Günay Novruzova hekimtap.az

Günay Novruzova

Kardioloq

11 il iş təcrübəsi

Bakı
DRESSLER SİNDROMU

DRESSLER SİNDROMU

Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
2843

Paylaşıldı: 28.04.2020
Günay Novruzova

Dressler sindromu nədir

Bu sindrom 1955-ci ildə amerikalı həkim V.Dressler tərəfindən kəskin moiokard infarktının ağırlaşması kimi təsvir olunmuşdur. Miokard infarktının 2-6-cı həftəsində perikardın, plevranın və ağciyərlərin autoimmun zədələnməsi ilə xarakterizə olunur. Dressler sindromu üçün tipik triada xarakterikdir: 

- perikardit;

- plevrit;

- pnevmoniya.

Bəzən bu triada oynaqların sinovial qişasının autoimmun zədələnməsi ilə müşayiət olunur.

Dressler sindromunun səbəbləri

Dressler sindromu miokard infarktlı xəstənin orqanizmində miokardial və perikardial antigenlərə qarşı antitellərin olması ilə əlaqələndirilir. İnkişaf mexanizminin əsasında miokard hüceyrələrinin parçalanması və toxuma nekrozu məhsullarının qana keçməsi durur. Buna cavab olaraq orqanizmdə dəyişilmiş zülallar sintez olunur və bu zülallara qarşı immun sistem sürətlə antitellər əmələ gətirir.

Əgər pasiyentdə destruktiv zülallara qarşı hiperhəssaslıq varsa, antitellər həmçinin, döş qəfəsini, ürəyi, ağciyərləri və oynaqları əhatə edən qişalardakı «özünün» zülallarına da aktiv hücum edir. Bəzən bu cür immun aqressiya bu orqanların iltihabi zədələnməsinə səbəb olur.

Pasiyentdə artıq var olan autoimmun xəstəliklər və keçirilmiş miokard infarktından sonra hərəkət aktivliyinə gec başlanılması Dressler sindromunun yaranmasına təkan verir. 

Dressler sindromunun əlamətləri

Xəstəliyin özünü büruzə verməsi seroz qişaların və ağciyərlərin zədələnmə dərəcəsindən asılıdır. 

Perikardit Dressler sindromu zamanı adətən çox ağır keçmir. İnfarktından 2-6-cı həftəsində ürək nahiyəsində ağrılar əmələ gəlir; ağrılar kəskin deyil, nitroqliserin qəbulu ilə keçmir, 30-40 dəqiqə və daha çox davam edir. Subfebril temperatur (37-38°C) və zəiflik müşahidə olunur. Bir qayda olaraq, ağrı və temperatur bir neçə gündən sonra itir. Perikard boşluğuna yığılan maye çox deyil və adətən hemodinamik pozğunluqlar törətmir. 

Plevrit postinfarkt sindrom zamanı birtərəfli və ya ikitərəfli ola bilər. Döş qəfəsində tənəffüs zamanı güclənən ağrılar əmələ gəlir, auskultasiyada plevranın sürtünmə küyü eşidilir. Plevra boşluğuna maye yığıldıqda ağrılar və küy itir.

Pnevmoniya Dressler sindromunda perikardit və plevritə nisbətən daha az rast gəlinir, özünü təngnəfəsliyin artması ilə göstərir. Ağciyərlər üzərində məhdud sahədə krepitasiyalar və ya yaş xırıltılar eşidilir. 


Dressler sindromunun diaqnostikası

Xəstəliyin diaqnozu qanın biokimyəvi və immunoloji analizi, döş qəfəsinin və oynaqların rentgenoqrafiyası, exokardioqrafiya, MRT və s. əsasən qoyulur. Postinfarkt sindromun əsas diaqnostik meyarları keçirilmiş miokard infarktından 2-6 həftə sonra əlamətlərin başlaması və qlükokortikoidlərin təyini ilə sürətlə keçməsidir. 

Dressler sindromunun müalicəsi 

Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müvafiq müalicə təyin olunur. Müalicə mütləq olaraq stasionar şəraitdə, hemodinamik göstəricilərin dinamik müşahidəsi altında aparılmalıdır. Perikard və plevraya yığılan mayenin miqdarı çox olarsa, punksiya icra edilir və maye çəkilir. Dressler sindromunun müalicəsində antibiotiklər effektli deyil.

Dressler sindromunun profilaktikası

Dressler sindromunun əmələ gəlmə ehtimalını azaldan əsas tədbir miokard infarktı keçirmiş xəstənin erkən dövrdə hərəkət aktivliyini bərpa etməsidir. Bu dövr infarktın 2-3-cü günündə, xəstənin xəstənin vəziyyətini və ağırlaşma riskini dəyərləndirərək həkim tərəfindən təyin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Günay Novruzova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz