quru-göz-sindromu

Quru göz sindromu

2565
Müəllif: Oftalmoloq Güllü Məmmədli

Paylaşıldı: 16.02.2020
Güllü Məmmədli

Quru göz sindromu dünyada hər iki insandan birində rast gəlinir və göz həkiminə baş çəkməyin əsas səbəbidir. Göz quruluğu həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

QURU GÖZ XƏSTƏLİYİNİN SİMPTOMLARI

Quru göz sindromu xəstəliyi hər kəsdə eyni şəkildə baş vermədiyi üçün xəstəliyin əlamətlərinin üzə çıxması müəyyən vaxt alır.Quru göz sindromu xəstələrində əsas şikayətlər aşağıdakılardır:

  • səhərlər gözlərdə çirklənmə
  • yanma hissi
  • ağrı
  • qaşınma
  • yorğunluq
  • quruluq hissi
  • gözün qızarması
  • işıqdan qorxma
  • bulanıq görmə
  • batma hissi
  • yad cisim hissi

Quru göz sindromu probleminin həllində gözləri nəm saxlamaq böyük əhəmiyyət daşıyır. Nə qədər qəribə görünsə də, gözlərin sulanması da quru göz sindromunun əlaməti ola bilər. Bunun səbəbi gözün səthindəki quruluğu bərpa etmək üçün, gözün qoruyucu mexanizminin işə düşməsi və göz yaşı ifrazını artırmasıdır. Ancaq bu “refleks pozğunluğu” gözün quruluğunu bərpa edə biləcək qədər uzun müddət davam edə bilmir və müvəqqətidir.

Quru göz sindromu gözlərin infeksiyaya yoluxma ehtimalını artırır və göz səthinə (bəzən qalıcı) zədə yetirə bilir.

QURU GÖZ SİNDROMUNA SƏBƏB NƏDİR?

Göz quruluğunun səbəbi çox zaman göz yaşı miqdarının az və ya keyfiyyətinin aşağı olması ilə əlaqədardır. Gözün sağlam olması və yaxşı görməsi üçün göz səthində yetərli və davamlı bir göz yaşı təbəqəsi olması vacibdir. Göz yaşı gözü nəm saxlamaqla buynuz qişaya zərər verən və göz infeksiyasına səbəb ola biləcək toz, çirk və mikroorqanizmləri yuyur.

Normal göz yaşı təbəqəsi üç vacib komponentdən ibarətdir:

  • Yağlı komponent
  • Sulu komponent
  • Selikli (Mutsin) komponent

Hər bir göz yaşı komponenti gözün üstündə və ya yanında olan fərqli vəzlər tərəfindən ifraz olunur:

  • Yağlı komponent, göz qapaqlarında olan meybomi vəzləri ilə;
  • Sulu component, yuxarı göz qapaqlarının xarici tərəfinin arxasında yerləşən lakrimal vəzlər ilə;
  • Mutsin komponenti gözün ağını (sklera) əhatə edən konyunktivadakı qədəhəbənzər hüceyrələri ilə;

Sadalanan göz yaşı təbəqəsi komponentlərinin hər hansı birində problem yaşanarsa göz yaşında qeyri-sabitlik yaranar və bu da öz növbəsində göz quruluğu ilə nəticələnə bilər.

QURU GÖZ SİNDROMUNUN YARANMA RİSKLƏRİ

Aşağıda sadalanan bir sıra amillər quru göz sindromu riskini artırır. Onlara daxildir:

  • kompyuter istifadəsi
  • kontakt linza istifadəsi
  • yaşlanma faktoru
  • tez-tez təyyarə ilə uçmaq
  • siqaret və spirtli içki qəbulu
  • sağlamlıq vəziyyəti (şəkər, hipertoniya və s.)
  • bəzi dərmanların əks təsiri
  • göz qapaqları problemləri
  • kimyəvi yanıqlar

Əlavə olaraq sərt əsən külək, qadın cinsi (menopauza) və havanın çirklilik səviyyəsini də risk faktorlarına aid etmək olar. Quru göz sindromu eyni zamanda, qurdeşənəyi, revmatoid artrit, Şeqren sindromu (quru gözlər və ağızda quruluq) kimi sistem xəstəliklərinin simptomu kimi də özünü göstərir.  Fokuslanma nəticəsində azalan göz qırpma refleksi də göz yaşının bərabər dərəcədə yayılmasına mane olaraq gözlərin qurumasına gətirib çıxara bilər. Həmçinin oksigenlə qidalanan və damarsız quruluşa sahib olan gözün ön hissəsi oksigen azlığı nəticəsində də gözün ön qişasında çatlar əmələ gətirə bilər.

QURU GÖZ SİNDROMUNUN DİAQNOSTİKASI

Sizdə xroniki quru göz sindromunun olub-olmadığını bilməyin yeganə yolu, göz həkiminiz tərəfindən bir və ya bir neçə göz testlərinin aparılmasıdır. Bu test aşağı göz qapağının altına qoyulan nazik filter kağızı formasında olmaqla Şirmer testi adlanır və gözünüzdə göz yaşı ifrazı miqdarını müəyyən edir.

Göz həkiminiz yalnız diqqətli araşdırması nəticəsində gözünüzdə quru göz sindromunun mövcudluğu və ağırlıq dərəcəsini aşkar edə və gözlərinizin sağlam, rahat və yaxşı görməsi üçün ən düzgün müalicəni sizə təyin edə bilər.

QURU GÖZ SİNDROMUNUN MÜALİCƏSİ

Şükürlər olsun ki, müasir dövrdə xroniki quru göz quruluğunun effektiv müalicə imkanları mövcuddur. Quru göz sindromu xəstəliyinin müalicəsində ilk öncə xəstəliyə səbəb olan faktorlar araşdırılır və səbəbi müəyyən olunduqdan sonra müvafiq müalicə həyata keçirilir.

Quru göz sindromu müalicəsində gel və ya damci şəklində lubrikantlar, nəmləndirici linzalar və göz yaşının buxarlanmasının qarşısının alınması üçün eynək təyin olunur. Əgər həkim təyinatına doğru əməl olunarsa xəstə tezliklə öz sağlamlığına qovuşur.

Xəstənin olduğu mühitin nəmli olması, bol su içilməsi, havalandırma və kondisioner sistemlərinin gözə birbaşa vurmaması, yay və ya qış aylarında eynəkdən istifadə edilməsi gözləri quruluqdan qorumaq üçün başlıca faktorlardır.

Bir çox hallarda süni göz damcıları və kiçik davranış dəyişikliklərinin müntəzəm istifadəsi (məsələn: kompüterdən istifadə zamanı tez-tez fasilə vermək, smartfonlardan az istifadə edilməsinə nail olmaq) quru göz simptomlarını xeyli azalda bilər.

Nəticə olaraq, göz həkiminiz sizə göz damcıları və tibbi prosedurlar tövsiyə etməklə orqanizminizin daha çox göz yaşı istehsalı və ifrazına nail ola və bununla da gözlərinizdə olan qıcıqlanma və iltihabı kimı narahatçılıqları aradan qaldıra bilər.