Günay Novruzova hekimtap.az

Günay Novruzova

Kardioloq

11 il iş təcrübəsi

Bakı
ARİTMİYA

ARİTMİYA

Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
19422

Paylaşıldı: 30.04.2020
Günay Novruzova

 Aritmiya nədir

Aritmiya – ürək yığılmalarının sayının, ritminin və ardıcıllığının pozulmasıdır. Bu, patologiyanın ümumi adıdır, ürəyin normal ritmindən başqa bütün dəyişiklikləri ifadə edir. Aritmiyanın növləri çoxdur, bunların bəziləri həyat üçün təhlükəlidir. Aritmiya həm gənc, həm yetkin yaşda, hətta uşaqlarda da rast gəlinir. 


Aritmiyanın növləri

Aritmiyalar əsasən 3 böyük qrupa ayrılır: 

  • impulsun əmələ gəlməsinin pozulması;
  • impulsun ötürülməsinin pozulması;
  • kombinəolunmuş ritm pozğunluqları.

Bəzi aritmiyalar həyat üçün təhlükəlidir, bəziləri ciddi ağırlaşmalarla    nəticələnə bilər, bəziləri isə klinik əhəmiyyət daşımır.

Aritmiyanın səbəbləri və tətikləyici faktorlar

Hətta özünü tam sağlam hesab edən insanda da aritmiya baş verə bilər. Aritmiyalar kardiak və qeyri-kardiak səbəblərdən yaranır. Ürəyin keçirilmiş xəstəlikləri, qüsurlar, ürəyin elektrik sistemində struktur anomaliyaları və s. aritmiyaya səbəb olur. Qeyri-kardiak səbəblərə aiddir: genetik faktor, artıq çəki, hormonal dəyişikliklər, fiziki yüklənmə, alkoqol və siqaret, sinir sistemi pozğunluqları, qeyri-adekvat qidalanma, yuxusuzluq, şəkərli diabet, bəzi dərman preparatları və s.

Aritmiyanın funksional növləri tez-tez rast gəlinir, səbəbi psixogen, reflektor və humoral pozğunluqlardır. Səbəb aradan qaldırıldıqdan sonra ritm normallaşır.


Aritmiyanın əlamətləri

Əsas klinik əlamətlər bunlardır:

  • qəflətən əmələ gələn zəiflik və əzginlik;
  • ürək yığılmalarının sayının artması və insanın bunu hiss etməsi;
  • döş qəfəsində sıxılma, “boğulma” hissi;
  • təngnəfəslik tutması;
  • ürəkdə “dayanma hissi“;
  • qəflətən baş hərlənməsi və ya huşun itməsi, baş ağrıları və s.

Bütün bu simptomlar həkimə müraciət etmək üçün ciddi “siqnaldır”


 Tutma necə başlayır

Aritmiya tutmalarının başlanması hiss olunmaya da bilər. Yüngül həyəcan və əzginlik, hava çatmamazlığı hissi yarana bilər. Başhərlənmə əsas əlamətlərdəndir. Pasiyent qeyri-ixtiyari olaraq əlini ürək nahiyəsinə qoyur, sanki bununla sakitləşməyə çalışır. Belə hallarda qorxmaq və təşvişə düşmək lazım deyil. Təcili tibbi yardım briqadası çağırmaq, xəstəni uzatmaq, qalstuku və yaxalığı açmaq, otağın pəncərəsini açıb təmiz hava gəlməsini təmin etmək, emosional olaraq sakitləşdirmək lazımdır. 


Aritmiyaların diaqnostikası

Diaqnoz xəstənin anamnezinə, elektrokardioqrafiya, exokardioqrafiya, Holter müayinəsi, tredmil-test, qanın analizi və b. müayinələrə əsasən qoyulur.


Aritmiyaların müalicəsi

Müalicə stasionar və ya ambulator şəraitdə aparıla bilər. Aritmiya erkən mərhələdə aşkar olunarsa, müalicəyə yaxşı tabe olur. Yanaşı xəstəliklərin müalicəsi və tətikləyici faktorların aradan qaldırılması vacibdir. 


Aritmiyaların proqnozu

Proqnoz əsasən qənaətbəxşdir. Yüngül aritmiya növləri təhlükəli deyil. Həyati təhlükə daşıyan aritmiyalar stasionarda müalicə olunmalıdır, bəzi hallarda proqnozu pisdir. 

Aritmiyaların vaxtında aşkar olunması üçün heç bir şikayət və narahatlıq olmasa belə, ildə ən az bir dəfə kontrol elekrokardiqramma müayinəsindən keçmək və kardioloqun qəbulunda olmaq vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Günay Novruzova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz