Botulinoterapiya Estetik Təbabətdə hekimtap.az

Botulinoterapiya Estetik Təbabətdə

2640
Author: Dr. Shəhla Məmmədova

Published: 29.06.2019
Şəhla Məmmədova

Botulinoterapiya dedikdə, botulotoksin inyeksiyasının tibdə müxtəlif xəstəliklərin və estetik təbabətdə istifadəsi nəzərdə tutulur.  Botulinoterapiya bir neçə onillik mövcuddur və bu illər ərzində dünyada milyonlarla insan onunla müalicə olunub.  Beləliklə, bu gün əminliklə demək olar ki, botulinoterapiya təbabətin əsas prinsiplərindən biri olan, “Ziyan Vermə” tələbinə cavab verir.

Botulotoksin nədir?

Botulinoterapiyada Clostridium botulinum bakteriyalarından laboratoriya şəraitində alınan botulotoksin maddəsi istifadə olunur.  Botulotoksin yeddi (A-G) növdə mövcuddur.  Bunlardan botulotoksin A növü estetik məqsəd ilə istifadə olunur.  Kosmetik məqsədlər üçün botulotoksin 1986-ci ildə Fransada ilk dəfə tətbiq edilmişdir. 

Botulotoksinin təsir mexanizmi necədir?

Botulotoksin sinir-əzələ keçiriciliyini pozaraq əzələlərdə müvəqqəti hərəkətsizlik yaradır.  Botulotoksin yalnız tətbiq olunan sahədə yerləşən əzələlərin az işləməsini təmin edir, və vurulduğu sahədən kənarda yerləşən əzələlərə təsir etmir.

Botulotoksinin mimik qırışların aradan qaldırılmasında istifadəsi.

Yaşlanma, stress, günəş şüalarının təsiri və digər faktorlar dəridə qırışların artmasına səbəb olur.  Dərinin yaşlanma prosesi qaçılmazdır, lakin onu gecikdirmək mümkündür.  Hazırda, botulotoksin preparatları orta və dərin qırışların aradan qaldırılmasını təmin edən ən müasir və effektli vasitə kimi estetik təbabətdə istifadə edilir.  20-65 yaşda olan hər bir insan bu tibbi prosedurdan yararlana bilər.  Botulinoterapiya hər şəxsin dəri özəlliklərinə uyğun olaraq, fərdi dozada həkim tərəfindən təyin edilir və cəmi 20-30 dəqiqə ərzində həyata keçirilir.  Prosedurdan öncə dəri səthi anestetik ilə keyidilir və preparat çox incə iynələrlə nəzərdə tutulan problemli nahiyələrə inyeksiya edilir.   Botulinoterapiyadan sonra dəridə izlər qalmadığı üçün, pasiyent dərhal gündəlik həyat tərzinə qayıda bilir.  Təxminən iki həftə ərzində qırışların tam açılması müşahidə olunur və bu hal 4-8 ay davam edir.  Təkrarən vurulan botulotoksin bu müddəti daha da uzadır.

Tətbiq olunan nahiyələr:

  • alın qırışları
  • qaş arası qırışlar
  • göz ətrafı qırışlar
  • burun və ağız ətrafı qırışlar
  • boyun nahiyəsində olan qırışlar

Botulotoksin ilə hiperhidrozun müalicəsi.

Tər ifrazı, orqanizmin vacib funksiyası olaraq, su-duz mübadiləsini, toksinlərin xaric olunmasını və bədən temperaturunun stabil saxlanmasını təmin edir. Normada ətraf mühitin temperaturu 20-25 dərəcədən yuxarı yüksəldikdə, fiziki və ya psixoemosional yüklənmə zamani tər ifrazi güclənir. Tərləmə prosesinin patoloji pozulmasi, onun həddindən artiq güclənməsi hiperhidroz adlanır.  Hiperhidroz ümumi və yerli olur. Birinci halda güclü tərləmə bütün bədəndə müşahidə olunur və çox zaman müxtəlif xəstəlikləri müşayiət edir. İkinci halda isə tərləmə sinir sisteminin yüksək oyanıqlığı nəticəsində orqanizmin lokal nahiyələrində (pəncə, ovuc, qoltuqalti, dirsək və diz bükümləri) baş verir.  Hiperhidroz səbəbindən dəridə pis qoxu, bişməcə və dermatitlər yaranaraq insanın sosial həyatını çətinləşdirir.   Hiperhidrozu azaldan yerli və sistem təsirli preparatlar mövcuddur, lakin bunların təsiri adətən qısadır və yan təsirlərlə müşahidə edilir.  Bununla belə, hiperhidrozun müalicəsində cərrahi üsullar da istifadə edilir.   Aşırı tərləmənin müalicəsində botulotoksinin tətbiqi müasir, yan təsiri az olan, səmərəli və tez həyata keçirilən üsul kimi tanınır.  Botulotoksinin problemli nahiyələrə inyeksiyası doqquz ay müddətinə tərləmənin qarşısını alır.  Prosedur 30 dəqiqə ərzində yerinə yetirilir, inyeksiya olunacaq nahiyə yerli anestetik ilə ağrısızlaşdırılır və çox incə iynələrlə vurulduğu üçün ağrı hissi minimuma endirilir.  Hiperhidrozdan əziyyət çəkən insanların əksəriyyəti ildə bir dəfə yay mövsümü ərzində botulinoterapiyadan istifadə etməklə aşırı tərləmənin qarşısını alır.

Əks göstərişlər:

  • preparata qarşı fərdi həssaslığın olması
  • hamiləlik və südvermə dövrü
  • sinirəzələ keçiriciliyinin pozulması ilə gedən nevroloji xəstəliklər (miasteniya)
  • hemofiliya

Ümumilikdə, bütün inyeksiyon və aparat prosedurlarının tətbiqindən öncə onların sağlamlığa zərərli təsirin olub-olmaması barədə peşəkar qərarın verilməsi vacibdir.  Botulinoterapiyanın tətbiqi yalnız həkim tərəfindən fərdi müayinə əsasında, steril şəraitdə həyəta keçirilməlidir.