baş ağrılarının səbəbləri və müalicəsi

Baş ağrıları

2463
Müəllif: Terapevt Pərvanə Fətullayeva

Baş ağrıları əhalinin böyük əksəriyyətini narahat edir, birincili və ikincili olmaqla iki qrupa bölünür. Səhiyyə xidmətinə müraciətlər əsasən birincili başağrıları - miqren və gərginlik baş ağrıları səbəbindən olur. Baş ağrılarının qiymətləndirilməsində xəstənin ətraflı sorğusu çox əhəmiyyətlidir. 

Birincili baş ağrıları hansılardır ?

Miqren
 
Miqren baş ağrıları – birtərəfli (ikitərəfli də olur), pulsasiya edən, bir neçə dəqiqədən bir neçə saata qədər müddətdə artan, ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslığın artması ilə müşayiət olunur. Əmək qabiliyyətinin itirilməsi belə ki, adi fiziki yükdən baş ağrılarının güclənməsi baş verir. Miqren tutmaları ildə bir dəfədən hər gün baş verən tutmalara qədər, davametmə müddəti isə 4-72 saat ola bilər.
 
Miqren baş ağrıları tutmalarına təkan verən qıcıq amillər: isti, soyuq, müxtəlif qoxular, parlaq işıq, səs - küy, fiziki gərginlik - hərəkət, xronik stress, yuxu pozğunluğu, vaxtsız ve ya pis qidalanma, tütünçəkmə, сinsi yetkinlik dövrü, menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik, dərman amili (nitroqliserin, oral kontraseptivlər, hormonal terapiya, opiat və barbituratlar, nifedipin və s.), qida məhsulları (sitrus meyvələri, tərkibində kofein, nitritlər və aspartam olan qida məhsulları, yetişmiş pendir, şokolad, alkoqol, monosodium qlutamatlı qida məhsulları və s.) 
 
Miqren tutmaları auralı və aurasız ola bilər. 
Aurada baş ağrının əvvəlində və ya ondan bir qədər öncə olan bir sıra - görmədə işıqlanma, ləkələr, əyri xəttlərin yaranması və ya görmənin itməsi, nitqin tutulması, iynə batması və.s kimi əlamətlər ola bilir.

Gərginlik baş ağrıları

Miqrenə nəzərən mülayim olur. Kişilərdə – 42%, qadınlarda isə 49% hallarda müşahidə olunur.  Ağrılar ikitərəfli, sıxıcı, təzyiqedici xarekterli olur, fiziki gərginlik zamanı artmır,  ürəkbulanma və qusma olmur.  Emosional durumlar, iş rejiminin gərginliyi, cinsi problemlər, yuxunun pozulması, havanın dəyişməsi, gicgah - çənə oynağında problem və əzələ gərginliyi Gərginlik baş ağrılarına səbəb olur. 

Trigeminal vegetativ baş ağrıları

Üçlü sinir nahiyəsində birtərəfli, güçlü baş ağrıları ilə səciyyələnir. Bu da Klaster baş ağrısı şəklində büruzə verə bilər. Yəni orbital – göz çuxurunda, supraorbital -gözün üstündə, gicgah nahiyəsində cəmləşən birtərəfli, tutmaşəkilli güclü ağrılar konyuktivanın qızarması, göz yaşının axması, burunun tutulması, burunun axması, alın və üz nahiyəsində intensiv tərləmə, mioz, ptoz, göz qapaqlarının şişkinliyi ilə müşayiət olunur. Tutma müddətinin daha qısa olduğu və daha tez-tez təkrarlandığı digər növ trigeminal baş ağrıları da var.

İkincili baş ağrıları hansılardır ? 

İkincili baş ağrıları əsas xəstəliyin əlaməti olaraq yaranır və infeksion, şiş, damar, dərman və digər mənşəli baş ağrılarını əhatə edir.

Boyun "mənşəli" baş ağrıları

Onurğa sütununun boyun hissəsində skelet-əzələ disfunksiyası nəticəsində də baş ağrıları əmələ gələ bilir.

Beyindaxili təzyiq 

Yüksək beyindaxili təzyiqdə xəstə uzanarkən, öskürmə, gülmə və gərginlik zamanı baş ağrıları olur.  Beyindaxili təzyiq aşağı olduqda isə xəstə ayaq üstə durarkən baş ağrıları yaranır, uzandıqda keçir. 

Qadınlarda baş ağrıları

Qadınlarda baş ağrıları, ginekoloji statusdan (hamiləlik, aybaşı, menopauza, oral kontraseptivlərin qəbulu) asılı olaraq tez - tez rastlanır. 
 
Həmçinin, qapalı bucaqlı qlaukoma, 50 yaşdan yuxarı insanlarda giqant hüceyrəli arteriit, dəm qazı ilə zəhərlənmələr, kəskin və xroniki postravmatik baş ağrıları növləri də aktualdır. 
 
Müalicə baş ağrının növündən asılı olaraq aparılır. Spesifik müalicələr olduğu halda analgetiklərin qəbulu özü baş ağrısı səbəbi ola bilər.
Baş ağrını yaradan qıcıq amillərdən uzaqlaşmalı, mümkün qədər sağlam yaşam tərzinə keçmək baş ağrılarının yaranma intensivliyini azaldacaq. 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.