Günay Novruzova hekimtap.az

Günay Novruzova

Kardioloq

11 il iş təcrübəsi

Bakı
Aortal stenoz

Aortal stenoz

Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
3013

Paylaşıldı: 13.05.2020
Günay Novruzova

Aortal stenoz – aorta qapaq taylarının bitişməsi nəticəsində aorta ağzının daralmasıdır. Aortal qapaq dəliyinin sahəsinin 50% və daha artıq daralması qanın sol mədəcikdən aortaya qovulmasına mane olur. Aortal stenozun tezliyi ürəyin bütün qapaq qüsurlarının 25%-ni təşkil edir. 

Aortal stenozun səbəbləri

Aortal qapaq sahəsinin daralmasının səbəbi 50-80% hallarda revmatizmdir. Digər etioloji faktorlara ateroskleroz, aorta ağzının idiopatik kalsinozu, infeksion endokardit (qapaqlarda trombotik çöküntülərin çapıqlaşması nəticəsində) aiddir. 

Aortal stenoz zamanı hemodinamika

Aorta qapaq sahəsinin daralması sol mədəcikdən aortaya qanın qovulmasına əhəmiyyətli dərəcədə mane olur. Sol mədəciyin təzyiqlə yüklənməsi artır, yığılma funksiyasının azalması, onun miogen dilatasiyası və nəticədə sol qulaqcığın yüklənməsi baş verir. Artmış təzyiq retroqrad olaraq ağciyər venalarına ötürülür, passiv venoz ağciyər hipertenziyası inkişaf edir. Sağ mədəciyin əhəmiyyətli hipertrofiyası adətən baş vermir.

Kompensator olaraq sol mədəcik boşluğunda sistolik təzyiq artır. Sol mədəciklə aorta arasında təzyiq qradiyenti 100-150 mm c.s.-na qədər yüksəlir. Sol mədəciyin əhəmiyyətli konsentrik hipertrofiyası inkişaf edir, sistola uzanır, bradikardiya əmələ gəlir. 

Qüsurun kompensasiyasında güclü sol mədəcik əzələsi iştirak edir, ona görə də aortal stenoz üçün uzun müddətli (15-20 il və daha artıq) kompensasiya dövrü xarakterikdir. Hətta fiziki gərginlik zamanı belə sol mədəciyin nasos funksiyası pozulmur. Dekompensasiyanı miokardın işemiyası yaradır (miokard kütləsi ilə koronar tor arasında uyğunsuzluq nəticəsində). 

Klinik əlamətlər

Xəstənin şikayətləri təngnəfəslik, döş qəfəsində ağrılar, başhərlənmə və bayılmalar, ümumi zəiflik, yorğunluqdan şikayətlənirlər. Sonradan ürək astması və ağciyər ödemi əlamətləri, ürəyin ritm və keçiricilik pozğunluqları da qoşulur.

Xəstənin dəri örtükləri avazıyır. Əllə müayinədə ürəyin hüdudlarının sola böyüməsi aşkar olunur. Stetoskopla dinləmədə sistolik küy eşidilir. Nəbz kiçik və yavaşdır. Güclü zirvə vurğusu ilə kiçik nəbz dalğası arasındakı uyğunsuzluq xarakter əlamətdir. Sistolik təzyiq, xüsusilə nəbz təzyiqi azalır. 

Diaqnostika

Diaqnoz elektrokardioqramma, exokardioqramma, rentgenoqrafiya, fonokardioqramma və sfiqmoqramma (xoruz pipiyi şəkli) müayinələrinə əsasən qoyulur. Diaqnostikada “qızıl standart“ müayinə üsulu bütün qapaq qüsurlarında olduğu kimi exokardioqrafiyadır. 

Ağırlaşmalar

Əsas ağırlaşmalara beyin qan dövranının pozulması, infeksion endokarditdir. Xəstəliyin simptomları üzə çıxdıqdan sonra xəstənin ömrü 3-4 il və daha az müddətədək qısalır (mitral stenozda bu, 10 ildən çoxdur!). Cərrahi müalicə olunmayan xəstələr bayılmalar və anginoz ağrılar meydana çıxdıqdan sonra orta hesabla 3 il, təngnəfəslik əmələ gəldikdən sonra 2 il və ilk ağciyər ödemindən sonra təxminən 4 ay keçdikdə tələf olurlar. Ölən xəstələrin orta yaş həddi 47-dir. 

Aortal stenozun müalicəsi və profilaktikası

Dərman müalicəsi aritmiyalara və ürək çatmamazlığına qarşı aparılır. Protez qapaqlar qoyulduqdan sonra ömür boyu antikoaqulyant dərmanlar qəbul edilməlidir. Cərrahi müdaxiləyə göstərişlər təzyiq qradiyentinin 50 mm c.s.-dan çox olması və aortal qapaq dəliyinin sahəsinin 0.75 kv.sm və daha az olmasıdır. Cərrahi müalicə olunmuş xəstələrin 10 illik yaşama göstəricisi 60-70% təşkil edir.

Revmatik atakların profilaktikası aparılmalıdır. Qüsurun hətta simptomsuz gedişində də ağır fiziki gərginlik aradan qaldırılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Günay Novruzova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz