öd kisəsi xərçəngi

Öd kisəsi xərçəngi

4444
Müəllif: Dr. Ramil Nadirov

Paylaşıldı: 23.08.2017
Ramil Nadirov

Öd kisəsi xərçəngi rast gəlmə tezliyinə görə mədə-bağırsaq sistemi orqanlarının xərçəngləri arasında 5-6 -cı yeri tutur. Amerikada il ərzində öd kisəsi xərçəngindən 2500 nəfər dünyasını dəyişir. Öd kisəsinin xərçəngi qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir. Xəstəlik əsasən 60 yaş və üstü olan insanlarda rast gəlinir. Öd kisəsi xərçəngi diaqnozu ilə əməliyyat olunmuş insanların 80%-də öd kisəsi daşları qeyd olunur. 3 sm və böyük daşlar xərçəng əmələ gəlmə riskini daha çox artırır. Öd kisəsinin xərçəngi ilə xəstələnmiş insanlar əsasən həkimə gecikmiş mərhələdə müraciət edirlər. Gecikmiş mərhələdə icra olunan əməliyyatlardan sonra 5 illik yaşam göstəricisi 5-12%-i keçmir.

Xəstələrin gec mərhələdə gəlməsinə səbəb xəstəliyin əlamətsiz başlamasıdır. Əlamətlər artıq 2-3-cü mərhələdə başladığından, xəstələr də əsasən həmin mərhələlərdə müraciət etmiş olurlar. Xəstələr sağ qabırğa altında olan ağrı, ağrının epiqastral nahiyyəyə, kürəkarasına vurma, ağırlıq hissi, ağızda acı dad olması, köp, iştahsızlıq, sarılıq, sidiyin rənginin tündləşməsi kimi şikayətlərlə müraciət edirlər. Çox gecikmiş mərhələdə ( 4-cü mərhələ) icra edilən əməliyyatlar palliativ xarakterli (xəstəyə müvəqqəti kömək etmək məqsədilə) icra edilir. Gecikmiş mərhələdə artıq prosses kontakt yolla qaraciyərə, öd yollarına, ətraf orqanlar və toxumalara, həmçinin limfogen yolla yayılmış olur. Bu mərhələdə bəzən əməliyyatın icra edilməsi belə mümkünsüz olur. Bu hallar yaşanmasın deyə, səhiyyə sosial proqramları hər bir kəsin il ərzində ən azı 1 dəfə də olsun qarın boşluğunun USM-i olunması tövsiyyə edir.

Öd kisəsi xərçənginin müalicəsi cərrahi yolladır. Bəzən əməliyyatdan sonra xərçəng olduğu aşkarlanmış olur. Əgər prosses Cr in situ (ilkin mərhələ) olarsa, icra olunmuş xolesistektomiya əməliyyatı yetərlidir. Yox əgər proses artıq kisə divarını aşmış olarsa, o zaman təkrar əməliyyata (yataq rezeksiyası və limfadisseksiya) ehtiyac vardır. Bu baxımdan bütün çıxarılmış öd kisələrinin patomorfoloji təhlilinin olunması vacibdir. Bəzən əməliyyatdan öncə Cr olduğunu bilmədiyimiz halda, öd kisəsinin qarın boşluğundan çıxarıldığı zaman port dəliyinə Cr hüceyrələrinin “əkilməsi” ehtimalı olduğu üçün, təkrar əməliyyat zamanı port dəliklərinin rezeksiyası icra olunur. Bir elmi çalışmada laparoskopik xolesistektomiya əməliyyatından sonra port dəliyi yerində metastazların olması 20 % olaraq göstərilmişdir. Bu halın qarşısını almaq məqsədilə öd kisəsinin qarın boşluğundan çıxardıldığı zaman endobaqlardan istifadə edilməsini tövsiyyə edilir.

Əməliyyatdan sonra təkrar yataq rezeksiyası və limfadisseksiya əməliyyatları xəstələrin 5 illik yaşam göstəricilərini 40-90% yüksəltmiş olur. Bu çalışmada ilkin mərhələdə icra edilən laparoskopik xolesistektomiya əməliyyatlarından sonra 5 illik yaşam göstəricisi 100%, gecikmiş fazada icra edilən əməliyyatlardan sonra 5 illik yaşam göstəricisi 10% göstərilib. Bu məqamda sizlərlə şəxsi təcrübəmi bölüşmək istəyirəm: xəstə 70 yaşlı qadındır. Anamnezində 2012-ci ildə açıq üsulla xolesistektomiya (öd kisəsinin çıxarılması) əməliyyatı olunduğu qeyd olunur və 1 il sonra əməliyyat yerində kiçik şişkinliyin olduğu göstərilir. Getdikcə şiş böyüyüb və artıq ağrılar verməyə başlayib. Xəstəyə USM və KT olunub. Qarının ön divarının böyük həcimli kistoz törəmə strukturlu törəməsi qeyd olunub. Palpasiyada bərk hərəkətsiz, ağrılı törəmə əllənir. Xəstəyə 2017-ci ildə tərəfimizdən intubasion narkoz altında törəmənin sağlam toxuma səviyyəsindən kəsilib götürməklə ləğvi cərrahi əməliyyatı icra edilib. Qarının ön divarında yaranmış toxuma deffekti iki qatlı alloplastik materialla (tor, meş) qapadıldı. Çıxarılmış törəmə patomorfoloji müayinəyə göndərildi və cavab olaraq adenokarsinoma gəldi. Adenokarsinomanın mənbəyini aydınlaşdırmaq üçün preparat immunohistokimyəvi analizə göndərildi. Prossesin öd kisəsinin adenokarsinoması olduğu təsdiq edildi. Xəstə həkim-onkoloqun nəzarətində saxlanılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.