qanadabənzər pərdə pterigium

Qanadabənzər pərdə - Pterigium

4291
Müəllif: Op.Dr. Anar Abdullayev

Paylaşıldı: 22.08.2017
Anar Abdullayev

Pterigium nədir?
El içində qanadabənzər pərdə deyə adlandırılan - pterigium əslində degenerativ dəyişikliyə uğramış konyuktiva toxumasıdır. Adətən gözün "ağından" "qarasına" yəni içəri bucağından buynuz qişanın mərkəzinə doğru inkişaf edir. Açıq sahələrdə çalışan, günəşin zərəli ultrabənövşəyi şüalarına məruz qalan, xüsusən də dağlıq bölgələrdə yaşayan əhalimiz arasında daha sıx müşahidə olunur. Digər səbəb isə quru hava və tozlu mühitdir. 

Rast gəlmə tezliyi qadınlara nisbətən kişilərdə iki dəfə çoxdur.

Necə qoruna bilərik?
Qanadabənzər pərdədən qorunmanın ən yaxşı yolu yüksək UV qorunması olan gün eynəklərindən istifadə etməkdir. Gün eynəklərindən yalnız yaz-yay aylarında deyil hətta günəşli qış günlərində də istifadə etmək lazımdır. İkinci bir tədbir çətirlərdən və geniş kölgəsi olan şlyapalardan istifadə ola bilər.

Müalicə üsulları
Yüngül hallarda süni göz yaşı və steroid damlalar təyin olunur. Lakin qızartı, diskomfort, bulanıq görmə şikayətləri davam etdikdə və pterigium ortaya doğru irəlilədikdə cərrahi müdaxiləyə ehtiyac yaranır.

Cərrahi əməliyyat zamanı buynuz qişa üzərinə yürümüş konyuktiva toxuması kənarlaşdırılaraq buynuz qişa təmizlənir, əvvəlki görkəmini alır.

Əməliyyatı Autograft üsulu ilə - yəni yara yerinə sağlam konyuktiva toxuması transplantasiyası ilə icra etdiyimiz üçün əməliyyatdan sonra təkrar residiv riskini minimuma endirmiş oluruq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.