Günay Novruzova hekimtap.az

Günay Novruzova

Kardioloq

11 il iş təcrübəsi

Bakı
QAN TƏZYİQİ səbələri

QAN TƏZYİQİ HAQQINDA 

Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
3601

Paylaşıldı: 08.05.2020
Günay Novruzova

Qan təzyiqi nədir və necə əmələ gəlir

Hüceyrələrin qidalanması və enerji istehsal edə bilməsi üçün lazım olan maddələr və oksigen qan yolu ilə çatdırılır, əmələ gələn lazımsız mübadilə məhsulları və karbondioksid yenə də qan vasitəsilə hüceyrədən daşınır. Ürək bir pompa (nasos) rolunu oynayır: ağciyərlərdən gələn “təmiz“ qanı arteriyalar vasitəsilə bütün vücuda pompalayır və “kirli“ qanı venalar vasitəsilə ağciyərlərə çatdırır. 

Hər bir ürək atımında ürək əvvəlcə qanı pompalamaq üçün yığılır, sonra qanın yenə ürəyə dolması üçün “boşalır“, istirahət halına keçir. Qan pompalanan zaman aorta divarındakı ən yüksək təzyiq sistolik qan təzyiqi, istirahət halında əmələ gələn ən aşağı təzyiq isə diastolik qan təzyiqi adlanır. Optimal sistolik təzyiq 120 mm c.s.-dan, diastolik təzyiq 80 mm c.s.-dan aşağı olmalıdır. 

Hipertoniya nədir

Yetişkin (18 yaşını keçmiş) insanda fərqli iki gündə ən az iki dəfə aparılan ölçmədə sistolik təzyiqin 140 mm c.s. və ya daha çox olması, diastolik təzyiqin isə 90 mm c.s. və ya daha çox olması hipertoniyadır. 

Sistolik təzyiqi 120-139 mm c.s., diastolik təzyiqi 80-89 mm c.s. aralığında ölçülən insanlar hipertoniya xəstəliyi üçün namizəddirlər və həkim tərəfindən məsləhət görülən sağlam qidalanma, siqareti tərgitmə, idman hərəkətləri etmə, bədən çəkisi artıqdırsa arıqlama kimi bəzi tədbirləri almalıdırlar. 

Qan təzyiqini necə düzgün ölçməli

Qan təzyiqi yeməkdən əvvəl, ən az 10 dəqiqə sakit bir şəraitdə dincəldikdən sonra ölçülməlidir. Pasiyent son yarım saat içərisində çay qəhvə içməməli, siqaret çəkməməlidir. Qolu sıxan geyim şıxarılmalıdır. Qol alt tərəfdən dəstəklənərək ürək səviyyəsində tutlmalıdır. Hər iki qoldan ən az 2 dəqiqə fasilə ilə 2 dəfə ölçmə aparılıb orta rəqəm alınmalıdır. Yüksək olan tərəfin rəqəminə diqqət edilməlidir. 

Əlavə müayinələr nə üçündür

Xəstələrin 90-95%-də yüksək təzyiqə səbəb ola biləcək başqa bir xəstəlik yoxdur. Buna primer (birincili) hipertoniya deyilir. Digər 5-10% xəstədə yüksək təzyiq hər hansı bir səbəbə və ya xəstəliyə yanaşı olaraq meydana çıxır. Bu isə ikincili hipertoniyadır. İkincili hipertoniya yaradan səbəblər ciddi patologiyalardır (böyrək və böyrəküstü vəzin xəstəlikləri, böyrək damarlarının daralması, aorta koarktasiyası – aortanın bir hissəsinin anadangəlmə dar olması, qalxanvari vəzin xəstəlikləri və s.). Buna görə də, xüsusən hipertoniya ilk dəfə aşkar olunduqda həkim ətraflı anamnez topladıqdan və fiziki müayinə etdikdən sonra bəzi laborator analizləri, bəzən də xüsusi testləri yoxlamağı lazım bilir. 

Qan təzyiqinin yüksəlməsi nələrə səbəb olur

Qan təzyiqinin yüksəlməsi ürəyin iş yükünü artırır və arteriyaları zədələyir. Vaxt keçdikcə xüsusən ürək, böyrək, göz və beyinə gedən arteriyalarda xəsarət əmələ gəlir. Bu damarlar bu cür yüksək təzyiqə uzun müddət səssizcə “dözə bilir“. İllər boyu təzyiqin yüksəlməsi şikayət vermədən, tamamilə səssiz, gizli arta bilir. Ancaq bu, xəstələrə zərər vermir demək deyil. Hipertoniya insult, miokard infarktı və böyrək çatmamazlığının əsas səbəblərindən biridir. 

Hipertoniyanın dərman müalicəsində nələrə diqqət edilməlidir

Antihipertenziv dərmanların hər biri fərqli mexanizmlərlə qan təzyiqini kontrol edir. Bəzən xəstəyə bir deyil, bir neçə qrupdan olan dərman yazılmalıdır. Bu dərmanlar xəstənin yaşı, cinsiyyəti, yüksək təzyiqin səbəbi, təzyiqin həddi və yanaşı xəstəlikləri nəzərə alınaraq təyin edilir, hansı saatlarda və necə qəbul etməli olduğu xəstəyə izah olunur. Hipertoniya xronik xəstəlik olduğu üçün müəyyən vaxtdan bir həkim kontrolu və bəzən ömür boyu müalicə tələb edir. Bu səbəbdən xəstələrin dərman qəbuluna qarşı diqqətli olması və təyin olunan vaxtlarda kontrola gəlməsi müalicənin effektivliyi üçün vacib şərtdir.

Antihipertenziv dərmanların əlavə təsirləri varmı

Antihipertenziv dərmanların əlavə təsirləri vardır. Ancaq bunlar dərmanın əsas təsirini üstələmir və hər xəstədə özünü göstərmir. Bir qrupdan olan dərmanın əlavə təsiri ortaya çıxdıqda o, digər qrupdan olan dərmanla dəyişdirilir, yanaşı təsir dozaya bağlıdırsa, doza azaldılır. Aydındır ki, bu dəyişikliklər xəstə tərəfindən detil, həkim tərəfindən edilməlidir. Çünki yanlış dəyişiklik olunarsa, əlavə və əks təsirlər daha kəskin şəkildə meydana çıxa bilər. Buna görə də xəstələr həkimdən xəbərsiz dərmanı dəyişdirməməli / kəsməməli və kontrol müayinələrə ciddi yanaşmalıdırlar. 

Hipertoniya barədə yanlışlar nələrdir

  • Şikayəti olmayan insanın qan təzyiqi səviyyəsinin yüksək olmasına ciddi yanaşmaması;
  • hipertoniyası olan bir adamın kontrol müayinələrə getməməsi, davamlı dərman istifadəsinə müxtəlif səbəblərlə ara verməsi və ya kəsməsi;
  • dərmanların uzun müddət istifadəsinin zərərverəcəyini düşünərək və dərmanın dayandırılmasının əlavə təsirlərə səbəb ola biləcəyini nəzərə almayaraq dərman içməmək;
  • başqa bir xəstənin dərmanını həkimdən xəbərsiz qəbul etmək;
  • rejim və həyat tərzində dəyişikliklər etməmək;
  • elmi əsasları olmayan bəzi müalicə metodlarından (məs., bəzi bitkilər) istifadə etmək. 

Dərman müalicəsi ömür boyu davam etməlidirmi

Yüngül hipertoniyalı xəstələrdə bəzi rejim və həyat tərzində dəyişikliklərə riayət olunarsa, həkimin qərarı ilə dərman müalicəsinə bir müddət fasilə verərək qan təzyiqinə nəzarət etmək və normal səviyyə saxlanılarsa, dərman qəbulunu tamamilə dayandırmaq olar. Lakin hipertoniyanın ağır dərəcələrində və formalarında müalicə ömür boyu və ciddi həkim nəzarəti altında aparılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Günay Novruzova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz