Çiyin ağrıları
Çiyin ağrıları cəmiyyətdə insanlar arasında bel ağrısı, diz ağrısı kimi şikayətlərdən sonra ən çox rastlanan ciddi problemlərdəndir. Bunu anlamaq üçün bir neçə təməl anlayışlar haqqında məlumat vermək istərdim. Çiyin mürəkkəb quruluşlu və geniş hərəkət imkanlarına sahib oynaqdır. Oynaq, əzələ-vətər qrupu (buna Rotator Cuff deyirik) və bağlarla stabilizə edilir. Əzələlər kürək sümüyündən başlayıb bazu sümüyünə yapışır. Çiyin nahiyyəsində ağrılar bu əzələ qrupunun funksiya pozuntusu və ya tamlığının pozulması(tam və ya natamam yırtıq) nəticəsində yarana bilər.Hətta ilk şübhələniləcək səbəblər arasındadır.
Rotator cuff əzələlərində ən çox aşağıdakı 3 problem görülə bilər:
1.Sıxışma;
2.Cuff vətərlərində zəiflik və gücsüzlük;
3.Vətərlərdə yırtıq;
Həkiminiz bu 3 vəziyyətdən hansının olduğunu muayinələr nəticəsində müəyyən etdikdən sonra sizə müalicə istiqaməti seçəcəkdir.
Bu istiqamətlər Konservativ(dərman və fizioterapiya) və Cərrahi metodlar(açıq və ya qapalı) ola bilər.
Əlbəttə sadəcə ağrı xəstəliyin başlanğıc əlaməti ola bilər, ancaq yeganə simptomu deyil. Xüsusi klinik muayinə metodları və radioloji üsullar da tətbiq olunmalıdır. Yəni ağrılar və hərəkət məhdudluğu olan bu xəstə qrupunda çiyin MRT-si çəkilməsi və bu vətərləri anatomik olaraq dəyərləndirmək mütləqdir.
Klinik olaraq aşağıdakı simptomlar daha çox rastlanır:
– Həssas və zəif çiyin;
– Qolda və çiyində şiddətli ağrı (hərəkətlə artan ağrı xarakterikdir);
– Hərəkət məhdudluğu(qolu xüsusən baş üzərinə qaldırmaqda məhdudluq);
– Əlinizi belinizə qoyduqda çiyində artan ağrılar xarakterikdir;
Yuxarıda qeyd etdiyim kimi, ilk öncə xəstəliyi anlamaq və diqnozu dəqiqləşdirmək müalicənin istiqamətini müəyyən edir. Əgər Rotator Cuff əzələ-vətər quruplarında zəiflik və ağrı varsa ,(buna tendinozis deyirik) dərman müalicəsi və fiziopterapiya yetərli olacaqdır. Xəstə məmnuniyyəti yüksəkdir Yox əgər kliniki və radioloji olaraq bu əzələ-vətər quruplarında yırtıq varsa (tam və ya natamam) cərrahi müdaxilə ilə xəstənin şikayətlərini aradan qaldırırıq. Bunlar mürəkkəb və təcrübə gərəkdirən əməliyyatlardır. Əməliyyat, qapalı-artroskopik aparılır və dəri səthində kiçik kəsiklərdən kamera köməyi ilə oynaq içərisində müdaxilələrə əsaslanır.
Əgər uzun müddətli çiyin ağrıları və hərəkət məhdudluğu varsa bu vəziyyət əzələlərdə incəlməyə səbəb olur, ozaman qapalı-artroskopik əməliyyatlar mümkün olmur.Bu vəziyyətlər üçün xüsusi istehsal edilmiş çiyin protezlərindən istifadə edirik. Ona görə də xəstələrimiz həm bizim işimizi asanlaşdırmaq həm də əməliyyatdan yüksək fayda görməsi üçün hərəkət məhdudluğunu və ağrıları gözardı etməməlidirlər.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.