Günay Novruzova hekimtap.az

Günay Novruzova

Kardioloq

11 il iş təcrübəsi

Bakı
ŞƏKƏRLİ DİABET VƏ ÜRƏK-DAMAR SİSTEMİ

ŞƏKƏRLİ DİABET VƏ ÜRƏK-DAMAR SİSTEMİ

Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
2256

Paylaşıldı: 26.04.2020
Günay Novruzova

Şəkərli diabet niyə qorxuludur

Mikro- və makrodamar yatağının zədələnməsində klassik modellərdən biri şəkərli diabet xəstəliyidir. Bu xəstəlik zamanı gözlərin zədələnməsi 80-90%, böyrəklərin zədələnməsi 35-40%, magistral damarların aterosklerozu (ürəyin, beynin, aşağı ətrafların) 70% hallarda baş verir. Bütün damar yatağının bu cür geniş miqyaslı zədələnməsini başqa heç bir xəstəlik törətmir. II tip şəkərli diabet xəstələrinin əsas əlillik və ölüm səbəbi ürək-damar sisteminin patologiyalarıdır (infarkt, ürək çatmamazlığı, insult). Şəkərli diabet ürək xəstəliklərinin əmələ gəlmə riskini 3-4 dəfə artırır.

Risk faktorları

Şəkərli diabet xəstələrində aterosklerozun yaranmasının risk faktorları çox önəmlidir. Bunlara aiddir:

 I Qeyri-spesifik risk faktorları:

1.dəyişilə bilinməyən: yaş, kişi cinsi, irsiyyət, menopauza;
2.dəyişilə bilən: siqaret çəkmə, az hərəkətlilik (hipodinamiya), piylənmə, dislipidemiya, arterial hipertoniya.

II Spesifik risk faktorları: hiperqlikemiya, hiperinsulinemiya, insulinə rezistentlik.

Klinik simptomlar

Şəkərli diabet xəstəliyi olan qadınlar koronar arteriyaların aterosklerozundan onları qoruyan təbii müdafiədən məhrum olurlar. Şəkərli diabet üçün kəskin və xronik damar çatmamazlığının ağrısız (lal) gedişi xarakterikdir. Bunun səbəbi diabetik neyropatiya nəticəsində ürək əzələsinin innervasiyasının pozulmasıdır. Diabetli xəstələrdə infarktdansonrakı ağırlaşmalar (kardiogen şok, durğunluq ürək çatmamazlığı, aritmiyalar) və ölüm halları daha çox rast gəlinir, ürəyin işemik xəstəliyinin müalicəsində nitropreparatların effektivliyi azalır.

Müayinə

Şəkərli diabet xəstələrində ürək patologiyalarının aşkar olunmasının çətinliyini nəzərə alaraq yüksək risk qrupunda olan xəstələrdə, hətta şikayətlər olmasa belə, ürək patologiyalarının aktiv skrininqi (ilkin müayinəsi) aparılmalıdır. Elektrokardioqramma, exokardioqramma, Tredmil-test (fiziki yük sınağı), Holter (EKQ-nin sutkalıq qeydi), angioqrafiya müayinələrinin olunması vacib şərtdir. 

Müalicə prinsipləri

Müalicə əsasən risk faktorlarının korreksiyasına yönəldilməlidir; qanda şəkərin səviyyəsi, arterial təzyiq, lipid dəyişikliyi, qanın laxtalanma sisteminin pozulması kontrol altına alınmalıdır. Dərman müalicəsinə tabe olmayan xəstələrə angioqrafiya olunması, stent qoyulması və ya aorta-koronar şuntlama əməliyyatının aparılması tələb oluna bilər.

Profilaktika

Şəkərli diabet xəstələri yaşından və şikayətlərinin olub-olmamasından asılı olmayaraq mütləq şəkildə kardioloqa müraciət etməli, ətraflı müayinə olunmalıdır. Erkən aşkar olunmuş ürək-damar patologiyası və onun vaxtında düzgün müalicəsi insan ömrünü uzadır və həyat keyfiyyətini yaxşılaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Günay Novruzova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz