Astma

Astma

1331
Müəllif: Allerqoloq-terapevt Gülnar Quliyeva (+994) 55 609-25-59

Paylaşıldı: 19.11.2019
Gülnar Quliyeva

Astma tənəffüs yollarının müxtəlif allergenlər və tətikləyici maddələrin təsiri altında daralması, iltihabi ilə gedən xroniki xəstəlikdir.
Astma zamanı tənəffüs yollarında əsas iki dəyişiklik yaranır.
İltihab -  tənəffüs yollarının selikli qişasının hava ilə daxil  olan müxtəlif maddələrə qarşı allergik reaksiyası  nəticəsində yaranır.
Daralma- iltihab nəticəsində selikli qişa ödemləşir, saya əzələlərdə spazm yaranır, nəticədə bronxlar daralır.
Broxlardakı spazm və iltihab nəticəsində xəstəliyin klinik simptomları yaranır.

Öskürək.
 Əsasən gecələr xüsusilə səhərə yaxın yuxudan oyadan  quru inadlı öskürək. Soyuq hava , fiziki hərəkət, müxtlif qıcıqlandırıcılar (hava kirliliyi, allergenlər, kosmetik vasitələr, siqaret tüstüsü və s.) nəticəsində öskürək artır. Uzun müddətli öskürək nəticəsində bəzən döş qəfəsi və qarın əzələlərində ağrılar yaranır. Bəzən uzunmüddətli  öskürək zamanı sidikqaçırma kimi hallar yarana bilir.

Xışıltı.
Astma xəstəliyinə xarakterik olan bu sipmtom daralmış nəfəs yollarından havanın keçməsi nəticəsində yaranır. Astma tutması zamanı nəinki qulaqasma zamanı, eyni zamanda yaxın məsafədən də eşidilə bilir. Xəstələr bu səsi fit səsinə və ya pişik mırıtısına bənzədir.

Boğulma tutması.
Daralmış hava yollarından havanın keçə bilməməsi nəticəsində yaranır.
Boğulma tutmaları ilə bağlı pasiyentlər çox vaxt depressiv olurlar. Fobiya və ölüm qorxularından əziyyət çəkirlər.
Astma xəstəliyi xroniki xəstəlik olub kəskinləşmə (atak) və sakitləşmə (resmissya) dövru vardır.

Astmanın kəskinləşməsinə səbəb nədir?

Allergenlər- yəni allergiyaya səbəb olan maddələrdir. Allergiya immun sistemin genetik olaraq fərqli çalışması nəticəsində yaranan vəziyyətdir.
Immun sistemin funksiyası orqanizmi ziyanlı maddələrdən qorumaqdır. Virus, mikrob , göbələk və s. Bəzən immun sistem genetik olaraq bəzi ziyansız maddələri məsələn, ev tozunu ziyanlı görərək onu zərərsizləşdirməyə çalışır. Bu zaman orqanizmin öz toxumaları zədələnir. Məsələn ev tozuna qarşı allergiyası olanlarda allergik rinit,astma xəstəliyinin yaranması.

Əsas  allergenlər bunlardır.

  • Polenlər yəni bitki tozcuqları
  • Çəmən otlarının polenləri
  • Taxıl otlarının polenləri (buğda, arpa, yulaf, çovdar və s)
  • Ağac polenləri (zeytun, fındıq, söyüd, çinar vəs )
  • Yabanı otlar ( müxtəlif çayır otları və s)
  • Ev tozu gənələri
  • Kif göbələklərinin sporları
  • Heyvan tükləri və epitelləri (it tükü, pişik tükü , dovşan , quş epiteli və s)
  • Müxtəlif böcəklər 


2.Infeksiyalar – tənəffüs yollarının müxtılif infeksiyaları tənəffüs yollarındakı iltihabı artıraraq astma xəstəliyini kəskinləşdirir. Bağça və məktəbə gedən uşaqlar arasında bu infeksiyalar daha çox rast gəlinir. 

3. Mövsüm və hava dəyişkənliyi. Kəskin hava və  rütubət dəyişkənliyi nəfəs yollarını qıcıqlandırarq astma tutmasına səbəb ola bilər.

4. Fiziki gərginlik. Astmalı xəstələrdə fiziki gərginlik tənəffüs yollarını qıcıqlandıraraq astma tutmasına səbəb ola bilər. Fiziki aktivlik zamanı, sürətli yerimə , qaçma zamanı astma tutması yaranırsa bu  xəstəliyin kontrolda, nəzarətdə olmadığının göstəricisidir.

5. Qıcıqlandırıcılar. Siqaret tüstüsü, təmizlik vasitələri, müxtəlif parfüm, odekalon, spreylər, yuyucu tozlar , bir sözlə müxtəlif kimyasallar tənəffüs yollarını qıcıqlandırıb astma tutmasına səbəb ola bilər.

6. Peşə astması. Müəyyən ixtisas sahiblərinin  iş yerlərindəki müəyyən  maddələrlə daimi kontaktda olması astmanı kəskinləşdirə bilər. Məsələn, gözəllik salonlarında çalışanların müxtəlif boyalarla kontaktda olması, çörək və şirniyyat sexlərində çalışanların davamlı un və buxarla, avtomobil ustalarının müxtlif rəng və ya yağlarla kontaktda olması və s.

7.Dərman maddələri. Müəyyən ağrıkəsicilər, təzyiq əleyhinə dərmanlar, iltihab əleyhinə dərmanlar, ürək dərmanları astmanı kəskinləşdirə bilər. Ona görə də özbaşına dərman qəbulu qətiyyən yolverilməzdir. Əgər astma xəstəsi hər hansı xəstəliklə bağlı  müalicə alacaqsa, təyin olunan dərmanlar mütləq şəkildə astma xəstəliyini müalicə edən  həkimlə məsləhətləşərək qəbul etməlidir.

8. Qida maddələri. Bəzi qida maddələri uşaqlarda qida allergiyasına səbəb ola bilər. Araxis, yumurta, süd, balıq, qoz, fındıq və s. Allergiyası olanlarda bu qida maddələrinin qəbul olunması astmanı tətikləyə bilər. Qatqı maddələri olan qidalar, tərkibində dadlandırıcı, müxtəlif boya maddəsi, konservantlar olan qidalar astmanı kəskinləşdirə bilər. 

9. Qastroezofagial reflü- Mədə möhtəviyyatının qida borusuna atılması öskürək və astma tutmasını artıra bilər. Reflünü azaltmaq üçün az-az, tez-tez qidalanma, ağır, yağlı, ədviyyatlə qidalar qəbul etməmək, alkoqoldan uzaq durmaq lazımdır. Son qidanı yatmazdan 4-5 saat öncə qəbul etmək, yatağn baş tərəfini bir qədər yuxarı qaldırmaq lazımdır. 

10. Stress. Psixolji gərginlik, duyğusallıq, nevroz astma xəstəliyini kəskinləşdirir. Buna görə də pasientlər xəstəliklərinə qarşı ciddi yanaşmalı, lazım olarsa psixoloji dəstək də almalıdırlar.