Günay Novruzova hekimtap.az

Günay Novruzova

Kardioloq

11 il iş təcrübəsi

Bakı
STENOKARDİYA

STENOKARDİYA

Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
3747

Paylaşıldı: 26.04.2020
Günay Novruzova

Stenokardiya nədir

Stenokardiya – ürəyin işemik xəstəliyidir, yəni ürəyin oksigenə olan tələbatı ilə təchizatı arasında tarazlığın pozulmasıdır, döş qəfəsində ağrı tutmaları ilə xarakterizə olunur. Bu, miokard infarktı olmadan keçici işemiyanın əlamətidir. Stabil və qeyri-stabil formaları vardır. Stabil stenokardiya zamanı ürəyin üzərinə düşən yüklənmə artdıqca klinik əlamətlərin şəkli və şiddəti artır. Qeyri-stabil stenokardiya isə fiziki aktivlik olmadan da, sakit vəziyyətdə yarana bilər.

Stenokardiyanın səbəbləri

Stenokardiyanın əsas səbəbi ürəyi qidalandıran koronar damarların ateroskleroz mənşəli daralmasıdır. Xəstəliyin özünü büruzə verməsi damar mənfəzinin nə dərəcədə daralmasından və fiziki yüklənmənin ağırlığı, həmçinin davametmə müddətindən birbaşa asılıdır. Stenokardiyanın digər səbəblərindən biri də koronar damarların spazmı – damarın əzələ qatının kəskin gərginləşməsi ola bilər. Nadir hallarda tac damarların emboliyası (trombozu) da keçici və hissəvi daralma yaradarsa,  stenokardiyaya səbəb ola bilər, lakin bu vəziyyət əsasən miokard infarktı ilə nəticələnir.

Damarların aterosklerotik zədələnməsi olmadan belə, bəzi xəstəliklər (arterial hipertoniya, aortal stenoz, hipertrofik kardiomiopatiya, anemiya, hipoksiya) ürəyin yüklənməsini artırdığı üçün stenokardiya sindromu yarada bilər.

Ağrını əmələ gətirən nədir

Fiziki və ya emosional gərginlik zamanı ürək daha tez-tez və güclü yığılır, oksigenə və qidalı maddələrə, bir sözlə enerjiyə tələbatı artır, lakin koronar arteriyaların daralması nəticəsində bu, təmin olunmur. İşemiya – yəni ürəyin oksigen aclığı əmələ gəlir. Ürək həyəcan siqnalı verir – ağrı yaranır. 

Stenokardiya tutmaları fiziki aktivliyin artması, emosional gərginlik, arterial təzyiqin yüksəlməsi, siqaret çəkmə zamanı, soyuq və küləkli havada əmələ gəlir. 

Stenokardiyanın klinik simptomları

Stenokardiyanın əsas əlaməti ağrıdır. Ağrı zəif, narahatlıq verməyən və ya intensiv, güclü ola bilər. Ağrının əsas xüsusiyyəti tutmaşəkilli olması (əmələgəlmə və kəsilmə vaxtı aydın hiss olunur), müəyyən şərtlər və hallar zamanı baş verməsi, başqa nahiyələrə yayılması və nitroqliserin qəbulu ilə azalması və ya kəsilməsidir.

Xəstələr döş qəfəsi üzərində və ya döş sümüyü arxasında təzyiqedici, sıxıcı, yandırıcı, göynədici xarakterli ağrı hiss edir. Ağrı əsasən sol tərəfdə (sağ tərəfdə də ola bilər) kürəyə, çiyinə, qola, boyuna, çənəyə yayıla bilər, mədə nahiyəsində hiss oluna bilər. Eyni zamanda dəri rənginin avazıması, arterial təzyiqin yüksəlməsi, nəbzin artması, ürəkdə çırpınma hissi müşahidə oluna bilər. 

Stenokardiya tutmaları əsasən fiziki iş zamanı, pilləkən qalxarkən, iti addımlarla və ya dik yolda, soyuq havada, həmçinin, küləyin istiqamətinə qarşı yürüyərkən və ya emosional gərginlik (qorxu, həyəcan, stres) zamanı yaranır. Bu faktorlar aradan götürüldükdə ağrı tutmaları azalaraq kəsilir.

Atipik stenokardiya qarında ağrı, köp, gəyirmə, təngnəfəslik şəklində özünü göstərir. Bəzən xəstələr ağrının olmadığını, “ürək sıxılması“ və ya boğulma hiss etdiklərini bildirirlər. Xüsusilə şəkərli diabet xəstələrində stenokardiyanın ağrısız, “lal“ və ya silinmiş, yayındırıcı simptomlu formaları rast gəlinir.

Sakitlik stenokardiyası fiziki aktivlik olmadan, sakit halda əmələ gəlir, əsasən nəbzin yüksəlməsi ilə özünü göstərir. Gecə stenokardiyası yuxu vaxtı, nəbzin və təzyiqin qalxması ilə başlayır, ağrı tutmaları əmələ gəlir. 

Stenokardiyanın diaqnostikası

Diaqnoz xəstənin şikayətlərinə və ağrının xarakterinə əsasən qoyulur. Mütləq olaraq xəstədən ətraflı anamnez toplanılır, elektrokardioqramma və exokardioqramma müayinələri aparılır. Stenokardiyanın diaqnostikasında “qızıl standart“ metod tredmil-test və ya fiziki yüklənmə sınağıdır. Bu sınağın nəticəsi müsbət olduqda və ya ağır klinik əlamətlər zamanı xəstəyə koronar angioqrafiya (invaziv yolla koronar damarların yoxlanması) olunmalıdır. \

Stenokardiya tutmaları zamanı nə etməli

Stenokardiya tutması baş verdikdə fiziki hərəkəti tez dayandırmaq, oturmaq və ya uzanmaq, sıx yaxalığı və ya qalstuku açmaq, otağa təmiz hava gəlməsini təmin etmək, xəstəni emosional olaraq sakitləşdirmək lazımdır. Dil altına nitroqliserin qoyulmalıdır, 1-3 dəqiqə sonra tutma keçməzsə, bunu təkrarlamaq lazımdır. Xəstəyə aspirin tableti verilməlidir. Təcili tibbi yardım briqadası çağırılmalıdır.

Stenokardiyanın proqnozu və profilaktikası

Tez-tez baş verən və çox davam edən stenokardiya tutmaları miokard infarktı ilə nəticələnə bilər. Stenokardiyanın müalicəsi uzunmüddətli, hətta daimi, müntəzəm həkim nəzarətilə aparılmalıdır. Həkimə vaxtında müraciət etmək, müalicəyə və tövsiyələrə dəqiq, məsuliyyətlə riayət etmək, həyat tərzini dəyişmək, siqaretdən imtina etmək və artıq bədən çəkisini normallaşdırmaq lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Günay Novruzova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz