Konyuktivitin müalicəsi

Konyuktivitin müalicəsi

2171
Müəllif: Oftalmoloq Lalə Zeynalova, Əlaqə:(+994) 55 429-38-39

Paylaşıldı: 21.06.2020
Lalə Zeynalova

Konyuktivit nədir?

 Konyunktivit — gözun selikli qişasının iltihabına deyilir. Bu xəstəlik gözun qızarması, qıcıqlanması ilə müşayiət edilir, gözdə "yad cisim" hissiyyatı əmələ gəlir. Çox vaxt xəstəlik öz-özünə - müalicəsiz keçib gedir. Lakin bəzi hallarda patologiya ciddi fəsadlara yol aça bilər. Konyuktivitlərin bəzi növləri yoluxucudur və kollektivdə (məsələn, bağçalarda, məktəblərdə və s.) xəstəlik ocaqlarına çevrilə bilər. 


Konyuktivitin növləri

Konyuktivitin müxtəlif növləri var. Onlara aşağıdakılar aiddir:

- bakterial;
- xlamidiya (traxoma və paratraxoma);
- allergik konyuktivit;
- viruslu konyuktivit.

Gedişatına görə konyuktivit iki növə bölünür: kəskin konyuktivit və xroniki konyuktivit. 


Konyuktivitin əlamətləri

Demək olar ki, bütün növ konyuktivitlər aşağıdakı əlamətlərlə müşayiət olunur:

- gözün qızarması;
- zədələnmiş gözün ödemi;
- ağrı və gözdə “yad cism”in olması hissi;
- yanma hissi;
- göynəmə (daha çox allergik proses üçün səciyyəvidir);
- işıq qorxusu;
- gözlərin yaşarması və s.

Əksər hallarda konyuktivit zamanı gözlərdən ifrazatın axması müşahidə edilir. Yaranma səbəblərindən asılı olaraq ifrazat sulu, selikli, irinli və qarışıq ola bilər. 


Konyuktivitin diaqnostikası

Konyuktivitin müayinəsi bu sxemlə həyata keçirilir:

- Anamnezin toplanması. Pasiyentin şikayətləri dinlənilir, əlamətlərin nə zaman, hansı şəraitdə üzə çıxması, onun eyni əlamətləri olan insanla kontaktda olub-olmaması haqqında məlumat toplanılır.
- görmə itiliyi yoxlanılır;
- gözün ön kəsiyi  müayinə olunur (konyuktivanın, buynuz qişanın müayinəsi,gözün ön kamerasının nəmliyinin, qüzeyli qişa və büllurun vəziyyətinin dəyərləndirilməsi);
- dərində yerləşən strukturların müayinəsi (gözün dərində yerləşən şöbələrində iltihabi prosesi istisna etmək üçün).  

Əlavə müayinə üsulları kimi - törədicini müəyyənləşdirmək üçün zədələnmiş gözdən yaxmalar götürülə bilər. Bu metod aparılan müalicə effekt vermədikdə və ya konyuktivitin xroniki gedişatı zamanı aktualdır. 


Konyuktivitin müalicəsi

Xəstəliyin əsas müalicə üsulu onun yaranma səbəblərinin üzə çıxarılmasından ibarətdir. Bunun nəticəsindən asılı olaraq müalicə taktikası seçilir.     

Konyuktivitlərin çoxu yuxarıda qeyd edildiyi kimi öz-özünə keçib gedir. 

Bakterial konyuktivit zamanı gözdən axan seliyin miqdarı az olarsa, onu gündə bir neçə dəfə fizioloji məhlulla yumaq/silmək lazımdır. Növbəti bir neçə gün ərzində iltihabi əlamətlərin kəskinləşməsi müşahidə olunarsa, mütəxəssisə müraciət etmək tövsiyə edilir. 

 
Viruslu konyuktivitləri etioloji müalicə ilə aradan qaldırılır.

Allergik konyuktivitin müalicəsi ilk növbədə, allergik reaksiya törədən allergeni aradan qaldırmaq tələb edir. Yüngül gedişat hallarında simptomatik məqsədlərlə sərinləşdirici kompresslər və nəmləndirici damcılar istifadə etmək lazımdır.


Konyuktivitin profilaktikası üçün adi gigiyena qaydalarına əməl etmək tövsiyə olunur:

- kontakt linzalardan istifadə edirsinizsə, gözlərin iltihabı zamanı onlardan mütləq imtina etməlisiniz!
- əlinizi gözlərinizə vurmayın;
- əllərinizi tez-tez və yaxşı yuyun;
- konyuktiviti olan insanlarla mümkün qədər az kontakta girin;
- göz kosmetikasından imtina etmək tövsiyə olunur;
- yalnız şəxsi gigiyena əşyalarından (sabun, dəsmal və s.) istifadə edin, yataq dəstlərini tez-tez dəyişin.

Mövzu ilə bağlı video:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az