Uşaqlıq mioması və onun müalicəsi

Uşaqlıq mioması və onun müalicəsi

5182
Müəllif: Mama-ginekoloq, tibb elmləri namizədi İlham Qafarov

Paylaşıldı: 12.11.2018
İlham Qafarov

Uşaqlıq mioması nədir?

Uşaqlıq mioması (fibromioma) - uşaqlığın əzələ qatında yaranan xoşxassəli şişdir. Qaqdınlarda ən çox rast gəlinən ginekoloji xəstəliklərdən biridir. Bütün ginekoloji xəstəliklərin 12-15%-ni təşkil edir.

Uşaqlıq mioması necə yaranır?

Xəstəliyin yaranma səbəbləri sonadək məlum deyil. Lakin müəyyən olunmşdur ki, miomanın əmələ gəlməsinə, əsasən,  hormonlar, xüsüsən də estrogenlərin izafi sekresiyası təkan verir. Başqa sözlə desək, estrogenlər miomanın inkişafını, progesteronlar isə əks-prosesi stimullaşdırır. Lakin bu, heç də o demək deyil ki, estrogen və progesteronların normal balansı birmənalı olaraq, miomanın olmamsından xəbər verir. Məsələ ondadır ki, estrogenlərin uşaqlıqdakı yerli səviyyədə dəyişikliyi adətən, onların qandakı miqdarına o qədər də təsir göstərmir və ya ümumiyyətlə, təsir göstərmir.

Bir çox hallarda uşaqlıq divarında bir yox, müxtəlif ölçülü bir neçə şiş əmələ gəlir.

Uşaqlıq miomasının yaranmasına aşağıdakı faktorlar təkan verə bilər:

  • İrsi meyillilik;
  • Menstrual tsikllə bağlı problemlər;
  • Sonsuzluq və yarımçıq hamiləlik;
  • Maddələr mübadiləsinin pozulması (şəkərli diabet, piylənmə);
  • Çoxsaylı abortlar.

Son zamanlar alimlər müəyyənləşdiriblər ki, uşaqlıq mioması və streslər arasında birbaşa əlaqə var.

Uşaqlıq miomasının əlamətləri hansılardır?

Uşaqlıq mioması adətən simptomsuz gedişata malik olur. Lakin bəzi əlamətlər bu xəstəlikdən xəbər verə bilər.

Buraya aiddir:

  • Menstrual dövrdə qanaxmanın həddindən artıq olması;
  • Menstrual tsiklin pozulması;
  • Qarnın aşağı nahiyəsində və ya beldə ağrılar.

Uşaqlıq miomasının diaqnostikası

Miomanı aşkar etmək üçün ən etbarlı vasitə - ildə bir dəfə, profilaktika məqsədilə həkim-ginekoloqun müayinəsindən keçməkdir.

Təcrübəli mütəxəssis miomanı əl ilə müayinə edib, aşkara çıxara bilər. Lakin dəqiq diaqnoz üçün mütləq USM müayinəsi təyin olunmalıdır.

Şübhə qalarsa, laporoskopiya və histeroskopiya tələb oluna bilər.

Uşaqlıq miomasının müalicəsi

Miomanın müalicəsi pasiyentin yaşından və planlarından asılıdır. Əgər şişin ölçüləri uzun illər dəyişməz qalarsa və qadın hamiləlik planlaşdırmırsa, həkimlər çox vaxt medikamentoz müalicə təyin edirlər. Hormonal preparatlar miomanın inkişafını ləngidir, bəzi hallarda isə  dayandırır.

Hamiləlik arzusunda olan gənc qadınlara həkimlər təxirəsalınmaz əməliyyat tövsiyə edirlər. Onlardan ən yüngülü - miomektomiyadır - yalnız düyünlərin kəsilib götürülməsi. Bu zaman uşaqlıq demək olar ki, zədələnmir.

Şişlər çox böyük, sayı isə çox olduqda uşaqlığın tam çıxarılması zərurəti yaranır.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az