Aqsin Kengerli,Ali dərəcəli həkim
Dermatovenereologist
Ali dərəcəli həkim
40 years of experience
Ali dərəcəli həkim
40 years of experience
Dərinin mövsüm xəstəlikləri
Bir çox xəstəliklər, o cümlədən dəri patologiyası ilin fəsilləri ilə sıx əlaqədədir. Əksər hallarda xroniki dəri xəstəliklərin kəskinləşməsi və dərinin bakterial-virus infeksiyalarına yoluxma və yayılması yaz-yay aylarına təsadüf edir. Bu, orqanizmə təsir edən fəsil dəyişiklikləri (günün uzanması, vitamin disbalansı, immunitetin zəifləməsi və s. faktorlar) təsirindən bilavasitə aslıdır.
İnsanın dəri örtüyü çox mürəkkəb qurulmuş orqan olaraq daxili sistemlər ilə sıx təmasdadır. Odur ki, dəri xəstəliklərinin mövsümi xarakter daşımasında qeyri-adi bir şey yoxdur.
Dəri xəstəliklərinin səbəblərindən daxili və xarici faktorları qeyd etmək olar. Daxili faktorlar xroniki dəri xəstəliklərinin yaz-yay mövsümündə kəskinləşməsinə, xarici faktorlar isə eyni dövrdə kəskin dermatozların əmələ gəlməsinə və bakterial-parazitar xəstəliklərə yoluxmaya səbəb ola bilər.
Ciddiliyinə görə daxili faktorlar daha önəmlidir. Fəsil dəyişmələri dövründə kəskinləşən ağır dermatozlara (atopik dermatit, ekzema, psoriaz və s.) səbəb məhz onlardır. Bu xəstəliklər immun sistemindən aslıdır və dəridə olan iltihabi prosseslərin aktivliyi ilin fəsllərindən bilavasitə aslıdır. Məhz yaz-payız aylarında dəridə patoloji proseslərə təkan verən immunitet mexanizmlərinin aktivləşməsinə rast gəlmək olar.
Yaz-payız mövsümü virus xəstəliklərinin, xüsusən sadə-herpesin əmələ gəlməsinə və kəskinləşməsinə çox əlverişlidir. Bu sadə qovucuqlu herpesə nəzarət edən immunitet sisteminin depressiyası ilə bilavasitə əlaqədərdir. Məhz yaz aylarında fizioloji immunodefisit əmələ gəlir, buda öz növbəsində virusun dəri və selikli qişalarında “oyanmağına” səbəb olur.
İmmunitetin azalması dəri amebiazı xəstəliyinə səbəb ola bilər. Dəri amebiazı, bağırsaq amebiazının fəsadı kimi inkişaf edir. Prosesə anal nahiyəsi, sarğı və aralıq nahiyəsində dəri cəlb olunur. Belə olan hallarda zədələnmiş nahiyələrdə dərin xoralar və çatlar əmələ gəlir.
Yaz-yay aylarında dərinin parazitar və infeksion xəstəliklərinin sürətlə artması müşahidə olunur. Qotur bunların arasında ən çox yayılmış xəstəlikdir. Bu xəstəliyin zirvəsi yayın axırına təsadüf edir.
Yaz-yay aylarında çox saylı göbələk xəstəliklərinə yoluxmaq şansı bir neçə dəfə artır. Yazın sonu, yayın əvvəli gənələrin və digər həşəratların oyanma vaxtı hesab olunur. Gənələrin sancması Borrelioz ( laym xəstəliyi) yarada bilər. Borrelioz xəstəliyinin təhlükəsi ondan ibarətdir ki, təkcə dəridə yox, orqanizmin bir çox sistemlərində (sinir, ürək, ürək-damar və s.) fəsad törədə bilər.
Yaz aylarında birələrin akliyi gözə çarpır. Birə bir metrə qədər tullana bilər və onların sancması ciddi diskomfort yaradır. Bəzi hallarda xəstə birə sancmasını allergiya kimi qiymətləndirir, müxtəlif təsirsiz dərmanlar qəbul edir, bu da prossesi uzadır, zədələnmiş sahələrdə xüsusi ilə uşaqlarda ciddi fəsad törədir.
Yazın sonunda yayın əvvəlində allergik dermatitlərin, xüsusən də övrənin çoxalması gözə çarpır. Bu da günəş aktivliyinin, güllərin açması ilə izzah olunur.
Dərinin bakterial infeksiyaları, piodermiyalar yaz və yay aylarında ən çox uşaqlarda sürətlə yayılmağa başlayır. Bunun səbəbi temperaturun yüksəlməsi, gigiyenik qaydalara əməl edilməməsi nəticəsində dəridə mikroçatlar əmələ gəlməsi və o çatlardan dərialtı təbəqələrə patogen mikrofloranın daxil olmasıdır.
Yaz-yay aylarında böyük təhlükə yaradan cinsi yolla yoluxan infeksiyaların da artmasıdır. Bu xəstəliklər ilə mübarizə təkcə xəstənin özünə yox, eyni zamanda ətrafdakılar üçün təhlükə törətmə və insanların reproduktiv funksiyasını pozduğuna görə çox aktualdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.