Günay Novruzova hekimtap.az

Günay Novruzova

Kardioloq

11 il iş təcrübəsi

Bakı
Taxikardiya

Taxikardiya

Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
13109

Paylaşıldı: 03.04.2020
Günay Novruzova

Taxikardiya nədir?

Ürək yığılmasının dəqiqəlik tezliyinin artması taxikardiya adlanır. Yetişkin insanlarda normal nəbz 60-90 vurğu arasında dəyişilə bilər. Normal nəbz anlayışı çox nisbidir; bir çox şey insanın yaşından, bədən çəkisindən, fiziki quruluşundan və s. amillərdən asılıdır. Beləliklə, 90 vurğu/dəq – dən çox olan nəbz taxikardiya adlanır. Taxikardiya fizioloji və patoloji, həmçinin sinus və qeyri-sinus mənşəli ola bilər. Burada sinus taxikardiyaları haqqında məlumat verilir.

Taxikardiyanın növləri

     1 – Fizioloji taxikardiya orqanizmin fiziki yüklənmələrə (idman, fiziki iş və s.), stresə, hərarətin yüksəlməsinə və s. cavab olaraq baş verir. Bu halda insan dincəldikdə, sakitləşdikdə və ya sağaldıqda ürək yığılmalarının tezliyi normaya düşür.

     2 – Patoloji taxikardiyanın səbəbi ürək, ağciyər, qalxanvari vəzi və s. xəstəlikləri ola bilər. Bu halda taxikardiya başhərlənmə, halsızlıq, təngnəfəslik və s. kimi pozulmalarla müşayiət olunur.

Hansı hallarda taxikardiya xəstəlik əlaməti sayılmır?

Fiziki işdən, stresdən sonra, havasız otaqda qaldıqda, bədən temperaturu artdıqda baş verən taxikardiya qorxulu deyil. Adətən bədən temperaturunun 1 dərəcə artması nəbzi 10 vurğu artırır. Sağlam insanda taxikardiya ürək nahiyəsində ağrı, təngnəfəslik, başhərlənmə, göz önündə qaralmalar, bayılma və s. kimi simptomlar olmur. İnsan fiziki işi bitirdikdə, havasız otaqdan çıxdıqda, Bədən temperaturu normallaşdıqda nəbzin tezliyi öz-özünə (dərmansız) keçir. Sağlam insanda nəbzin normaya qayıtması təxminən 5 dəqiqə ərzində (bundan artıq yox) baş verir.

Taxikardiyanın əlamətləri

Əgər taxikardiya sizdə “durduğu yerdə” baş verirsə və başhərlənmə, göz önündə qaralma, bayılma, təngnəfəslik, halsızlıq, ürək nahiyəsində ağrılar və s. simptomlarla müşayiət olunursa, bu, hər hansı bir ürək xəstəliyinin əlaməti ola bilər.

Əgər taxikardiya başhərlənmə, halsızlıq, tez yorulma, dəri örtüklərinin quru və solğun olması ilə özünü büruzə verirsə, bu, anemiya (qanazlığı) və ya digər daha ciddi qan xəstəliklərinin əlaməti ola bilər.

Əgər taxikardiya bədən çəkisinin “səbəbsiz” (gözlə görünməyən, bilinməyən) azalması, həddən artıq əsəbilik, əllərin əsməsi, bəzi fizioloji halların pozulması ilə müşayiət olunarsa, bu halda qalxanvari vəzin fəaliyyətinin pozulması olan hipertireoz xəstəliyindən şübhələnmək olar.

Əgər taxikardiya öskürək, təngnəfəslik, ağır tezləşmiş nəfəsalma, nəfəsalma zamanı xırıltı kimi simptomlarla gedirsə, bu, ağciyər xəstəliyinin əlamətləri ola bilər.

Sadaladığımız xəstəliklərdən əlavə bəzi şiş xəstəlikləri (böyrəküstü vəzi şişi), hipoqlikemiya (qanda şəkərin səviyyəsinin kəskin enməsi), güclü qanaxma, şok, orqanizmin susuzlaşması (tez-tez təkrarlanan qusmaya və ishala görə), böyrəküstü vəzilərin çatışmazlığı, ürəyin zədələnməsi (travma nəticəsində) və s. kimi xəstəliklər və pozulmalar taxikardiyaya səbəb olur. Təbii ki, bu zaman taxikardiyadan əlavə digər müvafiq pozulmalar da meydana çıxır.

Taxikardiyanın müalicəsi

Müalicə kardioloq və digər mütəxəssislərin birgə iştirakı ilə aparılmalıdır. 

Ürək yığılmalarının tezliyini artıran amillər: kofein tərkibli içkilər (çay, qəhvə), nikotin, alkoqol, kəskin qidalar, şokolad, psixoemosional və fiziki yüklənmələr uzaqlaşdırılmalıdır. 

Fizioloji sinus taxikardiyası müalicə tələb etmir.

Patoloji taxikardiyanın müalicəsi əsas xəstəliyin aradan qaldırılmasına yönəldilir. Nevrogen mənşəli ekstrakardial sinus taxikardiyalarında nevroloqun konsultasiyası mütləqdir. Reflektor taxikardiya (hipovolemiya) və kompensator taxikardiya (anemiya, hipertireoz) hallarında onları törədən amillər aradan qaldırılmalıdır. Əks halda nəbzin azaldılmasına istiqamətləndirilmiş terapiya arterial təzyiqin kəskin azalmasına və hemodinamik dəyişikliklərin daha da ağırlaşmasına gətirib çıxara bilər.

Taxikardiyanın proqnoz və profilaktikası

Fizioloji sinus taxikardiyasının proqnozu hətta ifadəli subyektiv əlamətlər zamanı qənaətbəxş olur. Ürək xəstəliklərində sinus taxikardiyası əksər hallarda ürək çatışmazlığı və ya sol mədəciyin disfunksiyasının əlaməti sayılır; belə hallarda proqnoz kifayət qədər ciddi olur.

Sinus taxikardiyasının profilaktikası ürək patologiyasının erkən diaqnostika və müalicəsindən, ekstrakardial amillərin aradan qaldırılmasından ibarətdir. Taxikardiyanın cidid ağırlaşmalarının qarşısını almaq üçün sağlam həyat tərzinə riayət olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Günay Novruzova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz