Murad Əlibəyov hekimtap.az

Murad Əlibəyov

Uşaq cərrahı

11 il iş təcrübəsi

Bakı
uşaqlarda hidrosele və toxum ciyəsinin sisti

Uşaqlarda hidrosele və toxum ciyəsinin sisti

Müəllif: Murad Əlibəyov
10551

Paylaşıldı: 22.11.2017
Murad Əlibəyov

HİDROSELE NƏDİR?

Hidrosele valideynlər arasında daha çox  "vodyanka və ya xayalığa su yığılması" termini kimi tanınır. Hidrosele xaya qişaları arasına maye yığılmasına deyilir. Bu da özünü xayalığa su yığılması kim biruzə verir. Bu zaman adətən səhərlər xayalıq boş, axşama doğru uşağın aktivliyi ilə əlaqədar olaraq xayalıq şişkin vəziyyətdə qeyd edilir.

TOXUM CİYƏSİNİN SİSTİ NƏDİR?

Əgər maye qasıq kanalının daxili dəliyi ilə xayalıq arasında lokal bir yerdə sist şəklində yığılarsa buna toxum ciyəsinin sisti və ya kordon sisti deyilir. Bu zaman xayalıqdan yuxarıda qasıq nahiyyəsində yumru və gərgin bir sist qeyd edilir.

ƏMƏLƏ GƏLMƏ SƏBƏBİ

Normalda uşaq doğulana kimi bağlanmalı olan peritonun yataq çıxıntısı adlandırdığımız strukturun (processus vaginalis, qarın boşluğu və xayalıq arasındakı yol) bağlanmaması və yalnız qarındaxili mayenin keçə bilməsi qədər dar bir ölçüdə açıq qalması nəticəsində qarındaxili maye xaya qişaları arasına yığılır ki, buna da hidrosele deyilir. Qasıq yırtığından fərqli olaraq hidroseli də bağlanmayan peritonun yataq çıxıntısı çox dar olur, buna görə də qasıq yırtığındakı kimi bura daxili orqanlar girə bilmir, yalnız bu yol vasitəsilə qarındaxili maye keçərək xayalığa yığılır.

Toxum ciyəsi sistinin əmələ gəlmə səbəbi isə qarın boşluğu və xayalıq arasındakı yolun (processus vaginalis) yuxarıdan yani qarın boşluğu və aşağıdan yani xaya tərəfindən bağlanması orta hissədə isə açıq qalaraq sist şəklində bura mayenin yığılmasıdır.

Hidrosele özü də iki yerə bölünür:
 - əlaqəli hidrosele
 - əlaqəsiz hidrosele

Əgər xaya qişaları arasına yığılan maye yenidən qarın boşluğuna qayıdırsa buna əlaqəli hidrosele, yox əgər maye qarın boşluğuna qayıda bilmirsə buna əlaqəsiz hidrosele deyilir.

RAST GƏLMƏ TEZLİYİ

Hidrosele körpə və uşaqlarda çox rast gəlinən bir patologiyadır.  Əksər hallarda bu xəstəlik ikitərəfli olur. Sağ tərəfdə sol tərəfə nisbətən daha çox rast gəlinir. Əksər uşaqlarda xayalıqdakı maye 1 yaşına kimi sorulur və bu patologiya aradan qalxır.

HİDROSELENİN KLİNİKİ ƏLAMƏTLƏRi

Hidroselenin kliniki əlamətləri adətən 1 yaşına kimi valideyn və ya pediatr tərəfindən qeyd edilir. Valideynin əsas şikayəti xayalıqda ağrısız bir şişkinliyin olmasından ibarətdir. Əlaqəli hidroseli zamanı qarın boşluğu ilə əlaqə olduğuna görə belə uşaqlarda aktivlikdən sonra adətən axşama doğru xayalıqda şişkinlik artır, uşaq yatdıqdan sonra bədənin horizontal vəziyyət alması ilə əlaqədar , maye qarın boşluğuna qayıdır və səhər uşaq yuxudan durarkən xayalıqda şişkinlik-maye qeyd edilmir. Uşaq yenidən oynamağa, aktivlik göstərməyə başladıqda yenidən xayalıqda şişkinlik artır. Fiziki müayinə zamanı xayalıqda yumşaq, üzərinə əllə təzyiq etdikdə həcmini bir qədər azaldan şişkinlik qeyd edilir. Əlaqəsiz hidrosele zamanı isə uşağın aktivlik və istirahət halında, eləcədə üzərinə təzyiq etdikdə həcmini dəyişməyən   şişkinlik qeyd edilir.

Toxum ciyəsinin sisti zamanı isə qasıq nahiyyəsində törəmə qeyd edilir. Üzərinə əllə təzyiq etdikdə həcmini azaltmır və ağrı qeyd edilmir.

HİDROSELENİN DİAQNOZU

Hidrosele və toxum ciyəsinin sisti zamanı diaqnoz qoymaq adətən çətinlik törətmir. Baxış zamanı xayalıqda ağrısız şişkinliyin qeyd edilməsi, əllə üzərinə təzyiq etdikdə və ya aktivlik və istirahət zamanı həcmini azaltması əlaqəli, azaltmaması isə əlaqəsiz hidrosele üçün  xarakterik diaqnostik meyarlardandır. Bundan əlavə xayalığa işıq salarkən mayenin işığı keçirməsi ilə əlaqədar olaraq asanlıqla xayalıqda mayenin olub-olmamasın ayırd etmək mümkündür ki, bu na da "diofonoskopiya" müayinə üsulu deyilir. Ehtiyac olarsa ultrasonoqrafiya (UZİ) müayinəsindən yararlanmaq olar.

Bəzən boğulmuş qasıq yırtığı ilə gərginləşmiş hidroseline və ya toxum ciyəsinin sistini fərqləndirmək çətinlik törədə bilər. Nəzərə almaq lazımdır ki boğulmuş yırtıq zamanı yırtıq möhtəviyyatını bağırsağ ilgəkləri, qızlarda yumurtalıq təşkil edə biləcəyindən uşaqda qusma, ümumi narahatçılıq,  şişkinlik üzərinə əllə təzyiq etdikdə ağrı halları qeyd edilir. Belə halda diaqnozu dəqiqləşdirmək üçün punksiya etmək əks göstərişdir, ehtiyac olarsa ultrasonoqrafiya müayinəsindən istifadə edilir.

HİROSELENİN MÜALİCƏSİ

Hidroselenin 1 yaşa kimi uşaqlarda əməliyyatsız sağalma ehtimalı böyükdür. Belə ki, bu diaqnoz qoyulan uşaqları 1 yaşdan əvvəl əməliyyat etməyə heç bir gərək yoxdur. Çünki əlaqəli hidroselenin böyük bir qismi peritonun yataq çıxıntısının bağlanması ilə əlaqədar olaraq öz-özünə yox olur. 1 yaşdan sonra isə uşağın aktivliyinin artması ilə əlaqədar olaraq hidroselenin əməliyyatsız keçmə ehtimalı çox aşağıdır. Ona görədə 1-1.5 yaşına kimi gözləmək, bu yaşdan sonra isə əməliyyat etmək məsləhətdir. Çox böyük ölçülü və ya çox gərgin əlaqəsiz hidrosele zamanı daha erkən zamanda əməliyyat etmək də mümkündür. Bundan əlavə gərginləşmiş hidrosele və ya toxum ciyəsinin sisti zamanı xaya və xaya damarlarının sıxılma ehtimalı olduğundan da tez əməliyyat qərarı verilə bilər.

Sist və hidrosele zamanı iynə vasitəsilə punksiya edilərək mayenin boşaldılması infeksiyalaşma rskini artırdığından , xaya və ciyə elementlərinin zədələnmə təhlükəsi olduğundan, elə cə də bu proses əlaqəli hidrosele zamanı heç bir məna kəsb etmədiyindən məsləhət görülmür.

HİDROSELE ZAMANI ƏMƏLİYYAT

Hidrosele zamanı əməliyyatın mahiyyəti qarın boşluğu və xayalıq arasındakı yolun bağlanılması və xaya qişaları arasındakı mayenin boşaldılmasından ibarətdir. Əməliyyat adətən açıq üsulla planlı şəraitdə, kosmetik 1-2 sm-lik kəsiklə qasıq nahiyyəsindən icra edilir. Əməliyyatdan 5 saat sonra xəstə evə yazılır.

Təxum ciyəsinin sisti zamanı da qasıq nahiyyəsindən aparılan 1-2 sm-lik kəsiklə sist əldə olunaraq, çıxarılır və xəstə əməliyyatdan 5 saat sonra evə yazılır.

QASIQ YIRTIĞI VƏ HİDROSELENİN FƏRQİ NƏDİR?

Qasıq yırtığı və hidroselenin yeganə fərqi bətindaxili dövrdə bağlanmalı olan peritonun yataq çıxıntısı adlandırdığımız strukturun (processus vaginalis) ölçüsündədir. Əgər bu struktur geniş ölçüdə açıq qalarsa bu zaman buradan qarindaxili orqanlar keçərək qasıq yırtığına, əgər dar məsafədə açıq qalarsa qarındaxili maye keçərək hidroseleyə səbəb olur. Qasıq yırtığından fərqli olaraq hidroselenin 1 yaşına kimi sorulma ehtimalı böyükdür.

VALİDEYNLƏR NƏYƏ FİKİR VERMƏLİDİRLƏR!

Əksər uşaqlarda doğuşdan sonra bir və ya isə ikitərəfli hidrosele qeyd edilə bilər. Bu adətən uşağa ağrı və ya hər hansı bir narahatçılıq törətməməkdədir. Bundan valideyn təlaşlanmamalı və nəzərə almalıdır ki, əksər hallarda da 1 yaşına kimi bu problem öz-özlüyündə keçib gedir. Lakin nəzərə almaq lazımdır ki, 1 yaşa kimi sorulmayan hidroselenin bu yaşdan sonra keçmə ehimalı çox aşağıdır. Ona görə maksimum 1.5 yaşına kimi gözlədikdən sonra əməliyyat qərarı verilməlidir. Yuxarı yaşlarına kimi əməliyyat olunmayan uşaqlarda xaya qişaları arasına yığılan maye xayalıqda temperatur fərqi yaradaraq xayanın inkişafına təsir edə və ya bəzən yol genişlənərək qasıq yırtığına keçə bilər. Ona görə də əməliyyatın gecikdirilməsi məsləhət görülmür.

Həkimlə əlaqə:
Mob: (+994) 50 373-31-73
Klinika: Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

Mövzu ilə bağlı video:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Murad Əlibəyov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz