Ambliopiyanın müalicəsi

Ambliopiyanın müalicəsi

1236
Müəllif: Oftalmoloq Lalə Zeynalova, Əlaqə:(+994) 55 429-38-39

Paylaşıldı: 21.06.2020
Lalə Zeynalova

Ambliopiya nədir?

Ambliopiya (“göz təmbəlliyi”) - əsasən, görmə analizatorunun pozuntusu ilə xarakterizə edilən, eynək və kontakt linzazalar vasitəsilə korreksiya olunmayan göz patologiyasıdır. Ambliopiya zamanı  bir, bəzən hər iki gözün kontrastlıq və akkomodasiya qabiliyyəti pozulur.  


Ambliopiyanın növləri

Ambliopiyanın aşağıdakı növləri var:

- anizometropik ;
- deprivasiyalı;
- disbinokulyar;
- isterik;
- refraksion.

Ambliopiyanın yaranma səbəbləri

Ambliopiya müxtəlif səbəblərdən yarana bilər. Onlardan ən geniş yayılmışı - çəpgözlükdür. “Göz təmbəlliyi” valideynlərində çəpgözlük qeydə alınan insanlarla yanaşı, heç vaxt bu xəstəlikdən əziyyət çəkməyənlərdə də müşahidə oluna bilər. Bundan başqa:

- gözdə şüa sınmalarının xüsusiyyətləri (refraksiyalar);
- gözün müxtəlif strukturlarının bulanması (məsələn, katarakta, buynuz qişada çapıqlar və s.);
- yuxarı göz qapağının enməsi; 
- nisbətən az hallarda görmə siniri və torlu qişa, serebral ifliclə bağlı problemlər və s. ambliopiyanın yaranma səbəblərinə aiddir. 


Ambliopiyanın əlamətləri

Ambliopiyanın  tipik əlaməti - bir və ya hər iki gözün görmə qabiliyyətinin zəifləməsidir. Bundan başqa, xəstəlik zamanı əşyaların həcm və dərinliyini görmək, onlara qədər olan məsafəni dəyərləndirmək çətinləşir. Bunlarla yanaşı:

- məhz yaxın məsafədə görmənin əhəmiyyətli dərəcədə azalması;
- uzağa görmənin pisləşməsi;
- tez-tez baş ağrılarının müşahidə olunması;
- həddindən artıq yorğunluq;
- gözlərdə “yad cism”in əmələ gəlməsi, sanki görməyə nə isə mane olur;
- işiğa baxan zaman ağrıların yaranması və s.   

 
Ambliopiyanın diaqnostikası

  Xəstəliyin diaqnostikası həkim-oftalmoloq tərəfindən aparılır. Ambliopiya nə qədər tez aşkarlanarsa, onu müalicəsi o qədər asan olar.  

“Göz təmbəlliyi”nin əsas diaqnostika üsulu - vizometriyadır. Əlavə olaraq, refraksiya ölçülür, gözlərin fiksasiyası həyata keçirilir, onların hərəkətləri, birgə çılaşma, həmçinin sensomotor fuziya və akkomodasiya  qabiliyyəti müəyyənləşdirilir. Bunlarla yanaşı, ambliopiyanın səbəblərini aşkar edilməsində müxtəlif elektrofizioloji metodların da tətbiqi mümkündür. 


Ambliopiyanın müalicəsi

Ambliopiyanın müalicəsində ən vacib şərt - normal binokulyar görmənin təmin olunmasıdır. Xəstəliyi sağaltmaq üçün, əvvəlcə, ambliopiyanın növünü və onun yaranma səbəblərini müəyyənləşdirmək lazımdır. Ambliopiyanın müalicəsinə yönəldilmiş metodlar sisteminə “pleoptik müalicə” deyirlər. Ambliopiyanın müalicə üsulları aşağıdakılardır:
 

Optik korreksiya

Optik korreksiya dedikdə, söhbət xəstəliyin eynək və kontakt linzalar vasitəsilə korreksiyasından gedir. Bu müalicə üsulunun özünəməxsus üstünlükləri var. 

Eynəklərin istifadəsi gözləri travmalardan qoruyur, onların linzaları bifokal və prizmatik olur ki, bu da binokulyar görməni bərpa etmək üçün gözəl şərait yaradır.

Kontakt linzalar anizometropiya  zamanı anizeykoniya effektini (hər iki gözün torlu qişasında təsvirlərin müxtəlifləşməsi) azaldır. Linzalar görünmür və istifadəsi rahatdır. 

Kontakt linzalarla korreksiya nisbətən bahalı terapiya hesab edilir . 

 
Okklyuziya

 Ambliopiyanın müalicəsində “qızıl standart” hesab olunur. Bu üsulun 200-dən çox yaşı var. Bu metodun mahiyyəti bir gözün qapadılması vasitəsilə pis görən gözün daha çox çalışmasına şərait yaratmaqdır. 

Penalizasiya

 Belə metod müxtəlif növ optik korreksiyalar və ya nisbətən yaxşı görən gözün atropinizasiyası vasitəsilə süni anizometropiyayaya şəraitin yaradılması ilə xarakterizə edilir. Bu zaman ambliopik gözün fəaliyyətinin aktivləşdirilməsinə imkan yaradılır və sağlam gözün zəifləmə riski azalır, belə ki, onun görmə aktında iştirakı periodik olur. Metod bir növ okklyuziyaya alternativ hesab edilir. 

Aktiv görmə terapiyası (ortoptik və diplopik müalicə)

Göz almalarının fiksasiyası və hərəkətinin bərpa edilməsinə, fəza görməsini, akkomodasiya və binokulyar görmənin yaxşılaşdırılmasına yönəldilmiş müalicə metodudur.  Bunun üçün xüsusi cihazlar, prizmatik eynəklər, kompüter proqramları və s. tələb oluna bilər. Bütün bu  metodlar xəstəliyin müalicəsinə sərf olunan vaxtı qısaltmağa, yaxşı nəticələr əldə etməyə şərait yaradır. 

Bəzi tədqiqatlarda Levodopa preparatının  qəbulu effektli müalicə kimi qeyd olunub. Levodopa ambliopik gözün görməsini müvəqqəti yaxşılaşdırsa da, effektin mexanizmi hələ ki məlum deyil.

 

Mövzu ilə bağlı video:


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az