prostat vəzinin adenoması

Prostat vəzinin adenoması

3736
Müəllif: Seymur Mehtiyev

Paylaşıldı: 05.10.2017
Seymur Mehtiyev

Prostat, 20-25 qr çəkisi olan, düz bağırsağın önündə, sidik kisəsnin altında yerləşən kişilərin ikincili cinsi vəzisidir. Prostat vəzidən həm uretra (sidik kanalı) həm də toxumçıxarıcı kanal (spermanı çölə daşıyan kanal) keçir.

Bundan əlavə prostat vəzidə hazırlanan şirə isə spermaya qarışaraq onun həcmini artırır (xaric olan spermanın 30-35%-i prostat şirəsidir) və qadın cinsiyyət yollarında hərəkətini asanlaşdırır.

Digər əsas funksiyası isə sidik ifrazını həyata keçirməkdir. Yaş artdıqca prostat vəzi böyüyür və nəticədə sidik ifrazının və digər funksiyaların pozulmasına səbəb olur. 50 yaşdan sonra kişilərin 50%-də olduğu halda, 90 yaşda bu rəqəm 100%-çatır. Avropa və Amerikada aparılmış araşdırmalar 60 yaşdan sonra kişilərin 65%-də sidik ifrazının pozulduğunu müəyyən ediblər. 40 yaşdan sonra kişilərin 10%-də mikroskopik olaraq prostat böyüməsi başlayır. 80 yaşa qədər hər 3 kişidən biri prostat böyüməsi ilə əlaqədar cərrahi müalicə alır. Həqiqətən də prostat əməliyatı bütün dünyada kataraktadan (göz əməliyatı) sonra ən çox olunan ikinci əməliyatdır.Prostatın bu böyüməsi xoş xassəlidir, bunu prostat xərçəngi ilə qarışdırmamaq lazımdır.

Prostat böyüməsi əsasən prostat hüceyrələrinin böyüməsi hesabına deyil, hüceyrə sayının nomral artması (hiperplaziya) hesabına olur. Yaş artdıqca periuretral (uretra-sidik kanalı) vəzilərdə böyümə artır,nəticədə böyümüş vəzilər həqiqi prostat toxumasını kənarlara doğru - düz bağırsağa və sidik kisəsinə, əsasən sidik kisəsinin boynuna doğru sıxır. Nəticədə sidik kisəsinin boynunu daraldaraq, uretra (sidik kanalı), sidik kisəsi, sidik axarları və böyrəklərdə patoloji dəyişikliklərə səbəb olur. Daha sonra isə sidik kisəsinin boynu daraldığı üçün orada daş yaranmasına və böyrəklərin böyüməsinə şərait yaradır. Prostat böyüdükcə sidik kisəsi boynunu daraltdığı üçün bu kişilərin sidik ifrazı çətinləşir, hətta sidiyə çıxmamaq kimi hallarla rastlaşırlar. Nəticədə böyrək funksiyası önəmli dərəcədə azalaraq, böyrəklərin normal fəaliyyətini çətinləşdirir.

Prostat böyüməsinə nələr səbəb olur?

Prostat böyüməsi yaşla əlaqədar olaraq böyüyür, əsasən 50 yaşdan sonra başlayır. Bundan əlavə yaş artdıqca kişələrdə olan hormonal dəyişikliklər (estrogen və testosteron) böyüməyə səbəb olan ikinci faktor sayılır.

Prostat adenomasının (böyüməsinin) əlamətləri hansılardır?

Prostat adenoması (böyüməsi) olan xəstələr bizə əsasən gecələr sidiyə qalxmaq, nazik və kəsik-kəsik işəmə, gücənərək sidiyə çıxmaq, sidiyin yanlara doğru haçalanması, sidiyə çıxdıqdan sonra sidik kisəsində qalıq sidiyin olması hissiyyatı, tez-tez sidiyə çıxmaq, sidik saxlamamazlıq (tualet’ çatmadan və ya damcı şəklində) ya da heç sidiyə çıxa bilməmək kimi şikayətlərlə müraciət edirlər. Normal halda gecələr sidiyə qalxmazlar, yalnız prostat böyüdüyü halda bunu görürük.

Prostat adenoması (böyüməsi) olan xəstələrin şikayətləri iki qrupa ayrılır:
1.Depolama funksiyası (sidiyin toplanması):

 - Tez-tez sidiyə çıxmaq (pollakuriya - gündə 7-dən çox sidiyə çıxmaq və ya 2 saat içində yenidən işəmə istəyi)
 - Gecelər sidiyə çıxmaq (nokturiya)
 - Qəfil işəmə hissi (urgency)
 - Qəfil işəmə hissi nəticəsində tualetə çatmadan sidik qaçırması (urge incontinans)
 - Yanğılı sidik ifrazı (dizuriya)

2. İşəmə funksiyası (sidiyin xaric edilməsi):
 - İşəməyə başlarkən gözləmək (Hesitancy)
 - Kəsik-kəsik işəmə (İntermittency)
 - İşəmənin sonunda damcı sidik (Terminal dribbling)
 - Sidiyin təzyiqinin azalması, nazik işəmə
 - Sidiyin tam boşaldılmaması hissi (İncomplete emptying)
 - Prostat böyüməsi (adenoması) olan xəstəyə yanaşma

Anamnez - xəstənin əvvəllər keçirdiyi əməliyatlar, travmalar, digər xəstəliklər, ailədə prostat adenoması (böyüməsi) və prostat xərçənginin olub-olmaması, urogenital infeksiyalar və.s müəyyən edilir.

Fizik müayinə - prostat adenoması (böyümısi) olan xəstədə böyümüş prostatın həcmi, quruluşu ilk öncə barmaqla rektal müayinə aparılır (çox böyük informasiya verən bir üsuldur). Barmaq müayinəsi ilə prostat böyüməsi və prostat xərçəngi diferensasiya edilir. Həkimin təcrübəsindən asılı olaraq barmaq müayinəsi 69-89%-hallarda düzgün informasiya verir.

Sidiyin ümumi analizi aparılır-infeksiyanın,hematuriyanın (sidikdə qanın) olması və.s müəyyən edilir.Mkroskopik hematuriyası (sidikdə görünməyən qan) olan kişilərin 4-5%-də 3 il ərzində prostat xərçəngi vəya başqa uroloji problemin olabiləcəyini işarə edir.

Laborator analizlər - PSA (prostat spesifik antigen). PSA yalnız prostat vəzidə hazırlanır, qandakı normal miqdarı yaşa görə dəyişir. Prostat böyüməsində PSA baxılması prostat xərçənginin digerensasiyasında çox önəmlidir. PSA 0-4 arası normal qəbul olunur. 4-dən yüksək olması mütləq araşdırma tələb edir, bu halda ən düzgün məlumatı prostat biopsiyası verir. Prostat adenoması olan xəstələrin 28%-də PSA 4-dən çox olur, buna baxmayaraq prostat xərçəngi olan kişilərin 20-30%-də isə PSA normal olur.

Böyrək funksiyalarının dəyərləndirilməsi - Prostat adenoması olan kişilərin 13,6%-də böyrək funksiyalarında çatışmazlıq olur. Bunu nəzərə alaraq prostat adenoması olan kişilərdə böyrək funksiyası müəyyən edilməlidir,qanda kreatinin və digər görüntüləmə üsulları ilə dəqiqləşdirilməlidir (USM, KT - kompüter tomoqrafiya, rentgen və.s).

İşəmənin dəyərləndirilməsi:
Uroflometriya:
 Sidik təzyiqini-axma sürətininin ölçülməsidir. Ən sürətli axım və orta axım ümüumi işəmə müddəti, işəmə əyrisi və ümumi işənən həcm (150 ml-də az olduqda araşdırmaq lazımdır) müəyyənləşdirilir. Ən sürətli işəmə 15-ml/san-də çox olmalıdır.

İşədikdən sonra qalıq sidiyin müəyyən edilməsi - normal kişilərdə işədikdən sonra sidik kisəsində qalıq sidik qalmamalıdır (12 ml-dən az olmalıdır). Prostat adenoması olan kişilərdə isə işədikdən sonra sidik kisəsində qalıq sidik qalır (100 ml-dən çox sidik qalması problem olduğunu göstərir).

Prostat böyüməsinin (adenomasının) müalicəsi 

Prostat adenomasının müalicəsi zamanı həm medikal (dərmanlarla) həm də cərrahi üsullardan istifadə edilir. Burada prostatın çəkisi və sidik ifrazının hansı vəziyyətdə olduğu çox önəmlidir. Ən doğrusu 50 yaşa çatmış hər kişinin həyatında bir dəfə etməli olduğu-həkimə gedib prostat müayinəsindən keçmək və irəlidəki illərdə qarşılaşacaq bu problemləri vaxtında aşkar etmək, düzgün məsləhətlər və müalicələr almaqdır. Prostat adenoması zamanı hər bir xəstəyə individual yanaşılır yaş, xəstənin ümumi vəziyyəti və.s dəyərlər nəzərə alınaraq medikal (dərman) yoxsa cərrahi müalicə seçilir.

Cərrahi müalicə
Bu gün üçün qızıl standart TUR-P-dir (Transurethral resection of prostate) .Yani heç bir kəsik aparmadan sidik kanalından endoskopik üsullarla girilərək böyümüş prostat hissələrinin rezeksiya (kəsilib çıxarılması) edilməsidir. Çəkisi 80 qr-dək olan prostatların TURP olması tövsiyə olunur.

Uzun müddət müalicə edilməmiş prostat böyüməsi xəstələrdə hansı tibbi və sosial şikayətlərə səbəb olar?
1. Gecə və gündüz tez-tez sidiyə çıxmaq ehtiyacı ilə yuxunun pozulması, gündüzlər ümumi yuxulu və halsızlıq
2. Həyat keyfiyyətinin pozulması, depresiyanın artmasına səbəb olur
3. Cinsi funksiyaların önəmli dərəcədə pozulması (spermanın təzyiqinin, həcminin azalması, tam boşala bilməmək və.s)
4. Sidik-cinsiyyət yollarının infeksiyalarının artması
5. Qanlı işəmə: sidikdə qanın olması
6. Sidik kisəsi daşının daha tez və rahat yaranması
7. Gücənərək çətinliklə sidiyə çıxdığı üçün qasıq yırtığının yaranması
8. Böyrəklərin funksiyasının pozulması, onların böyüməsinə, böyrək çatışmazlığına və.s şikayətlərə səbəb olur.

Nələrə diqqət edilməlidir?

Prostat xəstəlikləri əsas üç formada qarşımıza çıxır. Bunlar bir-birilərindən müstəqil halda yaranır, biri digərindən asılı olmadan
1. Prostat vəzinin iltihabi xəstəlikləri (Prostatitlər), əsasən gənclərdə qarşımıza çıxır
2. Prostatın xoş xassəli böyüməsi (adenoması)
3. Prostat xərçəngi

Prostatın böyüməsi zamanı olan problemlər onun daha çox böyüməsi deyil,yaratdığı şikayətlər önəmlidir.Bəzən kiçik prostatlar belə çox böyük sosial və tibbi problemlər yaradır.

Prostat xəstəlikləri şikayəti ilə müraciət edən xəstələrdə ən önəmli olan prostat adenoması yoxsa prostat xərçəngi olduğunu düzgün müəyyənləşdirməkdir.
Prostat böyüməsi (adenoması) günümüzdə çox gözəl şəkildə müalicə olunmaqdadır. Bunu gündəlik təcrübəmizə və xarici ölkələrin təcrübəsinə əsaslanaraq tam rahatlıqla deyə bilərik.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.