Günay Novruzova hekimtap.az

Günay Novruzova

Kardioloq

11 il iş təcrübəsi

Bakı
Hipertoniya xəstəliyi

Hipertoniya xəstəliyi  

Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
4176

Paylaşıldı: 03.04.2020
Günay Novruzova

Arterial təzyiq nədir?

Arterial təzyiq (AT) fəaliyyət göstərən qan dövranı sisteminin vacib göstəricilərindən biridir. Sistolik AT – ürəyin yığılması (sistola) zamanı arterial sistemdə əmələ gələn maksimal təzyiqdir. Diastolik AT – ürəyin boşalması (diastola) zamanı arteriyalardakı minimal təzyiqdir. AT millimetr civə sütunu (mm c.s.) ilə ölçülür. AT-in normal göstəriciləri 110/70 – 130/85 mm c.s. arasındadır.

Arterial hipertoniya

Arterial hipertoniya (AH) – arterial təzyiqin davamlı yüksəlməsidir. Cavan və orta yaşlı kişilər qadınlara nisbətən AH ilə daha çox xəstələnirlər, 50 yaşdan yuxarı qadınlar arasında isə xəstələnmə halları kişilərə nisbətən daha çoxdur. AH ürəyin işemik xəstəliyi, beyin insultu və ürək çatmamazlığının əsas risk faktorlarından biridir. 

Hipertoniyanın növləri

Əmələ gəlmə səbəblərindən asılı olaraq bütün AH halları 2 qrupa ayrılır:

1 – birincili (essensial) AH – hipertoniya xəstəliyi (HX), AT-in yüksəlməsi ilə digər hər hansı bir patologiya arasında əlaqə tapmaq mümkün olmayan hallar;

 2 – ikincili (simptomatik) AH – digər patologiyanın təzahürüdür (böyrək, endokrin və sinir sistemi xəstəlikləri, damar patologiyası və s.).

Hipertoniya xəstəliyinin etiologiyası naməlum olaraq qalır. Lakin xəstəliyin inkişafına təkan verə bilən bəzi arzuolunmaz faktorlar (risk faktorları) yaxşı öyrənilmişdir. Daha yaxşı öyrənilən risk faktorlarına aşağıdakılar aiddir:

  • Irsi meyllilik;

  • fiziki aktivliyin məhdudluğu (hipodinamiya);

  • piylənmə;

  • xörək duzundan çox istifadə olunması;

  • hiperlipidemiya (ateroskleroz);

  • tütün çəkmə;

  • yaş;

  • alkoqollu içkilərin çox istifadəsi və s.

Hipertoniya xəstəliyinin əlamətləri

Xəstəliyin proqnozu əsasən hədəf orqanların (ürək, baş beyin, böyrəklər, gözlər) zədələnmə dərəcəsinə görə təyin olunur. Əksər xəstələrdə hipertoniya xəstəliyinin başlanğıc mərhələləri AT-in yüksəlməsi ilə əlaqəli olan subyektiv simptomlarla müşayiət olunmaya bilər. Belə hallarda Hipertoniya xəstəliyinin diaqnozu ancaq fizikal və instrumental müayinə nəticələrinə əsasən qoyula bilər.

Hipertoniya xəstəliyinin ən çox görünən simptomları ümumi beyin əlamətləri (başhərlənmə, başda küy, yaddaşın zəifləməsi, baş ağrıları, tez yorulma, qıcıqlılıq, unutqanlıq, gündüz yuxululuq və gecə yuxusuzluğu və b.), ürək nahiyəsində ağrılar, təngnəfəslik, ödemlər, görmənin pozulmasıdır. Xəstəyə baxış, anamnestik məlumatların tam toplanması, AT-in düzgün ölçülməsi, dəqiq laborator diaqnostika, elektrokardioqrafik və exokardioqrafik müayinələrin aparılması çox vacibdir. 

Hipertonik kriz – AT-in qəflətən yüksəlməsidir, bu hal serebral, koronar, böyrək qan dövranının əhəmiyyətli dərəcədə pisləşməsi ilə müşayiət olunur, bu da ciddi ağırlaşmalar – insult, miokard infarktı, aorta divarının laylanması, ağciyər ödemi, kəskin böyrək çatmamazlığı riskini xeyli artırır.

Bədxassəli hipertoniya AT-in əhəmiyyətli dərəcədə yüksəlməsi, hədəf orqanlarda üzvi dəyişikliklərin sürətli proqressivləşməsi ilə xarakterizə olunur. Hipertoniyanın bu variantı medikamentoz müalicəyə çox çətin tabe olur.

Hipertoniya xəstəliyinin müalicəsi

Hipertoniya xəstəliyinin müalicəsində əsas məqsəd hipertoniya ağırlaşmalarının inkişaf riskini və ölüm hallarını maksimal dərəcədə azaltmaqdır. Buna ömürlük uzun terapiya yolu ilə nail olunur.

Hipertoniya xəstəliyinin qeyri-medikamentoz müalicəsi risk faktorlarının aradan qaldırılması və ya azaldılmasına yönəlmişdir – artıq bədən çəkisinin azaldılması, xörək duzundan və alkoqoldan istifadənin məhdudlaşdırılması, tütün çəkmədən imtina, fiziki aktivliyin artırılması və s. AT-in səviyyəsindən, risk faktorlarının sayından və yanaşı xəstəliklərin varlığından asılı olmayaraq hər bir HX olan pasiyent üçün bu tədbirlərin aparılması vacibdir.

Medikamentoz terapiya hipertoniya xəstəliyinin mərhələsi, AT-in səviyyəsi, risk faktorlarının və yanaşı patologiyaların varlığı, həmçinin hədəf orqanların zədələnməsi nəzərə alınaraq təyin olunur. Başlanğıc AT-in 140/90 mm c.s.-dan yüksək olduğu istənilən halda, xüsusilə əgər xəstə yüksək və çox yüksək risk qrupuna aiddirsə, medikamentoz terapiya başlanmalıdır. 

Aparılmış tədqiqatlar göstərir ki, hipertoniyalı xəstələrin adekvat müntəzəm müalicəsi insultdan ölüm hallarını 54%, miokard infarktından ölüm hallarını 43%, damar mənşəli ölümləri 20%, ümumi ölüm hallarını 13% azaltmağa imkan verir.

Hipertoniya xəstəliyinin profilaktikası

Hipertoniya xəstəliyinin birincili profilaktikası bütün insanlara (xüsusən risk qrupunda olan) tövsiyə olunur, bunun üçün onlar vərdiş etdikləri həyat tərzinə nəzər yetirməli və lazımi dəyişikliklər etməlidirlər. İkincili profilaktika AH-sı diaqnoz kimi təsdiq olunmuş pasiyentlərə aparılmalıdır. Profilaktik kompleksə qeyr-medikamentoz (daha ciddi tədbirlər) və medikamentoz terapiya aiddir. Həmçinin, fizioterapevtik prosedurlar, müalicəvi bədən tərbiyəsi, psixoterapevtik treninq və autotreninqlər, sanitar-kurort müalicəsi məsləhət görülür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Günay Novruzova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz