uşaqlıq boynunun eroziyası

Uşaqlıq boynunun eroziyası

Bütün qadınlara yaxşı məlumdur ki, profilaktika məqsədilə ildə heç olmasa bir dəfə ginekoloqun müayinəsindən keçmək vacibdir, heç bir şikayəti olmasa belə. Təəssüf ki, buna heç də hamı əməl etmir, çünki ginekoloji müayinə o qədər də xoşagələn prosedur deyil. Müntəzəm qaydada ginekoloqun qəbulunda olmaq böyük əhəmiyyət kəsb edir. Belə ki, bəzi xəstəliklər ağrısız, xoşagəlməz axıntısız, menstrual tsiklin pozuntusu olmadan simptomsuz gedişata malikdir və onları yalnız mütəxəssis aşkara çıxara bilər. Belə gizli xəstəliklərdən biri də uşaqlıq boynunun eroziyasıdır. Əslində, eroziya bir yox, bir qrup xəstəliklərin toplumudur. Müasir ginekologiyada uşaqlıq boynu səthinin istənilən zədələnməsini mütəxəssislər eroziya adlandırırlar.   Uşaqlıq boynunun eroziyası nədir? Ən geniş yayılmış situasiya budur – uşaqlıq boynu üzərindəki normal hüceyrələr hansısa nahiyədə dəyişir. Belə hallara bəzən iltihabi xəstəliklər və hormonal pozuntular zamanı rast gəlinir. Buna uşaqlıq boynunun psevdoeroziyası deyilir. Əsl eroziya isə uşaqlıq boynunun selikli qişasının müəyyən hissəsinin dağılması və burada yaranın yaranması zamanı əmələ gəlir. Eroziya bir neçə səbəbdən yarana bilər: mexaniki zədələnmələr (doğuş, abortlar zamanı və s.), cinsi infeksiyalar (herpes və s.) və hormonal pozuntular.         Uşaqlıq boynundakı defektin yerində xəstəliktörədici mikroorqanizmlər səbəbindən iltihab yarana bilər ki, bunun da öz növbəsində qadının digər daxili cinsiyyət orqanlarına keçməsi mümkündür. Bundan başqa, eroziyanın uzun müddət müalicə olunmaması şişlərin əmələ gəlməsi ilə də nəticələnə bilər.   Uşaqlıq boynu eroziyasının diaqnostikası Uşaqlıq boynunda eroziyanın əmələ gəlməsindən şübhələnmək o qədər də asan deyil. Çünki əksər hallarda o, özünü heç nə ilə büruzə vermir. Çox nadir hallarda və yalnız əsl eroziyada cinsi aktdan sonra və ya ginekoloqun müayinəsi zamanı uşaqlıq yolundan qanlı axıntılar ayrıla bilər. Bundan daha az hallarda qarının aşağı nahiyəsində çox də güclü olmayan ağrılar müşahidə edilir.     Düzgün diaqnozu yalnız həkim-ginekoloq qoya bilər. Eroziyanı adi ginekoloji müayinə zamanı – güzgünü uşaqlıq yoluna daxil etməklə görmək mümkündür. Həkim bilir ki, uşaqlıq boynunun zədələnmiş hissəsi qırmızımtıl rəngdə olur və üzərindən ehmalca toxunduqda qanaxma verir, hüceyrələri dəyişmiş hissə isə avazımız rəng alır.   Daha dəqiq müayinə metodu – kolposkopiyadır – uşaqlıq boynunun mikroskop altında öyrənilməsi. Əgər həkim hətta bundan sonra belə diaqnozda tərəddüd edərsə, o mütləq genişlənmiş kolposkopiya aparacaq – eyni prosedurdur, lakin burada xüsusi rəngli məhlullardan istifadə olunur.  Eroziya hallarında sitoloji müayinə və biopsiya da mütləq qaydada aparılır. Biopsiya nəyinki eroziya, həmçinin xərçəngin müayinə edilməsi üçün ən dəqiq metod hesab olunur.     Uşaqlıq boynu eroziyasının müalicəsi Eroziya aşkar edildikdən sonra ondan təcili qurtulmaq lazımdır. Eroziyanın yaranma səbəblərini nəzərə almaqla müalicəni kompleks şəkildə aparmaq tövsiyə olunur. Əvvəlcə iltihabi prosesin qarşısını almaq vacibdir. Bunun üçün yerli müalicə göstərişdir. İnfeksiya aşkarlanarsa, antibakterial terapiya təyin olunur. Sonra uşaqlıq boynu selikli qişasının dəyişiklikliyə uğramış hissəsini kənarlaşdırırlar. Bunun üçün bir neçə metod mövcuddur: Lazer kaoqulyasiyası – uşaqlıq boynu xəstəliklərinin ən effektiv və müasir metodudur, yüksək dəqiqliyi və sağlam toxumaların qorunmasını təmin edir, sağalma isə qısa zamanda və çapıqsız olur; Diatermokoaqulyasiya – eroziya elektrik cərəyanı vasitəsilə yandırılır; Kriodestruksiya – eroziya maye azot vasitəsilə kənarlaşdırılır; Kimyəvi koaqulyasiya – eroziyaya uğramış nahiyə xüsusi preparatlarla işlənir bu da dəyişikliyə uğramış hüceyrələri dağıdır; Nəhayət cərrahi müdaxilə – xərçəng təhlükəsi yaranarsa, uşaqlıq boynu (və ya onun bir hissəsi) kəsilib çıxarılır. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 28.04.2018

haşimoto xəstəliyi autoimmun tireoidit nədir

Haşimoto xəstəliyi (autoimmun tireoidit)

Haşimoto xəstəliyi nədir? Haşimoto xəstəliyi (Hasimoto xəstəliyi və ya autoimmun tireoidit) ağır, müəlicəyə çətin yatan xəstəlikdir. “Tireoidit” sözü onu göstərir ki, bu xəstəlik qalxanabənzər vəzi zədələyir. Daha dəqiq desək, qalxanabənzər vəz hüceyrələrinin – tirositlərin xroniki iltihabı və ölməsinə səbəb olur. Bütün digər immun xəstəliklər (yəni, elə bir xəstəlik ki, pasiyentin öz immun sistemi özünə ziyan vurur) kimi, Haşimoto sindromu da kompleks bir vəziyyətdir. O, bütün immun sistemi zədələyərək, onun fəaliyyətinə müdaxilə edir və immuniteti sahibinin ziyanına işləməyə vadar edir.    Haşimoto xəstəliyinin təhlükəsi ondan ibarətdir ki, onu erkən mərhələdə aşkar etmək olmur. Ən başlıca təhlükəsi isə qalxanabənzər vəzin funksiyalarına mane olması – hipotireoz yaratmasıdır. Nəzərə alsaq ki, qalxanabənzər vəz bir sıra həyati əhəmiyyət daşıyan proseslərdə iştirak edir, xroniki hipotireoz pasiyentin orqanizminin fəaliyyətinə total zərbə vurmuş olur.   Haşimoto xəstəliyinin yaranma səbəbləri Təəssüf ki, müasir dövrdə “autoimmun tireoiditi” və “xroniki autoimmun tireoiditi” heç də az rast gəlinən diaqnozlardan deyil. Xüsusən son vaxtılar, xəstəliyin sürətlə “cavanlaşdığı” bir zamanda məktəbəqədər və məktəbli uşaqlar da Haşimoto xəstəliyindən əziyyət çəkirlər. Uşaq yaşlarında Haşimoto sindromu özünü qəfildən büruzə verir, daha sürətlə inkişaf edir və nəticədə böyüklərə nisbətən daha dağıdıcı olur.   Haşimoto xəstəliyinin ilkin yaranma səbəbi immun sistemində baş verən pozuntudur. Digər autoimmun xəstəliklərdə olduğu kimi, burada da insanın immuniteti öz hüceyrələrini tanımamağa başayır, səhvən onları yad cism hesab edib, məhv etməyə çalışır. Bu cür pozuntulara səbəb, əsasən, irsi faktorla izah edilir. Lakin Haşimoto xəstəliyini aktivləşdirən bir sıra başqa kənar faktorlar da mövcuddur. Qeyd olunur ki, qadınlar arasında autoimmun tireoiditinə kişilərdən 10 dəfə çox rast gəlinir. Bu, onunla izah edilir ki, qadın endokrin sistemi cinsi sitemlə əlaqədar olaraq xətti deyil, tsiklik işləyir. Qadın endokrin sistemi, xüsusən də qalxanabənzər vəz kişilərlə müqayisədə daha zərif və həssasdır.   Bundan başqa, hamiləlik və doğuş özlüyündə doğuşdansonra tireoidit yarada bilər. Hamiləlik dövründə qadının immun sistemi təbii olaraq zəifləyir. Doğuşdan sonra isə birdən-birə aktivləşir və irsi faktor mövcuddursa, bu halda Haşimoto xəstəliyi yarana bilir. Daha çox qadınlara xas olan hormonal preparatların qəbulu da Haşimoto xəstəliyinin yaranmasına şərait yarada bilər. Bəzi dərman vasitələrinin uzunmüddətli qəbulu da risk faktorlarındandır. Haşimoto xəstəliyinin yaranmasında daha bir risk faktoru, bütün xəstəliklərdə olduğu kimi, ekoloji vəziyyət və streslərdir.    Haşimoto xəstəliyinin əlamətləri  Yuxarıda qeyd olunduğu kimi, Haşimoto xəstəliyi ilkin mərhələdə simptomsuz ötüşməsi ilə təhlükəlidir. Bəzən tipik formada xəstə ümumi narahatlıq hiss edir və konkret şikayət bildirməyə çətinlik çəkir. Birinci mərhələdə Haşimoto xəstəliyi fonunda hormonal sistem qəfil aktivləşir. Bu, o zaman baş verir ki, xəstənin immun sistemi antitellər ifraz etməyə başlayır ki, onlar da qalxanabənzər vəzi hücuma məruz qoyur. Həmin periodda qalxanabənzər vəz hələ ki, tam sağlamdır, lakin antitellərin dağıdıcı təsirindən qana öz hormonlarını ifraz etməyə başlayır. Bu zaman hipertireozun tipik mənzərəsi yaranır – qalxanabənzər vəzin funksyasında artım müşahidə olunur. İkinci mərhələ – gizli mərhələ sayılır. Bu mərhələ bir neçə aydan, bir neçə ilədək davam edə bilər. Hiperterioz vəziyyətindən bir neçə ay sonra qalxanabənzər vəzin resurları tükənir, o, hiperaktiv rejimdə işləməkdən “yorulur” və eutireoz vəziyyətinə keçir, yəni hormonları normal rejimdə ifraz edir.      İkinci mərhələnin sonunda xəstədə hipertireoza əks – hipotireoz vəziyyət yaranır, əzginlik, zəiflik, tez yorulma müşahidə edilir. Qalxanabənzər vəzdə düyünlər və qalınlaşma, ölçülərində böyümə və ya kiçilmə qeydə alına bilər. Üçüncü mərhələdə – autoimmun tireoidit qalxanabənzər vəzin funksiyalarının qəfildən zəifləməsi ilə müşayiət edilir. Bu, hipotireozun güclü ifadə olunan mərhələsidir. Belə hallarda xəstə daimi yorğunluq və yuxululuq hiss edir, libido və potensiya zəifləyir, menstrual tsikl pozulur.    Autoimmun tireoidit xroniki mərhələyə keçəndə xəstənin orqanizmi tireotrop hormon reseptorlarına qarşı antitellər ifraz etməyə başlaya bilər. Nəticədə qalxanabənzər vəz hormon ifrazını bir qədər də azaldır, hipotireoz inkişafı sürətlənir.     Haşimoto xəstəliyinin diaqnostikası Haşimoto xəstəliyinin diaqnostikasında qalxanabənzər vəzin ultrasəs müayinəsi, hüceyrəvi immunitetin laborator müayinəsi, qalxanabənzər vəzin zülal və reseptorlarına qarşı antitellərin müəyyənləşdirilməsi, qalxanabənzər vəzin funksiyalarının müayinəsi aparılır.     Haşimoto xəstəliyinin müalicəsi Etiraf etmək lazımdır ki, konvensional təbabətdə autoimmun tireoiditin vahid müalicə protokolu mövcud deyil. Xəstənin müalicəsinin ümumi strategiyası pasiyentin vəziyyətinə nəzarət etmək, müntəzəm olaraq laborator analiz və qalxanabənzər vəzin USM-ni aparamağa yönəldilib. Bundan başqa, pasiyentin vəziyyətindən asılı olaraq, həkim müvafiq müalicə strategiyası seçir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 28.04.2018

HekimTap Pro
16873
qadınlarda sistit nədir və əlamətləri

Qadınlarda sistit

Qadınlarda sistit xəstəliyi nədir?  Sistit – sidik kisəsinin iltihabi xəstəliyidir. Anatomik - fiziyoloji fərqliliyə görə qadınlarda kişilərə nəzərən çox rastlanır, belə ki, qadınların əksəriyyəti həyatı boyunca ən azı bir vəya iki dəfə sistitdən əziyyət çəkir. Qadınlarda uretra - sidik yolu kanalı qısa 2-3 sm-dir. Kişilərdə isə uretra 15 - 20 sm-dir. Bu fərq mikrobların irəliləməsi üçün qadınlarda şərait, kişilərdə əngəl yaradan amildir. Digər fərq isə kişilərdə prostat vəzidən ifraz olunan sink maddəsi mikroblara qarşı qoruyucu bir faktordur, qadınlarda bu olmadığına görə sistit çox sıx rast gəlinir.  Qadınlarda sistitin əmələ gəlmə səbəbləri Qadınlarda sistit əsasən bakteriyal səbəbdən yaranır, belə ki, ən çox hallarda bağırsaq florasına aid E.coli sidiklə sidik kanalına düşərək sistitin yaranmasına zəmin yaradır. Digər bakteriyalar da sistit yarada bilər. Həmçinin bakterial olmayan iki səbəbdən qadınlarda sistit yarana bilər:  1. Genital bölgənin gigiyena məqsədilə müxtəlif qatqılı vasitələrlə yuyulması ilə əlaqəli və aşırı xlorlu hovuzlarda çimmək 2. Travmatik səbəb isə çox sıx cinsi əlaqə fonunda yaranır. Bu xüsusilə yeni evlənənlərdə "bal ayı sistiti" olaraq adlandırılır. Qadınlarda sistit xəstəliyinin əlamətləri  – Tez - tez, az - az sidiyə getmə və sidik kisəsinin tam boşalmaması hissi;  – Sidiyə gedərkən yanma - göynəmə və ağrının olması;  – Qasıq və göbəkaltı nahiyədə ağrının olması;  – Cinsi əlaqə zamanı ağrının olması;  – Pis qoxulu və bulanıq şəkildə sidiyin olması;  – Xəstəliyin kəskin irəliləmiş formasında sidikdə qan, hərarətin yüksəlməsi, ürəkbulanma - qusma, tərləmə əlamətlələrinin olması. Qadınlarda sistit xəstəliyinin diaqnostikası Sidiyin ümumi analizi, sidiyin əkilməsi müayinəsi və USM olunur.  Qadınlarda sistit xəstəliyinin müalicəsi  Sistitin gediş şəkli (sadə, şiddətli, xroniki, intersisteial) və etiyoloji amil (bakteriyal, qeyri - bakteriyal) müayyənləşdikdən sonra müalicə aparılır. Antibiotiklər həkimin təyinatı əasasında və təlimatı üzrə istifadə olunmalıdır. Antibiotiklərə həassalıq testi ilə törədici bakteriya tanındıqdan sonra müalicə effekti də yüksək olur. Müalicədə antibiotikterapiya tək vasitə deyil, mütləq yaşam tərzində sistitin yaranmasına səbəb olan zərərli faktorlardan uzaq olmağa çalışmaq lazımdır.  Qadınlarda sistit xəstəliyinin profilaktikası Qeyd edək ki, şəkərli diabet xəstələri, hamiləlik və menopauza dövrlərində olan qadınlar sistitlə xəstələnmək üçün risk qruplarıdır. Sistitin yaranmasına əngəl olmaq üçün:   – Gigiyenik qaydalara əməl olunmalıdır, genital bölgə təmizliyini “öndən arxaya doğru” edin. Bununla bakteriyaların sidik yollarına daxil olmasına mane olursuz.   – Sidiyinizi saxlamayın və bacardığınız qədər tez-tez xaric edin. Bununla bakteriyaları kənar edərsiz.   – Bol-bol su içmək sidik ifrazını və bakteriyaların xaric edilməsini artırır.   – Təbii materiallardan hazırlanmış alt geyimlərindən istifadə edin və hər gün dəyişin.   – Təmiz olmayan hovuz və çimərliklərdə çimməyin.  – Sidik kisəsini qıcıqlandıran kofe, çay içəçəklərindən və acılı qidalardan uzaq olun. * Sistit əlamətləri hiss etdikdə özünümüalicə – antibiyotik qəbulundan çəkinin. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 28.04.2018

uşaqlarda qusma təhlükəlidirmi

Uşaqlarda qusma

Bütün valideynlər uşaqlarda qusmanın nə olduğunu bilirlər, belə ki, bu, tez-tez rast gəlinən bir haldır. Lakin təcrübədə qusma ilə üzləşdikdə çoxları özlərini itrir, ilkin yardımı necə göstərmək lazım olduğunu, haraya zəng vuracaqlarını bilmirlər. Bu məqalədə uşaqlarda qusma haqqında ətraflı məlumat və valideynlərə tövsiyələr veriləcək. Qusma nədir? Qusma müdafiə mexanizmi olub, mədə daxilindəki maddələrin ağızdan (və ya burundan) reflektor olaraq qayıtmasıdır. Tutma zamanı qarın əzələsi sıxılır, qida borusu genişlənir və mədə daxilindəki hər şeyi qida borusu boyunca yuxarı itələyir. Bu, kifayət qədər mürəkkəb bir proses olub, uzunsov beyində yerləşən qusma mərkəzi tərəfindən tənzimlənir. Uşaqlarda qusmanı yaradan səbəblər Əksər hallarda qusma kütləsi həzmə getməmiş qida və mədə şirəsindən ibarət olur. Bəzən burada irin, qan və ya öd qarışığı müşahidə edilə bilər. Uşaq qusmasının ən geniş yayılmış səbəbi – qida zəhərlənməsidir. Qusma, həmçinin müxtəlif infeksion xəstəliklərdə, məsələn, rotavirus infeksiyası, skalatina, tif zamanı da yarana bilər. Bəzən belə problem ciddi böyrək xəstəlikləri zamanı  orqanizmə yığılmış toksinlər səbəbindən də ortaya çıxa bilər. Qusma tutmalarının digər səbəblərindən  mədə-bağırsaq xəstəliklərini, nevroloji diaqnozları, baş-beyin travmalarını göstərmək olar. Uşaqlarda qusmaya emosional sarsıntı hallarında da rast gəlinir. Uşaqlarda qusmanın növləri Mütəxəssislər uşaq qusmalarını bir neçə növə bölüblər:  – Tsiklik qusma (asetonemik);  – Böyrək;  – Hepatogen;  – Diabetik;  – Kardial;  – Serebral;  – Qanlı. Əksər hallarda uşaqlarda qusma gecə saatlarında baş verir. Belə olan hallarda soyuqqanlı və inamlı olmaq lazımdır. Uşağın yaşı nə qədər az olarsa, qusma onun üçün bir o qədər təhlükəlidir. Çünki bu halda orqanizmdə susuzlaşma, nəticədə də isə ölüm baş verə bilər. Uşaqlarda birdəfəlik qusma (əlavə simptomlar olmadan) ciddi narahatçılıq yaratmalı deyil. Məsələ ondadır ki, bu yolla orqanizm yığılmış toksinlərdən, həzmə getməyən qida elementlərindən azad olur. Lakin qusma təkrar-təkrar baş verərsə, həmçinin digər yanaşı simtomlar qeydə alınarsa valideyn etinasızlığı faciəvi sonluqla nəticələnə bilər.    Yuxarıda qeyd olunduğu kimi, uşaqlarda qusma tutmalarına əsas səbəb qida zəhərlənmələridir. Zəhər uşağın orqanizminə müxtəlif qida məhsulları- süd, ət, dəniz məhsulları, meyvə-tərəvəz vasitəsilə düşə bilər. Əksər hallarda qusma refleksini meyvə və tərəvəzlərin yetişdirilməsində  və işlənməsində istifadə olunan nitrat və pestisidlər yaradır. Hətta çox keyfiyyətli ət məhsulları düzgün hazırlanmazsa, güclü zəhərlənməyə səbəb ola bilər. Mütəxəssislər qeyd edirlər ki, qida zəhərlənməsinin simptomları yeməkdən 4-48 saat sonra özünü göstərir.   Əksər hallarda qida qəbulundan yaranan qusmanı ev şəraitində dayandırmaq olur. Lakin elə hallar var ki, valideynlərin müstəqil müdaxilə etməsi düzgün deyil. Həkim yardımına aşağıdakı hallarda ehtiyac var:  – 0-3 yaşlı uşaqlarda qusma baş verərsə.  – Qusma bədən hərarətinin qalxması fonunda baş verərsə.  – Qusma, ishal və qarında ağrılar (bunlar hamısı və ya simtomlardan bəzisi) iki sutkadan artıq davam edərsə.  – Elə situasiyalar var ki, uşağa təcili yardım tələb olunur. Bunlar aşağıdakılardır:  – Qusma göbələkli qidadan sonra baş verərsə.  – Qusma elə intensivdir ki, uşaq su içə bilmir.  – Qusma huşun pozulması, nitq qüsuru, hərəkər koordinasiyasının pozulması, selikli qişaların quruması, səpgilərin əmələ gəlməsi ilə müşayiət edilərsə.  – Qusarkən damarların gözlə görülə biləcək səviyyədə gərilməsi müşahidə edilərsə.  – Çoxsaylı qusma fonunda sidiyə getmə 6 saatdan çox baş verməzsə, sidik tünd rəng alarsa.  – Qusma və (və ya) nəcis kütlələrində qan, irin qarışığı olarsa. Uşaqlarda qusma zamanı həkim yardımınadək görülən tədbirlər Həkimin gəlişinədək uşağı böyrü üstə qoymaq lazımdır ki, növbəti qusma zamanı qusuntu kütləsindən çeçəmə baş verməsin. Südəmər uşağı yenə də böyrü üstə, qucaqda saxlamaq lazımdır. Heç bir dərman preparatı verməyə ehtiyac yoxdur. Qeyd etmək lazımdır ki, südəmər körpədə qusma halları həzm funksiyalarının formalaşması fonunda təbii proses kimi də dəyərləndirilə bilər. Lakin bu dəyərləndirməni həkim verməlidir. Bundan başqa, südəmər körpələrdə qusma qidanın artıqlığından da yarana bilər. Qusma başqa xarakterli də ola bilər – allergik, travmatik, həmçinin iltihabi. İstənilən halda qusmaya biganə yanaşmaq olmaz, əks halda ağır fəsadların ortaya çıxması mümkündür. Uşaqlarda qusma zamanı valideynlərin görəcəyi tədbirlər Beləliklə, valideynlər müxtəlif xalq təbabəti üsullarından istifadə edərək qusmanı nəyin bahasına olursa-olsun dayandırmağa çalışmaqdansa, diqqətlə müşahidə aparmalıdırlar. Bu müşahidələr əsasında həkimə aşağıdakı məlumatları çatdırısanız ona kömək etmiş olarsınız:  – Qusmanın tezliyi və periodikliyi (qusma nə qədər müddətdən bir başverir və nə qədər davam edir).  – Növbəti qusmadan sonra uşaq rahatlaşırmı və qarındakı ağrı azalırmı.  – Qusuntu kütləsinin təqribi kütləsi, onun rəngi və hansısa qarışığın olub-olmamasını.  – Uşağın son ildə, son iki həftədə hansı xəstəliklər keçirdiyini.  – Uşaqğın nə yediyini və valideyndə qida zəhərlənməsinə dair şübhənin olub-olmamasını.  – Son iki həftədə uşağın çəkisindəki dəyişikliyi. Uşaqlarda qusmaya dair həkim tövsiyəsi Uşağı yedizdirmək lazım deyil, lakin maye vermək çox vacibdir. Qusma zamanı mayeninin içizdirilməsi ciddi yanaşma tələb edir. Əvvəla, maye az-az, amma tez-tez verilməlidir - bir dəfəyə bir neçə qurtum içizdirmək şərtilə. İkincisi, mayenin temperaturu bədən temperaturuna uyğun olmalıdır ki, orqanizmdə tez sovrulsun və uşağı susuzlaşmadan qorusun. O ki qaldı məhz hansı mayenin qəbul olunmasına, mütəxəssislər bunun üçün peroral rehidratasiya məhlullarını tövsiyə edirlər. Bundan başqa, qazsız mineral sular, çay və ya kompotlardan istifadə etmək olar. Mayeyə qətiyyən şəkər, mürəbbə və ya bal əlavə etmək olmaz. Əgər uşaq tövsiyə olunanları içməkdən boyun qaçırarsa, ona xoşladığı içkiləri təklif edin. Bu şirə və ya başqa bir şirin içki ola bilər. Lakin bu zaman həmin mayeyini su ilə qarışdırmaq lazımdır,o həddə qədər ki, alınmış məhlul maksimum şəffaf olsun. Uşağı müalicə müəssisəsinə müstəqil aparmaq məsləhət deyil.  Belə ki, avtomobildə yırğalanma zamanı yenidən qusma halları baş verə bilər.   Mütəxəssislər valideynləri ayıq-sayıq olmağa çağırır və tövsiyə edirlər ki, qusmanı ara həkimlərinin köməyi ilə “müalicə” etməsinlər. Əks halda, bu cür “müalicə” uşağın vəziyyətini daha da ağırlaşdıra bilər. Qusmadan sonra uşağı tədricən – mədəni yükləmədən, kiçik porsiyalarla qidalandırmağa başlamaq lazımdır. Yağlı, şirin, duzlu və turş qidalardan çəkinmək məsləhətdir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 27.04.2018

HekimTap Pro
124709
qəbizlik nədir və müalicəsi

Qəbizlik

Qəbizlik nədir? Qəbizlik – nəcis ifrazının (defekasiya) 48 saatdan gec olaraq baş verməsidir. İnkişaf etmiş ölkələrdə əhalinin 10%-ə qədəri xroniki (daimi) qəbizlikdən əziyyət çəkir. Özü də bu hala qadınlarda kişilərə nisbətən 3 dəfə çox rast gəlinir. Qəbizliyin yaranma səbəbləri Demək olar ki, bütün insanlar səyahət zamanı, stresdən və ya əməliyyatdan sonra qəbizlikdən əziyyət çəkiblər. Bu cür qəbizlik halları adi həyat tərzinə qayıtdıqda aradan qalxır və xəstəlik hesab olunmur. Yox əgər belə vəziyyət tez-tez təkrar olursa və adət halına çevrilirsə bunun ciddi müayinə və müalicəyə ehtiyacı var. Qəbizlik müxtəlif səbəblərdən yarana bilər:  – Düzgün tərtib olunmayan diyetalar;  – Mədə-bağırsaq traktının xəstəlikləri (xora xəstəliyi, xroniki pankreatit, disbakterioz, qıcıqlanmış yoğun bağırsaq sindromu, yoğun bağırsaq şişləri);  – Bərkimiş nəcis kütlələrinin bağırsaq toplaşması (“kal daşları”);  – Ağrılarla müşayiət olunan və bağırsaqların boşalmasına mane olan anal dəlik xəstəlikləri (anal çatlar, hemorroy, paroproktit);  – Nevroloji xəstəliklər (insult, Parkinson xəstəliyi, onurğa beyinin zədələnməsi və şişləri, dağınıq skleroz);  – Endokrin sistemi xəstəlikləri (hipotireoz, şəkərli diabet və s.);  – Bəzi preparatların qəbulu;  – Depressiya. Qəbizliyə, həmçinin, hamiləlik vaxtı da tez-tez rast gəlinir (qadınların təqribən üçdən ikisi bundan əziyyət çəkirlər).     Qəbizliyin əlamətləri Qəbizlik zamanı qarın nahiyəsində ağrı və burulma hissi xəstəni incidə bilər. Defekasiyadan və ya qazlar çıxdıqdan sonra yüngülləşmə hiss olunur. Qəbizlik zamanı yaranan köpmə ürək ağrıları, ürək döyüntüləri və s. ilə müşayiət edilə bilər. Həmçinin, iştaha pozulur, gəyirmə, ağızda xoşagəlməz dad əmələ gəlir. Tez-tez baş ağrıları və bədən əzələlərində ağrılar müşahidə edilir. Əsəbilik, əhval-ruhiyyənin korlanması, yuxunun pozulması qeydə alınır. Qəbizliyin əlamətləri dəridə də özünü göstərə bilər – o, rəngi avazımış, sarı çalarlı, elastikliyi itmiş olur. Uzun müddətli qəbizlik bəzən övrə və başqa allergik hallarında yaranmasına səbəb olur. Qəbizliyin təhlükəsi Qəbizlik özünə ciddi münasibət tələb edən bir xəstəlikdir. Qəbizlik tez-tez qarında ağırlıq, meteorizm və ağrılı defekasiya yaratmaqla yanaşı, uzun müddət davam edərsə, bağırsaq keçilməzliyi, divertikulyoz, toksik meqakolon, hemorrodial qanaxma kimi təhlükəli ağırlaşmalara gətirib çıxara bilər. Bəzən qəbizlik ciddi nevroloji, endokrin, mədə-bağırsaq və hətta onkoloji xəstəliklərdən xəbər verə bilər. Həkimə vaxtında müraciət etməklə, əsas xəstəliyi aşkara çıxarmaq və onun müalicəsinə nail olmaq mümkündür. Həm də istənilən halda, qəbizliklə mübarizədə optimal taktikanı yalnız həkim seçə bilər.    Uzunmüddətli qəbizliklərin ən qorxulu ağırlaşması yoğun bağırsağın xərçəngidir. Hesab olunur ki, şiş bağırsaqda kanserogen maddələr (xərçəngin əmələ gəlməsinə səbəb olan) yaradan möhtəviyyatın durğunluğundan yaranır. Qəbizliyin diaqnostikası Qəbizliyin həkimin konsultasiyası olmadan müstəqil müalicəsi düzgün diaqnozun qoyulmasını və müalicəni çətinləşdirə bilər. Qəbizliyin səbəbələrini müəyyənləşdirmək üçün aşağıdakılar vacibdir:  – Həkim-qastroenteroloq və ya proktoloqun müayinəsi;  – Ginekoloqun müayinəsi (qadınlar üçün);  – İrriqoskopiya – bağırsaqların rentgen müayinəsi;  – Kolonoskopiya – bağırsağın 1 m-dək olan hissəsinin xüsusi aparat (kolonoskop) vasitəsilə düz bağırsaqdan daxil edilməklə müayinəsi. Bəzi hallarda həkim nəcisin müayinəsini, yoğun bağırsağın hərəkət funksiyasının müayinəsini, qarın boşluğu orqanlarının USM-ni təyin edə bilər. Bundan başqa, endokrinoloq, nevropatoloq və s. mütəxəssislərin müayinəsi də göstəriş ola bilər.  Qəbizliyin müalicəsi Qəbizliyin müalicəsi təkcə nəcis kütlələrinin evakuasiyası üçün tədbirlər görməkdən ibarət olmayıb, həmçinin onların gələcəkdə yenidən yaranmasının qarşısını almaqdır. Bir daha xatırladaq ki, xroniki formaya keçmiş qəbiziliyi yalnız həkim müalicə etməlidir. O, səbəbləri ortaya çıxarır, yanaşı gedən xəstəlikləri müəyyənləşdirir və terapiya təyin edir. Bu halda qəbizliyin ev şəraitində müalicəsi yolverilməzdir, çünki o, başqa bir xəstəliyin simptomu ola, digər yanaşı gedən patologiyalar yarada bilər.  Bundan əlavə, qəbizliyin müalicəsində istifadə olunan preparatların növündən asılı olaraq müalicə müddəti də fərqlidir. Xəstələrin həkim təyinatı və nəzarəti olmadan bu preparatlardan istifadəsi onlarda "tənbəl bağırsaq" sindromu yarada bilər ki, xəstələr həmin preparatdan asılı hala düşə bilərlər. Qəbizlik zamanı qarınişlədici preparatların müstəqil şəkildə qəbulu və ya yan təsirləri nəzərə alınmadan imalələrin edilməsi bağırsağın peristaltikasını azalda bilər. Qəbizliyin əsas müalicəsi ondan ibarətdir ki, xəstəliyin xroniki formaya keçməsinə yol verilməsin.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 26.04.2018

ürək çatışmazlığı nədir

Ürək çatışmazlığı

Ürək çatışmazlığı nədir? Ürək çatışmazlığı ürək funksiyasının elə pozuntusudur ki, bu zaman o, orqan və toxumaları kifayət qədər qanla təmin edə bilmir. Orqanizmin hüceyrələri qida maddələrini yetərincə almır və oksigen aclığı baş verir. Xroniki ürək çatışmazlığı praktik olaraq bütün ürək xəstəliklərinin sonluğu kimi dəyərləndirilir.   Ürək çatışmazlığının səbəbləri Ürək çatışmazlığının ən geniş yayılmış səbəbləri – ateroskleroz, hipertoniya xəstəliyi, simptomatik arterial hipertenziyadır. Damarların saxılmasından qanın daxildəki hərəkəti çətinləşir və ürək onu itələməyə çətinlik çəkir. Müəyyən dövrə qədər bu pozuntu ürəyin gücünün və ürək döyüntüsünün artması sayəsində bərpa olunur, lakin tədricən ürək artıq yüklənmənin öhdəsindən gəlmir.        Ürək çatışmazlığına səbəb kimi miokardit, miokardiodistrofiya, ürək qapaqlarının qüsuru, ağır infeksiyalar, zəhərlənmələr, autoimmun xəstəliklər zamanı meydana gələn ürək funksiyasının pozuntusunu da göstərmək olar. Bir çox ağciyər xəstəlikləri ürək damarlarındakı arterial təzyiqin artması ilə müşayiət edilir. Nəticədə ürəyə düşən ağırlıq artır və bu da ürək çatışmazlığına şərait yaradır. Böyrək funksiyalarının pozulması zamanı orqanizmdə artıq maye yığılır, bu isə qanın miqdarının artmasına və ürək əzələsinə düşən yüklənmənin artmasına gətirib çıxarır.     Əksər hallarda ürək çatışmazlığı miokard infarktından sonra inkişaf edir. Ürək çatışmazlığının simptomları Ürək çatışmazlığının simtomları ilkin mərhələdə yalnız fiziki yüklənmələr zamanı meydana çıxır. Təngənəfəslik yaranır – tənəffüs tezləşir və dərin olur, yəni iş və ya fiziki hərəkətin ağırlığına müvafiq olmur. Ağciyər damarlarında təzyiq qalxarsa, xəstəni öskürək, bəzən isə qanlı öskürək narahat edə bilər. Fiziki yüklənmə, çoxlu qida qəbulu zamanı və uzanılı vəziyyətdə ürək döyünməsi şiddətlənir. Xəstə izafi yorğunluq və zəiflikdən şikayət edir. Tədricən bu simptomlar güclənir, təkcə fiziki iş zamanı deyil, sakit vəziyyətdə də xəstəni narahat etməyə başlayır. Ürək çatışmazlığı olan pasiyentlərdə sidik miqdarının azalması müşahidə edilir, onlar ayaq yoluna daha çox gecələr gedirlər. Axşamlar ayaqlarda şişlər yaranır, əvvəlcə pəncədə, sonra daha yuxarı nahiyələrdə. Pəncənin, biləklərin dərisi, burnun ucu göyümtül rəng alır. Əgər ürək çatışmazlığı qaraciyər damarlarında qanın durğunluğu ilə müşayiət edilərsə, sağ qabırğaaltı nahiyədə ağırlıq və ağrılar əmələ gəlir.        Tədricən ürək çatışmazlığı baş beyin qan dövranının pozulmasına gətirib çıxarır. Xəstə əsəbi olur, əqli əmək zamanı tez yorulur, depressiyaya düşmə halları qeydə alınır. O,gecələr pis yatır, gündüzlər isə daim yuxulu olur.   Əgər vaxtında müalicə aparılmazsa, ürək çatışmazlığı daha ağır fəsadlara yol açır, xəstənin vəziyyəti pisləşir. Kifayət qədər qida maddələri və oksigen almadığından tədricən bütün orqanların işi pozulur. Bu isə əlillik və ölümlə nəticələnə bilər.    Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər terapevtl və kardioloqun qeydiyyatında olmalı, müntəzəm şəkildə müayinəyə gəlməli, vaxtaşırı stasionar müalicə keçməlidirlər. Ürək çatışmazlığının müayinəsi Ürək çatışmazlığı zamanı həkim sizə aşağıdakı müayinə və analizləri təyin edə bilər:  – Qanın ümumi analizi;  – Ürəyin ultrasəs müayinəsi;  – Döş qəfəsinin rentgenoqrafiyası;  – EKQ.  – Qaraciyər və böyrəklərin ultrasəs müayinəsi Ürək çatışmazlığının müalicəsi Ürək çatışmazlığının müalicəsi medikamentoz vasitələrlə aparılır. Periodik olaraq, müayinə və müalicə üçün stasionar tələb oluna bilər. Adətən, ürək çatışmazlığında aşağıdakı müalicə və tövsiyələr tətbiq olunur:  – Fiziki yüklənmələrin məhdudlaşdırılması;  – Müalicəvi bədən tərbiyəsi;  – Diyeta:duz, maye və yağlı yeməkləri məhdudlaşdırmaq lazımdır;  – Arterial təzyiqin və ürək yüklənməsini aşağı salmaq üçün dərman preparatları;  – Ürək yığılmalarını gücləndirən vasitələr;  – Artıq mayeni orqanizmdən kənarlaşdıran və su-duz balansını bərpa edən preparatlar;  – Ürək əzələsində maddələr mübadiləsini bərpa edən vitamin və mikroelementlər;  – Ürək çatışmazlığına gətirib çıxaran əsas xəstəliyin müalicəsi.   Ürək çatışmazlığının profilaktikası Ürək çatışmazlığının qarşısını almaq üçün vacibdir: düzgün qidalanma, kifayət qədər fiziki aktivlik, pis vərdişlərdən imtina etmək. Bütün ürək-damar xəstəlikləri vaxtında müəyyənləşdirilməli və müalicə edilməlidir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 25.04.2018

hamiləlik dövründə ağırlaşmalar

Hamiləlik dövründə ağırlaşmalar

Hamiləlik dövründə ağırlaşmalar: gələcək ananın yaşı İlkin hamiləlik üçün optimal yaş dövrü 18-19-dan (tam cinsi yetkinlik) 25 yaşadəkdir. 18 yaşadək gənclərdə hamiləlik dövründə tez-tez uşaqlıq qan dövranının pozulması və qan təzyiqi ilə bağlı problemlər yaranır. Bundan başqa, onlarda erkən doğuş ehtimalı digər qadınlardan dəfələrlə çoxdur. Yaşı 35-dən yuxarı olan qadınlar hamiləlik dövründə ağırlaşma risk qrupuna daxildirlər. Yaş artdıqca analarda düşük riski, uşaqda isə bir sıra genetik pozuntuların yaranma ehtimalı artır. Lakin hamilə qadın özünə fikir verərsə və sağlamlığı yaxşı olarsa, hamiləlik 20 yaşında olduğu kimi uğurla keçə bilər.    Stimulyatorların qəbulu zamanı hamiləlik dövründə ağırlaşmalar Nikotin, alkohol və narkotik maddələrin qəbulu nəinki ananın sağlamlığına ağır zərbə vurur, həm də uşağın xəstəlik riskini artırır, hamiləlik və doğuş zamanı ağırlaşmalar verir. Hamiləlik dövründə ağırlaşmalar: xroniki xəstəliklər Böyrək, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet hamiləlik dövrü və doğuşlarda ağırlaşmalar yaradır. Məsələn, əgər anada ürək qüsuru, qalxanabənzər vəzin xəstəlikləri və yaxud yüksək qan təzyiqi varsa, hamiləlik planlaşdırmazdan əvvəl ginekoloq və terapevtlə məsləhətləşmək lazımdır. Bu zaman mütəxəssislər hamiləlikdən əvvəl və hamiləlik dövrü üçün fərdi müalicə planı təyin edirlər. Xroniki infeksiyalar da, həmçinin, fərdi yanaşma tələb edir ki, bunun sayəsində ana və uşaq üçün yaranmış risklər minimuma endirilir.    Əkiz uşaqlara hamiləlik dövründə ağırlaşmalar Çöxdöllü hamiləlik zamanı ağırlaşmalara adi hamiləliklə müqayisədə 5-10 dəfə çox rast gəlinir. Əkizlərə hamilə olmuş qadınların normal doğuş etməsi üçün əksər hallarda ona xüsusi tikişlər qoyulur və uşaqlıq boynuna silikon halqa keçirilir ki, bu da uşaqlıq boynunun vaxtından əvvəl açılmasının qarşısını alır.     Hamiləlik dövründə ağırlaşmalar: digər faktorlar Əgər qadında düşük halları və ya ölmüş uşaq doğuşu qeydə alınmışsa, yeni hamiləliyi ehtiyatla planlaşdırmaq lazımdır. Bu, əvvəlki hamiləliyi qeysəriyyə əməliyyatı ilə yekunlaşmış qadınlara da aiddir. Mütəxəssislər hesab edirlər ki, doğuş, eləcə də hamiləliyin süni kəsilməsi qeysəriyyə əməliyyatından ən azı 2-3 il sonra olması məsləhətdir. Birinci halda həcmi böyümüş uşaqlıqdakı kəsik sonadək sağalmır və yenidən ağırlaşma verə bilir, abort zamanı isə uşaqlıqdakı kəsiyin deşilməsi təhlükəsi yarana bilər. Hamiləlik dövründə ağırlaşmalara aid olan bir məqam da rezus-faktor uyğunsuzluğudur. Ona görə də hamilə qadın həkimə müraciət edərkən əvvəlcə onun rezus-faktoru və qan qrupu müəyyənləşdirilir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   

Paylaşıldı: 24.04.2018

uşaqlarda suçiçəyi xəstəliyi

Uşaqlarda suçiçəyi

Suçiçəyi bu gün 6 ay-10 yaşlı uşaqlar arasında ən geniş yayılmış infeksion xəstəliklərdən biridir. Suçiçəyinə böyük yaşlı adamlar daha az yoluxur, lakin xəstəliyi ağır keçirilər.      Suçiçəyinin yoluxma yolları Böyük uşaq kollektivində suçiçəyi epidemioloji xarakter daşıya və qrupun hər bir üzvünə yoluxa bilər. Məlumdur ki, xəstəlik herpes viruslarından birilə törədilir və yoluxuculuq qabiliyyəti çox yüksəkdir, lakin əksər hallarda təhlükəli deyil. Virus xəstədən sağlam adama hava-damcı yolu ilə kifayət qədər sürətlə keçir. Özü də xəstəliyi yoluxduran adam suçiçəyinin simptomlarını həmin məqam üçün hiss etməyə də bilər və səpgilər, qızdırma yarananadək ətrafdakıları yoluxdurar. Ona görə də xəstəliyin mənbəyini müəyyənləşdirmək və onun yoluxmasının qarşısını almaq bəzən çox çətin olur. Suçiçəyi inkubasiya periodunu 1-3 həftə arasında keçir, bununla belə, onun simtomları yoluxma anından 7 gündən tez olmayaraq özünü büruzə verə bilər, lakin bu müddət 21 gündən artıq olmur. İlkin əlamətlər özünü göstərəndən 7-10 gün sonra adam yoluxdurma qabiliyyətini itirir.         Uşaqlarda suçiçəyinin əlamətləri Suçiçəyinin əlamətləri bütün uşaqlarda və böyüklərdə oxşardır. Xəstəlik qəfildən başlayır, temperaturun 38-40 C-yə qalxması ilə müşayiət olunur, zəiflik, baş ağrıları qeydə alınır. Lakin suçiçəyinin əsas əlaməti bütün bədənə, hətta selikli qişalarda yayılmış çoxsaylı səpgilərdir. İçərisi maye ilə dolu olan səpgilər möhkəm qaşınma verir və bu uşaqlarda böyük narahatçılıq yaradır.  Səpgilərin əsas lokallaşma yerləri bədən, baş (üz və tüklü nahiyə), cinsiyyət orqanları və ağızdır.    Suçiçəyinin ilkin əlamətləri dəridə diametri 1 sm-dək olan qızartıların yaranmasıdır. Qısa müddət keçdikdən sonra onların yerində içərisində şəffaf maye olan suluqlar əmələ gəlir, nəticədə onlar transformasiya edir və qabıq verir. Səpgilərin bir neçə dəfə yaranması mümkündür.   Uşaqlarda suçiçəyinin müalicəsi Uşaqlarda və böyüklərdə suçiçəyinin müalicəsi xoşagəlməz simptomların aradan qaldırılmasına yönəldilib. Xəstəlik tədricən sağalır və bir qayda olaraq, özündən sonra iz qoymur. Uşaqlarda ağırlaşmaya nadir hallarda rast gəlinir, belə vəziyyətlər daha çox böyüklərdə qeydə alınır.     Uşaqlar səpgiləri qaşımağa meyilli olduqları üçün müalicə, əsasən, qaşınmanın aradan qaldırılmasına yönəldilməlidir, bu zaman səpgi və suluqların irinləməsinin də qarşısı alınır. Bunun üçün müxtəlif dərman məhlulları mövcuddur.        Uşaqlarda suçiçəyinin necə müalicə olunması və optimal nəticələr almaq üçün hansı vasitələrin istifadə edilməsi fərdi məsələ olub, həkim və valideyn arasında həllini tapır.  Südəmər uşaqlarda suçiçəyi Suçiçəyi xəstəliyinə 6 aydan yuxarı istənilən uşaq yoluxa bilər. Bir qayda olaraq, südəmər körpələr bu xəstəliyi daha ağır keçirirlər –suçiçəyinin simptomları onlara çox əziyyət verir. Ona görə də analar belə dövrlərdə körpələrinə xüsusi diqqət və qayğı göstərməlidirlər.   Yenidoğulmuşlarda və daha böyükyaşlı uşaqlarda  suçiçəyinin simptomları eynidir. Lakin xəstəliyin xüsusi ağır formaları orqanizmə ciddi zərər vura, daxili orqanların inkişafına mənfi təsir göstərə bilər. Südəmər körpələrdə suçiçəyi xəstəliyinin müalicəsi mütəxəssisin nəzarəti altında aparılmalıdır.   Suçiçəyi əleyhinə peyvənd Həkimlər 12 aydan yuxarı uşaqlara suçiçəyi əleyhinə peyvənd vurdurmağı tövsiyə edirlər. Bu, orqanizmi bir neçə il ərzində xəstəlikdən qoruyur. Onu da qeyd etmək lazımdır ki, bir sıra mütəxəssislər hesab edirlər ki, suçiçəyinə uşaq yaşlarında yoluxmaq daha yaxşıdır ki, ömrün sonunadək immunitet yaransın. Çünki böyük yaşlarda suçiçəyi daha ağır fəsadlar verə bilər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 24.04.2018

HekimTap Pro
19337
Spinner