bilmədiyinə görə, kəllə sümüklərində açılan kiçik bir dəlikdən girilərək şiş toxumasından kiçik parçalar alınır və pato-histoloji dəyərləndirməyə (əkimə) göndərilir. Gələn cavaba görə də şişə şüa terapiyası və ya kimyəvi terapiya tədbiq olunur.

Kraniotomiya – əksər şişlər bu üsulla əməliyyat edilir. Kraniotomiya- kəllə sümüklərinin kəsilməsi deməkdir. Əməliyyatda xüsusi alətlərin (kraniotom) köməyi ilə kəllə sümükləri qaldırılaraq, beyin zarı açılır və beyinə girilərək  şişlər çıxarılır. Əməliyyatın sonunda isə kəsilmiş sümüklər yerinə bərkidilir.

Endoskopik əməliyyatlar – xüsusi işıqlandırma və kamera ilə təchiz olunmuş alətlərlə kəllə sümükləri açılmadan (kraniotomiya etmədən) edilən əməliyyatlardır. Bu əməliyyatlar zamanı endoskopik alətlərlə burundan girilərək kəllə əsasında yerləşən şişlər (hipofiz adenomaları, kraniofarengioma, kordoma və s.) çıxarılır.

Baş beyin şişlərinin radioterapiyası

Radioterapiya və ya şüa terapiyası, yüksək enerjili rentgen şüalarından istifadə edilərək  şiş hüceyrələrinin  zədələnməsi və bunun hesabına şişin böyüməsinin qarşısının alınması, hətta şişin kiçildilməsi prinsipinə əsaslanan müalicə üsuludur. Əməliyyatla tam çıxarıla bilməyən və ya əməliyyat etmək mümkün olmayan şişlərin müalicəsində istifadə olunur. Şüa terapiyasının bir neçə növü mövcudd:

Standart xarici şüa radioterapiyası – şişə kiçik dozalarda və təkrar seanslarla şüa verilir, bunula da  beyinə az zədə verməklə şişin maksimum şüalanmasına çalışılır.

Proton şüa müalicəsi – xüsusi radioaktivliyə malik olan protonlardan istifadə edilərək şiş toxuması şüalandırılır.

Stereotaktik radiocərrahiyyə – Qamma Bıçaq (Gamma Knife), Siber Bıçaq (Cyber Knife) və Novalis kimi növləri mövcuddur. Xüsusi çərçivədən istifadə edilərək eyni anda müxtəlif nöqtələrdən şişin mərkəzinə şüa göndərilir ki, bununla da beyinə az zərər verməklə şişin mərkəzində yüksək doza əldə edilmiş olur.

Yuxarıda sadalanan radioterapiya növlərinin hər hansı birinin digərindən üstünlüyünü göstərən hər hansı tədqiqat mövcud deyil. Hər bir üsulun özünəməxsus müsbət və mənfi tərəfləri mövcuddur.  Ona görə də bu üsullardan hər hansı biri seçilərkən hər bir xəstə  fərdi olaraq dəyərləndirilir.

Baş beyin şişlərinin kimyəvi terapiyası

Kimyəvi terapiya – şişlərin xüsusi dərman maddələri ilə müalicəsi deməkdir. Kimyəvi terapiya- şişin növündən və mərhələsindən asılı olaraq şişi tamamən müalicə etmək, yayılmasının qarşısını almaq, şişin böyüməsini yavaşlatmaq və bədənin fərqli yerlərinə yayılmış şiş hüceyrələrini yox eləmək üçün istifadə olunur. Bu dərmanları xəstələr ya ağızdan qəbul edir ya da damardan vurulur. Bəzi hallarda kimyəvi müalicə tək başına verilir, əksər hallarda isə əməliyyat və şüa terapiyası ilə eyni anda və ya onlardan sonra tədbiq olunur.

Kimyəvi terapiya zamanı müalicənin effektini artırmaq üçün adətən bir neçə dərman maddələri kombinasiya halında verilir. İstifadə olunan bu dərmanlar beyin şişləri ilə yanaşı bədənin başqa yerlərində normal hüceyrələrə də təsir edirlər ki, bunun nəticəsində də dərmana bağlı əlavə təsirlər (bulantı-qusma, immunitetin zəfləməsi, qanazlığı, saç tökülməsi və s.) üzə çıxır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 


Ruslan Yunusov,Uzm.

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz