Aytən Babaxanova hekimtap.az

Aytən Babaxanova,Ali dərəcəli həkim, PhD

Endokrinoloq

Ali dərəcəli həkim, Tibb üzrə fəlsəfə doktoru

13 il iş təcrübəsi

Bakı
şəkərli diabet nədir

Dünyada ən “şirin” xəstəlik və yaxud “Şəkərli diabet” nədir?

Müəllif: Aytən Babaxanova
51349

Paylaşıldı: 30.10.2017
Aytən Babaxanova

Qısa olaraq “Şəkərli diabet” nədir?

“Şəkərli diabet maddələr mübadiləsinin xroniki pozulmalarının bir qrupu olaraq mədəaltı vəzin qandakı qlükozanın  toxuma hüceyrələrinə keçməsini təmin edən xüsusi hormonunun sekresiyası və/və ya bu hormonun təsirinin pisləşməsi ilə əlaqədar qlükoza miqdarının qanda qalxması – hiperqlisemiya ilə özünü göstərir.”  Bu uzun cümlədə ən vacib sözlər: XRONİKİ və HİPERQLİSEMİYA anlayışlarıdır. Başqa sözlə,  hər təsadüfi hiperqlisemiya hələ ki, Şəkərli diabet olmaya da bilər. Bu xroniki hiperqlisemiya isə zaman getdikcə  toxumalarda dəyişikliklər yaradaraq  ən çox ürək-damar və sinir sistemlərində, böyrəklərdə, gözün torlu qişasında və dəridə, əslində isə bütün orqan və sistemlərdə ağırlaşmalara gətirib çıxarır.

“Diabet” sözü nə deməkdir?

Bu barədə müxtəlif fikirlər var. Qərb ədəbiyyatında daha çox qəbul olunub ki, “diabet” haqqında ilk yazılı məlumat b.e.ə I əsrdə yaşamış yunan alimi  Kapadokyalı Aretaeusdan gəlir. O,  bu xəstəliyi ifrat sidik ifrazına işarə edən “diabainein” (sifon borusu) sözü ilə ifadə etmişdir. 1425-ci ildə “diabet” sözü ədəbiyyatda işlənməyə başlanmış, 1675-ci ildə isə xəstəliyin adına “bal kimi şirin” mənası verən “mellitus” yunan sözü də əlavə olunmuşdur. Beəliklə, bu xəstəliyin beynəlxalq adı “Diabetes mellitus” – şəkərli diabet bütün dillərdə qəbul olunmuşdur. 

Şəkərli diabetin hansı əsas növləri var?

Şəkərli diabet – tip 1
Bu zaman 90 % hallarda tam anlaşılmayan səbəblərdən bədənin immun sistemi hüceyrələrinin  öz mədəaltı vəzisi adacıqlarında yerləşən beta hüceyrələrinə  hücumu – autoimmun proses nəticəsində mədəaltı vəzinin hormon hasil edən beta hüceyrələri sıradan çıxır. 10 % hallarda isə səbəb idiopatikdir və heç bir antitellər təyin olunmur. ŞD-1 adətən uşaq və yeniyetmə yaşlarında (19 yaşa qədər) üzə çıxır və bu xəstələr ömürlük hormon inyeksiyalarına möhtac olurlar. Ona görə də əvvəllər “Yuvenil diabet” və ya “Hormondan asılı diabet” adlanırdı. 1-ci tip ŞD xüsusilə ketoasidoz ağırlaşma verə bilir.

Şəkərli diabet – tip 2
Bu zaman poligenetik səbəblər və yaşam faktorlarının təsirindən toxuma hüceyrələrində hormonun təsirinə qarşı rezistentlik yaranır və/və ya beta hüceyrələrin fəaliyyətinin pozulması nəticəsində nisbi və yaxud mütləq hormon çatışmazlığı yaranır. Çox vaxt orta yaş və daha yaşlılarda yarandığı üçün və müalicəsində əsasən peroral hipoqlikemik preparatlar işləndiyi üçün əvvəllər “Böyüklərdə başlanan şəkərli diabet” və ya “Hormondan asılı olmayan diabet” adlanırdı. ŞD-tip 2 bütün diabet saylarının 90-95%-ini təşkil edir.  “Şəkərli diabet XX və XXI əsrin epidemiyasıdır” dedikdə məhz ŞD-tip 2 sayının xeyli artması nəzərdə tutulur.

Gestatsion diabet (GD)

Bu zaman hamilə qadınlarda ilk dəfə qanda şəkərin yüksəlməsi və ya qlükoza intolerantlığı qeyd olunur və hamiləlik başa çatdıqdan sonra bitir. Səbəb hormonal proseslər nəticəsində qanda qlükoza miqdarına qarşı qeyri-toleranttlıq hesab olunur. Əgər öncədən ŞD olan qadın hamilə qalıbsa, bu GD deyil. Əgər hiperqlisemiya doğuşdan sonra aylar keçməsinə baxmayaraq davam edirsə, bu artıq ŞD-tipidir.

Şəkərli diabetin hansı spesifik növləri var?

Spesifik, başqa sözlə ikincili növlər  dedikdə bu xəstəlik konkret  bir ön  səbəbin və ya digər bir xəstəlyin tapılması nəzərdə tutulur. Bura aiddir:
 - Mədəaltı vəzin beta hüceyrələrinin və ya sintez olunan hormonun təsdiq olunmuş genetik defektləri (nadir monogenetik diabet növləri)
 - Şəkərli diabetlə bağlı olan digər genetik sindromlar
 - Mədəaltı vəzinin struktur xəstəlikləri – sistik fibroz, qeyrispesifik pankreatitlər, hemoxromatoz, şişlər, pankreatoektomiya (əməliyyatla çıxarılması)
 - Endokrin sistemi xəstəlikləri ilə bağlı – akromeqaliya, Kuşinq sindromu və xəstəliyi, qlükaqonoma, hipertireoidizm, feoxromasitoma
 - İnfeksiyalar (məsələn, epidemik parotit nəticəsində)
 - İmmunpatologiya ilə bağlı nadir xəstəliklər.
 - Dərman və ya toksiki təsirli – atipik antipsixotiklər, kortikosteroidlər, tiazidlər, betaadrenoblokatorlar,  proteaza inhibitorları və digər

Burada mühüm bir haşiyə çıxararaq qeyd edək ki, son illər beta-adrenoblokatorların metabolik-aterogen və diabetogen mənfi təsiri olduğunu sübut edən məlumatlar toplandığı üçün onlar arterial hipertenziyanın bazis preparatları siyahısından çıxarılıb. Arterial hipertenziya müalicəsində dünyada mayak rolunu oynayan JNC-8 kliniki protokollarında yalnız xüsusi hallarda bu tip preparatların tətbiqi tövsiyyə olunur. Qeyd edək ki, belə mənfi metabolik təsirlər həm qeyri-selektiv beta adrenoblokatorlarda, həm də köhnə nəsil seçmə beta adreno-blokatorlarda qeyd olunur. Bəzi tədqiqatlara görə,  modern seçmə beta-blokatorlarda belə xoşagəlməz metabolik təsirlər yoxdur və ya cüzidir. Hər halda bu dərmanları şəkərli diabet xəstələrinə təyin etməzdən öncə bir daha düşünməyə yetərincə əsas var. Nəzərə alsaq ki, bu preparatlar həm də hipoqlisemiya əlamətlərini maskalayaraq ifrat hipoqlisemik müalicə fonunda xəstəni təhlükəli ağırlaşmalar qarşısında da qoya bilirlər.

Şəkərli diabet nə üçün çox qorxulu xəstəlikdir?

 Qanda şəkərin qalxması və ya onun müalicəsi ilə əlaqədar olan birbaşa və ya dolayı kəskin ağırlaşmalar həyati təhlükə yaradır. Bunlar diabetik ketoasidoz, qeyri-keton diabetik  hiperosmolyar hiperqlisemiya və müalicə-qida rejimi ilə bağlı kəskin hipoqlisemiyadır. Amma bundan başqa ŞD-in xroniki təhlükəli ağırlaşmaları da var:

İri damar xəstəlikləri – ŞD  xəstələrində ürək-damar xəstəlikləri ağırlaşmaları (koronar arteriya xəstəliyi, insult/TİA, ətrafların damar xəstəlikləri 2-4 dəfə çox rast gəlinir.

Retinopatiya – göz dibində anevrizmaların yaranması, müxtəlif ölçülü qansızmalar, sərt və yumşaq ekssudatlar, makulyar ödem, patoloji neovaskulyarizasiya, torlu qişanın qopması, intraretinal vaskulyar anomaliya, neovaskulyar qlaukoma 

Nefropatiya – böyrəklərdə struktur və funksiya dəyişiklikləri tədricən böyrək çatışmazlığı ilə nəticələnir.

Neyropatiya – xəstələrin 50%-də qeyd olunur. Bunlara klassik distal simmetrik polinevropatiyadı,  III, IV, VI və VII  KBS nevropatiyaları, multipleks mononevritlər,  distal və proksimal poliradikulonevropatiyalar, autonomik nevropatiyalar aiddir.

“Diabetik ayaq” – yerli vaskulopatiya, neyropatiya, osteoartropatiya ilə bağlı lokal ciddi infeksiyaların artmış riski olan, ağırlaşdığı təqdirdə qanqrenaya və nəticədə amputasiyaya gətirib çıxaran xüsusi  bir haldır.

Şəkərli diabet xəstələrinə hansı müayinələr olunur?

Kliniki protokollar üzrə ŞD və onun ağırlaşmaları barədə əsas müayinələr: qanda qlükoza, C-peptid, elektrolitlər, anion fərqi, osmolyarlıq,  ketonlar, kreatinin, urea, HbA1C,  lipidlər, ALT, qələvi fosfataza,  kreatinin-kinaza, TSH, sidik albumin/kreatinin əmsalı. Bundan başqa, rutin müayinələr – EKQ, göz dibi müayinəsi, qarın boşluğu orqanlarının USM və göstəriş üzrə digər metodlar da tətbiq olunur. Lakin praktikada yuxarıda qeyd olunan müayinə metodlarının hamısı hər xəstəyə ucdantutma tətbiq olunmur. 

Bəzi xüsusi müayinələr -  antitellər, GAD65 antitelləri, adacıq hücrələri antiteli də tətbiq oluna bilər.

Şəkərli diabetin diaqnostik kriteriyaları hansıdır?

Düşünülənin əksinə olaraq, şəkərli diabetin diaqnostikası lap asan deyil. Yəni, hər təsadüfi  hiperqlisemiya halına, özü də tipi üzrə  ŞD diaqnozu qoymaq mümkün deyil. Xüsusən nəzərə alsaq ki, tədqiqatlar həm “ŞD-tip 1” hallarının bir sıra şəxslərdə böyük yaşlarda, “ŞD-tip 2” hallarının isə yeniyetmələrdə də üzə çıxa bildiyini göstərmişdir.  Hələlik incəliklərə varmayaraq 4 cür  müayinə kriteriyasının olduğunu qeyd edirik. Plazmada acqarına qlükoza miqdarı, 75 qramlıq oral qlükoza tolerantlıq testi (OGTT), qlükolizəolunmuş hemoqlobin miqdarı (Hb1Ac) və  plazmada qlükoza miqdarının təsadüfi təyini. Qanda acqarına qlükozanın təyini və acqarına-toxqarına olub olmamasından asılı olmayaraq Hb1Ac təyini həm daha asan, həm də daha ucuz başa gələn metoddur.  Təklif olunur ki, hiperqlisemiya aşkar olunduğu təqdirdə başqa bir gündə acqarına plazmada qlükozanın təkrar laborator müayinəsi olunsun.  Nəticələrə əsasən diaqnostika aşağıdakı cədvəldə göstərilir:

Qeyd: OGTT- oral qlükoza tolerantlıq testi, ppBG – postprandial blood glucose, yəni 2 saat bundan əvvəl qida qəbul etmiş şəxsdə qanda qlükozanın təyini

Beləliklə, ən azı 2 dəfə acqarına analiz zamanı qanda qlükoza 126 mq% (7mmol/l-dən çox) və daha yuxarıdırsa,  “Şəkərli diabet” diaqnozu qoyula bilər. Əgər müsbət simptomatika (çox su içmə, çox sidik ifrazı, çox qida qəbulu fonunda arıqlama) olan şəxsdə plazmada təsadüfü qlükoza miqdarı 200 mg%-dən çoxdursa, bu böyük ehtimalla “Şəkərli diabet” deməkdir.

Plazmada qlükoza miqdarı: mg% ya mmol/l?

Bir sıra hallarda xəstələr evdə ölçdükləri cihazların göstəricilərinə əsasən mmol/l ölçmə vahidinə əsasən nəzarət edirlər. Digər hər hansı bir laboratoriyada mg%-lə olan göstəricinin məhz neçə mmol/l  olduğunu təyin etməkdə çətinlik çəkirlər. Yaxud əksinə mg%-lə nəticələri mmol/l ilə müayisə edə bilmirlər. Bu isə  çox asandır.  Əgər nəticə mg%-dirsə 18-ə bölmək lazımdır. Nəticə mmol/l-dirsə 18-ə vurmaq lazımdır.  Beləliklə, normal qlükozanın yuxarı həddi 100 mg% olduğu üçün 100/18=5,5 (mmol/l). Şəkərli diabet ən azı iki dəfə plazmada qlükoza acqarına 126 mg%-dən yuxarı olduqda qoyulur. 126 mg%: 126/18=7 (mmol/l). Əksinə çevirmək üçünsə mmol/l ilə olan ədədi 18-ə vururuq. Məsələn, 7  mmol/l üçün  7x18=126 mq%.    

Kimlər skrininq müayinə olunmalıdır?

ŞD-tip 1 üzrə
Xüsusilə bəzi rus müəlliflərinin canfəşanlıq etməsinə baxmayaraq tədqiqatlarda ŞD-tip 1 üzrə autoantitellər təyin olunduğu halda diabetin qarşısını alan heç bir profilaktiki üsul yoxdur. Ona görə də ŞD-tip 1 üzrə, yəni uşaq və yeniyetmələrdə ŞD görə skrininq müayinələri yalnız şübhə olduğu təqdirdə aparılır. ŞD-tip 1 üzrə sağlam həyat tərzi amillərinin isə ŞD-tip 2 üzrə ayrıca özəl bir fərqi yoxdur. Qeyd olunduğu kimi, əsas fərq əsasən müalicəsində və bununla əlaqədar olaraq qidalanma rejimində  özünü göstərir.

ŞD-tip 2 üzrə
Amerika Diabet Assosiasiyasının (ADA) rəsmi rekomendasiyalarına əsasən aşağıdakı şəxslər ŞD-tip 2 üzrə risk qrupuna aiddirlər və ən azı 3 ildən bir, yaxud daha tez-tez skrininq müayinələr olunmalıdrılar:
 - Yaşı 45-dən çox olanlar
 - Arterial təzyiqi davamlı olaraq 135/90 mm c.süt-dan yuxarı olanlar və ya antihipertenziv müalicədə olanlar
 - Yüksək qidalanma dərəcəsindən artıq çəkisi olanlarda bir və daha artıq risk faktoru: arterial təzyiqin arabir 140/90 mm c.süt yuxarı qalxması, hipexolseterinemiya (HDL 35 mq/dl-dən az, və ya xolesterin 200 mg/dl-dən çox, və ya  triqliseridlər 250 mq/dl-dən çox olanlar)
 - Birinci dərəcəli qohumlarda (ata-ana, qardaş-bacı) şəkərli diabet xəstəliyi olanlar
 - “Acanthosis nigricans” kimi kliniki əlamətləri olanlar.
 - Bundan əvvəlki laborator müayinələrdə qeyri-normal nəticə olanlar: plazmada acqarına qlükoza 100 mq/dl-dən yuxarı, 2 saat OGTT 140 mq/dl-dən çox, HbA1C 5,7%-dən çox olanlar
 - Qadınlarda yuxarıdakılardan əlavə Polisistik Yumurtalıqlar Sindromu olanlar, anamnezdə Gestatsion Diabeti olanlar, 4,1  kq-dan artıq çəkili uşaq doğan şəxslər

Xalq deyir ki, “şəkər xəstəliyi” qorxudan yaranır. Bəs elm nə deyir?

Hiperqlesemiyaya təkan verən faktorlar - Hekim Tap

Yuxarıdakı sxemdə (Chang & Halter. AJP 284:E7-E12, 2003) yaş artıqca hiperqlisemiya meyllərini artıran faktorlar qeyd olunub. Qısa olaraq qeyd edək ki, son illərin tədqiqatlarına əsasən bədəndə iltihabi proseslərlə depressiya və xroniki həyəcan arasında bir-birini qarşılıqlı artırması təsdiq olunur.

Beləliklə, obrazlı desək, elm də təsdiqləyir ki,  bu bəzən yaranır, amma hamıda və həmişə yox. Yəni, diabet yaranması üçün adətən tək bir faktor bəs etmir. Yenə də obrazlı desək, bu zaman qorxu “dəvənin belini qıran sonuncu saman” rolunu oynayır.

Mövzu ilə bağlı videolar:


 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Aytən Babaxanova,Ali dərəcəli həkim, PhD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz