Günay Novruzova hekimtap.az

Günay Novruzova

Kardioloq

11 il iş təcrübəsi

Bakı
MİOKARD İNFARKTI: ETİOLOGİYA, NÖVLƏRİ, SİMPTOMLAR

MİOKARD İNFARKTI: ETİOLOGİYA, NÖVLƏRİ, SİMPTOMLAR

Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
8082

Paylaşıldı: 25.05.2020
Günay Novruzova

Miokard infarktı – ürək əzələsinin işemik nekrozudur, qan dövranının kəskin pozulması nəticəsində əmələ gəlir. Bu zaman ürək əzələsinin müəyyən bir nahiyəsinə gələn qan axınının kəsilməsi nəticəsində həmin nahiyədə hüceyrələrin məhvi baş verir. Miokard infarktı həyat üçün təhlükəli ağırlaşmalar yarada bilən ciddi xəstəlikdir.

Miokard infarktının etiologiyası

Miokard infarktının əsas səbəbi 95% halda koronar arteriyaların aterosklerozudur. 5%-dən çox olmayan hallarda koronar arteriyaların emboliyası (infeksion endokardit, mədəcikdaxili tromb), digər xəstəliklər zamanı damarların zədələnməsi (qırmızı qurdeşənəyi, revmatizm, revmatoid artrit nəticəsində əmələ gələn koronariitlər), tac damarların anadangəlmə defektləri və s. səbəbdən də miokardın nekrozu baş verə bilər. Lakin bu hallarda miokard infarktı ürəyin işemik xəstəliyinin bir klinik forması kimi deyil, yuxarıda sadalanan xəstəliklərin ağırlaşması kimi qiymətləndirilir. 

Koronar qan dövranının kəsilməsi və ya kəskin məhdudlaşması “ağırlaşmış“ aterosklerotik piləyin olduğu nahiyədə koronar arteriyanın trombozu nəticəsində baş verir. Piləyin incəlmiş kapsulu zədələnir (yırtılır, xoralaşır, piləyin lipid nüvəsinin üstü açılır), əvvəlcə “ağ“ divaryanı tromb əmələ gəlir, damarların spazmı daralmış damar mənfəzini bir az da daraldır. Tədricən trombun ölçüləri böyüyür, əgər spontan lizis (ərimə) baş verməzsə və ya trombolitik terapiya aparılmazsa, tromb damarın mənfəzini tamamilə tutur və həmin damar şaxəsinin qidalandırdığı nahiyədə miokard hüceyrələrinin nekrozu (ölümü) baş verir.

Miokard infarktının epidemiologiya

Kəskin miokard infarktı bütün dünyada ölümün ən birinci səbəbidir. Kişilər qadınlara nisbətən 2,5-5 dəfə çox xəstələnirlər (xüsusilə cavan və orta yaşlarda). 55-60 yaşdan sonra isə menopauzanın başlaması ilə əlaqədar bu fərq əhəmiyyətli dərəcədə azalır. Son illər miokard infarktı “cavanlaşıb“, bu, ürəyin işemik xəstəliyinin risk faktorlarının aradan qaldırılmamasına və tövsiyələrə əməl olunmamasına əsaslanır. Miokard infarktından ölüm halları əsasən qospitalizasiyaya qədərki dövrdə baş verir. 

Miokard infarktının təsnifatı

Miokar dinfarktı nekrozun dərinliyinə və ölçüsünə, lokalizasiyasına, xəstəliyin gedişinə, mərhələsinə və ağırlaşmalarına görə təsnif olunur. Q dişli və Q dişsiz (EKQ diaqnostikasına görə), birincili, təkrari və residivləşən infarkt ayırd edilir. Yerləşdiyi nahiyəyə görə sol mədəciyin (ön, ön-çəpər, ön-yan, yayılmış ön, arxa-diafraqmal, arxa-yan və s.) və sağ mədəciyin infarktı diaqnozu qoyulur. 

Xəstəliyin mərhələsinə görə ən kəskin dövr (xəstəliyin başlanmasından 2 saata qədər), kəskin dövr (10 günə qədər), yarımkəskin dövr (10 gündən 4-8 həftəyə qədər), postinfarkt dövr (4-8 həftədən sonra) ayırd olunur. 

Miokard infarktının klinik olaraq anginoz, astmatik, abdominal, aritmik, serebrovaskulyar və simptomsuz variantları vardır. 

Miokard infarktının klinik əlamətləri

80-90% hallarda miokard infarktının anginoz variantı rast gəlinir. Xarakter şikayət döş sümüyü arxasında ağrıdır. Bu ağrı stenokardiya tutmasından fərqlidir, daha güclü, əzabverici olub, sıxıcı, təzyiqedici, yandırıcı, göynədici xarakterlidir, ölüm qorxusu ilə müşayiət olunur. Ağrı qəfil başlayır, maksimal intensivliyə tez çatır, dil altına nitroqliserin qəbulu ilə keçmir, adətən yalnız narkotik analgetiklərin köməyilə aradan qalxır. 

Əksər xəstələrdə ağrı sindromunun pik vəziyyətində kəskin damar çarmamazlığı əlamətləri görünə bilər (çox tərləmə, başhərlənmə, kəskin  halsızlıq, taxikardiya, ətrafların soyuması, arterial təzyiqin enməsi və s.). Həmçinin, təngnəfəslik və ritm pozğunluqları, kəskin dövrdə bədən temperaturunun yüksəlməsi də müşahidə oluna bilər. 

Miokard infarktının diaqnostikası

Diaqnoz xəstənin şikayətlərinə və instrumental-laborator müayinələrin nəticəsinə əsasən qoyulur. Elektrokardioqramma (EKQ) və exokardioqramma (ExoKQ) müayinələrinin aparılması mütləqdir. EKQ infarktın başlama vaxtından asılı olaraq dəyişir, buna görə də infarktlı xəstələrin dinamik EKQ müşahidəsi çox vacibdir. ExoKQ-də sol mədəciyin lokal yığılma pozğunluğu, sistolik və diastolik funksiyası, ölçüləri, qapaqların, iri damarların və perikardın vəziyyəti, trombun olub-olmaması qiymətləndirilir. Həmçinin, xəstəyə döş qəfəsinin rentgenoqrafiyası və koronar angioqrafiya olunmalıdır. 

Miokard infarktlı xəstələrdə diaqnozun qoyulmasında qanın laborator müayinəsi – miokardı nekroz markerlərinin təyini mütləqdir. 

Miokard infarktının müalicəsi

Müalicə ən qısa zamanda damar mənfəzinin açılmasına, sonrakı tromb əmələ gəlmənin qarşısının alınmasına, nekroz ocağının və infarktətrafı zonanın məhdudlaşdırılmasına, infarktın ağırlaşmalarının qarşısının alınmasına və ya aradan qaldırılmasına əsaslanır. Ağrının başlanmasından ən çox 6-12 saat ərzində xəstə stasionara çatdırılmalı və koronar angioqrafiya olunaraq miokardın reperfuziyası (qan təchizatının bərpa olunması) həyata keçirilməlidir. 

Miokard infarktının ağırlaşmaları

İnfarktın ağırlaşmaları erkən (ən kəskin və kəskin mərhələdə) və gecikmiş olmaqla iki qrupa ayrılır. Erkən ağırlaşmalara ağciyər ödemi, kardiogen şok, aritmiyalar, sol məsəciyin kəskin anevrizması, miokardın xarici və daxili yırtılmaları, ürəyin tamponadası, aseptik perikardit, tromboemboliyalar aiddir. Gecikmiş ağırlaşmalar erkən infarktdan sonrakı stenokardiya, durğunluq ürək çatmamazlığı, Dressler sindromu, sol mədəciyin xronik anevrizması və başqalarıdır.

Miokard infarktının proqnozu və profilaktikası

Xəstəliyin proqnozu xəstənin stasionara nə qədər tez çatdırılmasından asılıdır. Erkən başlamış stasionar müalicə xəstənin həyatda qalma şansını artırır, ağırlaşmaların qarşısınıalır, infarktdan sonrakı dövrdə fiziki və psixoemosional reabilitasiyanı yaxşılaşdırır. 

Xəstəliyin profilaktikası üçün sağlam həyat tərzi sürülməli və xüsusilə risk qrupunda olan insanlar vaxtaşırı kardioloji müayinələrdən keçməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az


Günay Novruzova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz