Günay Novruzova hekimtap.az

Günay Novruzova

Kardioloq

11 il iş təcrübəsi

Bakı
Hamiləlikdən sonrakı kardiomiopatiya (postpartum kardiomiopatiya)

Hamiləlikdən sonrakı kardiomiopatiya (postpartum kardiomiopatiya)

Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
2196

Paylaşıldı: 30.04.2020
Günay Novruzova

Postpartum kardiomiopatiya nədir

Postpartum kardiomiopatiya (PP KMP) – hamiləliyin son ayında və ya doğumdan sonrakı ilk 5 ay ərzində əmələ gələn, ürək çatmamazlığı əlamətləri və sol mədəciyin funksiya pozğunluğu ilə özünü göstərən, nadir, lakin ciddi ağırlaşmalara səbəb ola bilən klinik tablodur. Bu xəstəlikdə ürək boşluqları (əsasən sol şöbələr) genişlənir, ürək əzələsi “gücsüzləşir” və kifayət qədər qan pompalaya bilmir, bunun nəticəsində ürək çatmamazlığı meydana gəlir. 

Hamiləlikdən sonrakı KMP-ni digər ürək çatmamazlığı formalarından fərqləndirən əsas kriteriyalar bunlardır:

  • ürək çatmamazlığı hamiləliyin son ayında və ya doğumdan sonrakı ilk 5 ay ərzində əmələ gəlməlidir;
  • ürəyin yığılma (pompa) funksiyası azalmış olmalıdır (exokardioqrafiyada bu göstərici <45% olur; sağlam ürəkdə >55% olmalıdır);
  • ürək çatmamazlığını əmələ gətirəcək başqa səbəb tapılmamalıdır.

Risk faktorları

Hamiləlikdən sonrakı KMP-nin əmələ gəlməsi üçün əsas risk faktorları aşağıdakılardır:

  • arterial hipertoniya;
  • şəkərli diabet;
  • preeklampsiya (ilk dəfə hamiləliyin 20-ci həftəsindən sonra müşahidə olunan arterial hipertoniya və sidiklə zülal ifraz olunması);
  • erkən doğumu önləmək üçün dərman qəbul etmək;
  • hamiləlik yaşının 30-dan çox olması;
  • əvvəllər 1 və ya daha artıq doğum keçirmək;
  • çoxdöllü hamiləlik (əkiz, üçüz və s.);
  • neqroid irqə mənsub olmaq;
  • toksik maddələrdən istifadə etmək (məs., kokain). 

Bütün bunlara baxmayaraq, PP KMP bütün irqlərin nümayəndələrində, çox gənc hamiləlikdə və ilk hamiləlikdə də rast gəlinir.

Postpartum kardiomiopatiyanın səbəbləri

Xəstəliyin əsas səbəbi naməlumdur. Bəzi mülahizələrə görə iltihab, miokardit, anormal immunoloji cavab, qidalanma pozğunluqları, stres, hormonal və digər amillər səbəb ola bilər. Ana bətnində dölün inkişaf edə bilməsi üçün ananın immun sistemi qismən zəifləyir, bu vəziyyət orqanizmə daxil olan bəzi virusların ürək toxumasında daha təsirli ola bilməsi riskini artırır. Hamilələrdə bəzi fetal (dölə aid) hüceyrələr ananın qan dövranına keçib ananın ürəyinə daxil ola bilir. Doğumdan sonra ananın immun sisteminə zəiflədici təsir aradan qalxdığı üçün bu hüceyrələrə qarşı antikorların (immunoqlobulinlərin) əmələ gəlməsi ürək toxumasında zədələnmələrə səbəb ola bilir. Həmçinin, bəzi hormonlar (məs., prolaktin) hamiləlikdə artan oksidativ stres ilə birlikdə ürəyə gələn qan axımını azaldaraq ürək əzələsində hüceyrələrin ölümünə gətirib çıxara bilər.

Klinik əlamətlər

Xəstəlik özünü ürək çatmamazlığı simptomları ilə büruzə verir:

  • yorğunluq: xəstə davamlı olaraq özünü halsız və yorğun hiss edir, gündəlik işləri görməyə belə çətinlik çəkir;
  • təngnəfəslik: əvvəl fiziki iş zamanı, sonra sakitlik halında da əmələ gəlir, getdikcə xəstə arxası üstə uzana bilmir, ancaq oturaq vəziyyətdə nəfəs ala bilir;
  • bədəndə maye yığılması: ayaqlarda və topuqlarda ödem, qarında şişkinlik hissi və ağrı, bədən çəkisinin artması, öskürmə, gecə sidiyə getmə saylarının artması baş verir;
  • taxikardiya, aritmiya;
  • bənizin solğunluğu, “bayılma hissi“;
  • trombozlar: bəzi xəstələrdə ürəkdə əmələ gələn tromb digər orqanlara atılaraq müvafiq əlamətlər verir (insult, infarkt, qanlı öskürək və tənəffüs çatmamazlığı).

Əksər hallarda bu simptomların bir çoxu hamiləliyin son aylarında və doğumdan sonrakı ilk aylarda zəif şəkildə görüldüyü üçün PP KMP diaqnozu gecikdirilə bilər. 

Diaqnostika

Diaqnoz klinik əlamətlərə, EKQ və ExoKQ, kardiak MRT müayinələrinə, qanın laborator analizlərinə əsasən qoyulur. 

Müalicə

Hamiləlikdən sonrakı KMP-nin əsas müalicəsi xəstəliyin etioloji, patogenetik amillərinin  və ürək çatmamazlığı əlamətlərinin aradan qaldırılmasına yönəldilir. Ağırlaşmaların profilaktikası və müalicəsi aparılır. Ümumi möhkəmləndirici və psixi-emosional sakitləşdirici tədbirlər görülür. 

Proqnoz

Xəstəlik erkən aşkar olunarsa və ağırlaşmalar baş verməzsə, proqnoz qənaətbəxşdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Günay Novruzova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz